Rafiq Nəsirov: "Kino rəssam elə etməlidir ki..."

Rafiq Nəsirov: "Kino rəssam elə etməlidir ki..."
24 aprel 2015
# 08:00

Kulis Xalq rəssamı Rafiq Nəsirovla müsahibəni təqdim edir.

- Rafiq müəllim, kino rəssamının işində ən əsas olan, yəni, qızıl qayda nədir?

- Əvvəlcə ədəbi ssenari əsasında rejissor ssenarisi yazılır. Rejissor ssenarisi əsasında quruluşçu rəssam lazım olan mühiti-dekoru seçib yerinə yetirməlidir. Dekorlar epoxaya uyğun gəlməlidir. Ola bilər tarixi filmdir və ya müasir dövrdən bəhs edir və s. Əsas budur. Bir də, kino dekorasiyası ev tikmək deyil, otaq tikmək, saray tikmək deyil, hər şey filmin mizanlarına əsasən qurulur. Rejissor qaralamasında nə göstəribsə, rəssam onu nəzərə almalıdır. Rəssamın işini həm də operatorla qurur. Rejissor hazır məkana gəlir. Məkanın necə olması, dekorların düzülüşü operatorla həll olunur. Naturada isə obyektlər seçilir. Məsələn, indi pavilyonda mənim işlədiyim “Xeyir və Şərin rəqsi” filmi çəkilir. Çingiz Abdullayevin əsərində hadisələr “Krasnı Slaboda” qəsəbəsində baş verir. Ona görə də həmin qəsəbəyə gedib naturadan çəkilişlər üçün məkanlar seçdik. Məsələn, qəhrəmanın evinin eksteryerini seçdik. Oranın öz spesifikası var. Azərbaycanın başqa yerlərinə oxşamır. Amma interyer burada, pavilyonda hazırlandı. Yəni əsər əsasında tikildi hazırlandı.

- Kinomuz haqqında tənqidlərdə vizual həllin öndə olmaması vurğulanır. Bu kimdən asılıdır, rejissordan yoxsa rəssamdan?

- Ümumi danışmaq lazım deyil. Konkret filmlərdə ola bilər ki, vizual həll fon səviyyəsindədir. Mənim aləmimdə rəssamın işi- dekor elə olmalıdır ki, aktyorun oyununa mane olmasın. Aktyor orada özünü öz qabında hiss etməlidir. Dekorun müəyyən sirləri var. Pəncərənin arxasına ağ kardon qoyurlar-fon işləmir. Halbuki orada bir baner olmalıdır, təsvirdə ya bir ağac, ya bir yarpaq olmalıdır və s. Onda birinci plan aktyordur, ikinci plan onun arxasındakı pəncərə, üçüncü plan pəncərədən görünən mənzərə. Çoxplanlılıq təsviri dərinləşdirir. Divar kağızı belə elə seçilməlidir, aktyorun oyununa mane olmasın.

- Bütün hallarda rəssamın işi yalnız fon yaratmaq deyil. Yəni o, icraçı ola bilməz…

- Yox əlbəttə. Rəssam mühiti yaratmalıdır. Burada NTV-nin 13 seriyalı “Qraf Kristovski” filmi çəkilirdi. Qraf Monte Kristonun əsasında çəkilirdi. O filmin quruluşçu rəssamı idim. Orada söhbət bir adadan və adanın altında qazılmış həbsxanadan gedir. Həmin o adanın altındakı həbsxananı mən tikmişdim, o həbsxananın kameralarını, dəhlizlərini elə işləmişdim ki, hörümçək toruna kimi… Bizim bəstəkar Faiq Sücəddinov ora girəndə dedi ki, mən burada çox qala bilmərəm. Elə bil həqiqətin yerin altındayam, vahimələnirəm… Divarlar nəm çəkmiş filan…

- Bizim kinoda rəssamın azadlığı hara qədərdir? Ssenarini oxuyanda rejissordan fərqli olaraq rəssamın gördüyü başqa mühit, başqa yozum olarsa o bunu həyata keçirməkdə nə qədər sərbəstdir?

