Zorlanan qızların ağzını tutmaq arzusu

Zorlanan qızların ağzını tutmaq arzusu
4 iyul 2013
# 21:36

Gülnarə İlham

Döyüşkən şəhərin küçə uşağı olmaq istəyirəm.

Lap elə Suriya küçələrinin... Bəzən Fələstinin...

Nə bəzən?! Ömürlük Afrika uşağı olardım. Qara olmaq üçün yox. Qara dərdlərin qarasında yaxşı -yaxşı qaralanmaq üçün. Qabırğalarım sayılardı.

Gölməçə suyu içərdim. Dünəndən ölmüş anasının südü qurumuş döşündən qan əmən qansız olardım.

Uça bilməyən qocaman qartalın təmkinlə ölməsini gözlədiyi balaca, sısqa zənci balası olardım. Çöməlib aclığın vəd etdiyi ölümü gözləyərdim. Bir azdan ölərdim. Sonra o qartal qabırğalarımın arasında ət axtarardı. Sonra iyrənərdi məndən. Sonra söyərdi məni ürəyində bəlkə. Ona ət saxlamadığım üçün. Dünya da məsum uşaqların acından ölməsinə, qartalların leş yeməsinə təssüflənməkdənsə qarşısına çıxan bu mənzərəni öz sərgisindən asan fotoqrafa əhsən deyərdi...

...Qanlı üzüm olardı. Ya anamın, ya bacımın, ya atamın, ya da nə bilim dostumun, məhəllə yoldaşımın, lap elə ən uzaq adamın qanı çilənərdi üzümə. Dad çəkib ağlayardım, üzümü cırardım, hönkürərdim. Nə bilim, dəli kimi o baş, bu başa qaçardım. Qarşıma çıxan əli avtomatlıların üzünə tüpürərdim bəlkə. Məni də sinəmdən itələyib zibil kimi atardılar divar dibində qalaqlanmış meyitlərin üzərinə. Onların qoxusunu duyardım. Qorxardım. Ürpənərdim. Diksinərdim. Amma yenə dünyanın qatilini axtarardım...

Zorlanan qızların ağzını qapayardım. Ya da gözlərimi, qulaqlarımı qapayardım. Ən azı Avropa Birliyi, BMT kimi.

Heç vaxt dilimə gətirə bilmədiyim ən pis söyüşləri söyərdim. Yeddi nəsil yox, yeddi min yeddi yüz yetmiş yeddi nəsli söyərdim. Lap elə əcdadlarıımızdan başlayardım. Dağ keçisi, çöl donuzu və başqa heyvanların üstündə bir-birilərini heyvandan da vəhşicəsinə didib -parçalayan kökümüzü qazıb çıxardardım. Sinifləri, təbəqələri, quruluşları yaradanların sümüklərini tapıb ovardım. Axtarardım, tapardım, xırda toxumunu belə yox edərdim onların.

Onda heç Xocalı qətliamı da olmazdı. Yerdə şaxtadan quruyub yatan başsız uşaq, anasının bətnindən çıxarılan ağlamamış körpə, ayağını don vurmuş qoca qarılar da olmazdı...


Bunlara gücüm çatmasa lap elə Gezi parkındakı ağac olardım...

# 5773 dəfə oxunub

Müəllifin son yazıları

# # #