600 manatlıq dilənçi

600 manatlıq dilənçi
25 aprel 2014
# 09:37

Şəhriyyə Qəzənfərqızı

Peşəmi sevdiyimdənmi deyim, çarəsizlikdənmi deyim bir şəhərdən başqa şəhərə işə gedirəm. Guya tez gedim deyə sırada durmayan avtobuslara minirəm. Artıq sürücülər də məni tanıyır, sərnişinlər də. Hələ dostlaşdığım iki sərnişini demirəm.

Bir gün işə gecikirdim. Avtobus da keçidin yanındakı dayanacaqda saxlayıb sərnişin gözləyirdi. Beş, on, on beş dəqiqə keçdi. Artıq əsəbimi boğa bilməyib dilləndim. Sürücü isə: “Bu dəqiqə gedirik, qızım. Aha gəldilər “deyib gülümsündü.

Kişi mənimlə elə mülayim danışdı ki, artıq söz deyə bilmədim. Çönüb arxaya baxanda gördüm ki, iki mən yaşlarında dilənçi qadın, yanlarında üç uşaq, hərəsinin kürəyində bir uşaq qaça-qaça gəlib mindilər avtobusa. Sürücü isə: “Səhərdən gözləyirəm, harda qalmısız? “deyib dilənçilərlə söhbətə başladı.

Qadınlar da öz dillərində nəsə dedilər. Mən anlamadım. İki qadının yanında beş uşaq var idi. Uşaqların hamısı başı açıq, paltarları nazik, amma yumru yumaq kimi uşaqlar idi. Yanaqlarından qan damırdı. Amma mən səhər öz uşaqlarımı altdan geyindirib, üstdən qıfıllamışdım. Hə, qadının biri yenə hamilə idi. Amma avtobusa minməyə gələndə elə qaçırdı ki, elə bil marafon qaçışında idi. O qədər çirkli idilər ki, insan baxanda diksinirdi. Saçlarını ,yəqin ki, həftələrlə yumurdular. Həm də bu dilənçilərin spesifik iyi olur. Hələ də aydınlaşdıra bilmirəm ki, bu nəyin iyidi. Bəlkə də ,çirkabın iyidi.

Beləcə hər gün mən bu qadınlarla birgə işə getməyə başladım. Onlar da mənim kimi hər gün bir şəhərdən başqa şəhərə işə gedirlər. DİLƏNMƏYƏ. Zaman keçdikcə onların xarici görünüşü də gözümdə adiləşdi. Artıq dostlaşmışdıq. Görəndə bir-birimizdən hal-əhval tuturduq. Kənardakı insanlar da mənə elə qəribə baxırdılar ki, sanki dəliyə baxırlar.

Qadının birinin adı Səbinəydi. 28 yaşı vardı. Əri içən, çəkən, qadını döyən, dilənçiliyə məcbur edən biri imiş.(Özünün dediyinə görə) Amma heç də məcburiyyətdən bu işi görənə oxşamırdı. Bunlar Şamaxı tərəfdən olan köçərilərdən imiş. Elə də qəşəng qadın idi ki, vallah, bəzəyib-düzəsən podyuma da çıxartmaq olardı. Çox da şirindil idi. Yəqin ona görə sürücü də onlarla dostlaşmışdı.

Yolum uzun və sıxıcı olduğuna görə bununla söhbətə başladım.

- Gunə nə qədər qazanırsan?

- Baxır da ,20-30 manat ,hərdən çox da olur.

(Minimum 20 manatdan hesablasan, aya 600 manat edir. Amma mən bir aya 150 manat qazanıram. Yox, yaxşı peşədi)

- Bu pulları yığırsan?

- Yox, ağez, allahvurmuş qoyur ki?

- Bu uşaqları heç həkimə aparırsan?

- Noolub ki, bunlara ? Top kimidilər.

- Maşallah

Güldü və dedi: - Bəs bilmirsən göbələk poxlu yerdə bitər?

Mən bu “ hikmətli” fikri dilənçidən eşitdim. Və məni çox düşünməyə vadar etdi. Birdən atamgilin binasında birinci mərtəbədə qalan qonşu yadıma düşdü. O qədər pinti idilər ki, ilahi, yayda onlar pəncərələrini açanda biz tez pəncərəni bağlayardıq. Evlərinin iyindən qapılarının ağzından keçmək olmurdu. Amma onun qızları ailə quran kimi hərəsi dörd uşaq dünyaya gətirdi. Sağlam uşaqlar. Bəs biz nə edirik? Amandı tərləməsinlər, soyuq su olmaz, dondurma olmaz, günün altında oynama. Amma ən çox xəstə olan da baxılan uşaqlar olur. Deməli, nəyinki müdriklərdən, hətta dilənçilərdən də nəsə öyrənmək olarmış.

# 3356 dəfə oxunub

Müəllifin son yazıları

# # #