Bacanağı tərəfindən öldürülən rus şairi

Bacanağı tərəfindən öldürülən rus şairi
15 dekabr 2015
# 09:00

Məşhur rus şairi və yazıçısı Aleksandr Sergeyeviç Puşkin 26 may 1799-cu ildə Moskvada dünyaya göz açıb. Atası Sergey Lvoviç ziyalı ailədən idi. Anası Nadejda Osipovna Hannibala gəldikdə isə rus çarı I Pyotr onun atası efiopiyalı İbrahim Hannibalın xaç atası idi. Nəcib ailənin övladı olan Puşkinin anası və atası çox mədəni, eyni zamanda şöhrət düşkünü olan insanlar idi. Onlar zamanlarının çoxunu müxtəlif tədbirlərdə keçirdikləri üçün Puşkin, ana-ata sevgisindən uzaq böyüyüb. Onun dünyagörüşünün formalaşmasında nənəsi Mariya Alekseyevna (Hannibal), tərbiyəsində isə dayəsi Arina Radionovnanın rolu böyük olub. Dayəsi onun üçün müxtəlif nağıllar danışır, xalq inanclarını, atalar sözlərini, tapmacalarını öyrədirdi.

Səkkiz yaşında Puşkin artıq fransız dilini rus dili kimi mükəmməl bilirdi. On bir yaşına çatanda isə heyran olduğu fransız ədəbiyyatını demək olar əzbər bilirdi, bu dildə şeirlər və komediyalar yazırdı. O dövrün tanınmış şair və yazıçıları Puşkinin yaşadığı evə gəlib-gedirdi. Ancaq onların heç biri Puşkinə yaşlı dayəsi Arina qədər təsir edə bilməyib. Dayə onun uşaqlıq ruhunda silinməz izlər qoyub. Dayəsini çox sevən Puşkin ona bir neçə gözəl şeir də həsr edib. Sonralar Puşkin dayəsinin danışdığı nağılların süjetlərindən istifadə edərək “Çar Saltan haqqında nağıl”, “Qızıl xoruz haqda nağıl”, “Ölmüş çar qızı haqda nağıl” və b. əsərlər yazıb.

Şeirə başlaması

Puşkin on iki yaşında rus çarı I. Aleksandrın Çarskoselsk liseyinə yazılır. O, buradakı altı il müddətində məktəbin digər şagirdləri kimi Peterburqa belə getməyə icazə verilmədən, sanki xarici dünyadan qoparılaraq təhsil alır. Liseydə oxuduğu illər Puşkinin şairlik istedadını inkişaf etdirməyə kömək olur. Həmin illərdə Puşkin ədəbi fəaliyyətə başlayır. Onun lisey illərində yazdığı şeirlərində belə, realizmə meyl açıq şəkildə nəzərə çarpır.

16 yaşında Derjavinin qarşısında “Çar kəndində xatirələr” şerini oxuyur. 1817-ci ildə liseyi kollec katibi rütbəsində bitirən şair Xarici İşlər Kollegiyasına təyinat alır, 1819-cu ildə isə dekabristlərin rəhbərlik etdiyi “Yaşıl çıraq” ədəbi-teatr cəmiyyətinə üzv olur.

Artıq məşhur şair sayılmağa başlayan Puşkin, darıxdırıcı lisey illərindən sonra əyləncə həvəsində olur və Peterburqun canlı həyatına atılır. Yazdığı və bir çoxu qadağan olunan azad şeirləri dildən-dilə gəzməyə başlayır. Rus ədəbiyyatı tarixində şeir, ilk dəfə olaraq, hamıda heyranlıq yaradır. O, yeni doğulan uşaq kimi coşğu ilə böyüməyə başlayırdı.

Puşkin heç vaxt dekabrist hərəkatına qoşulmasa da, oradakı dostları ilə gizli təşkilatlarda iştirak edir və aktiv fəaliyyət göstərirdi. Dekabristlərlə ünsiyyət onun yaradıcılığında da iz buraxıb.

Puşkin 1820-ci ildə, hələ liseydə təhsil alan zaman başladığı “Ruslan və Ludmila” poemasını bitirir. Poema tənqidçilər tərəfindən yaxşı qarşılanmır. Puşkini siyasi əsərlərinə görə, Sibirə sürgün edə bilərdilər. Qlinka, Karamzin, Çaadayev kimi dostlarının himayəsi onun cəzasının yüngülləşdirilməsi və sürgün əvəzinə xidməti yerinin Yekatirinoslava dəyişdirilməsi ilə nəticələnir. 1820-ci ildə isə epiqramlar yaydığı üçün cənuba sürgün edilir. Sürgündə olduğu dörd il müddətində o,“Qafqaz əsiri”, “Baxçasaray fontanı”, “Quldur qardaşlar” əsərlərini yazır, ona böyük şöhrət gətirəcək “Yevgeni Onegin” romanı üzərində işləməyə başlayır.

Sürgündən qayıdan Puşkin Rusiyadakı hərbi rəhbərliyi söydüyü üçün 4 il paytaxta girməsi qadağası alır. Bu dəfə şair şimala sürgün edilir və ailəsinin sahib olduğu Mixaylovsk kəndinə göndərilir. Şair burada “Yevgeni Onegin” romanı üzərində işini davam etdirir və eyni zamanda “Boris Qodunov”u yazır.

Hökumət tərəfindən oğlunu nəzarət altında saxlamaq əmri alan atası bunu canla-başla edirdi. Mixaylovskda sürgündə olarkən dekabristlər üsyanı və dostlarının edam xəbərini öyrənir. Axtarışdan ehtiyatlandığı üçün avtobioqrafik qeydlərini məhv edir.

Uzun, darıxdırıcı və gərgin sürgün dövründən sonra 1826-cı ildə çar I Nikolay Puşkini Moskvaya çağırır və onu himayəyə götürəcəyini deyir. Ancaq bu azadlıq uzun sürmür. Artıq şairin qələmindən çıxan hər şey çarın yoxlamasından keçəcəkdi. 1828-ci ildə Dövlət şurası tərəfindən Puşkin üzərində nəzarət üçün sərəncam verilir.

Evliliyi

Puşkin tədbirlərin birində keçmiş yüksək rütbəli məmurun gözəl qızı Natalya Qonçarova ilə qarşılaşır və ona aşiq olur. Natalya isə ədəbiyyatla heç bir əlaqəsi olmayan, Puşkini şair olaraq əhəmiyyətsiz hesab edən, tək fikri ona rahat həyat yaşada biləcək ər tapmaq olan xanım idi. Ailəsinin də ondan bir fərqi yox idi. Puşkin Natalyaya evlənmə təklifi edir, o isə, təklifi cavablandırmaq üçün şairdən zaman istəyir.

Puşkin, bu vəziyyət qarşısında ümidsizliyə qapılır və Moskvadan uzaqlaşmaq istəyir. Bu səbəblə də, 1829-cu ildə, müşahidəçi kimi Rus ordusuna qatılır və Osmanlı torpaqlarına gəlir. Sonradan yazdığı “Ərzurum səfəri” adlı şeirində yol təəssüratlarını bölüşən Puşkin, bundan əlavə, “Qafqaz”, “Uçqun”, “Gürcüstan təpələrində” şeirlərini də yazır.

Moskvaya dönən Puşkin, Natalyaya yenidən evlənmək təklifi edir. Uzun söhbətlərdən sonra o, Natalyanın ailəsini də razı salmağı bacarır və nişanlanırlar. Natalya isə, bu prosesləri yalnız izləməklə kifayətlənirdi. Natalyanın bu vəziyyəti sona qədər də belə davam edir. 8 fevral 1831-ci il tarixində Moskvada Aleksandr Puşkinlə Natalya Qonçarovanın nikah mərasimi keçirilir və onlar yaşamaq üçün Çarskoe selodakı bağ evlərinə yollanırlar. Artıq Puşkinin dözülməz qayınanası və qüsursuz, amma süni çiçəyə bənzəyən həyat yoldaşı vardı... Bir də təbii ki, polislər. Bitmək bilməyən istintaqlar və qadağalar səbəbindən böyük sarsıntı keçirən Puşkin, buna baxmayaraq, yazmağa davam edirdi. “Yevgeni Onegin” romanını bitirən şair, “Don Juan” “Vəba zamanı qonaqlıq” kimi mənzum tragediyalarını və “Dubrovski”, “Kapitan qızı” kimi əhəmiyyətli əsərlərini bu dövrdə yazır. Puşkinin digər məşhur rus şairi Qoqolla olan dostluğu da bu dövrə təsadüf edir. Hətta Qoqola məşhur “Ölü Canlar” romanını yazmaq fikrini də Puşkin verir.

Şairin ölümü

1834-cü ildə Peterburqa gələn fransız baron Dantes Puşkinin həyat yoldaşı Natalya Qonçarovaya vurulur və ona diqqət göstərməyə başlayır. Bəzi məlumatlara görə, Natalya da ona qarşı diqqətsiz qalmır. Artıq dedi-qodular yaranmağa başlamışdı. Puşkin Dantesi duelə çağırsa da onun Natalyanın bacısı Yekaterina Nikolayevnaya evlənmək təklif etməsindən sonra bu çağırışını geri götürür. Amma evləndikdən sonra da Dantes Puşkinin həyat yoldaşına diqqət yetirməkdə davam edir. Bütün bunlardan bezən və sarsılan Puşkin 1837-ci ildə Dantesi duelə çağırır. Əslində bu, Puşkinin ölümə meydan oxuması idi. Çünki o, Dantesin ordunun ən sərrast atıcılarından biri olduğunu bilirdi...

27 Yanvar 1837-ci ildə Sankt-Peterburq yaxınlığındakı Qara Dərə adlanan yerdə duel qarşılaşması qərara alınır. Puşkinin duel zamanı şahidi dostu Danzas olur.Şairin dueldə istifadə etmək üçün gümüşlərini sataraq silah aldığı da iddia edilir. Duel zamanı Puşkin tərəfindən çiynindən yaralanan Dantes onu qarnından ağır yaralamağı bacarır. Puşkin iki gün can verdikdən sonra 29 yanvar, 1837-ci ildə gözlərini əbədi yumur.

Puşkinin öldüyünü eşidən xalq, şairin ölümündən sonra onun evinin qarşısında toplaşır və hökumətə qarşı qiyam səviyyəsinə gəlir. Bundan çəkinən polis, gecə yarısı, şairin tabutunu gizli şəkildə kilsədən alır və Mixaylovski kəndinə aparırlar. Puşkin Mixaylovsk malikanəsinin yaxınlığındakı Svyatoqorsk monastırının divarları önündə dəfn edilir...

Puşkinin ölümü dünya ədəbiyyatını kədərə boğur. Qoqol ona “Puşkin fövqəladə hadisədir” deyirdi. Dostoyevski isə bildirirdi ki, “Puşkin, bizə gələcəkdən xəbər verən peyğəmbərimizdir”. Azərbaycan dramaturqu Mirzə Fətəli Axundov da çox kədərlənir və onun ölümünə şeir-mərsiyə həsr edir. Puşkin, müasir Rus ədəbiyyatının yaranmasında iştirak edən ən önəmli insan hesab edilir. O, klassik Qərb ədəbiyyatını və rus xalq ruhunu sintez edərək rus ədəbiyyatında “Realizm axını”nı başladan liderdir.

Aleksandr Puşkinin duel günü getdiyi sonuncu yer Peterburq Nevski Prospektində “Wolfs” şirniyyat mağazası olub (indiki “Cafe Litteraturnia”). Bu kafede Puşkinin mumdan heykəli var.

# 6488 dəfə oxunub

Müəllifin son yazıları

# # #