8 Noyabr prospektində yaşanan tıxac müsibəti - ADSEA bir kollektorun təmirini nə vaxt bitirməyi planlaşdırır?

8 Noyabr prospektində yaşanan tıxac müsibəti - ADSEA bir kollektorun təmirini nə vaxt bitirməyi planlaşdırır?
16 noyabr 2026
# 14:30

Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.

Oktyabrın sonları - noyabrın əvvələrindən - artıq xeyli müddətdir ki, səhər saatlarında – xüsusilə də insanların işə tələsdiyi pik saatlarda Bakının 8 Noyabr prospektindən yolu düşən hər kəs özünü nəqliyyat vasitəsinin sükanı arxasında deyil, zamanın donduğu, əsəblərin tarıma çəkildiyi, insan ömrünün dəqiqələrlə deyil, metrlərlə ölçüldüyü nəhəng bir açıq hava sınaq meydançasında hiss edir. Prospektin düz ortasında, AFFA-nın inzibati binasının qarşısında qurulmuş dəmir çəpərlər, o çəpərlərin arxasında görünən bir-iki ağır texnika, arabir o baş-bu başa əlləri ciblərində gəzişən işçilər və bütün bunların əvəzində kilometrlərlə uzanan, sonu görünməyən avtomobil karvanı...

Yarım aydan çoxdur ki, paytaxt sürücülərinin səhər yuxusunu haram edən, işə tələsənlərin əsəb pozuntusuna çevrilən məşhur “Keşlə yağış kollektoru”nun təmiri bitmək bilmir ki bilmir…

Rəsmi məlumatlara nəzər salanda adamın gözləri yaşarır, qəlbi fərəhlə dolur: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyindəki “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” QSC bəyan edir ki, 8 Noyabr prospektində, AFFA-nın binasının qarşısında Keşlə yağış kollektorunun təmiri və bərpası işləri aparılır. Məqsəd ali və müqəddəsdir: ərazidə yağış sularının yığılmasının qarşısını almaq üçün kollektorun köhnəlmiş yan və üst hissələri bərpa olunur. Özü də bu işlər elə-belə, sıradan bir təmir deyil; Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı su sistemlərinin yenidən qurulması üzrə 2026–2035-ci illəri əhatə edən 883 nömrəli Dövlət Proqramı əsasında icra edilir.

Kağız üzərində hər şey möhtəşəmdir. Reallıq odur ki, bütün bu möhtəşəm rəqəmlərin və proqramların fonunda hazırda söhbət cəmi bir neçə metr uzunluğunda olan yağış kollektorunun köhnəlmiş yan və üst hissələrinin bərpasından gedir. Və bu “möhtəşəm” bərpa işi artıq iki həftədən çoxdur ki, Bakının ən strateji nəqliyyat arteriyalarından birini - ən işlək, inetnsiv hərəkətin olduğu mühüm bir prospekti iflic vəziyyətinə salıb.

Sual olunur: əgər bu iş 2026–2035-ci illəri əhatə edən proqrama daxildirsə, ADSEA elə həmin proqramın ilk ilində - 2026-cı ilin noyabrında başladığı bir kollektorun təmirini nə vaxt bitirməyi planlaşdırır? Bəlkə proqramın müddətinə uyğun olaraq elə 2035-ci ildə?..

Dünyanın müasir şəhərsalma və infrastruktur təcrübəsinə baxanda insanın üzü qızarır. 2015-ci ilin noyabrında Çinin paytaxtı Pekində Sanyuan körpüsünün əsaslı yenidənqurma işləri cəmi 43 saat ərzində - həftəsonu, şəhər nəqliyyatına minimal təsir göstərməklə tamamilə yekunlaşdırıldı. 1300 tonluq nəhəng konstruksiya söküldü, yenisi quraşdırıldı, asfaltlandı və bazar ertəsi səhər sürücülər heç nə olmamış kimi yola çıxıb iş-güclərinin ardınca getdilər.

Yenə Çinin Futszyan əyalətində 1500 işçi cəmi 9 saat ərzində dəmir yolu stansiyasını sıfırdan inşa edib əsas xəttə birləşdirdi.

Niderlandda, A12 magistral yolunun altından keçən 70 metrlik tunel bir həftəsonu - cəmi 48 saat ərzində yerin altına yerləşdirildi və bazar ertəsi səhər saat 05:00-da yolda hərəkət tam bərpa olundu.

Yaponiyanın Fukuoka şəhərində yolun ortasında yaranan 30 metr enində, 15 metr dərinliyində nəhəng çuxur - hansı ki, bütün yeraltı kommunikasiyaları sıradan çıxarmışdı - cəmi 48 saat ərzində dolduruldu, bütün borular və kabellər yeniləndi, asfaltlandı və istifadəyə verildi.

Təxmin edirəm bunu aidiyyəti qurumdakılar oxuyanda bəhanələri əllərində hazır olacaq: bura Çin, Yaponiya yaxud Niderland deyil axı…

Amma mənim də cavabım hazırdı: Bizdə ADSEA və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” QSC yarım aydan çoxdur ki, 8 Noyabr prospektində bir yağış kollektorunun yan və üst hissəsini bərpa edib qurtara bilmir! Sanki orada beton tökmürlər, Mikelancelonun Sikstin kapellasındakı freskalarını bərpa edirlər. Hər daşı əllə yonur, hər sement dənəsini zərgər dəqiqliyi ilə yerləşdirirlər.

