Bu gün Edit Piafın doğum gündür.
Qaranlıq gecələrin biridir. Onun əli hər yerdən üzülmüşdü. Vəfat etmiş qızının dəfni üçün pul lazımdı. Üstəlik fahişəliyə atdığı addımın ilk gecəsidir. Edit ilk dəfə kişi üzü görəndə on beş yaşı vardı. Amma bu gecənin mahiyyəti tamam başqa idi. Ona görə də Edit çox həyəcanlanırdı. Onun çox sıxıldığını görən yekəqarın varlı müştəri rəhmə gəlib soruşur:
- Niyə belə çirkli peşə seçmisən?
Edit ürəklənir. Pulun ona nəyə görə lazım olduğunu deyir. Kişinin qolları yanına düşür. Şalvarını çıxarmağa əli gəlmir. On frank pul çıxarıb ona verir. Editə də lazım olan məbləğ elə bu qədərdir. Pulun qarşılığını ödəməyən Edit ona təəccüblə baxan səxavətli müştəriyə həyatını danışmağa başlayır. Hətta məlahətli səsi ilə onu feyziyab etməyi də bacarır.
Kişi Editin səsinə vurulur. Ona gələcəyi yerin ünvanını yazıb verir. Bərk- bərk tapşırır ki, mütləq gəlməlisən. Edit sevincindən yerə göyə sığmırdı. Yəqin ki, müğənni gələcəkdə qazandığı böyük uğurlarını fahişəliyə atdığı ilk addımın uğursuzluğuna borclu olacaqdı...
Edit bir qadın kimi, nə cəlbedici, nə də gözəl deyildi. Bir az uzun nazik burnu, incə olduğu qədər solğun, soyuq siması, üzünə qeyri- adi görkəm verən nazik uzun qaşları, zərif bədəni, bəstə boyu. Əvvəllər çox da məşhur sayılmayan Jernis restoranında səhnəyə çıxırdı. Onun səsinin heyranları günü - gündən artırdı. Ta ki, Parisin ən tanınmış musiqi zalı "ABC" dəki çıxışı Editin karyerası üçün əsl partlayış oldu.
1935- ci ilin oktyabrında baş tutan bu konsert onun həyatını tamamilə dəyişdi. Edit başa düşürdü ki, bu artıq onun üçün yeni dövrdür. Daha məsuliyyətli olmaq lazımdır. Hətta o, səhnəyə çıxan günə qədər içkidən və seksdən imtina etmişdi. Səhnə paltarını güclə tapmışdı. Hətta əyninə geydiyi qara paltarı o qədər köhnə idi ki, çiynindəki cırıq hissəni güclə gizləyə bilmişdi.
Edit böyük həyəcanla səhnəyə çıxdı. Zaldakılar əvvəlcə heç bir reaksiya göstərmədən onu dinlədilər. Amma onun qıpqırmızı dodaqlarından süzülən füsunkar səsi tamaşaçıları ovsunlamışdı. İfasını bitirəndən sonra ucalan alqış səsləri Editi həm çaşdırdı, həm də çox sevindirdi. Sevincindən az qala göylərə uçan Edit əllərini qaldırıb tamaşaçılar sevinclə salam verəndə şərfi yerə düşür. O çox utanır. Amma zaldakı hər kəs çəlimsiz qızın səsinə o qədər valeh olmuşdular ki, onun paltarının cırıq olması qətiyyən heç kəsi maraqlandırmadı.
Bu gündən onun səsinin sorağı ətrafa yayılmağa başladı. Fransa musiqisində yeni nəfəs doğulmuşdu. Sonralar məşhur müğənni qara geyimlərin əsl səhnə üçün eliqant, əvəzsiz rəng olduğundan həvəslə danışacaqdı.
"Kor qız"ın müqəddəsliyi
Edit Piaf 19 dekabr 1915-ci ildə Parisdə doğulub. Hətta deyilənə görə anası Piafı gecə vaxtı Parisin dalda küçələrinin birində dünyaya gətirib. Amma dünya işığına məhrum kimi. Bəli, çox təəccüblü olsa da Edit doğulanda kor idi. Atası akrobat Lui Qassion müharibəyə, uğursuz aktrisalıq həyatı keçirən anası Lina Marsa (əsl adı Anita Mayar) başqa kişiyə ərə gedəndən sonra balaca qızcığaz sözün əsl mənasında ortalıqda qalır.
Ata nənəsi məcbur qalıb onu himayəsinə götürür. Qadın çirkli restoranların mətbəxində işləyirdi. Hətta uşaq mətbəxdəkilərə mane olmasın deyə körpənin südünə spirtli içki qatırdı. Demək olar ki, aylarla çimizdirilməyən uşağın üzü tamamilə çirk içində olurdu. Ona görə üç yaşlı qızın kor olduğunu təsadüfən bilirlər. Yüngül həyat tərzi keçirən qadınlar bəlkə də ömürlərində ilk dəfə idi ki, Editə görə Müqəddəs Tereza kilsəsinə gedirdilər.
