Vaqif əvəzedilməz idi... - Kamal Abdulla

Vaqif əvəzedilməz idi... - Kamal Abdulla
12 aprel 2025
# 12:51

Kamal Abdullanın yeni yazdığı mətnin ümumi adı “Unutmağa kimsə var”dır. Burada yazıçı uşaqlıq dövründən həyatının bu gününəcən yaşadıqlarını qələmə alır. Yaxınlarından, uzaqlarından bəhs edir, dostlarını dönə-dönə xatırlayır. Bu mətni sadəcə memuar ədəbiyyatının nümunəsi kimi baxmaq azdır. Bu mətn öz-özlüyündə bir bədii əsər, roman kimi də qəbul edilə bilər.


Kulis.az həmin əsərdən bir hissəni təqdim edir.

Vaqif İbrahimoğlu ilə tanışlığımızın birinci günündən (bu mənim Moskvadan geri döndüyüm aylara, təxminən, 1979-cu ilin sonlarına təsadüf edir) dostluğumuzun sonuncu gününədək, yəni onun vəfatınadək bizim münasibətlərimiz qarşılıqlı hörmət və sevgi üzərində quruldu. Vaqif ən azından bir insan kimi çox maraqlı, nəcib və mərd biri idi. Bilmirəm, o buna necə nail olurdu, amma onunla təmasda olan hər kəs bu təmasın müddətini mümkün qədər uzatmağa cəhd edirdi. Onunla ünsiyyət bütün tanıyanlar üçün yavaş-yavaş daxili ehtiyaca dönürdü. Bu ünsiyyət zamanı hiss edirdin ki, səndə əməlli-başlı saflaşma prosesi gedir. Sənin ətrafa, insanlara münasibətin dəyişirdi, sən hamını, ilk növbədə, həyatı sevməyə hazır bir vəziyyətə gəlirdin. Dünya gözəlləşirdi. Aleksandr Blok yazan kimi dünyadan təsadüfi cizgilər silinirdi. Səndəki yaşamaq eşqi güclənir, ən əlçatmaz arzular reallaşmağa yaxınlaşırdı. Sən yazmağa və yaratmağa daha həvəslə köklənirdin. Bəlkə də əsl katarsis elə bu idi.

Mən həyatım boyu az adama rast gəlmişəm ki, mürəkkəb mətləbləri asanlıqla sadə məxrəclərə gətirə bilsin. Məncə, bu, xüsusi və nadir bir istedaddır. Həyatımın müəllimləri olmuş yeznələrim Yəhya müəllim, Ağamusa müəllim belə şəxslər idi. Ünsiyyəti ilə fəxr etdiyim Azad Mirzəcanzadə belə şəxs idi. Unudulmaz Həsənağa Turabov belə şəxs idi. Vaqif də, heç şübhəsiz, onların sırasında yer alır. Bu adamlarla nə barədə istəyirsən, söhbət edib istədiyin sualı verə bilərdin. Qorxmaq lazım gəlməyəcəkdi ki, sən öz sualına normal cavab ala bilməyəcəksən. Bu çox vacib məqamdır. Bəzən adam kiməsə sual verməyə qorxur ki, qarşısındakı o sualın cavabını birdən bilməz və pis vəziyyətə düşər. Bundan isə ən çox sən özün utanmalı olarsan. Əgər utanmırsansa, mənə elə gəlir ki, bu hal, ilk növbədə, sənin özündəki tərbiyə dərəcəsinin əskikliyini göstərir.

Amma dediyim adamlarla ünsiyyət zamanı sən son dərəcə sərbəst olursan. Onlarla ünsiyyət səni əməlli-başlı zənginləşdirir. Çünki onlar öyrənməyə həmişə hazırdırlar. Hətta yaşda özlərindən qat-qat kiçik olanlardan da. Mən bunu həyat müəllimim, yeznəm və əslində böyük qardaşım, görkəmli riyaziyyatçı alim Yəhya Məmmədovun timsalında görmüşəm.

Ricət. Mən orta məktəbin, deyəsən, 8-ci sinfində oxuyurdum. Yəhya müəllim mənimlə Nizami ilə Füzulinin "Leyli və Məcnun" poemalarının müqayisəsi ilə bağlı söhbətlər aparırdı. Özü də çox ciddi şəkildə. Riyaziyyat professoru, kafedra müdiri, Dövlət universitetinin prorektoru ədəbiyyatla maraqlanırdı. Bu mənim o zaman qəribəmə gəlirdi. Böyüdükcə və Yəhya müəllimi yaxından tanıdıqca daha buna təəccüb etmədim. Yəhya müəllimin öyrənmə diapozonu hüdudsuz idi.

