Bakıda otura-otura Zəfər romanını necə yazmaq olar, yaxud pioner düşərgəsindən - Reportaj

Bakıda otura-otura Zəfər romanını necə yazmaq olar, yaxud pioner düşərgəsindən - Reportaj
16 noyabr 2026
# 15:00

Kulis.az Mirmehdi Ağaoğlunun "Bakıda otura-otura Zəfər romanını necə yazmaq olar, yaxud pioner düşərgəsindən reportaj"ını təqdim edir.

“Lokomotiv”.

Pirşağı qəsəbəsində yerləşən bu pioner düşərgəsinin qabağından çox keçsəm də, heç vaxt darvazasından içəri girməmişdim.

Bəzən lager də dediyimiz düşərgə qəsəbənin içərisində, bağlara dönən yolun sol tərəfindəydi. Deyəsən, ikimərtəbə əsas binası da elə yolun qırağında, hasarın o üzündə yerləşirdi. Damının üstündə kirilcə yazılmış “Lokomotiv” sözü və qatar şəkli uzaqdan cəlb etdiyindən onu görməmək mümkünsüz idi.

Avtobusla keçəndə, xüsusən ayaq üstə dayanmısansa, hasarın o üzünü rahat görmək olurdu. İçəridə xeyli şam ağacı vardı. Bir də sovet memarlığını əks etdirən bir, iki mərtəbəli tikililər – evlər. Ərazisi böyük idi, baxdıqca qurtarmırdı.

Sovet vaxtı pionerlərin yayda dincəldikləri məşhur düşərgələrdən olub “Lokomotiv”. Səhərlər şeypur, axşamlar nəğmə sədaları yüksələrmiş. Yay boyu Sovet məktəbliləri buraya gəlib bir həftə, on gün qalar, dənizdə çimər, asudə vaxtı müxtəlif oyunlarla başlarını qatar, yarışlar keçirər, axşamlar tonqal ətrafında oturub maraqlı söhbətlər edərmişlər. Başqa nə edərmişlər? Ətraflı bilmirəm. Bu yazdıqlarımı da hardansa oxumuşam, yaxud kimdənsə eşitmişəm.

Özüm heç vaxt pioner düşərgəsində olmamışam. Mən məktəbə gedən ilin ertəsi SSRİ dağıldı. SSRİ ilə birlikdə illərdir davam edən köklü sistem də dağıldı, daha məktəbliləri nə evdən yay düşərgələrinə göndərən oldu, nə də düşərgəyə dəvət edən. Üstəlik Qarabağ müharibəsi ilə əlaqədar Azərbaycanın bir çox yerində olduğu kimi Bakıdakı düşərgələrə də məcburi köçkünlər yerləşdirildi.

“Lokomotiv” daha çox Şuşadan gələn köçkünlərin sığınacağına çevrildi.

İllər keçdi. Mən də Lokomotivin qarşısından dəfələrlə keçdim. Xüsusən də yayda dənizə gedəndə. Bu illər ərzində “Lokomotiv” çox dəyişdi. Ən birinci binanın damındakı yazının rəngi soluxmağa başladı, onunla yanaşı həyətdəki binaların da. Düşərgə nimdaş paltar kimi yavaş-yavaş köhnəldi.

Düşərgənin həyətində yeni-yeni tikililər əmələ gəldi, daxmalar tikildi, memarlığı dəyişdi, əvvəlki fasonu itdi, gözəlliyi getdi.

Düşərgə acxəmrə kimi içindən şişib artdı.

Ağaclar da böyüyüb düşərgəni öz yarpaqlarının arxasında gizlədi. Daha avtobusdan hasarın o üzü rahat görünmürdü.

O zaman bilmirdik, torpaqlarımız qayıdandan sonra dərk etmişik ki, sən demə, bizimkilər burada tikəndə, özləri üçün gün ağlamağa çalışanda orada da - Qarabağda - ermənilər onların evlərini dağıdırmış. Tutalım, şuşalı Akif düşərgənin həyətində artırdığı balaca daxmaya pəncərə qoyduğu gün Şuşada onun dudmanının qapı-pəncərəsini ermənilər çıxarıb aparırmış... Köçkünlər burada başlarını soxmağa dam qaraladıqları vaxt, doğma torpaqlarında halalca evləri tar-mar edilirmiş.

Hə... Doxsanıncı illərdən sonra “Lokomotiv”in taleyi başqa cür yazıldı. Artıq hər il məktəbliləri qəbul edən, ətrafa sevinc, səadət sədaları saçan düşərgə deyildi, məcburi köçkünlərə qapılarını açmış miskin, kədərli sığınacaq idi. Otuz ilə yaxın bir müddət də belə oldu.

Təbii ki, heç vaxt gedib düşərgənin həyətinə girmək ağlıma gəlməmişdi. Adama deməzlər ki, nə işin var?

Ancaq son bir neçə ili Pirşağıdakı, Qızılqumdakı digər düşərgələr kimi “Lokomotiv”də də sakitlik yaranıb, darvazasının qabağı, həyəti əvvəlki qədər tünlük deyil, yaşayış azalıb.

Üstəlik, ötən həftə bir dostumun sosial media hesabında oradan maraqlı heykəl şəkilləri paylaşması məni lap həvəsləndirdi, dedim oralara bir baş çəkim.

***

Açıq darvazadan həyətə girəndə gözlədiyim sakitliklə qarşılaşsam da hər ehtimala qarşı yanımdan keçib gedən kişidən düşərgənin həyətini gəzmək üçün icazə istəyirəm. Deyəsən, bunu bir az irəlidə oynayan uşaqlar da eşidirlər, aralarında canlanma yaranır. Kiməsə nəsə deyirlər. Qulağım belə bir söz çalır: “İngilisdi? Keçən dəfə ingilislər gəlmişdilər”.

Sözün düzü, bizimkilər adətən şəkil, video çəkən görəndə ucdantutma jurnalist sanıb narahat olurlar deyə, özünü xarici kimi qələmə verəndə çox da incitmirlər, uzaqbaşı sualların sayı artır, o qədər. Ancaq yaxınlaşıb maraqlanan yoxdur deyə özünü təqdim etməyə ehtiyac qalmır.

Elə girişdəcə boş postament diqqətimi çəkir. Boz mərmərlə üzlənib. Yadıma köhnə illər düşür. Daha bu növ mərmərdən inşaatda çox az istifadə olunur, əvvəllər hara gəldi yapışdırırdılar. Bilmək maraqlı olardı, burda kimin heykəli olub! Soruşmağa bir adam yoxdur, kimisə səsləyib camaatı duyuq salmaq da istəmirəm.

Özümü xəyalən “Lokomotiv”in görmədiyim, ancaq kitablardan oxuduğum, televiziyadan baxdığım, söhbətlərdən eşitdiyim dövrünə - pionerlərə isti qucaq açdığı illərə kökləməyə çalışıram. Deməli, cəmi qırxca il əvvəl - tutalım 1986-cı ildə - bura məktəblilərin hay-həşiri, səs-küyü ilə qaynayırmış.

Qırx il sonra “Lokomotiv”in həyətində yenə uşaqlar oynayır. Ancaq bu uşaqlar evindən dincəlmək üçün düşərgəyə gələn pionerlər deyil, doğma ocaqlarından didərgin düşmüş qaçqın övladlarıdır.

Onların yanına gedirəm. Köhnə hovuzun qırağında oynayırlar.

Məni görüb oyunlarını yarıda kəsirlər. Hovuzun içi torpaqla doldurulub. Heyfslənsəm də fikirləşirəm ki, hovuz, fəvvarə kimi dekorativ memarlıq nümunələri qayğısız adamlar üçündür, suyun fışqırmağı, damcıların günəş işığında büllur kimi bərq vurmağı canını düşmən əlindən güclə qurtarıb özünə birtəhər yer tapmış biçarə adamların nəyinə gərəkdir! Elə yaxşı edib torpaqlayıblar. Çəkinə-çəkinə uşaqlardan burada heykəl olub-olmadığını soruşuram. Heykəllərin girişdə, hamamın həyətində olduğunu söyləyirlər.

Burada hamamın olduğunu bilmirdim.

Mənə yoldaşlıq edirlər. Adları Şamxal və Şəhriyardır. Şuşanın Xəlfəli kəndindəndirlər. Bunları təzədən darvaza tərəfə qayıdanda onlardan öyrənirəm.

