"Zaman yaxşıları da necə eybəcərləşdirə bilərmiş?" - Bəxtiyar Vahabzadə Elçinə məktubunda nə yazmışdı?

"Zaman yaxşıları da necə eybəcərləşdirə bilərmiş?"  - Bəxtiyar Vahabzadə Elçinə məktubunda nə yazmışdı?
13 may 2026
# 15:00

Bu gün Xalq yazıçısı Elçinin doğum günüdür.

Kulis.az Xalq şairi Bəxtiyar Vahabzadənin vaxtilə yazıçıya ünvanladığı "Ölüm hökmü! Kimə? Nəyə?" adlı açıq məktubunu təqdim edir.

Hörmətli Elçin! «Ölüm hökmü» romanını həvəslə, amma tələsmədən, hər mətləbi, hər eyhamı içə-içə, ağıl və hiss süzgəcindən keçirə-keçirə oxudum. Yaşadığım acı günləri, qorxu və təlaş dolu illəri yenidən yaşadım və dərhal sənin yaşını düşünüb heyrətləndim.

Çünki əzab, işgəncə, qorxu və təlaş dolu o illəri sən bir insan kimi yaşamamısan, amma yazıçı kimi yazmısan. O amansız və dəhşətli illərin bu qədər təbii və bu qədər inandırıcı şəkildə qələmə ala bildiyinə təəccübləndim. Sən o illərin müsibətlərini o qədər təbii qələmə almısan ki, bunlar özündən yaşlıların söhbətlərindən deyil, yalnız şəxsi müşahidənin məhsulu ola bilər qənaətinə gəlməmək olmur. Əgər bu romanı mənim yaşıdlarımdan biri yazsaydı, mən buna təəccüblənməzdim.

Məsələn, mən «İki qorxu» poemamı keçirdiyim şəxsi qorxu hissimin əsasında, müşahidələrimə söykənib yazmışam. Buna görə də burada təəccüblü heç nə yoxdur. Oxucu mənim təəccübümə irad tuta bilər ki, bəs o halda ədəbiyyatımızda yaranmış bir çox tarixi romanların təbiiliyinə niyə təəccüblənmirsən? Şübhəsiz, uğurlu tarixi romanlarımız da var. Lakin o romanların uğuru qələmə alınan dövrün ümumi pafosunun ümumi şəkildə düzgün əks etdirilməsindədir. Tarixi romanlarda, dövrün, zamanın hadisələri, mühitin ab-havası həyati detallardan çox, həyatın aparıcı pafosunda ümumi şəkildə əks etdirilir. Bu, başqa cür də mümkün deyil.

«Ölüm hökmü» romanının ilk səhifələri 30-cu illərdən - Stalin repressiyalarının qızğın dövründən bəhs edir. Lakin ümumi şəkildə deyil, məhz həyati detallarda romanı oxuduqca məni dəhşət bürüyürdü. Тələbə və aspirant olduğum 40-cı illər, bir yerdə oxuduğum Gülhüseyn, İsmixan, Hacı, Azər kimi düşünən cavanlarımızın başlarına gətirilən müsibətlər yadıma düşür, o illəri necə başa vurduğumuza, o dövrün burulğanlarından necə salamat qurtara bildiyimə təəccüblənirdim. Əzizim Elçin, sən qələminin qüdrətilə o illəri bir daha mənim qəlbimdən keçirib məni bir oxucu kimi sarsıda bildinsə, demək burada təsvir etdiyin hadisələrin təbiiliyinə görə, sənətin sehrinə və istedadın gücünə heyrətlənmək lazımdır. Beləliklə, sən məni qələminlə bir daha istedadın gücünə və sənətin qüdrətinə inandırdın. Bax, bu, "Ölüm hökmü"nün əsas uğurudur. Bu uğur münasibətilə səni təbrik edirəm.

Romandan bir neçə misal gətirmək istəyirəm. Təpəsindən dırnağına qədər öz zəmanəsinin yetirməsi olan Əflatunun məktəb direktoru Ələsgər müəllimə «Camaat birdən-birə 10 dənə düşmən ifşa edir... Biz isə vur-tut iki dənə» deməsi, eləcə də Ələsgər müəllimin 10 yaşlı pioner qızı Arzunun qonaqlıqdan sonra Xosrov müəllimi divar qəzetində ifşa edəcəyini bildirməsi, "Üzeyir bəy "Koroğlu"nu ona görə yazıb ki, müasir həyatdan yazmasın" - mühakiməsi ilə böyük sənətkarı ifşa qəsdi, onları deyil, bu gün zamanı ifşa edir.

Beləliklə, о zamanın günahsızları ifşa tendensiyası, bu gün o zamanın ifşasına çevrilir. Bir zəmanədə ki, adamları ifşa eləmək şücaət, gözəllik və təqdir hesab olunur, vay o zəmanədə yaşayanların halına! Belə bir zəmanədə hansı gözəllikdən və hansı ülvilikdən söhbət gedə bilər?

İkinci misal: roman boyu insanpərvər və nəcib bir insan kimi tanıdığımız Ələsgər müəllim özünün həbs olunmaq qorxusu qarşısında qalanda sevdiyi, dərin hörmət bəslədiyi, Əflatunlar və Xıdırlardan qoruduğu Xosrov müəllimi "ifşa etməsi" oxucunu sarsıdır. Bu novellalıq sonluq da əsərin ən uğurlu yerlərindəndir.

Romanın əvvəlində gözəl və xeyirxah insan kimi tanıdığımız Ələsgər müəllimin bu nalayiq hərəkətində də biz onun özünü, öz təbiətini deyil, yenə də zamanı günahkar sayır, "gör, zaman yaxşıları da necə eybəcərləşdirə bilərmiş?" deyə, dövrə lənət oxuyuruq. Biz roman boyu Əflatun və Xıdırların çirkin təbiətinə, "danosbazlığına" təəccüb etmirik. Çünki zaman məhək daşı kimi onların təbiətindəki nadürüstlüyü, alçaqığı üzə çıxartmışdır. Lakin Ələsgər müəllim kimi yaxşıların nadürüst hərəkətinin günahı onların öz boynuna düşmür, bir başa zamanın boynuna düşür.

Yaqo Yaqodur. Onun əlindən zamana görə hər cür alçaqlıq gələ bilər. Bəs, Otello? Onun qatilliyi təbiətindəki nacinslikdən deyil, düşdüyü vəziyyətin çıxılmazlığından irəli gəlir. Buna görə də biz Otelloya nifrət etmir, yalnız acıyırıq. Eləcə də biz Ələsgər müəllimin satqınlığına bəraət verməsək də, onun bu nalayiq hərəkətinin günahını Otelloda olduğu kimi, düşdüyü vəziyyətin çıxılmazlığında görürük. Şekspirin sənətkarlığı Yaqonun alçaq hərəkətlərinin təsvirində deyil, bizi Otellonun qatilliyinə təəssüfləndirə bilməsindədir. Ələsgər müəllimin alçaq hərəkətinə oxucunu ağrıda bilməyin, bu romanda üçüncü qələbəsidir.

Romandakı Əbdül Qafarzadə çox maraqlı və orijinal obrazdır. Bu obraz da bütün eybəcərliyi və dövrə görə tipikliyi ilə tam öz zəmanəsinin meyvəsidir. Bu adam 30-40 il əvvəlin deyil, məhz bu gün meydana çıxan mafiyozanın bütün xarakter sifətlərini özündə cəmləşdirib. Bugünkü həyatdan kitaba düşən bu adamla hamımız hər gün rastlaşır, onun cilddən-cildə düşməsinə və bütün burulğanlardan salamat çıxa bilməsinə təəccüblənmirik. Ona görə ki, bu hal indiki çəmiyyətdə adi qaydada, normaya çevrilib. Bu adamın hərəkətlərini izlədikçə düşünürsən, gör insanlıq nə qədər alçalıb ki, alçala-alçala, insana xas olan ən müqəddəs duyğuları itirə-itirə topladığı var-dövləti doğmaca balası üçün qazdırdığı qəbirdə gizlədir. Bu rəzalətin son nöqtəsidir.

Var-dövlətilə bərabər oğlunu torpağa tapşırandan sonra Əbdül Qafarzadənin tez-tez qəbri ziyarətə gəlməsi bir insan kimi onun özündə də şübhə oyadır. O, bura balasınımı, yoxsa var-dövlətinimi ziyarətə gəlir? Onun bu ziyarətini balasını itirən atanın bu dərdi ağır keçirdiyinə, dərdə dözə bilmədiyinə bir həqiqətin diqtəsi ilə öz atalıq hissindən şübhələnməyə başlayır. Bu nöqtədə azacıq da olsa insanlığı baş qaldıran Əbdül Qafarzadə özünü inandırmağa çalışır ki, qəbirdə basdırdığı var-dövlətini yoxlamaq üçün deyil, məhz balasını ziyarət etmək üçün bura gəlir.

Amma belə məqamlarda elə bil ki, bu adamın içinə bir şeytan girirdi və təngnəfəs ola-ola nəbz kimi hey vururdu: «Yox, təkcə oğluna görə gəlmirsən bura!».

Bu dəhşətdir! Bu səhnə son dərəcə psixoloji bir tapıntıdır və biz bu anda bir qığılcım kimi yanıb-sönsə də Əbdülün vəhşi təbiətindən baş qaldıran insanı görür və bu hala onun özü kimi sarsılırıq.

Əlbəttə, bu, yaratdığı obrazı bütün dərinliyi ilə başa düşən, onu psixoloji hallardan keçirən qələmin qüdrətidir. Təəccüblü burasıdır ki, zamanın yetirdiyi bu adamların əməllərinə, ikrah doğuran hərəkətlərinə o qədər öyrənmişik ki, biz onların alçaqlığını, ən müqəddəs hisslərə xəyanətini, bir sözlə, insanlığa yaraşmayan eybəcərliklərini təbii qəbul edir və buna təəccüblənmirik. Niyə? Ona görə ki, biz bu eybəcərliklərin əsas səbəbini onların özlərində deyil, mühitdə, zamanda görürük.

Buna görə də biz onlar üçün deyil, onları bu hala salan zaman, mühit və şərait üçün ölüm hökmü arzulayırıq. Beləliklə, əsər öz adını bu şəkildə doğruldur. "Əgər bu mühit, bu şərait cəmiyyətdən öz ölüm hökmünü almasa, vay bu dövrdə yaşayan adamların halına!", -deyə düşünürük.

Əzizim Elçin, mən romanı bütünlüklə təhlil etməyi qarşıma məqsəd qoymamışam. Məqsədim bu romanın mənə olan təsirini və romanın əsas uğurlarını sənə çatdırmaq və yazıçı təşəkkürümü bildirməkdir.

Dərin hörmətlə, Bəxtiyar Vahabzadə

«Azərbaycan gəncləri», 23 dekabr 1990

# 109 dəfə oxunub

Oxşar xəbərlər

Elçin Əfəndiyevin məzarı ziyarət edildi

Elçin Əfəndiyevin məzarı ziyarət edildi

15:34 13 may 2026
Buradakı tək təsəlli əzabların bir gün bitəcək olmasıdır... - Uşaq qəbiristanlığından reportaj

Buradakı tək təsəlli əzabların bir gün bitəcək olmasıdır... - Uşaq qəbiristanlığından reportaj

15:12 13 may 2026
Məşhur aktyor əməliyyat olundu

Məşhur aktyor əməliyyat olundu

14:00 13 may 2026
Beyonsun yayımlanmamış mahnılarını oğurlayan şəxsə ağır cəza

Beyonsun yayımlanmamış mahnılarını oğurlayan şəxsə ağır cəza

13:30 13 may 2026
"Apokalipsis qaçılmazdırmı?" - Zaman Piriyevin kitabları təqdim olunacaq

"Apokalipsis qaçılmazdırmı?" - Zaman Piriyevin kitabları təqdim olunacaq

12:54 13 may 2026
"Avroviziya-2026"da skandal: İsrail təmsilçisi "soyqırımı dayandırın" şüarı ilə qarşılandı

"Avroviziya-2026"da skandal: İsrail təmsilçisi "soyqırımı dayandırın" şüarı ilə qarşılandı

12:31 13 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər