Görkəmli holland rəssam Vinsent van Qoqun ən məşhur əsərlərindən olan "Ulduzlu gecə" tablosunun çəkilmə tarixi ilə bağlı yeni elmi iddia irəli sürülüb.
Kulis.az xəbər verir ki, Cənubi Koreyalı alim Elaya Conq-hyun Kimin rəhbərlik etdiyi tədqiqat qrupu tablodakı səmanın uzun illər qəbul edilən tarixdən bir ay sonraya — 22 iyul 1889-cu ilə aid olduğunu müəyyənləşdirib.
"Scientific Reports" jurnalında dərc olunan araşdırmada astrofiziklər və astronomlar tablodakı Ayın formasını, həmçinin Buğa bürcündəki ulduz topasını və Veneranın mövqeyini Fransa səması ilə müqayisə ediblər.
Məlum olub ki, sənətşünasların uzun illər ehtimal etdiyi 1889-cu ilin iyun ayında Ay bu formada olmayıb və həmin göy cisimləri məhz 22 iyul səhərəyaxın saatlarda Sen-Remi-de-Provans səmasında eynilə bu şəkildə görünüb.
Mütəxəssislər rəssamın pəncərədən gördüyü mənzərəni birbaşa deyil, bir neçə gecənin müşahidələri və xatirələri əsasında emalatxanada tamamladığını da vurğulayırlar.