“Hasardan içəridədi”, - Şamxal deyir.

Hamamın günbəzləri görünür. Ətrafı şiferlə, dəmir tor, taxta ilə hasarlanıb.

“Qapı burdadı”, - yarım addım qabaqda yeriyən Şəhriyar yan tərəfi göstərir.

Demə, bura üstünə “Lokomotiv” yazılmış binanın yanıymış. İndi yadıma düşür ki, mən avtobusla buradan keçəndə hamamın günbəzlərini görmüşəm.

Binada hələ yaşayış var. Qabağındakı iplərdən paltar asılıb. İpdən asılmış paltarlar yaşayışın varlığını göstərən ən güclü elementlərdəndir. Bir qadın hasarın dibindəki krantdan vedrəsini doldurur. Ondan hamam tərəfə keçmək üçün icazə istəyirəm. Etiraz etmir.

Taxta qapını açıb hamam olan həyətə girirəm. Qabağımda kiçik postamentin üstündə gümüşü rənglə rənglənmiş heykəl dayanıb. Postamentin üzlük daşlarının çoxu dağılıb, altdakı qırmızı kərpicdən hörgü üzə çıxıb, elə bil dərini soymusan, ət görünür.

Heykəlin başı yandakı tut ağacının budaqları arasında gizləndiyindən üzünü seçmək mümkün deyil. Duruşundan Nizami Gəncəviyə oxşayır, onun kimi məğrur dayanıb. Postamentin üzərində heykəlin adı da yazılmayıb ki, kimə aid olduğunu dəqiq biləsən.

Burda da zivədən paltarlar asılıb deyə ehtiyatla çəkiliş edirəm. Qorxuram birdən kimsə çıxıb haqlı yerə irad tutar ki, bizim paltarları niyə çəkirsən? Onun üçün telefonu çox diqqətlə döndərirəm. Qanqaraçılıq düşməmiş hamamı çəkib buradan aralanmaq keçir könlümdən.

Tikilinin böyrünə keçəndə burda da heykəl görürəm. Postamentin üstündə büst. Bu postamentin də üzlük daşları qopub. “Nizami”yə nisbətən daha müasir adamın heykəlinə bənzəyir. Aralıda yerə yonulmamış, kələ-kötür iki yekə daş uzadılıb. Daşlardan birinin üzərində yapışdırılmış lövhədə isə yazılıb: “Bu abidə Əliyev.... Baxış oğlu tərəfindən mühafizə edilmişdir”.

Nöqtələrin yerini oxuya bilmirəm. Mühafizəçinin öz adını daşa həkk etməsini ilk dəfə görürəm.

Şəhriyarla (yox deyəsən, Şamxalla) hamamın içinə keçirik. Mən çəkiliş aparıram, o da mənə nəyisə izah edir. Deyir ki, güclü yağışlar yağanda hamamın içi “buracan” dolmuşdu, əlilə də göstərir.

Tikili iki günbəzli hamamdır, döşəməsi ağlayla üzlənib. Divar daşlarının formasından, ümumi quruluşundan belə başa düşürəm ki, uzağı XIX əsrdə inşa olunub, elə qədim abidə deyil.

Hamamın içərisi tər-təmizdir. Belə tarixi abidələri yaxınlığında yaşayanların zibillədiyini az görməmişik deyə, təmizlikdən ürəyim açılır. Üstəlik, hamamın divarları adda-budda suvanıb. Hiss olunur, dörd otaqlı tarixi abidə nəzarət altındadır, mühafizə olunur.

Haşiyə: Yazını yazanda internetdə araşdırıb hamamın 1901-1902-ci illərdə Hacı Əbu-Salam tərəfindən tikildiyini öyrənirəm. Büst də onun imiş.

Uşaqlardan aralanıb yenidən hovuz tərəfə gedirəm. Hovuzun qabağından altı pilləli pilləkən meydan kimi bir yerə qalxır. “Meydan”da isə damı saxlayan dəmir qurğular hələ qalır.

Gümanımca, bura klub tipli yer olub, ya da kinoteatr. “Klub”un kənarındakı məhəccərlərin arası sonradan tikilib.

Ağacların cərgəsi ilə uzanan yolun sağında da, solunda da birmərtəbə yaşayış yerləri var. Bəzilərinin qabağına dəmir-dümürlə, taxta ilə, yaxud daşla tikilmiş artırmalar əlavə olunub. Ancaq irəlidə öz əvvəlki görkəmini saxlayan bina da var. Qabağında heç nə tikməyiblər. Üzərində kirilcə yazılmış “ikinci korpus” lövhəsi durur. Görəsən düşərgə vaxtı “ikinci korpus” nə üçün imiş?

“İkinci korpus”un yanından sağa buruluram. Buralar boşluqdur. Bəlkə də düşərgə vaxtı pionerlər burada futbol oynayırmışlar, elə sonrakı illərdə köçkün uşaqları da. Bir az irəlidəki binada yaşayış var. Bir qadın binanın qabağında paltar sərir. Çardağın altında maşınlar dayanıb, aralıda toyuq torpağı eşir. Deməli, camaat hələ tam köçməyib. Binanın böyründə isə birmərtəbə tikili var. Rəngindən təzə tikilənə oxşayır, memarlığı da o birilərindən fərqlənir.

Pəncərəsindən içəri görünür: Xocalıya aid böyük karton kağız asılıb. Qəribədir. Adama hərdən elə gəlir ki, müharibə də, onun bütün ağrıları da artıq geridə qalıb. Çox şükür, Qarabağ tikilir, azad olunmuş ərazilər yenidən qurulur, insanlarımız doğma torpaqlarına qayıdır. Ancaq qəfil müharibəyə aid elə bir detal qabağına çıxır, bütün arxayınlığın çəkilir, yuxudan ayılmış kimi olursan, deyirsən, yox, heç nə bitməyib, heç nə də unudulmayıb, ağrılar, sızıltılar hələ də qalır. Pəncərədən gördüyüm o lövhə də məndə eyni hissləri oyadır. Guya bura Sovet dövründə pionerlərin düşərgələrdə keçən qayğısız günləri, gündəlik yaşayışları barədə xəyal qurmağa, necə deyərlər, nostalgiyaya qapılmağa gəlmişdim.

Ancaq gözümün qabağından məhrumiyyət dolu talelər çəkilmir: Qaçqınlıq, darısqallıq, yoxsulluq, çətinlik, kimsəsizlik, yayın istisi, qışın dənizdən gələn amansız soyuqları... Məhrumiyyət... məhrumiyyət... məhrumiyyət... çətinlik... çətinlik... çətinlik...

Burdakı birmərtəbə tikililərdə də yaşayış var. Bir cavan oğlan qapının ağzında çömbəlmə oturub telefonunu qurdalayır. Ondan icazə alıb bir az da irəli gedirəm, görüm düşərgə harada qurtarır. Qabağımda iki uşaq oynayır, onları da keçib açıqlığa çıxıram. Xeyli aralıda villalar görünür. Geri fırlanıb gəldiyim istiqamətə baxıram. Pəncərədən yaşlı bir qadın məni müşahidə edir. Daha burda dayanmıram.

“Klub”un arxa tərəfindən dolanıb yenidən hovuz tərəfə qayıdıram. Şamxalla Şəhriyar burdadır. Hüseyn və Yusif adlı yaşıdları da yanlarındadır.

Kim olduğumu soruşurlar. Tarixçi olduğumu deyirəm. Mən də əvəzində uşaqlara “klub”u göstərib oranın nə olduğunu soruşuram. Hüseyn deyir ki, ora əvvəllər kinoteatr olub.

İrəlidə boş qalmış tikilini də göstərirəm: “Bəs ora hara olub?” Deyir ki, ora da düşərgənin yeməkxanası imiş: “Çoxdandı işləmir”.

Hüseynə bunları atası danışıb.

“Mən də tarixlə maraqlanıram”, - əlavə edir.

“Bəs o heykəllər barədə nə danışıb?” – soruşuram.

“Heykəllər... Orda hamam var idi e, hamamın yiyəsinin babasının heykəlidir”.

“Babası tikib o hamamı?”

“Hə, 1943 idi, neçə idi? Mənə demişdilər”.

“O hamamın işləməyini sən görmüsən?” – Sadəlövhcə soruşuram.

“Yox. Görməmişəm. Biz gizlənqaç oynayanda arada ora giririk”.