- Bu rəssamın peşəkarlıq səviyyəsindən asılıdır. Əgər o, rejissorun fikrini düz başa düşübsə, ayrı-seçkilik olmur. İndi pavilyonda böyük kompleks dekorasiya tikmişik, ikimərtəbəli dekorasiyadır. Əvvəldən rejissorla oturub söhbət etdik. Mizan səhnələri aydınlaşdırdıq. Rejissor öz təkliflərini etdi, qalanını mən operatorla həll etdim. Əgər quruluşçu rəssam özünə arxayın deyilsə, olmayacaq. Rəssam dediyini əsaslandıra bilməlidir. Mən sizi başa düşdüm. Elə rəssamlar var ki, sadəcə rejissorun dediklərini həyata keçirir. İcraçıdırlar. Rejissor deyir qapı qırmızı olsun, o da edir, deyir divar kağızı sarı olsun, deyir baş üstə. Olub eləsi. Axırda da rejissor deyib ki, mənim nəyimə lazımdı belə quruluşçu rəssam? Mən nə deyirəmsə, deyir elə edək. Bəs hanı bunun öz fikri? Mənimlə mübahisə etməyəcəksə, onu neynirəm?

- Sizin öz təcrübənizdə necədir? Rejissor deyir ki mən bunu istəyirəm, yoxsa siz deyirsiz ki, mən belə görürəm?

- O da deyir, mən də deyirəm. O sadəcə deyir ki, məkan belə olsun, amma qalanı mənim boynumadır. Mən 40 ildir ki, filmlərdə işləyirəm. 50-yə yaxın bədii filmdə işləmişəm. Rusiya kanalları ilə 100 seriyadan artıq filmi işləmişik. Polşa ilə, Fransa ilə, aktyor Jerar Depardye ilə işləmişik. Bu təcrübədən sonra mən özümə inanmışam. Həm də mənim gözəl müəllimlərim olub. İlk dəfə Tofiq İsmayılovun “Məlikməmməd” filmində işləmişəm. Elbəy Rzaquliyev var idi, rəssam, ondan çox şeylər öyrənmişəm. Nadir Zeynalovdan çox öyrənmişəm. “Yeddi oğul istərəm”in rəssamı idi. Həm də bilirsiniz mən memaram, bunun üstünlüyü odur ki, memar məkanı üç ölçüdə görə bilir. Xarici filmlərdə memar rəssam yazırlar titrlərdə. Bu adam vizual olaraq məkanı görə bilir. Bir müstəvidə işləyən rəssamdan fərqli olaraq o vizual məkanı daha dəqiq görə bilir.

- Kinolayihə hazırlananda smeta həm də rəssamın eskizinə görə tutulur, elə deyilmi?

- Məkanın çertyoju çəkilir, çertyoja əsasən eskizlər hazırlanır, ona da əsasən, smeta tutulur. Sonra prodüser onu ümumi smetaya daxil edir.

- Rəssamın işində əsas problem nə ilə bağlı olur? Yəqin büdcə ilə bağlı?

- Yox. Onu o adam deyir ki, işləməyi bacarmır. Çünki əvvəlkinə nisbətən büdcə indi daha yaxşıdır. Əgər rəssam lazımsız mühiti seçirsə, lazımsız tikili seçirsə bu, onun zəifliyidir. “Dolu” filmində könüllülərin qərargahını, Pələngin evini, o birilərinin evini və s. Onların hamısını bir obyektdə birləşdirdim. İsmayıllıda bir məktəbin idman meydançasında qərargahı tikdik, ətrafı gəzib beş-altı ev tapdıq. Və beş-atı obyekt eyni məkanda seçildi. Yoxsa birini burada çəkirsən, o birini İsmayıllıda, o birini Lənkəranda... Bunlar da artıq xərclərdir. Rəssam elə etməlidir ki, artıq xərc də olmasın, həm də əlbəttə, yaradıcılığa ziyan da dəyməsin. Lazımdısa hovuz da tikilməlidir, şüşəbənd də və s. də. Əgər kinoya belə münasibət olsa, əlbəttə vəsait də bəs edər. İsrafçılıq olmasa yəni...

- Rəssamın işi çəkilişə qədər deyil yəqin ki. Çəkiliş boyunca da davam edir, elə deyil?

- Rəssam işini rejissorla həll edəndən sonra əsas tərəfdaşı operatordur. İşıq zad quranda, məsələn rəssam gəlib məsləhət verə bilər ki, otağı bir az işıqlı, dəhlizi azca qaranlıq etsinlər və s.

- Rəssam post-prodakşn dönəmində də işləyir?

- Yox. Əgər xromakey çəkilişləri varsa, onda qrafistlə bir yerdə işləyirik.

- Bəs filmdə hansısa metaforalar olanda əlbəttə ki, əşyalarla rekvizitlərlə bağlı, bunu kim həll edir?

- Bütün rekvizitləri rəssam özü seçir. Baxır detala.

- İndi yadıma düşmür… Məsələn “Ovsunçu”da – bu filmdə siz Rafiz İsmayılovla işləmisiniz - yeni hökümətin, yeni quruluşun gəlişi çəmənlikdə yad dildə ucadan mahnı oxuyan qrammofonla göstərən kadr var…

- Bilirsiz, o qrammofon bir çox rus filmlərində var. Həm də qrammofon tək o çəməndə deyil. Məkanda da var: Fuad Poladovun otaqda olduğu səhnədə də var. Yəni, qrammofon orada bu məkanla o məkanı birləşdirir. Yəni, birləşdirici bir funksiyanı oynayırdı orada… Rekvizitləri də, operatorlarla da, rejissorla da müzakirə edib seçirik. İndi çəkilən filmdə 80-ə yaxın antikvar əşyalar gətirdik: mebel, heykəllər, qrammofon, antikvar əşyalar və s. Onları antikvar dükanlardan seçib aldıq. Operator desə ki, bu əşya məkanı sıxır, təbii onu dinləməliyik.

- Kostyum üzrə rəssam yalnız tarixi filmlərdə ayrıca təyin olunur?

- Baxır filmə... Ola bilər, müasir filmlərdə də ayrıca kostyum üzrə rəssam təyin olunsun. Amma tarixi filmlər əlbəttə, çətindi. Bizdə tarixi filmlərdə Tahir Tahirov işləyib. Teatr tamaşalarına da rəssam kimi quruluş verib. Sonra Mayis Ağabəyov… İndi Rafiz İsmayılovun da böyük bir kostyum arxivi var. Arxiv də işin yarısı deməkdir.

- Filmlərdə gənc rəssamların adına rast gəlmirik. Ümumiyyətlə maraq yoxdur, yoxsa var bəlkə biz tanımırıq onları?

- Maraq yoxdur. Maraq yoxdur deyəndə, bu gənc rəssamlar hamısı gedir seriallara. İncəsənəti bitirən uşaqların çoxu seriallara, kliplərə reklamlara gedir işləməyə, çünki pul dalınca qaçırlar. Pul qazanırlar, amma bilik, peşəkarlıq, təcrübə qazanmırlar. Serialda nə bilik qazanacaq… Kinonun spesifik məsələləri var. Mən kinoya gələndə iki il maaşsız işləmişəm ki, quruluşçu rəssam olum. O vaxt kateqoriyalar var idi: 2-ci kateqoriya almaq üçün 8 filmin olmalı idi. Yüksək kateqoriya almaq üçün 18 filmin olmalı idi. İndi hamı deyə bilər mən rəssamam. Bilirsiniz, biz əbədi deyilik ki… Yerimizə cavanlar gəlməlidir. Müşfiq müəllim də ( Müşfiq Hətəmov- kinostudiyanın direktoru) istəyir ki, gəncləri cəlb etsin… İndi zaman ayrı zamandır, hamı pulu düşünür. Amma məncə bu işi tam öyrənməlisən, sonra pul da olar, hər şey də…

Baxın, indi Arif Niftiyev gələcək. Sizə pavilyondakı dekorları göstərəcək. Perspektivli gəncdir. Ona kino rəssamı kimi böyük ümidlərimiz var.

- Rafiq müəllim, pul demişkən, rəssamlar da yalnız layihələr olanda qonorar alırlar, yoxsa, kinostudiyadan maaş alanlar var?

- Yox. Yalnız layihələr olandan-olana. Layihədə maaş və qonorar olur.

- Təcrübəniz boyu müxtəlif rejissorlar görmüsünüz. Kimlərlə işləmək yaradıcı həzz idi, kimlərlə çətin idi?

- Kimi deyim ki, çətindir işləmək… Oqtay Mirqasımovla çətin olub. Çünki onun detallı tələbatı var. Yazıçı Anarla işləmişəm, “Qəm pəncərəsi” filminin rejissoru idi. Pavilyonda otaq tikmişdik, Cəlil Məmmədquluzadənin otağı. Tarix muzeyindən mebel də gətirmişdik. Onunla işləmək çox xoş idi. Fikrini yüksək mədəniyyətlə, həssaslıqla çatdırırdı. Danabaş kəndinin məktəbindəki dərs otağını bu pavilyonda tikmişdik. Tofiq İsmayılovla işləmək çox xoş olub. Yavər Rzayevlə “Ilahi məxluq”da işləmişəm , indi də bu filmdə işləyirik… Rüstəm İbrahimbəyovla, Ramiz Fətəliyevlə bir film işləmişəm.

- Filmlərdə rekvizitlər içində müxtəlif şəxsi əşyalar – məsələn, fotoşəkillər olur… Bununla bağlı rəssamların hansısa sueveriyaları varmı?

- Əvvəl onları kimsə evindən gətirirdi. Və ya bəzi təzə fotoları köhnəldirdik. İndi kompüterin köməyi ilə həll etmək olar. Fotomontaj etmək olar. Qaldı sueveriyalara, bu daha çox rejissorlarda olur… Bir rejissor var idi, adını deməyəcəyəm. Bilirsiniz də, film başlayanda şampan şüşəsini ştativə vurub sındırmaq adəti var, guya bu uğur gətirir. Bu rejissor vuranda şüşə sınmadı. Rejissor əməlli-başlı panikaya düşmüşdü ki, alınmayacaq… Bizdə belə şey yoxdur…

- Heç teatr tamaşalarına quruluş verməyə dəvətlər olurmu?

- Əvvəllər bir-iki teatr tamaşasına quruluş vermişəm. Amma sonra yox. İndi heç teatrlara getmirəm də. Mənə maraqlı deyil. Bilirsiniz rus seriallarına da, teatrına da baxıram. Bizdə yox. Onlarda teatr aktyoru, kino aktyoru belə kəskin bölünməyib. Amma bizim teatr aktyorunun kinoda uğurlu işinə inanmıram. Əlbəttə, istisnalar var; Qurban İsmayılov, Fuad Poladov… Fuad Poladov hər filmdə dəyişə bilir. Amma ümumilikdə teatrdan gələn aktyorlar pafosludur…

Əvvəllər Rus Dram Teatrına gedirdim. O zaman o teatrda yüksək səviyyə var idi. İndi getmirəm. Hətta bacım qızı Ayan Mirqasımova da oynayır, amma getmirəm. Bilirsiniz o vaxt başqa idi, teatra gələn adamlar da başqa idi. Qadınlar şlyapa qoyurdu, kişilər zövqlə geyinirdi. Klassikanı sevən adamlar – intellegensiya.. İndi axı elə deyil…

# 2400 dəfə oxunub

Oxşar xəbərlər

Alina Boz yeni serialda

Alina Boz yeni serialda

11:48 9 noyabr 2024
"Gaddar"ın aktrisası "Kızılcık şerbeti"də

"Gaddar"ın aktrisası "Kızılcık şerbeti"də

11:38 9 noyabr 2024
Tapşırıqlara əməl etmək, yoxsa vicdanın səsinə qulaq asmaq? - Məhəmmədin müqəddəs toxumu

Tapşırıqlara əməl etmək, yoxsa vicdanın səsinə qulaq asmaq? - Məhəmmədin müqəddəs toxumu

17:00 7 noyabr 2024
Mədəniyyət naziri film layihələri müsabiqəsinin qalibləri ilə görüşdü

Mədəniyyət naziri film layihələri müsabiqəsinin qalibləri ilə görüşdü

12:00 7 noyabr 2024
Tarixin ən bahalı animasiya serialı bəlli oldu

Tarixin ən bahalı animasiya serialı bəlli oldu

11:08 7 noyabr 2024
"Pedro Paramo" filmi nümayişə çıxdı

"Pedro Paramo" filmi nümayişə çıxdı

10:20 7 noyabr 2024
#
#
# # #