Yəhya müəllim məndən, bir məktəblidən incə suallar vasitəsilə bu poemaların fərqli cəhətlərini aydınlaşdırmağa çalışırdı. Mən məktəbdə ədəbiyyat müəllimim Zərbəli müəllimin mənə öyrətdiklərindən - bu poemalar arasındakı fərqli cəhətlərdən (indiki kimi yadımdadır: - Füzulinin Leyli və Məcnununun həyata, reallığa daha yaxın olduğundan, Nizamidə onların daha abstrakt, daha ruhani olduğundan) danışırdım və Yəhya müəllim, yaşda da, başda da məndən çox-çox böyük olan bir şəxs - tanınmış riyaziyyatçı-alim mənə - 8-ci sinif şagirdinə böyük maraq və diqqətlə qulaq asırdı.

Bir də belə bir məqam heç yadımdan çıxmır: Universitet müəllimlərimdən biri "Xarici ölkələr ədəbiyyatı" kafedrasının müdiri, professor Əkbər Ağayev idi. O bizə xarici ölkələr ədəbiyyatından dərs deyirdi və özünün ilk mühazirəsini belə başlamışdı:

- Baxın, uşaqlar, mühazirə zamanı, elə ondan sonra da qətiyyən çəkinmədən mənə dərsə aid, dərsdənkənar istədiyiniz sualı verə bilərsiniz. Əgər cavabını bilirəmsə, elə o saat sizə cavab verəcəyəm. Yox, əgər cavabı bilməsəm, gedib evdə kitablardan axtarıb, tapıb öyrənib, sonra gəlib deyəcəyəm.

Bu tərz, bu yanaşma "bilmirəm" deyə bilənlərin təntənə marşı idi. "Bilmirəm" deyə bilənlərin isə öz mənəvi səlahiyyəti olur. Və bu sözü hər adam deyə bilməz. Cəsarəti çatmaz onu deməyə.

Çox sual verdiyim üçün məni dərsdən çıxaran başqa bir müəllimimi xatırlayıram. Belələri də var idi. Ola bilər ki, onlarda təqsir-filan yox idi. Bəlkə də çox sual verərkən biz onların diqqətini yayındırırdıq. Əlbəttə ki, hər adamın özəl psixoloji durumunu nəzərə almaq lazımdır. Biz isə o zaman məsələnin bu tərəfinə heç fikir vermirdik. Məsələnin bu tərəfinin bizə dəxli yox idi. Biz maksimalistlərdik. Bizim üçün iki qütb var idi. Necə deyirdi formal məntiqin atası Aristotel?! "Bu adam, ya ölüdür, ya diridir. Üçüncü hal istisna edilir". Biz Aristotelin ən sədaqətli ardıcılları idik. Amma onda biz hələ bilmirdik ki, görkəmli Azərbaycan-Amerikan alimi L.Zadə qeyri-səlis məntiqin təməlini artıq qoyub və sübut edib ki, iki əks qütbün arasında sonsuz sayda hallar (məqamlar) mövcuddur. Belə bir halın mümkünlüyünə sonralar böyük alimimiz, dostluğu ilə fəxr etdiyim Rafiq Əliyev mənə səbirlə qeyri-səlis məntiqin əsaslarını anladanda inandım. O zaman isə mənim hələ qeyri-səlis məntiqdən xəbərim yox dərəcəsində idi və müəllimlərimiz bizim üçün iki rəngdə (qütbdə) zühur edirdilər, onlar, ya ağ idilər, ya da qara. Nazımızla oynayanların rəngi ağ idi, bizi dərsdən çıxaranların rəngi qara idi. Biz çox amansız idik. Əslinə qalanda, Aristotel amansız idi. L.Zadə isə sonralar bu amansızlığı yumşaltmağa çalışdı və buna nail oldu.

İndi, bu günün zirvəsindən o müəllimlərimi xatırlayıb deyirəm: olsun. Bunun özü də bir məktəb idi. Dərsin özünü demirəm. Müəllimlərimizin dərsə və bizə münasibətini deyirəm. Bu, həqiqətən, bir məktəb idi. Özü də artıq fənlərin, ixtisasların məktəbi yox, həyat məktəbi idi. Biz də ona alışmalı idik.

Universitetdəki günlər 190 saylı şanlı məktəbdə olan kimi yavaş-yavaş ötmürdü. Günlər get-gedə sürətini artırırdı. Auditoriyadakı universitet həyatı, təxminən, bu "ağ-qara" qütblərinin arasından sıldırım qayaların, dağların arasından keçən təlatümlü və həyəcanlı çay kimi axıb keçirdi. Ricətin sonu.