İmam, peyğəmbər adlı bu uşaqlar da Şuşadandırlar, soruşuram özləri deyirlər.

Yeməkxana tərəfə getməyə gərək duymuram. Nə qədər ki, kimsə çıxıb bir söz deməyib, gəzintini yekunlaşdırmaq lazımdır. Bayaq hamamın yanında Şamxal və Şəhriyarla şəkil çəkdirdiyim kimi Hüseyngillə də şəkil çəkdirib düşərgəni tərk edirəm.

Kədərliyəm, bir tərəfdən də qabağıma məhz uşaqların çıxmağına, onlarla səmimi ünsiyyətə sevinirəm.

Bir müddət sonra doğma evə qayıtmağın vaxtı çatacaq. Düşərgənin sonuncu uşaqları da buranı tərk edəcəklər. Söz yox ki, onların da, onlardan əvvəl burada yaşamış başqa məcburi köçkünlərin də bu yerlərlə bağlı acı-şirin xatirələri qalacaq. Necə ki, bir vaxtlar yayı düşərgədə keçirmiş pionerlərin xatirələri qalıb.

Sonuncu sakinlər də buranı tərk edəndən sonra düşərgənin ərazisi tamamilə boşalıb kimsəsizləşəcək.

Bir vaxtlar uşaqların gülüşlərinin qəhqəhəyə, sevinclərinin fərəhə, səs-küylərinin coşquya çevrildiyi yer idi “Lokomotiv”.

Sonra sığınacağa döndü. Gülüşlər qəhərlə, sevinclər kədərlə əvəzləndi.

Bəs “Lokomotiv” düşərgəsinin sonrakı taleyi necə olacaq? Bu barədə heç nə bilmirik. Bəlkə söküləcək... Hər şey silinəcək. Bir vaxtlar sevincə də, kədərə də, gülüşə də, qəhərə də şahidlik etmiş divarlar məhv olacaq.

Ancaq bu divarların şahidlik etdikləri xatirələri qoruyub saxlamaq da olar. Güman ki, vaxtilə “Lokomotiv”də dincəlmiş pionerlərin çoxu sağdır. Elə orada yaşamış məcburi köçkünlər də. Onlarla görüşüb, danışdırmaq da, xatirələrini toplamaq da mümkündür. Yerdə qalır istedadlı bir qələm, bir az təxəyyül, bir az da zəhmət. Bunları təşkil etmək üçün də yaxşı bir qonorar, üstə gəl iki il də vaxt. Buyurun, bu da sizin üçün gözəl bir roman. Kiçik bir pioner düşərgəsinin timsalında Azərbaycan insanının son 40-50 ildə keçdiyi yol, yaşadığı sıxıntılar, müharibə də, Zəfər də daxil hamısı bir romanda - “Lokomotiv”də.

# 67 dəfə oxunub

Oxşar xəbərlər

Tesla muzeyindən tələbə etirazlarına qədər – Belqradın görünməyən üzü

Tesla muzeyindən tələbə etirazlarına qədər – Belqradın görünməyən üzü

15:00 16 noyabr 2026
Asiyanın ilk Avroviziya qalibi bəlli oldu - 19 yaşlı müğənni tarix yazdı

Asiyanın ilk Avroviziya qalibi bəlli oldu - 19 yaşlı müğənni tarix yazdı

14:38 16 noyabr 2026
8 Noyabr prospektində yaşanan tıxac müsibəti - ADSEA bir kollektorun təmirini nə vaxt bitirməyi planlaşdırır?

8 Noyabr prospektində yaşanan tıxac müsibəti - ADSEA bir kollektorun təmirini nə vaxt bitirməyi planlaşdırır?

14:30 16 noyabr 2026
Məşhur rəssamın gizlədilən tablosu satışa çıxarılır

Məşhur rəssamın gizlədilən tablosu satışa çıxarılır

14:04 16 noyabr 2026
Qəzza haqqındakı layihə "Ən yaxşı sənədli film" seçildi

Qəzza haqqındakı layihə "Ən yaxşı sənədli film" seçildi

13:33 16 noyabr 2026
Türkiyədə serialların müddəti qısaldıla bilər

Türkiyədə serialların müddəti qısaldıla bilər

13:02 16 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər