Məşhur rejissor: “ Filmlərimi qəpik-quruşa satırdım”

Məşhur rejissor: “ Filmlərimi qəpik-quruşa satırdım”
21 noyabr 2013
# 16:06

Böyük fransız rejissoru Jan Lyuk Qodarın alman kinematoqrafçısı Vim Venderslə söhbətində rejissorluq təcrübəsini, Stiven Spilberq, Alen Delon, Devid Linç, Alan Parker haqda maraqlı fikirlərini bölüşür. Müsahibə 1990-cı ildə götürülüb.

- Məncə, indi siqar çəkməyin əsl vaxtıdır.

- Lütfən, mənim siqarlarımdən birini götür.

- Axırıncı dəfə siqarı San-Dieqoda çəkmişəm və yenə də sənlə birlikdə. Bu, çoxdan olub.

- Biz axırıncı dəfə nə vaxt görüşmüşük?

- Deyəsən, “Detektiv”in (Qodarın filmi-S.S) premyerasında. Sonra isə mehmanxananın vestibülündə rastlaşdıq, bu ingiliscə “lobby” adlanır.

- Hə, hər yerdə lobbidir. Yəhudilərin və ərəblərin lobbisi var, hətta otelin də.

- Jan Lyük, sənin “Yeni dalğa” filminə baxdım. Sən əsl rəssam olmusan. Filmlərin mənə getdikcə rəsm əsərlərini xatırladır. Kinematoqrafın əsasında dayanan rəssamlıq tez-tez rejissorları ilhamlandırıb, amma bu, yalnız ayrı-ayrı kadrlarda hiss olunub. Sənə gəlincə, bütün film rəsm əsəridir.

- Hə, bilirsən, hətta növbəti filmimi kinoteatrda göstərmək yox, “Kristi” auksionunda satmaq lazım olduğunu düşünürəm.

- Maraqlı olardı. Seyfində Qodarın filmini gizlədən hansısa varlı amerikalını təsəvvür edirəm. Yeri gəlmişkən, müəllif haqları məsələsi nə yerdə qalıb: filmlərinin hüquqları səndədir?

- Əvvəllər məni müəllif haqları qayğılandırmırdı. Ehtiyacım olduğu üçün hər şeyi qəpik-quruşa satırdım. İndi isə qorxuram ki, qoca vaxtımda pulum olmasın. Yeni filmlər çəkmək və qara gün üçün kənara bir az pul qoymaq lazımdır.

- Mən buna başqa cür yanaşıram. Son vaxtlar öz köhnə filmlərimin müəlliflik haqları ilə çox məşğul oldum. İndi bütün filmlərimin neqativləri mənə məxsusdur.

- Təbrik edirəm.

- Mən kinonu ilk dəfə sənin filmlərini görəndə kəşf elədim. Parisdə yaşayanda. Onda kinoteatrlarda sənin “Made in U.S.A” filminin nümayişi başlayanda premyeraya getdim, bu, günorta seansı idi və mən gecəyarıya kimi oturdum. Əvvəllər kinoteatrda istədiyin qədər otururdun. Bu filmə 6 dəfə ardıcıl baxdım.

- Zavallı...

- Sadəcə onda qış idi deyə küçə də soyuq idi.

- Hm. Belə de, onda hər şey aydındır.

- Mən filmə heyran olmuşdum. 6 dəfə eyni filmi izlədim və hər dəfə də onda nəsə yeni bir şey tapırdım. Mənə elə gəlirdi ki, yeni filmə baxıram. İzlədiyim zaman qəribə bir hiss yarandı, özümü uşaq kimi hiss edirdim, qısası, süjetdəki gözlənilməz dəyişiklikləri izləmək xoşuma gəlirdi.

- Filmlərin belə hisslər verməsi yaxşıdır, onda anlayırsan ki, onu işini sevən adam yaradıb. Sevgisiz heç nə yaratmaq mümkün deyil.

- Öz işinə gizlində nifrət edən adamlar mənim də ürəyimcə deyil. Bu yaxınlarda bir filmə baxdım, o qədər nifrət vardı ki, mən tamaşaçı kimi ona həqiqətən nifrət elədim.

- Nə film idi elə?

- Alan Parkerin “Mələyin ürəyi” filmi.

- Bu filmə baxmamışam, amma mən də Parkerin yaradıcılığı haqda yüksək fikirdə deyiləm. Hər halda mənə elə gəlir ki, Parker öz işini sevir, sadəcə o, az anlayır. İnsanların çoxu öz işini sevir. Hətta fabrik və idarələrdə hər şey dəyişib: amerikalılara yaxşı pul ödəniləndə öz işlərini sevirlər. Beləcə hərbçilər də müharibəni sevir. Müharibəsiz onların canı sıxılır, məsələn, indi fars körfəzindəki müharibədi. Alan Parker Hollivudu sevir, çünki uğuru sevir.

- Hollivudda işləmək mənə çətin idi.

- Mən ümumiyyətlə, orda işləyə bilməzdim.

- Məsələn, Hollivudda heç vaxt bilmirdim ki, büdcədən nə qədər pul çəkilişlərə xərclənib. Belə deyək, artıq 6 həftə çəkirik, mən isə bilmirəm, büdcənin hansı hissəsini artıq xərcləmişik. Heç vaxt bilmirdim ki, nəyə ümid edim.

- Məsələ ondadır ki, sən amerikalıların istədiyini edirsənsə, filmlərin istehsalına ətək-ətək pul xərcləməyə hazırdırlar. Film çəkəndə heç vaxt pulum çatmır və onları heç yerdən əldə etmək mümkün deyildi. Əgər sənin cəmi 10 frankın varsa, çulunu sudan çıxarıb 10 franka çəkməlisən. Rosselini mənə pullara bədii metafor kimi hörmət etməyi öyrətmişdi. Büdcə yaradıcılığı stimullaşdırır və çərçivədə saxlamağa kömək edir.

- Pul həmişə çox olanda bəs eləmir.

- Bu dəqiqdir. Pul lazımi qədər olanda işləmək də rahatdır. Mən “Son nəfəs”də filminin ilk çəkiliş gününü xatırlayıram. Biz səhər 8-də başladıq və axşam ona yaxın bitirdik. Bundan sonra kafeyə getdik, prodüser bizi görüb təəccübləndi ki, siz çəkmirsiz? Dedim ki, artıq çəkdik. O, isə dedi ki, bəs niyə sabaha planlaşdırdıqlarınızı çəkmirsiz. Dedim ki, hələ bilmirəm sabah nə çəkəcəyik.

- Pulları çəkəcəyin filmin dəyəri ilə uyğunlaşdırmaq lazımdır.

- Sərt zaman çərçivəsi, başqa sözlə desək, məhdud büdcə- yaradıcı metaforun məğzi bundadır. Bundan başqa gördüyüm müasir filmlər mənə həddən çox uzun gəlir.

- Elədir ki, var.

- Müharibəyə qədərki dövrün rejissorlarının süjeti ifadə eləmək üçün 2 saatlıq film çəkmək potensialı vardı. Müasir rejissorların belə potensialı yoxdur. Yaxşı müasir film bir saatdan artıq olmamalıdır. Kitablar qalın ola bilər, amma çox yox. Tabloların da müxtəlif ölçüləri var. Kinoda hər şey artıq televiziyada olduğu kimi dəyişib: orda hər şeyin müəyyən formatı var. Xəbərlərin müddəti müharibənin başlanmasından və ya sülhün qorunmasından asılı olmayaraq dəyişmir. Bu, vacib deyil. Artıq bizdən heç kim saat yarımlıq yaxşı, dinamik film çəkə bilməz. Məncə, müasir tamaşaçı sadəcə belə filmə baxmazdı.

- Deyəsən, bu məsələdə inkişaf eləmirəm. Filmlərim getdikcə uzanır. Məni o rejissorlar təəccübləndirir ki, 80 dəqiqəlik film çəkirlər.

- İlk variantda “Son nəfəsdə” 3 saat yarım idi. Biz ümidsiz vəziyyətdə idik, nə etməli olduğumuzu bilmirdik. Onda qərara aldım ki, yalnız xoşumuza gələn kadrları saxlayaq. Qalanlarını isə kəsək. Filmdə kimsə otağa daxil olur, sonra isə səhnə davam edir, əgər ikinci kadr xoşumuza gəlmirdisə onu kəsirdik. Adam otağa daxil olur, vəssalam. Və ya əksinə: əgər onun otağa girdiyi səhnəni bəyənmirdiksə kəsirdik. Bizim üçün vacib deyildi ki, tamaşaçı anlayacaq, ya yox. Biz yalnız xoşumuza gələni saxlayırdıq.

- Məncə, səni filmdə həlledici epizodlar çəkir. Yəqin ki, sənin üçün əvvəldə və sonra nə baş verəcəyi vacib deyil. İlk vaxtlarda mən də xronologiyaya əhəmiyyət vermirdim. Məni də müəyyən anlar maraqlandırırdı.

- Hər bir süjetin əvvəli, ortası və finalı var, amma vacib deyil ki, süjeti məhz bu ardıcıllıqda qurasan.

- İndi mən öz fikrimi dəyişmişəm. Süjeti elə qururam ki, finalı olsun. Xronologiyanın müəyyən əhəmiyyəti var.

- Nə vaxtsa biz klassik nəql ənənələrinə qarşı çıxırdıq. Biz sadəcə ayrı-ayrı epizodları göstərirdik. Amma yaş ötdükcə özün üçün xətti, nizamlı nəqldəki magiyanı yenidən kəşf edirsən.

- Yeni “Dünyanın sonunadək” filmi lazım olduğundan uzun alınıb. Əgər bunu düşündüyüm kimi göstərsəm 5 saat davam edəcək.

- Onda “Küləklə sovrulanlar” kimi iki seriyalı film çək. Mən serialları sevirəm, hətta pislərini belə. Məsələn, “Dallas”ı. Ona görə ki, onlarda tədricən ziddiyyətin necə artdığı hiss olunur. Əgər film uzundursa elə də qalsın, 8 saat davam eləsin. Qısalığı yetərlidirsə, qısa qalsın. Amma Devid Linçin “Vəhşi ürəklə” 10 dəqiqə getsəydi, daha yaxşı film olardı. Ortabab müasir filmlər ya çox uzundur, ya da çox qısa.

- Ortabab filmləri publika bəyənir.

- Spilberq kimi işləmək mənə maraqlı deyil. Məni onda doğrudan heyrətə salan tək şey onun demək olar ki, heç zaman səhv etməməsidir. O, filmi 20 min tamaşaçıya hesablayırsa o qədər də adam gəlir. O, planlaşdırmağı bacarır. Bu isə mənlik deyil. Adamla dolu otaqda özümü rahatsız hiss edirəm. Metronu sevmirəm, orda həmişə basabasdır. Əksinə, kino zalında bir neçə nəfər olanda bu daha çox xoşuma gəlir.

- Filmlərinə baxanda, xüsusən də sonunculara mən dərhal kameranın qurulmasından bilirəm ki, bu, sənin filmindir. Əgər “Yeni dalğa”ya müəllifin kim olmasını bilmədən baxsaydım 10 saniyə sonra sənin filmin olduğunu bilərdim.

- Kameranı mən instinktiv qururam. Mənə həmişə elə gəlir ki, kameranı o qədər də düzgün qurmuram. Kamera işığı gərək təqib eləsin.

- Filmlərini özün montaj edirsən?

- Əlbəttə, mən hər şeydən çox montajı sevirəm. Montaj zamanı sən filmlə təklikdə olursan, bu vəziyyəti sevirəm. Amma çəkiliş prosesini sevmirəm.

- Mən də.

- Çəkiliş qrupunun rejissorsuz çəkməsi əla olardı. Əminəm ki, əsl yaradıcı iş montajdan başlayır. “Yeni dalğa”nın final səhnəsində problem oldu. Alen Delon sadəcə, çox bərbad oynayırdı. Mən çox variant seçdim ki, səhnəni xilas edim, nəyisə kəsdim, nələrinsə yerini dəyişdim. Və qəfildən ağlıma gəldi ki, sinxron səsi götürüb və onu Pol Hindemitin kiçik sonatasının müşayiəti ilə verim. Vacib deyil ki, məhz çəkilişdə yazılan səsdən istifadə edəsən. Montajda əvvəlcə kadrlara səssiz baxıram, sonra səsi təsvirsiz dinləyirəm. Bəzən mənə elə gəlir ki, səslə səhnə uyuşmur. Və orda başqa səs daha uyğun ola bilər. Nəticə məni qane edənədək eksperiment edirəm. Ondan sonra lentin qalıqlarını zibil yeşiyinə atıram.

- Zibil yeşiyinə? Sən haqlı olduğuna o qədər əminsən ki, heç vaxt sonrakına dəyişiklik eləmirsən?

- Əlbəttə ki, səhər zibilyığan maşın gəlməmiş yeşiyə atdıqlarımı götürürəm. Amma bu, nadir hallarda baş verir.

# 2258 dəfə oxunub

Oxşar xəbərlər

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
"Kardeşlerim"in aktrisası yeni serialda

"Kardeşlerim"in aktrisası yeni serialda

09:30 21 noyabr 2024
"Safir" serialı “Emmy”yə namizəd oldu

"Safir" serialı “Emmy”yə namizəd oldu

09:12 21 noyabr 2024
# # #