Vaqifin Əkbər Ağayev kimi, gedib öyrənib sonra gəlib verəcəyi hər hansı cavab sanki yox idi. Hər cür söhbətə o, əvvəlcədən hazır idi. O danışanda söz sözü, cümlə cümləni ahəngdar, məntiqli və sistemli şəkildə çəkib gətirirdi. Adam mat qalırdı ki, heç bir elmi adı, yazdığı qalın, lap elə nazik kitabı olmayan bu cavan oğlan necə ola bilir ki, belə fəlsəfi, kulturoloji, psixoloji, filoloji dərinliklərə baş vura bilir?! Sənin mühasirəsinə düşdüyün və torunda çabaladığın mürəkkəblikləri necə ola bilir ki, o bu cür sadə məxrəclərə gətirə bilir?!

Bizi mənim tələbəlik dostum Niyazi Mehdi tanış etdi. Niyazi kimi mən də aspiranturanı bitirib müdafiə etdikdən sonra Moskvadan qayıtmışdıq və Niyazi o zamankı Teatr İnstitutunda müəllim olaraq işə düzəlmişdi. Vaqif o institutda fəaliyyət göstərən Tədris teatrının direktoru idi. Artıq ölkənin teatr dairələrində onu xüsusi istedada malik bir rejissor kimi tanımağa başlamışdılar. Onun sənətinə hörmət bəsləyənlər çox idi. Amma dalıyca danışanlar da var idi. Biz belə başa düşürdük ki, bu adamlar Vaqifin paxıllığını çəkirlər. Ağız büzənlər və Vaqifə heyran olmayanlar onun heyranları tərəfindən anındaca "paxıllar" qrupuna daxil edilirdi. Hərtərəfli istedad sahibi olması, heç şübhəsiz ki, kimlərinsə gözünə ox kimi girirdi.

Vaqif hərdən aktyorluq da edirdi. Hətta Anarın "Dantenin yubileyi" filmində Kəbirlinskinin oğlu rolunda da çəkilmişdi. Niyazinin dediyinə görə indi də, "Kitabi-Dədə Qorqud" üzərində haman Tədris teatrında sirli və qəribə eksperimentlər aparırdı. Niyazi də, Zeynal da, Rəhman da, başqa intellektual dostlarımız da onun gördüyü işlərə heyran idilər.

Biz - Niyazi, Zeynal, mən, dediyim kimi, Moskvada təhsilimizi başa vurub Bakıya təzəcə qayıtmışdıq. 1970-ci illərin axırı idi. Mən Moskvada "Kitabi-Dədə Qorqud"un dili ilə bağlı "Kitabi-Dədə Qorqud"un dilində sintaktik paralelizm" adlı namizədlik dissertasiyası müdafiə etmişdim və bir müddət bunun qürurunu yaşayırdım. Çox adam məndəki bu qürur hissini tonqaldakı od kimi daha da havalandırırdı. "Moskva - eləmi??? Dədə Qorqud - eləmi??? Sübut etdin onlara - eləmi???" Nəyi, kimə sübut edəcəkdim, bunu anlamasam da, mən özüm də yaxınlarımın bu ümumi eyforiyasının içinə heç düşmədim, deyə bilmərəm. Bu adamlara demək artıq idi ki, mən özüm bizim abidəmizin incəliklərini "onlardan" öyrənməyə getmişdim. Bunu izah etməyə girişsəydim, əlbəttə ki, bu, sonu olmayan mübahisələrə gətirib çıxaracaqdı. Hələ bir görün, bu adamların gözündə mənim nəyisə sübut etdiyim "onlar" kimlər idi?! "Onlar"a daxil idi: Hacıyeva, Serebrennikov, Tenişev, Yuldaşev, Musayev, Baskakov, Makayev, Yartseva, Şerbak... Sovet türkologiyasının və nəzəri dilçiliyinin dünya miqyasında əjdahaları! Mənimlə ünsiyyət qurduqları üçün bu günə qədər qəlbimdə minnətdarlıq hissi yaşatdığım nəhəng simalar. Nə isə... Bu, tamam başqa bir söhbətin mövzusudur. Və biz bu söhbətə növbəti fəsillərdə hökmən qayıdacağıq.

