Rəsul gecəyarısı bir qadınla dəniz sahilində...

Rəsul gecəyarısı bir qadınla dəniz sahilində...
2 iyul 2016
# 09:00

Kulis.az “Naməlum kino” layihəsində Oqtay Mirqasımovun 1982-ci ildə ekranlaşdırdığı “Gümüşü furqon” filmini təqdim edir.

Süjet: Gənc Rəsul (Məmməd Məmmədov) gümüşü sirk furqonla Abşeronu gəzir. Uşaqlar, yeniyetmələr sirk furqonda tir tüfəngləri ilə nişan alaraq əylənir. Rəsul həm də uşaqlar üçün kuklalarla tamaşa göstərir. Amma kukla tamaşaları onun birbaşa vəzifəsinə daxil deyil. O, könüllü uşaqlara bayram əhval-ruhiyyəsi bəxş etməkdən mənəvi zövq alır.

Günlərin birində kəndin sayılıb-seçilən dəliqanlılarından biri Fərman (Ömür Nağıyev) sərxoş halda ondan tir tüfəngi istəyir. Furqonda onun milis işçisi (Muxtar Manıyev) ilə mübahisəsi düşür. Və hökumət nümayəndəsinə əl qaldırdığı üçün Fərman həbs olunur.

Fərmanın arvadı, məşhur xalçaçı Mədinə (Həmidə Ömərova) Rəsulun yanına gəlir, ərinin tutulmasında onu ittiham edir. Mədinə ilə Rəsul arasında kəskin mübahisə tədricən yumşalır, onların münasibətləri duyğusallığa keçir. Mədinə ona öz həyatını danışır, Rəsul tədricən qadına rəğbət hiss edir...

Film yazıçı Elçinin “Bir görüşün tarxçəsi” povesti əsasında ekranlaşdırılıb. Filmin ssenari müəllifi də Elçindir. Adı çəkilən əsərlə tanış olmadığımdan onun keyfiyyəti haqda söz deyə bilmərəm.

Amma O.Mirqasımovun melodram janrında olan “Gümüşü furqon” ekran əsəri olmasaydı, çəkilməsəydi, düşünmürəm ki, milli kino tarixində nəsə ciddi, əhəmiyyətli boşluq ola bilərdi.

Əsərin süjeti, nəql olunan həyat modeli - iki yad insanın qarşılaşması, ruh yaxınlığı, qısa müddətdə bir-birinə dərin hisslər bəsləməsi, nəticədə hansısa maneələr səbəbindən ayrılması-ədəbiyyatda da, kinematoqrafiyada da dəfələrlə işlənmiş mövzudur.

Əlbəttə ki, məsələ konkret mövzunun dəfələrlə işlənməsində yox, ona müəllifin necə bir baxış sərgiləməsində, hansı yozumu təklif eləməsindədir.

Əhvalat iki tənha adamın duyğularından, üstəlik, bir gündə yaranan münasibətindən gedirsə, bu halda süjetin psixoloji yükü çox olmalıdır. Konkret “Gümüşü furqon”a gəldikdə, qəhrəmanların yaşantılarını, onların ikinci planını daha çox dialoq vasitəsilə verilməsi filmi vizual baxımdan yoxsullaşdırıb.

Məsələn, filmdə belə səhnə var, ərli qadın Mədinə ilk dəfə gördüyü gənc oğlanın yanında özünü rahat hiss edir və qəfildən rahatlığından özü də diksinir, narahat olmağa başlayır: “Deyəsən, dəli olmuşam axı. Niyə çıxıb getmirəm? Neyçün dayanıb səninlə danışıram?”

Onun vəziyyətini elə bədən dili də kifayət qədər aydın ifadə edirdi. Yəni konkret vəziyyətdə təsvir danışırsa, hər şeyi deyirsə, üstəlik, sözlərin də əlavə olunması izafidir, bədii dəyərini aşağı salır.

Fikrimi əsaslandırmaq üçün konkret nümunə verim. Yaxınlarda fransız rejissoru Erik Romerin “Yaşıl şüa” filmini izlədim. 1986-çı ildə çəkilən film Venesiyada əsas mükafatı da alıb. Filmin əsas qəhrəmanı Delfinanın yaşadığı məyusluq, ətrafla özgələşməsini rejissor ən adi, sadə şeylərdə ifadə edir: duruşunda, yemək yeməsində, insanlar arasında özünü aparmasında, ünsiyyət çətinlyində, üz ifadəsində və s. Dialoqlar, məişət söhbətləri, intellektual mübahisələr belə vəziyyətlərə o qədər adekvatdır ki, zərrə qədər də qondarmalıq hiss eləmirsən.

