Türkan Almuradova
Bu kino ki, var..... Həm qəlizdir, həm də ki, qalmaqallı. Lap haqqında yazacağım film kimi. Zorlanma səhnəsi olduğunu iddia etsələr də, deyən olmadı ki, əhsən bekar oturmayıbsınız.
Filmin adı ’’İlahi məxluq’’ dur. Qeyd edim ki, adın cazibəli və diqqət çəkməsini rejissorun uğuru saymaq olar. Lakin kimin və ya nəyin ilahi olması tamaşaçılara bir tapmacadır. Filmin əsas süjet xəttini qarşıdurmalar təşkil edir. Ancaq fizikada belə bir qanun olduğu kimi ədəbiyyatda və incəsənətdə də var. Əks yüklü cisimlər bir birini cəzb etdiyi kimi qarşıdurma və müxtəlif mövqelər də hər zaman oxucu və ya izləyicini cəlb edir.
Rejissor bu fürsəti dəyərləndirib. Ata və oğul qarşıdurması hər zaman aktual olub, Turgenevin ” Atalar və oğullar “əsərini xatırlayaq. Filmə baxmayanlar üçün xırda bir xülasə. Çovğun xəbəri ilə başlayan filmdə maqnitin bir ucu, yəni qarşıdurma mərkəzlərindən biri olan ata - Əşrəf mal - qarasını və yurdunu, oğlu - yəni maqnitin əks qütbü olan İsmayıla tapşırır.
Digər tərəfdən isə yeni qarşıdurma yaranmağa başlayır. Yəni şəhərdən bu kəndə gözəl rəssam qız gəlir. Burda da çox aktual olan şəhər və kənd qarşıdurması ilə yanaşı, rəssam və çoban tipli qarşıdurma bizi qarşılayır. Rəssam olan bu qızın həm şəkilləri, həm də özü İsmayılda qəribə duyğular yaradır. Qeyd edim ki, bu səhnələr mənə, bəlkə də, bir çox yeniyetmənin yaxşı tanıdığı “ Malena” filmini xatırladır.
Gözəl bir qadının başqa mühitə gəlməsi ,onun haqqında deyilən “dedi-qodu”lar və özündən yaşca balaca bir oğlanın ona bəslədiyi ehtirasla qarışıq sevgisi qadına bəslədiyi ilk intim münasibətlər, qadının həmin yerdən ayrılması və oğlanın onu xatırlaması bu filmdəki, bəzi oxşarlıqları xatırlatdı. Lakin ilk eşqi oxa dəyən İsmayıl sonda ona bənzər, qadının çox sevdiyi saç tipi ilə eyniyyət təşkil edən başqa “doğma” qızla evlənir.
Bir çoxlarımızın eşitdiyi populist “Çobanın oğlu çoban olar “ prinsiplə çıxış edərək bu şüarı əlində bayraq edən ata əslində cani və ya mənfi obraz deyil, tipik mühafizəkar ata obrazıdır. Xırda bir epizodla bizimkilərin “Moskva sevdası”na toxunmaq da rejissorun yadından çıxmayıb. Rəssam qız özü ilə yanaşı qəribə hisslər və sanki soyuq dağlara ehtiraslı istilik gətirdi.
Sözün əsl mənasında, ”Meşəyə insan gəlir” misalı lap yerinə düşdü. Qaldı ki, rəssam qızın aqibətinə, necə deyərlər “Babalı öz boynuna”. Bu dağ, bu çəmənlik onu heç də “mehriban“ qarşılamadı. Qadın bu yerləri tərk etdi. Özü ilə yanaşı gətirdiyi baharı da gedərkən apardı.
Ax Venera. Mən əminəm ki, bir çox izləyicilərimizi maraqlandıran Venera sənət əsəri yox, zorlanma səhnəsinin hansı kadr da olması idi. Əslində niyə rejissorun məhz Venera rəsm əsərini seçməsi intellektsiz tamaşaçı üçün bəlkə diqqətçəkən deyil. Venera gözəllik və eşq ilahəsi di. Bu ilahə soyuq qarlı arana öz ayaqları ilə gələrək bura baharı və öz istiliyini də gətirmişdi.
Venera qiyafəsi geyinmiş rəssam qızı görəndə də ata və oğulun fikirlərində ziddiyyət özünü göstərir. Belə ki, ata onu əxlaqsız qadın kimi görürkən oğul həm də sənət əsəri olduğunu düşünür.
Qaldı ki, ”İlahi məxluq”un kim olmasına məncə bu heç də burdakı hadisələrə şahid olan “kirlənmiş” epizodlarda tez - tez görünən canavar yox, məhz İlahə Venera idi. Film sonda atanın ölümü və sonra da bayaq qeyd etdiyim “Çoban oğlu çoban olar “ prinsipi ilə sonlanır. Məni isə düşündürən bir sual oldu: ”Görəsən, bu vərdiş atadan İsmayıla və İsmayıldan sonra neçə nəslə keçəcək...??!