Bəlkə də problemin kökü işin texniki çətinliyində deyil, işə yanaşma fəlsəfəsindədir. Müasir dünyada şəhərin mərkəzi prospektində qazıntı işi aparılırsa, orada iş sutkada 24 saat, üç növbəli rejimdə, projektorlərin işığı altında dayanmadan gedir. Çünki o ölkələrdə məmurlar bilir ki, magistral yolun bir saat bağlı qalması minlərlə insanın vaxt itkisi, tonlarla artıq yanacaq sərfiyyatı, havaya buraxılan zəhərli qazlar və iqtisadi zərər deməkdir. Bizdə isə iş saat 09:00-da (sürücülər artıq tıxacda əsəb keçirəndən sonra) başlayır, saat 17:00-da (axşam pik saatı başlayanda) başa çatır. Şənbə-bazar günləri isə təmir meydançasında elə bir sükut hökm sürür ki, elə bil orada iş getmir, arxeoloji qazıntı aparılıb və qiymətli tapıntıya zərər dəyməsin deyə ərazi konservasiya edilib.

Hər səhər AFFA-nın binasının qarşısında yaranan mənzərəyə baxanda adam futbolumuzu da xatırlayır, su təsərrüfatımızı da. Bina AFFA-nın, çuxur ADSEA-nın, əziyyət isə sadə xalqın! Sürücülər o daralmış zolaqlardan keçəndə bir gözü yolda, bir gözü o çəpərin arxasında olur ki, görəsən bu gün nə dəyişib? Dünən qazılan yer bu gün örtülüb, yoxsa yeni bir yer də qazılıb? Təəssüf ki, həftələrdir mənzərə dəyişmir. Eyni dəmir lövhələr, eyni toz-torpaq, eyni lənglik və hər gün əsəbləri tarıma çəkilən minlərlə insan...

ADSEA-nın rəsmiləri yəqin ki, özləri səhərlər o tıxacda qalmırlar. Ya işə başqa yolla gedirlər, ya da xidməti avtomobillərinin rahat salonunda, bəlkə də xüsusi müşayiətlə o ərazidən yan keçirlər. Əgər o qurumun rəhbər şəxslərindən biri bircə həftə, hər səhər saat 08:45-də Zığ şosesindən gəlib 8 Noyabr prospekti ilə AFFA-nın qarşısından keçərək işə getsəydi, zəmanət verirəm ki, həmin Keşlə kollektorunun yan və üst hissəsi 2035-ci ili gözləmədən, 72 saata bərpa olunub təhvil verilərdi.

883 nömrəli Dövlət Proqramı kağız üzərində 10 illik böyük bir hədəf ola bilər. Amma vətəndaş üçün dövlət proqramının uğuru sənəddəki möhürlərlə yox, həm də onun gündəlik həyatına göstərilən hörmətlə ölçülür. Bir yağış kollektorunu təmir edib yağış sularının yığılmasının qarşısını almaq əla işdir və əşhədü-ehtiyac lazımdır. Amma yağış suyunun qarşısını almaq üçün şəhərin vacib nəqliyyat damarından birini həftələrlə tıxaca məruz qoymaq heç bir idarəçilik məntiqinə sığmır.

Payızın gurşad yağışları hələ qabaqdadır. Görək, yağışlar başlayana qədər ADSEA o kollektorun üstünü örtə biləcək, yoxsa bu gedişlə həm tıxacda qalacağıq, həm də vaxtaşırı Bakı küçələrində yaranan gölməçələrdə?..

# 44 dəfə oxunub

Oxşar xəbərlər

Asiyanın ilk Avroviziya qalibi bəlli oldu - 19 yaşlı müğənni tarix yazdı

Asiyanın ilk Avroviziya qalibi bəlli oldu - 19 yaşlı müğənni tarix yazdı

14:38 16 noyabr 2026
Məşhur rəssamın gizlədilən tablosu satışa çıxarılır

Məşhur rəssamın gizlədilən tablosu satışa çıxarılır

14:04 16 noyabr 2026
Qəzza haqqındakı layihə "Ən yaxşı sənədli film" seçildi

Qəzza haqqındakı layihə "Ən yaxşı sənədli film" seçildi

13:33 16 noyabr 2026
Türkiyədə serialların müddəti qısaldıla bilər

Türkiyədə serialların müddəti qısaldıla bilər

13:02 16 noyabr 2026
Tanınmış aktrisa xəstəxanaya yerləşdirildi

Tanınmış aktrisa xəstəxanaya yerləşdirildi

12:27 16 noyabr 2026
Həmid Herisçi:  "Şeir yazan çoxdur, şair isə gözə dəymir" - Müsahibə

Həmid Herisçi: "Şeir yazan çoxdur, şair isə gözə dəymir" - Müsahibə

12:00 16 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər