"Amerika modernizminin anası" kimi tanınan məşhur rəssam Corciya O'Kiffin onilliklər boyu Manhettendəki bir mənzilin dolabında, paltoların və qutuların arxasında gizlədilən 1930-cu il tarixli tablosu "Christie's" hərrac evi tərəfindən satışa çıxarılır.
Kulis.az xəbər verir ki, Nyu-Meksiko mənzərəsini (Lobo təpəsi) əks etdirən əsər 1963-cü ildə cəmi 3 800 dollara alınıb və sahibəsinə magistratura məzuniyyəti hədiyyəsi olaraq verilib.
Hazırda tablonun dəyəri 3–5 milyon dollar arasında qiymətləndirilir.
Keçmiş sahibi 1980-ci illərin ortalarında bir qonağın tabloya həddindən artıq diqqətlə baxdığından şübhələnərək əsəri orijinal qutusuna yerləşdirib və dolabın arxasına qoyub.
Tablo sahibəsinin ölümündən sonra mənzil boşaldılarkən yenidən üzə çıxarılıb.
Qeyd edək ki, üç əsərdən ibarət seriyanın ilk işi olan bu tablo uzun illər itmiş hesab olunurdu (seriyanın digər iki əsəri Metropoliten Muzeyində və Rokfeller ailəsinin kolleksiyasında yer alıb).