Kulis.az Günel Mehrinin İlham Əzizin “Qəvvas” romanı haqqında "Kimdir qəvvas?" adlı essesini təqdim edir.
Qəvvas... Kitabın adını ilk oxuyanda heyrətləndim. Müasir ədəbiyyatımızda demək olar ki, rast gəlmədiyimiz bir söz idi bu. Olduqca diqqətçəkən, maraqlı. Amma nə yalan deyim, İlham Əzizdən belə qəliz kitab adı gözləmirdim. O dəqiqə düşündüm ki, romanın dili də ağır söz və ifadələrlə zəngin olacaq, amma necə də yanılmışdım...
Yeri gəlmişkən, illərin roman həvəskarı kimi bir məqamı vurğulamaq istərdim. Çox müzakirələr olur ki, bizdə niyə maraq doğuran romanlar yazılmır? Əslində, son dönəmlər bu janrda fərqli-fərqli mövzularda əsərlər qələmə alınır, bəlkə oxucu azdır, amma yaradan qələmlər, mübaliğəsiz, var. Bu sırada çağdaş ədəbiyyatımızdan oxuduğum son üç romanı qeyd etmək istərdim. İlqar Kamilin epistolyar janrda, Qarabağ müharibəsi mövzusunda real faktlar əsasında yazdığı “9-cu mərtəbə” romanı müxtəlif yaş qrupundan olan oxucu kütləsi tərəfindən kifayət qədər marağa səbəb oldu. Diqqətimi çəkən ikinci kitab isə Pərviz Seyidlinin qadın həbsxanasındakı xanımla gənc bir yazar arasında yaşanan fərqli eşq romanıdır. Və mütaliə marafonumda son dayanacağım kitab İlham Əzizin “Qəvvas”ı oldu.
Kitabı bitirər-bitirməz beynimdə bu sual yarandı: “Kimdir qəvvas, bilirsənmi?” Klassik kitabların deyiminə görə, dəryanın dibinə enib cəvahir axtarandır. Amma məni bu sözün leksik, ya da etimoloji mənası maraqlandırmır. Sualımın məğzi tam başqadır. Ey oxucu, indi səndən xəbər alıram, “Qəvvas”ı oxuduqca düşündünmü, kimdir o? Həyatın dibinə baş vurmuş qəhrəmanmı? Qəhrəmanın gözdən-könüldən iraq mühitini bu qədər nizamlı və aydın cizgilərlə təqdim etməyə müvəffəq olan müəllifmi? Yoxsa sənsən qəvvas? İlham Əzizin uzun zaman yad gözlərdən gizlincə, içində daşıdığı o mirvarini heç ummadığın, gözləmədiyin anda kəşf etdikdə heyrətlənən sənsən bəlkə, ey oxucu?
İlham Əzizin ilk kitabı ömrün müdrik çağında ərsəyə gəldi. Həyatdan qopmuş hekayələr idi bunlar. Hiss olunurdu ki, yaşanmış duyğularla yoğrulub. Bu dili sadə, mətni axıcı, hadisəli hekayələr kitabı ilə İlham Əziz imzası ədəbiyyatda özünü doğrultdu. Növbəti etap roman idi. İlham müəllim mənə deyəndə ki, roman üzərində çalışır, mövzusu maraqlı gəldi. Görəsən, hədəfi kimdir? Romanı oxuduqca bu qənaətdə qaldım ki, müəllif illərlə içində sıxılıb qalmış hadisələri bir vulkan kimi püskürüb. Ancaq bir müəllifin həyatı ilə səsləşən hadisələr bu qədər zərgər dəqiqliyi ilə yazıla bilərdi, belə duyğuyüklü ola bilərdi. İrəlidə bu mövzuya qayıdacağam. İndi bir haşiyə çıxmaq istəyirəm.
Təxminən bir il qabaq olardı. Feysbukda yazıçı Seymur Baycanın belə bir statusunu oxudum. Yazırdı ki, heç bilmirəm, Azərbaycan yazarları niyə o boyda 90-cı illərin qarışıq dönəmini qoyub başqa-başqa mövzulara, qədim-qədim zamanlara meyl edirlər? Axı göz önündə baş verən hadisələrdən yazmaq daha əlçatandır. Açığı, bu fikir məni də düşündürdü. Nələr yaşanmışdı, nələr... 90-ların quruluş və hakimiyyət dəyişikliyi, qıtlıq dönəmləri, uzun ərzaq növbələri, siyasi çaxnaşmalar, milli şüurun oyanışı, iqtisadi böhran, 20 Yanvar faciəsi, Qarabağ torpaqlarının itkisi, qaçqın həyatı bir-bir gözlərim önündən keçdi. Adam haqlı idi. Hərəsi gözəl bir romanın mövzusu ola bilərdi.
Bilmirəm, dediyim statusu İlham Əziz oxuyub, ya yox, amma bu mənada o, ilk hərəkətə keçənlərdən oldu. Demək, içini tökmək üçün yetərli qədər cəsarətli idi müəllif. Hə, bu fikri təsadüfən yazmadım. İlk cümlələrdən duydum romanın avtobioqrafik olmasını. Qəhrəmanın təhsili ilə bağlı epizodlar diqqətimi çəkdi. Hətta ora o qədər fokuslandım ki, kitabın bəlli bir hissəsinə qədər qəhrəmanın adını İlqar yerinə İlham oxuyurdum. Təsadüflər də zərurətdən doğur axı. Və İlqar obrazı məni bir xeyli düşündürdü. Bu, illərlə bizə tanış olan insanın görünməyən qatları idi. Bu cür adamları mən “aysberq insan” adlandırıram. Kim deyərdi ki, bu qədər həlim, təmkinli bir insanın belə çətin, keşməkeşli həyat yolu olub? O deyim var a, hər insan bir kitabdır, oxuya bilənə. Elə bu romanı oxuduqca İlham Əzizi də kitab kimi oxuyurdum mən. Oxuduqca da sevinirdim. Çətinliklər onu məhv etməyib, içindəki insani duyğular qalib gəlib, cücərib yazılarına da hopub.