Amma “Gümüşü furqon”da nə baş verir? Gecənin bir aləmi, təzə tanış olan qadın və kişinin “Ölüm yoxdu, mövcud deyil. Kitablar əsasında yaşamırıq, həyatı necə var elə qəbul edirik” tipli Azdrama pafosundakı ənənəvi, emosional fəlsəfi-həyati polemikası havadan asılı qalır, gecənin zil qaranlığında ucuz benqal şamları kimi ani yanıb sönür.

Onu da nəzərə alsaq ki, günümüzdən baxanda dialoqlar kəsərsizdir, aktual görünmür, düşündürmür.

H.Ömərovanın personajı daim ekspressivlilkə sakit temp arasında hisslərin dinamik dəyişikliyini yaşayır. Belə bir xarakteri yaratamaq çətindir. Aktrisa sakit tempdən ekspressivliyə həm bədən plastikası, həm dialoqlarla keçid edir.

Mədinənin gərginlik yaşaması təbiidir, çünki əri içir, sərxoşluq edir. Onun əsas dərdi Mədinənin sonsuz olmasıdır.

Mədinənin peşəsindəki uğurları, dünyanı gəzməsi belə onu xoşbəxt eləmir. Onun ana olmaq istəyi, qadın instinktləri peşəsində qazandığı uğurlardan daha güclüdür.

Fleşbeklərlə Mədinənin daha erkən gəncliyi ilə tanış oluruq. Ümumi süjet xəttində fleşbeklərin işlənməsi üslub baxımından da, ona keçidlər də primitivdir, mexanikidir.

Əgər buna kimi O.Mirqasımov “Anlamaq istəyirəm” filmini çəkməsəydi, elə bilərdim, “Gümüşü furqon” onun diplom işidir.

Doğrusu filmdə diqqəti çəkən iki epizod oldu-filmin əvvəlində ritmik, şən musiqi sədaları altında gümüşü furqon gəlir, xalçaçı qızlar pəncərədən yaraşıqlı Rəsula həsədlə boylanır. Mədinə isə olanlara əhəmiyyət vermədən işləyir və onun kədərli üzü xalca hanası arxasında göstərilir, sanki üzü dumana bürünüb.

İkinci epizodda Rəsul uşaqlara nağıl-tamaşa göstərir. Gözəl Fatmanın qaçırılması, gənc oğlanın qorxusuna üstünlük gələrək onu xilas eləməsi ilə rejissor Mədinə ilə Rəsulun hekayətin nağılda modelləşdirir.

Bu iki vəziyyətin maraqlı təsviri həllindən başqa digər epizodlar yadda qalan deyil.

Finalda qəhrəmanlar ayrılmaq məcburiyyətində qalır.

Rəsulun köməkçisi, valideynlərini itirmiş balaca Fərid isə Mədinəylə qalır. Fərman da həbsdən azad olunur, evə qayıdanda Mədinəni uşaqla görəndə üzü şəfəq saçır. Finalın bəsit, ənənəvi həllini görəndə düşünürsən ki, bu boyda kinohəngamənin əsas bədii məqsədi bu imiş...

Rəsul rolunun ifaçısı Məmməd Məmmədov aktrisa Şəfiqə Məmmədovanın qardaşıdır. Məşhur rollarından biri “Asif, Vasif, Ağasif” filmindəki ata obrazıdır.

# 1937 dəfə oxunub

Oxşar xəbərlər

21-ci Akbank Qısa Film Festivalı

21-ci Akbank Qısa Film Festivalı

14:30 12 mart 2025
Masallıda "Səma ilə görüş"

Masallıda "Səma ilə görüş"

14:00 12 mart 2025
88 yaşlı aktyor  məşhur serialda oynayacaq

88 yaşlı aktyor məşhur serialda oynayacaq

10:40 12 mart 2025
"Siyah kalp" serialının final tarixi dəyişdi

"Siyah kalp" serialının final tarixi dəyişdi

10:25 12 mart 2025
Rasim Balayev:  “Kinoya ayrılan pulun hara və necə xərcləndiyini bilmirik”

Rasim Balayev: “Kinoya ayrılan pulun hara və necə xərcləndiyini bilmirik”

16:17 11 mart 2025
"Kinomexanikin qayıdışı"  daha bir mükafat aldı

"Kinomexanikin qayıdışı" daha bir mükafat aldı

14:32 11 mart 2025
# # #