Avropanın paytaxtı niyə Amerikadır? - İran, İsrail, anamın laylası və bir neçə not

Avropanın paytaxtı niyə Amerikadır? - İran, İsrail, anamın laylası və bir neçə not
20 iyun 2025
# 13:58

Kulis.az Səbinə Əvəzqızının "Saqisiz, badəsiz məst olduğum məkan: hələ də sərxoşam" yazısını təqdim edir.



“Öylə məstəm mənə nə saqi, nə də badə gərək,
Eşq məsti ola hər qeydidən azadə gərək...”

O məclisdə məst olmaq üçün, həqiqətən də, nə saqi, nə də badə gərək idi. Belə də olurmuş. Mərhum sənətkar Hacı Ələmdar Mahirin ruhu şad olsun. Oldu da, məncə. Çünki bulaq kimi saf səslər dünən axşam məhz onun yaradıcılığına müraciət etdi, milyonlar məst oldu.

Son günlər, daha dəqiq desək, İsrail-İran münaqişəsi başlayandan bəri müharibə xəbərləri yazırıq. Hansısa partlayışı, raket zərbəsi, tökülən insanların qanı ilə bağlı informasiyaları gecikdirmədən oxucuya çatdırmağa çalışırıq. İşimiz budur. Amma inanın ki, özümü də həmin bombaların altında hiss edirəm. Az qala, başımı əyirəm ki, gülləyə tuş gəlməyim. Jurnalistin “çiləsi” budur. "Gecikməyək, millət bunu da bilsin" deyib verdiyimiz o atəşli xəbərlər gecə yuxumuza girir, təlaşla ayılıb “raketin düşdüyü yerdən” uzaqlaşmaq istəyirsən. Amma nə çarə, həmin “raketlər” unutmaq istəsən də, qurtula bilmədiyin informasiyalardandır. Hədəfini izləyən bu “raketlər” səninlə “işə gəlir”, evdə süfrənə “qonaq olur”, gecə “yatağına girir”.

Belə günlərin birində Beynəlxalq Muğam Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən IX “Muğam” Televiziya Müsabiqəsinə dəvət olundum. Həmin an sanki “raket” məni izləməyə fasilə verdi. Beynimin bir guşəsindəki divanda özünə yer açıb “dincəlməyə” başladı. Elə bil deyirdi ki, mən də “yoruldum” vallah, get bir az ruhunu təmizlə, durul, sonra tez gəl qaldığımız yerdən başlayarıq. Yəqin, hesab edib ki, içi o qədər qaralıb, daha bunu təəccübləndirmək olmur.

Beləliklə, fürsəti dəyərləndirib yola düşürəm.

Mədəniyyət Nazirliyinin və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən IX “Muğam” Televiziya Müsabiqəsindəyəm. Elə bir aləm ki... ayağını basmağa belə qıyammırsan. Burda yalnız bulaq kimi saf sular axır, bombalar əvəzinə “muğam ulduzları” parıldayır. Sehrlənmiş kimiyəm. Tez-tez görmək nəsib olmasa da, həyatın belə üzü də var.

İllərlə siyasətdən və siyasi kriminaldan yazan bir jurnalist olduğum üçün hər saat belə möhtəşəm proqramlarda yada düşmürəm. Haqlıdırlar, məni ən çox BMT-nin “ay, dünya əhalisi acından öləcək”, beynəlxalq təşkilatların “regionda qırğındır”, ölkəmizdəki “insan qurbanı” faktları haqqında, "gəlin görək, düşmən mediasının dezinformasiyalarını necə ifşa edirik?", "adı jurnalist olub, özü “şantajçı”, “reket” olanları nə təhər sıradan çıxarırıq" və sair və ilaxır kimi, başdan-ayağa ruhumuzu yükləyən, vicdanımızı sızıldadan tədbirlərə dəvət edirlər. Sahəm budur da, dəvət edənləri də qınamağa haqqım yox. İctimai qayğılarla yaşamaqdan, hərdən evdə qənd-şəkərin olub-olmadığını belə unudan insanlarıq. Bizimki də belə gətirdi...

Amma indi... Ruhum elə bir aləmə düşüb ki, sanki şəlalənin altında durulduqca durulur, parlamağa, hətta şəffaflaşmağa çalışır. Bütün pisliklər, problemlər, qayğılar unudulub. Sağ olsun, arada müsabiqənin münsiflər heyətinin üzvü Xalq artist Mənsum İbrahimov dedi ki, “özünə gəl”, muğamın vətəni olan yerlərə indi bomba tökülür. Amma bunun üstündən tez keçdik. Özüm-özümə tapşırıq verdim ki, yox, texniki səhvdir, mən "müharibə" sözü-filan eşitmədim.

Demək, adına muğam dediyimiz bu möcüzə qəlbimi necə işğal edibsə, fərəh hissinin gücündən bircə ürəyimin olduğunu hiss edirəm. Qəfil bir sual da gəlir ağlıma... rahat dincəlmək yoxdur da naturamızda. Elə bil özüm-özümlə müsahibə edirəm.

  • Muğam sənin üçün nədir?
  • Muğam səni niyə belə coşdurur?
  • Muğam səni hara dartıb aparır?
  • Muğam niyə belə ilıqdır?

İlk suala iki cavabım vardı, əslində: Muğam mənim üçün ilk məhəbbətdir, muğam mən üçün ana deməkdir. Bəs niyə atamdan çox, anamı xatırlatdı mənə? Təbii ki, ilk muğamımı onun dilindən eşitdiyim üçün. Ay dad... Yuxarıdakı sualıma da cavab tapdım. Qızılgül qoxusu alt şüurumdan - anamın laylasından gəlirmiş.

Layla dedim, yatasan,
Qızılgülә batasan.
Qızılgül bağın olsun,
Kölgәsindә yatasan.

Balam layla, a layla!
Gülüm layla, a layla!
Layla dedim, yatasan,
Qızılgülә batasan.

Qızılgülün içində
Şirin yuxu tapasan.

Həmin şirin yuxudakı qızılgülün qoxusu idi ətrafı bürüyən. Necə unuda bilərəm axı?..

Muğamdakı ritmlər isə qucağına sığındığım anamın ürək döyüntüləri idi. Dili ilə mənə layla deyərkən, ürək döyüntülərilə də ritm tuturmuş, sən demə. Elə ona görə də məst olmuşam, saqisiz, badəsiz...

O biri sualları boş verdim, havayı vaxtımı alır.

Elə bir nağıl aləmi ki... burada hamı muğamın bir hissəsinə çevrilir. Tarzən Rüstəm Müslümov çox “insafsız”casına ifa edir. Məni reallıqdan uzaq aləmə dartır. “Zalım”ın tarından çox bədəni danışır. Hələ mimikaları... O bədən dili adamı özündən yox, anasından belə alardı. Tarla özünü sintez etmişdi sanki. Büsbütün bir ifa olmuşdu.

Hələ o, kənarı sarı rəngli qaval. Bəh-bəh, nə ritmlər axırdı ondan. Əgər bu rəngi seçən “sarı simə” toxunmağı hesablayıbsa, məqsədinə çatmışdı.

Real aləm isə arada yenə gəlib dümsükləyir məni. Yenə iç səsim müsahibə edir:

  • Necə ola bilir ki, sosial platformalarda bayağı, zövqü korlayan “qışqırıqlar” (onlara mahnı deməyə dilim gəlmədi) bu gözəl ifalardan daha çox dinlənilir?
  • İnsanlar özlərinə niyə belə pislik edir? Bu gözəlliyi qoyub, nədən Avropanın paytaxtının Amerika olduğunu bilənləri dinləyir?
  • Necə olur ki, hazırkı toy məclislərində adamı diksindirən, qulağını qanadan mahnıları ifa edənlər bu sənətkarlardan daha çox azarkeş kütləsi toplayır?

Deməli belə, bunların cavabını da, bir zəhmət, özünüz tapın. Hər şeyi də jurnalistdən gözləməyin, düşünün bir az. Mən isə hələ də o axşamın sərxoşuyam...

“Öylə məstəm mənə nə saqi, nə də badə gərək,
Eşq məsti ola hər qeydidən azadə gərək...”

# 169 dəfə oxunub

Oxşar xəbərlər

Roma Papası süni intellektə qarşı

Roma Papası süni intellektə qarşı

18:30 20 iyun 2025
Meloni Makrona niyə göz süzdürdü? - Replika

Meloni Makrona niyə göz süzdürdü? - Replika

17:56 20 iyun 2025
“Uzaq şəhər”in “Alya”sı: “Bir-birimizə çox öyrəşmişik...”

“Uzaq şəhər”in “Alya”sı: “Bir-birimizə çox öyrəşmişik...”

17:00 20 iyun 2025
İranın taleyi Təbrizdə həll olunacaq! - Həmid Herisçi

İranın taleyi Təbrizdə həll olunacaq! - Həmid Herisçi

16:10 20 iyun 2025
Kinorejissor ana və 11 aylıq qızını öldürdü - Meyitlər parkda tapıldı

Kinorejissor ana və 11 aylıq qızını öldürdü - Meyitlər parkda tapıldı

15:30 20 iyun 2025
Falçı qapısında yatan qadınlar, məsləhətlə ailə quran kişilər - Xəyanətə sürükləyən səbəb

Falçı qapısında yatan qadınlar, məsləhətlə ailə quran kişilər - Xəyanətə sürükləyən səbəb

14:00 20 iyun 2025
#
#
# # #