Türklərdə “kəndinə gəlmək” kimi çox sevdiyim bir ifadə var. Zənnimcə, bu, romanın finalında həm türk, həm ana dilimizdə qəhrəmanın əhval-ruhiyyəsini ən doğru şəkildə ifadə edə biləcək ifadədir. Həmişə deyirəm, insan özündən heç yerə qaça bilmir. Qabını dəyişə bilərsən, qabığını da, amma için nədirsə, odur. Dərd-sərindən, səni sən edən travmalarından, içini gəmirən duyğulardan hara gizlənəsən ki? Okeanın o tayında da, göyün yeddinci qatında da o fikirləri daşıyan beynin, o duyğuları əks etdirən ruhun səninlədir.
Mənim baxış bucağımdan əsərin ən təsirli iki səhnəsi var. Sevdalı olduğu xanımın sevdiyi insana yardım etmək məqsədilə utana-qızara ovcunda sıxdığı pulu uzatması... Uzun illərdən sonra qəfil kəndinə dönmüş oğlunun iztirablarını sezən ana və göz yaşlarını gizləmək üçün onun toyuq-cücəyə dən səpməsi... Hər ikisi böyük emosional yükü olan gərgin psixoloji epizodlardır. Bizim qadınların hal-xasiyyətini, duruşunu əks etdirən epizodlar. Bunu həm qadın, həm ana kimi hiss edib yazıram. Ki, roman boyu o boyda ölüm-itim, qan-qada var idi, amma məni silkələyən, sarı simimə dəyib qayıdan bu iki nüans idi.
Diqqətimi çəkən ikinci önəmli məqam isə romanın təmiz Azərbaycan dili idi. Tam düşündüyümün əksinə olaraq rahathülqum kimi anlaşıqlı bir dil. Həm də dramaturgiya hadisəli olduğundan əsər su kimi oxunurdu, birnəfəsə. Mənim kimi templi həyat tərzi olan biri kitabı əlindən yerə qoya bilmirdi. Təbii ki, xarakterlərin danışıq tərzinə görə bəzən etikadan kənar sözlər də işlədilirdi, jarqonlar da, amma bu, qulağı vurmurdu. Məncə, bunlarsız qəhrəmanlar real təsir bağışlamazdı. Üstəlik, sözügedən məkanlar da, obrazlar da həm xarici görünüşü, həm xarakteri ilə elə detallı təsvir olunmuşdu ki, sanki kamera yanırdı və addım-addım oraları gəzirdin, o insanları görürdün. Onların taleyinə inanırdın, məqam-məqam kədərlənirdin...
Sözsüz ki, müəllif 90-cı illərin panoramasında diqqət çəkən digər ağrı-acılı məqamlara da toxuna bilərdi. Amma onun taleyi bu mövzu ilə kəsişmişdi. Mənim, sənin, minlərlə azərbaycanlının, uzaq ellərə pənah aparan və oradan gah milyonçu sorağı, gah meyidi çıxan tanış-bilişinin taleyi kimi... Əslində mənə də, sənə də, digərlərinə də parıltılı, həm də qorxulu görünən Rusiya bazar həyatı həmişə maraq kəsb edirdi. Həmişə də bu sual yaranırdı: görəsən, oradakılar nə cür dolanırlar, necə milyonçu olurlar, niyə öldürülürlər? Və ən əsası, niyə oralara üz tuturlar, nə səbəbə gedib-qayıtmırlar? Bax, bu sualların hamısının vizual cavabı tam reallığı ilə “Qəvvas”dadır. Bizim kimi o həyata uzaqdan baxanlar üçün bu roman gözəl tapıntıdır. Və nə yaxşı ki, İlham Əziz özünə uzaq olan digər mövzuları yox, məhz içini-astarını bildiyi bu qaranlıq mövzunu aydınladıb.
İzlədiyim qədərilə roman ədəbi mühitdə hələ təqdimatından öncə rezonans doğurub. İmkan tapıb oxumasam da, bilirəm ki, bir çoxları romanı şərh edib. Hətta eşitdiyimə görə, yaxınlarda “Park” nəşriyyatı tərəfindən kitabın əcnəbi dillərə tərcüməsi də nəzərdə tutulub. Romanın mövzusunun əhatə dairəsini nəzərə alsaq, bu əsər postsovet ölkələrinin əksəriyyəti üçün maraq doğura bilər. Çünki orada tək azərbaycanlıların deyil, bir parça çörək dalınca Rusiyaya üz tutan digər millət nümayəndələrinin də real prototipləri və ümumiləşdirilmiş obrazları var. Və haradan baxsaq, gözəldir romanla bağlı bütün bu işıqlı məqamlar. Burada sözüm qurtardı. Və sonda dəyərli qələm yoldaşıma bol uğur və yaradıcılıq şövqü diləyirəm.