Vaqif, əlbəttə ki, belə diletant münasibətdən xeyli uzaq idi. Vaqif "onlar"a aid deyildi. Vaqiflə mənim Dədə Qorqudumuz xeyli mülayim, dünya xalqlarına və alimlərinə açıq, hələ də bizlərə nəyisə öyrətməyə çalışan bir müdrik idi. Bizi bu "Dədə Qorqud" birləşdirirdi. Amma bu birləşmə, biz elə güman edirdik ki, iki bir-birini tam anlayan adam arasında baş verir. Həqiqət isə bundan ibarət idi ki, bu, tam şəkildə belə deyildi. Mən Vaqifi ilk zamanlar heç də adekvat anlamırdım. Bizim baxış bucaqlarımız bir-birindən fərqlənirdi. Mən "Dədə Qorqud"a o zamanın dilçilik rakursundan baxırdım, Vaqif isə müasir strukturalizmin, fəlsəfənin, müasir kulturoloji metodların rakursundan. Mən o zaman anlamırdım ki, o, özünün "Dədə Qorqud" tamaşalarında sözü niyə hərəkətlə əvəz eləməyə çalışır?! Anlamırdım ki, "Dədə Qorqud" qəhrəmanları bu balaca tədris teatrının balaca səhnəsində niyə bədənlərini əsdirə-əsdirə gəzirlər?! Niyə onlar bir-birinə sözlə müraciət etmək əvəzinə, yəni dastanın mətnindən real olaraq istifadə etmək əvəzinə, tamaşaçıya müxtəlif hərəkətlər göstərirlər?! Bədəni bu cür "danışdırmaq"da məqsəd nə idi?! Niyə tamaşaya baxan dostlarımız bundan vəcdə gəlir?! (O da var idi ki, bəziləri özlərini elə göstərirdilər ki, guya vəcdə gəlirlər). Onların da bəziləri mənim qədər mahiyyəti anlamırdılar. Vaqif isə bundan qətiyyən rəncidə olmurdu. Vaqif səbirli idi. Hər dəfə tamaşadan sonra tamaşa ətrafında maraqlı müzakirələr, söhbətlər düzənləyirdi. Biz onun balaca otağına yığışıb, "Dədə Qorqud"la söhbətə başlayıb, tamam başqa bir mövzu ilə, məsələn, Nitsşenin Zərdüştü ilə bitirirdik. Haman tamaşasonrası söhbətlərin dadı-duzu, estafeti sonralar onun tərəfindən yaradılmış "YUĞ" teatrına da keçdi. Bu da təbii idi. Vaqif harda idisə o dad, o duz orda olurdu. Unudulmaz insanlar, unudulmaz əhval-ruhiyyə... Bu gün mən o söhbətlər və oradakı ünsiyyət üçün çox qəribsəmişəm. Onların hər biri bir bitkin dərs idi -Vaqifin bığlarını tumarlaya-tumarlaya təqdim elədiyi dərs.

Onu da demək lazımdır ki, Vaqifin dərsləri, məktəbi dedikdə, bunu Vaqifin dərs dediyi və onun dostlarının oturub şəyird kimi qulaq asdıqları məkan kimi qəbul etmək doğru olmazdı. O məktəbin üzvləri həm müəllim idilər, həm şəyird, həm dərs deyirdilər, həm də öyrənirdilər. Biz bir-birimizə qulaq asmaq üçün, ağıllı söz eşitmək üçün yadırğamışdıq desəm, səhv etmərəm.

Mən Vaqifin "Dədə Qorqud"la bağlı böyük təşəbbüsünü sonralar, özü də yavaş-yavaş anladım və qəbul etdim. Amma bu o zaman baş verdi ki, Vaqif artıq bu təşəbbüsü irəli sürməkdən uzaqlaşmışdı, onun "Dədə Qorqud" dərsləri bitmiş kimi idi. Və bu zaman artıq mən onu öz "cazibəmə" salmışdım. Mən artıq "Dədə Qorqud"a yalnız məhdud dilçilik rakursundan baxmırdım. Semantik dərinlik, strukruralist yanaşma, psixoloji nüanslar, məntiq və alogizmin sərhədlərinin müəyyənləşdirilməsi məni get-gedə daha çox maraqlandırırdı. Vaqif "Gizli Dədə Qorqud" adlı mənim bir neçə kitabda üzə çıxan yeni elmi istiqamətimi, bu istiqamətdən doğan mətləbləri yüksək dəyərləndirmişdi, bu barədə müxtəlif qəzetlərə məqalələr yazmışdı. Öz teatrında bu yazıların müzakirələrini təşkil etmişdi. Vaqif "Gizli Dədə Qorqud"dan sonra ləngiməyib "Casus" adlı pyesimin peşinə düşmüşdü. O, çox dəyər verdiyi "Yarımçıq əlyazma"nı rus dilinə tərcümə edirdi. Özü də görkəmli rus filosofu, münəqqidi Lev Anninskinin dediyi kimi, o bu işi virtouzcasına görürdü. Vaqif "Dəvə yağışı"nı ayrı-ayrı variantlarda artıq özünün yaratdığı "YUĞ" teatrında səhnəyə qoyurdu. Gənc tamaşaçılar teatrında isə "Unutmağa kimsə yox..."a rejissorluq edirdi. "Bir-iki, bizimki..." adlı pyesimə "Azdrama"da yerləşən YUĞ teatrında unudulmaz quruluş verirdi. Tbilisidə "Bir-iki, bizimki"ni Azərbaycan dram teatrında tamaşaya qoyan məşhur gürcü rejissoru Kapanadze ilə dəfələrlə bu pyesi müzakirə edirdi. Estoniyada "Kim dedi ki, Simürğ quşu var imiş?!" pyesimin quruluşuna rəhbərlik edirdi. Bütün bunlar azmış kimi, dilçiliyin populyarizasiyasına həsr olunmuş "Dilçiliyə səyahət" (dilçi olmayanlar üçün dilçilik) əsərimi YUĞ-da hamıya oxutmuş, bütün tanıdıqlarına bu kitabın təbliğatını aparmış, sonra da öz teatrında aktyorlar və dostlar üçün müzakirəsini təşkil etmişdi.

Estoniyadakı tamaşa üçün mən birbaşa Vaqifə borcluyam. O öz eston dostlarına mənim "Kim dedi ki, Simürğ quşu var imiş?!" pyesimi verib onlara öz vətənlərində məhz bu pyesi səhnələşdirməyi məsləhət etmişdi. Rejissorluğuna da gənc Gümrahı uyğun görmüşdü. Özü isə tamaşanın bədii rəhbəri olmuşdu. Tamaşa hazır olandan sonra Azərpaşa Nemətov, Vaqif və mən Estoniyaya, Vilyandi şəhərinə premyeraya getdik. Dili bilməsək də, tamaşanın sehrinə düşməmək mümkün deyildi. İctimai baxışa Estoniyanın müxtəlif şəhərlərindən, - Tallindən, Tartudan mütəxəssislər və teatr həvəskarları gəlmişdilər. Hər kəs Vaqifin və Gümrahın işinə yüksək qiymət verdi. Bu pyesimi, ümumiyyətlə teatr səhnələrində bəxti gətirmiş saya bilərəm. Onu daha sonra Tbilisinin Rustaveli teatrında Suxumi teatrının aktyorlarının ifasında Gürcüstanın məşhur teatr rejissoru Kapanadze səhnəyə qoydu. Pyesi Suxumi teatrına Həsənağa Turabov və Vaqif məsləhət görmüşdülər. Suxumi teatrının direktoru və bədii rəhbəri Gürcüstanın xalq artisti, sonralar dostlaşdığım Dato Caiani idi. O eyni zamanda Gürcüstan üçün ağır savaş illərində cəbhə xəttində göstərdiyi igidliyə görə Gürcüstanın Milli qəhrəmanı adına layiq görülmüşdü. Bir qədər sonra bu teatr haman tamaşanı Mədəniyyət naziri Polad Bülbüloğlunun və Həsənağa Turabovun köməyilə Bakıya da gətirdi. Gənc Tamaşaçılar Teatrında tamaşa öz anşlaqını yaşadı.

(Davamı var)

# 147 dəfə oxunub

Oxşar xəbərlər

“Park”  Nəşriyyat Evinin təqdimatı oldu

“Park” Nəşriyyat Evinin təqdimatı oldu

20:24 12 aprel 2025
“Nəriman Nərimanov - 155” adlı geniş kitab sərgisi açılıb

“Nəriman Nərimanov - 155” adlı geniş kitab sərgisi açılıb

16:45 12 aprel 2025
Kənan Hacının 50 illik yubileyi keçirilib

Kənan Hacının 50 illik yubileyi keçirilib

15:45 12 aprel 2025
"İndi bunu arxayınlıqla demək olar ki, Niyazi Mehdi..." - Əli Abbasov

"İndi bunu arxayınlıqla demək olar ki, Niyazi Mehdi..." - Əli Abbasov

15:00 12 aprel 2025
Sinəsi yenicə qabarmış bakirə qızlar? - Cənnətdə seksual münasibətlər, yaxud din Allahı inkar edir

Sinəsi yenicə qabarmış bakirə qızlar? - Cənnətdə seksual münasibətlər, yaxud din Allahı inkar edir

12:00 12 aprel 2025
Məşhur müğənni vəfat etdi

Məşhur müğənni vəfat etdi

11:31 12 aprel 2025
#
#
# # #