Gənc rejissorumuzun möhtəşəm filmi- SEVDANIN YAZISI, FİLMİN VİDEOSU

Gənc rejissorumuzun möhtəşəm filmi- SEVDANIN YAZISI, FİLMİN VİDEOSU
18 yanvar 2017
# 11:37

Lent.az-da şəhid Fikrət Bəşirovun şəklini tutan əsgərin fotosu var.

Əsgərin duruşu, sifətindəki qeyri-müəyyənlik, cavabsız suallar - təsvirin ötürdüyü vizual informasiyanın təsiri mətnlə verilən dramatik xəbərlərdən çox daha dramatikdir.

Vizual informasiyanın təsiri deyəndə təkcə onun emosional qatını, çeşidli bədii yozumlara yol açmaq imkanlarını nəzərdə tutmuram.

Eyni zamanda bu fotonun real vəziyyətdən çıxış yollarını, “nə etməli” sualını düşündürmək gücünü də qəsd edirəm. Çünki fotoda əks olunan o an mövcud vəziyyəti min cümləlik sözdən sərrast ifadə edir...

...Çağdaş milli kinonun təsvirin gücünü ekrana gətirə bilməmək, təsvirin dili ilə danışa bilməmək kimi ciddi problemi var.

Təsvirin dili ilə danışmaq - kameranı statik vəziyyətdə saxlayıb görünəni dialoqsuz-filansız uzun planla ötürmək anlamına gəlmir. Uzun plan indi dünya kinosunda ən asan yollardan biridir. Ağıllı adamlardan birinin dediyi kimi uzun planla işləyirsənsə onun əsası olmalıdır.

Bu yaxınlarda təsadüfən sosial şəbəkələrdə gənc rejissor Orxan Ağazadənin “Ceyranım” adlı sənədli filminə rastladım.

Orxan Böyük Britaniyanın öndə gələn özəl kino məktəblərindən birində Təhsil nazirliyinin xətti ilə London Film Schoolda təhsil alır.

Orxanın 9 dəqiqəlik filmini bir neçə dəfə izlədim. Filmin qəhrəmanı əyalət insanı və onun arzularıdır. Adı da Arzu olan qəhrəmanın sürdüyü avtobus Lənkərandan Sumqayıta işləyən yeganə “İkarus” avtobusudur.

Sovet dövründə lüks sayılan ”İkarus”un yerini sonradan yeni model avtobuslar tutdu. Sürücünün həmkarları yeni avtobuslara üstünlük versə də, Arzu hələ də köhnə, sınıq-salxaq avtobusla işləyir. Çünki atası onun yeni avtobus almaq istəyinə qarşı çıxır. Ata üçün dünyada “İkarus”dan yaxşı avtobus yoxdur...

Burda dialoq az, lakonikdir. Daha çox təsvirlər danışır, amma uzun planlarla yox. Orxan sadə bir filmdə, pafossuz-filansız, təsvirin diliylə kiçik insanın dramını anladır.

O, reallığı təhrif eləmir, amma onu olduğu kimi də köçürmür, doğru çəkiliş nöqtələri seçməklə, qəhrəmanın vəziyyətinə lazımi vurğular etməklə görünməyəni görünən edir.

Belə bir təsirli səhnə var: Arzu siqaret çəkərək fikirli-fikirli, qüssəylə avtobusa baxır. Xiffət intonasiyasında qurulmuş mizanda sanki onların arasında yalnız ikisinin anladığı sözsüz dialoq yaşanır. Orxan bu cür psixoloji mizanlarla üzdə olan vəziyyətin dərinliyinə enir, qəhrəmanın qarışıq duyğularını, avtobusa əşya kimi yanaşdığını yox, dost bağlılığını göstərir, avtobusun canlı obraz olduğuna bizi də inandıra bilir. Bu cür mizanlar real əhvalatı ölçüsündə bədiiləşdirir, onu tamaşaçıya daha yaxın edir. Ona görə təsvir illüstrasiya kimi qalmır, seyrçi ilə kontakta girir, ona analiz imkanı verir. Eyni zamanda kamera müşahidəçi kimi qalmağı bacarır.

Film ölkənin sosial mənzərəsinin ifadəsi, sıravi vətəndaşın durumunun modeli kimi də qəbul edilə bilər.

Amma müəllif sosial ağlaşma qurmur. Əksinə, film sosial müstəvidən çıxır, sürücü ilə avtobus arasındakı nəsə sakral bir münasibət haqda əhvalata çevrilir.

Arzu yeni avtobus arzusunda olsa da, “İkarusu”na onu dərin bağlar bağlayır. O, sürücünün maddi qazanc yeri deyil. Əzizlədiyi, illərini bölüşdüyü dostdur. O, səmimiyyətlə deyir: “Tək olanda ona naz da verirəm, ceyranım demişəm”. Hətta doluxsunan kimi də olur.

Müəllif avtobusda sərnişinləri çəkərkən gizli çəkiliş metodundan yararlanıb. Arzu yeni avtobusların rəqabətinə davam gətirmək üçün digər sürücülərin daşımaqdan imtina etdikləri ağır yükləri də daşıyır. Sürücünün tez-tez avtobusu saxlayıb yükləri boşaltması, orta yaşlı qadın sərnişini narazı salır, “at arabası ilə gəlsəydik çatmışdıq” deyə deyinir, yaşlı kişi isə qəzəbini boğaraq təmkinli davranır. Real personajlar iştirakı, reaksiyaları ilə əhvalatın zəruri həlqəsinə çevrilir.

Orxan avtobusdakı detal planları bir araya gətirib vahid kompozisiya yaradır. Aşağıdan, yerdə oturmuş adamın nəzər-nöqtəsindən çəkilişlər edir. Bu halda hərəkətsiz qalan kamera tamaşaçıda belə təsəvvür yaranır ki, o, kadrın içindədir və personajlarla eyni məkanı bölüşür. Orxan bu effektə nail ola bilir.

Maraqlı səhnələrindən biri ata ilə oğulun dialoqdur.

Oğul:

-Motor yaman yağ yeyir. Bezdirib.

Ata israrlıdır:

-İkarus adladır.

-Dövranı gedib onun.

Ata dediyindən dönmür. Epizodda müəllif məişət gerçəkliyində sadə şeylərin mürəkkəbliyini göstərir.

Arzunun avtobusa girən balaca oğlu arxadadakı kameranı görüb rejissorla kontakta girir.

-Salam əmi, film çəkirsiz?

İran filmlərində kamerayla kontkat quran personajlar yada düşür. Hərçənd, bu, düşünülmüş imitasiya deyil. Ümumiyyətlə, imitasiya deyil. Spontan olaraq meydana gələn səmimi, sadəlövh vəziyyətdir.

Yağış yağır, avtobusun dəlmə deşiklərindən içəri damır. Təzə avtobus Arzunun köhnə avtobusunun yanında dayanır. Arzu avtobusundan həsrətlə təzə avtobusa boylanır. Final açıq qalır...

# 2159 dəfə oxunub

Oxşar xəbərlər

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
"Kardeşlerim"in aktrisası yeni serialda

"Kardeşlerim"in aktrisası yeni serialda

09:30 21 noyabr 2024
"Safir" serialı “Emmy”yə namizəd oldu

"Safir" serialı “Emmy”yə namizəd oldu

09:12 21 noyabr 2024
# # #