Cənnət Səlimova: “Bəlkə mən köhnə hamam, köhnə tasam”

Cənnət Səlimova: “Bəlkə mən köhnə hamam, köhnə tasam”
6 iyun 2011
# 15:42
Onunla hazırladığı “Romeo və Cülyetta” tamaşasının məşq prosesində görüşdük. Gərgin işləyirlər, üç teatrın Gənc Tamaşaçılar, Gənclər və Kamera teatrlarının kollektivlərinin bir araya gəlməsinin çətinlikləri də üstəlik. Bütün bu yükü də rejissor işlə bərabər çiyinlərində daşıyır. Cənnət Səlimova ilə söhbətimiz də elə bu məcrada cərəyan etdi

- Deyəsən, “Romeo və Cülyetta”nı tamamlamaq üzrəsiniz?

- Bədii tərtibat, geyimlər, musiqi hələ hazır deyil. Yalnız dramaturji materialı tamamlamağa çalışırıq. O da çətinliklə gedir, çünki böyük materialdır. Belə bir əsəri tamaşada canlı hisslərlə vermək asan deyil. İndiki tamaşaçı yalnız əsərin mətni ilə qane olmur, ona canlı ünsiyyət lazımdır. Əsər adi danışıq dilində deyil, şeirdi, monoloqdur.

- O da tamaşada bir az süni alınır, pafoslu çıxır.

- Ona görə də çalışırıq ki, tamaşa canlı alınsın, ifaçıların danışığı təbii olsun.

- Məşq prosesində az qalırdım deyəm ki, insanlar bir-biri ilə belə danışmır axı, adam kimi danışın, canlı, təbii ünsiyyət, nəhayət tamaşa alınsın...

- Düz deyirsiniz.

- Mətni nəsrə çevirmək olmaz?

- Sabir Mustafanın tərcüməsidir, nəsrə çevirsək Şekspir olmaz. Mən İlqar Fəhmiyə deyirəm ki, sadə el dilində danışan bir əsər yaz. Deyir, alınmaz, çox adi çıxar. Ya gərək tamaşada hər şeyi sırf müasirləşdirək, qılınc-qalxan tapança ilə əvəz olunsun, personajlar da bugünkü insanlar. Bu, çox sadə və bəsit olar. Mən çalışıram Şekspiri elə klassik formada, amma yeni baxış bucağından göstərəm. Mətnin özündən çıxış edərək təbiiliyə, canlı ünsiyyətə nail olaq. Hər şey mümkündür. Çalışacağıq canlı ünsiyyət, canlı hiss alınsın.

- Sizcə, bugünkü tamaşaçı Şekspirdən usanmayıb? Məzmununu əzbər bildiyi, ona uzun və darıxdırıcı gələn tamaşaya baxacaqmı?

- Bu cəhətdən icazə verin, sizinlə razılaşmayım. Elə tamaşa olur ki, qısa çəkir, amma tamaşaçı darıxır, amma üç saatlıq tamaşaya gözünü qırpmadan baxanlar olur. Əsas vaxt deyil, məzmundur. Tamaşada hərəkət, dinamika, canlı ünsiyyət olarsa tamaşaçı heç vaxt darıxmaz.

- Bu dediyiniz əsas cəhətlər “Romeo və Cülyetta” tamaşasında olacaq?

- Bizim çalışdığımız da odur. Ona görə uzun, gərgin məşq prosesi gedir. Sonda bu tamaşanın içində çox böyük güc olmalıdır.

“İstedadlı aktyor üçün məktəb əsas deyil”

- “Romeo və Cülyetta”dan bu qədər. Gənc Tamaşaçılar Teatrının baş rejissoru olmaq yaxşıdır, yoxsa özünüz yaratdığınız Kamera Teatrının bədii rəhbəri daha şərəfli idi?

- Bilirsiniz, hər ikisi mənim işimdir. Kamera teatrında 15 aktyor vardı. İndi daha maraqlıdır, çünki çox böyük truppam, imkanlar var. Burda Qurban İsmayılov, Elşən Rüstəmov, Nəsibə Eldarova, Elnur Kərimov, çox sayda istedadlı aktyorlar, maraqlı şəxsiyyətlər var. Təbii ki, çətinliklər də yox deyil. Bu işdir, kurort deyil.

- Çətinlik nədədir?

- Müxtəlif xarakterlər içindəyik. Hələ bir kollektiv kimi tamlıq təşkil etmirik. Kimsə düşünür ki, ey, bu teatr belə deyildi, biz başqa cür işləyirdik, daha yaxşı işləyirdik. Tam əminəm ki, proses düzgün gedir. Yalnız iş prosesində kollektiv bütövləşir. Səhərdən axşama qədər işləyirik. İntensiv iş prosesində Elnuru, Güneli, Asyanı, Naibəni tanıyıram, onlar da məni tanımağa başlayır və biz doğmalaşırıq.

- Kamera teatrını siz yaratmışdınız, sizə Gənc Tamaşaçılar Teatrına baş rejissorluq işi təklif olunanda ilk reaksiyanız necə oldu? Orda yetirmələrinizlə çalışırdınız, məktəbinizin davamı ola bilərdi?

- Başqa çıxış yolum yox idi. Biz Əbilov Mədəniyyət Evinin kiçik bir otağında işləyirdik. Əmin idim ki, bizə bina verməyəcəklər. Ona görə təklifi məmnuniyyətlə qəbul edib, hətta nazirə təşəkkür də etdim ki, 15 nəfər istedadlı aktyoru, onlarla birgə hazırladığımız klassikaları xilas edəcəyəm.

- Həmin aktyorlardan bəziləri o kiçik səhnəni böyük səhnəyə dəyişməyin çətinliklərini yaşayırlar, bununla barışa bilmirlər.

- Düzdür, çətindir, amma uyğunlaşmaq lazımdır. Çalışıb uyğunlaşmalıdır. Mənim köhnə soyuducum vardı, 70-ci illərin “Zil”i. Traktor kimi işləyirdi, hamı məni qınayırdı ki, Cənnət xanım, qurtulun bu “traktordan”. Yeni soyuducu aldım və mən onun təlimatını öyrənib, onunla dil tapınca çox çətin oldu. Axır öyrəndim, həyat belədir. Yeniliklərdən qaçmaq yox, hesablaşmaq lazımdır. Tamam başqa üslub, başqa səhnədir. Geriyə baxmadan irəli getmək işin xeyrinə olar. Burda səslə işləmək, böyük səhnənin hərəkətlərinə öyrənmək lazımdır. Çətindir, əzizim, amma öyrənməlisən. Sabah birdən səni Milli Dram Teatrının səhnəsində oynamağa dəvət etdilər. Deyəcəksən, yox, mən Gənc Tamaşaçılar Teatrının səhnəsinə öyrəşmişəm? Onda səndə inkişaf olmaz. Yerində sayarsan. Məgər teatr aktyoru kinoya çəkilə bilməz? Belə çıxır də, axı orda tamaşaçı yox, kinokamera baxır sənə. Tamam fərqlidir, operator gözümə girir, işıq lap ağzımın içindədir. Belədir, sən aktyorsan, bunlar hamısı sənin işindir.

- Narazılığın bir səbəbini də onunla bağlayırlar ki, Cənnət Səlimova Kamera Teatrının taleyini böyük teatrın baş rejissorluğuna satdı...

- Min dəfə üzr istəyirəm, mən ki Sundukyan adına Yerevan milli teatrına rejissor getməmişəm. Öz teatrımızdır, bir yerdə işləyirik, mənim satqınlığım nədədir?! Kamera teatrımızdan Gənc Tamaşaçılar Teatrına keçmişəm, yenə öz işimi görürəm. İndi ümumi işimizi görürük.

- Kollektivdə bəziləri gənc aktyor Mirzəağa Mirzəyevə ardıcıl üç dəfə baş rol verməyinizdən narazıdır. Ona görə verirsiniz ki, öz tələbənizdir?

- Bu teatrda əksəriyyəti mənim tələbəm olub. Mirzəağa Mirzəyevə ona görə baş rol verdim ki, o rolların hər biri onun yaşında olan gənclərdir. 16-17 yaşında gənci 25 yaşında aktyorun oynaması düzgün deyil, əlacsız halda vermək olar. Bir halda ki, belə gənc var, niyə ona üstünə biçilmiş obrazı oynamaq imkanı verməyək. Yalnız ona görə ki, kollektivdən kimsə narazıdır? Bu da təbiidir. Elə bilirsiniz öz dövründə kollektivi Ələsgər Ələkbərovun uğurlarına seviniblər. Xeyir, həmişə qısqanclıqla yanaşıblar. İkincisi, Mirzağa istedadlı, mütaliəli, öz düşüncəsi olan oğlandır.

- Əli Əmirlinin əsərini tamaşaya qoymağınız Cənnət xanım nazirliyin çaldığl ilə oynayır kimi fikir formalaşdırıb, “MSS” –i tamaşaya qoymağı sizə nazirlik tapşırmışdı?

- Qətiyyən. Mən çox təşəkkür edirəm nazirliyə ki, mənim fikrimlə həmişə razılaşıblar. Onlarla qarşılıqlı anlaşıqlı əməkdaşlığımız var. Əsəri özüm seçib onlara fikrimi bildirdim və yaxşı qarşılandı. Çünki həmin əsər bu günün bəlasından, korrupsiya və onunla mübarizədən danışır. Orta məktəblərdə korrupsiya halları lap çox yayılıb. Mövzunun aktuallığını nəzərə alıb onu səhnəyə gətirdim. Eləcə də “Mənim ağ göyərçinim” tamaşası. O tamaşanı da ona görə bərpa etdim ki, yaralı mövzumuzda, 20 yanvar hadisələrində gənclərin taleyindən danışır. Hər iki tamaşa da çox uğurla gedir səhnədə, tamaşaçı toplayır, sevilir.

- Yetirməniz İlqar Cahangirov iddia edir ki, Cənnət xanım gözəl sənətkardır, amma artıq tükənib...

- Çox sevdiyim İlqar Cahangirov bu gün taleyindən, sənətdəki mövqeyindən narazıdır. Keçid dövrünü yaşayır, yaşında və sənətində keçid dövrünü uğurla başa vurmaqda mən ona anlayışımla kömək etməyə çalışıram. Bir halda ki, o, məni tükənmiş hesab edir, bəlkə də haqlıdır, bəlkə, mən köhnə hamam, köhnə tasam. Elə olan halda onun göstərdiyi namizədə yerimi verməyə hazıram, hərçənd mən içimdəki potensialı özüm daha yaxşı görürəm. İlqar mənim quruluşumda “Ezop”da baş rolu oynayıb. Orda özü Ezopun dili ilə deyir ki, tülkünün ağzı yetişmiş üzüm giləsinə çatmır və deyir ki, hələ yetişməyib, turş olar.

- Bayaq dediniz ki, düzgün proses gedir, yəni qoyduğunuz və apardığınız xətlə bu teatrın kollektivinin tamlıq təşkil edəcəyinə inanırsınız? Yəni ayrı-ayrı məktəblərin yetirmələri sizin məktəb ətrafında birləşəcək?

- Əlbəttə, artıq o söz-söhbət qurtardı. Nə Dövlət Gənclər Teatrını, nə Kameranı, nə köhnə Gənc Tamaşaçılar Teatrını qaytarmaq olmayacaq. İndi birlikdə yeni teatr yaradırıq. Çox çətindir, birinin kəlməsi o birinin boğazından keçmir, amma işləyirik. Əsas odur ki, istedadlı aktyorlar var. İstedadlı aktyor üçün məktəb əsas deyil.


Ramilə QURBANLI
# 1297 dəfə oxunub

Oxşar xəbərlər

"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
"Kardeşlerim"in aktrisası yeni serialda

"Kardeşlerim"in aktrisası yeni serialda

09:30 21 noyabr 2024
"Safir" serialı “Emmy”yə namizəd oldu

"Safir" serialı “Emmy”yə namizəd oldu

09:12 21 noyabr 2024
Günahsız yerə edam edilən ana - Polis onun pulunu niyə oğurlamışdı?

Günahsız yerə edam edilən ana - Polis onun pulunu niyə oğurlamışdı?

09:00 21 noyabr 2024
Daha bir aktyor müharibədə öldü

Daha bir aktyor müharibədə öldü

16:24 20 noyabr 2024
#
#
# # #