Onlar sevimli qızcığazın müalicəsinə xüsusi diqqət etməyə başladılar. Amma möcüzə baş verdi. Hətta həkimlər də etiraf edirlər ki, Editin gözləri möcüzə nəticəsində açıldı. Onun gözünə ilk görünən isə köhnə pianonun ağ dilləri idi. Bu hadisə onu eşidən hər kəsə o qədər maraqlı gəlmişdi ki, hamı bu "müqəddəs" qızı görməyə gəlirdi.
Kişini elə bir anda atmalısan...
Hər kəs onu fransız estradasının möcüzəsi sayırdı. Onun həyatı haqda ssenarilər yazılır, film təklifləri gəlirdi. Edit Piafın şöhrəti artdıqca həyatındakı kişilərin sayı da artırdı. Hətta Piafın eyni vaxtda bir neçə sevgili ilə keçinmək bacarığı da vardı. O, yeni eşq macərasına başlayanda ilk növbədə ehtirasının dərəcəsini hesablayırdı. Ehtiras bitən kimi münasibətə son qoyurdu. Kişiləri o qədər asanlıqla dəyişə bilirdi ki, sevmək onun üçün su içimi kimi bir məşğuliyyət idi sanki.
1946- cı ildə çəkildiyi "Parlamayan ulduz" filmində ucaboylu, yaraşıqlı aktyor İv Montanla hələ filmdən qabaq eşq macərasına başlamışdı. Aktyor məhz Editin sayəsində bu filmdə rol almışdı. Düzdür, Edit sevməyi bacarırdı. Amma bir anın içində heç bir izah, səbəb gətirmədən imtina etməkdən də çəkinmirdi.
O, hesab edirdi ki, kişini elə bir anda atmalısan ki, hətta onun səni atmaq barədə düşünməyə vaxtı qalmasın. Bəli, görünür o çox həssas, həm də kişilərin psixologiyasına o qədər yaxından bələd olub ki, bəlkə də əvvəlcədən atılacağını hiss edirmiş. Ona görə də ilk təşəbbüsü özü edirdi.
İv Montanla iki il davam edən sevgi münasibətlərində də müğənni sevgi prinsiplərinə sadiq qaldı. Amma gələcəkdə onun qarşısına necə deyərlər, ipini ələ yığa bilməyəcəyi böyük sevgi çıxacaq və Edit indi anlayacaqdı ki, əsl sevgi məhz budur.
Pauza
1947-ci ildə Piaf Amerikaya qastrola yollanır. Amma o səhnəyə çıxanda amerikanlar təəccüblənirlər. Çünki, onlar qarşılarında gözəl, baxımlı xanım görəcəklərini düşünürdülər. Piaf maraq dolu baxışlarını ona zilləmiş tamaşaçıların qarşısında oxumağa başlayır. Hətta ingilis dilini yaxşı bilmədiyi üçün amerikan tamaşaçıları demək olar ki, onun ingilis dilində oxuduğu mahnını anlaya bilmədilər. Elə bilirlər ki, müğənni italyandır. Sonralar Edit ingilis dilində öyrənməyə başladı. Hətta konsertdən əvvəl tamaşaçılarla ingilis dilində az da olsa danışırdı. Edit səhnəyə çıxanda səsi ilə zalı valeh edirdi. Bu isə Piaf üçün bəs idi.
Böyük sevgi - Marsel Serdan...
Bir gün konsertlərin birində tamaşaçıların arasında yaraşıqlı kişi onun diqqətini çəkir. Deyəsən axı o, ardıcıl olaraq Piafın konsertlərinə gəlir. Amma Editin tanımadığı bu adam tanınmış boksçu, Avropa Çempionu Marsel Serdan idi. İdmançı Editin haqqında düşünürdü: "Doğurdan da bu balaca, zərif qadın necə güclü səsə sahibdir". Bir sözlə o, ürəkdən müğənniyə vurulmuşdu.
Marsel hələ müğənniyə zəng edəndə ilk cəhdə onu görüşə razı sala bilməmişdi. Amma Edit məşhur boksçunu əyani görüncə onun güclü cüssəsi qarşısında davam gətirmədi. Beləliklə, məşhur cütlüyün sevgi macərası başlayır. Marsel evli idi. Amma vəziyyətin belə olması da cütlüyün sevgisinə mane ola bilmədi. Edit özünü məhz indi əsl qadın kimi xoşbəxt hiss edirdi. O, güclü kişiləri sevirdi. Onun sevdiyi bütün keyfiyyətlər Marseldə cəmlənmişdi sanki.
Edit indiyədək görmədiyi qayğını, diqqəti məhz sevdiyi insandan görürdü. Müğənninin həyatına girən kişilər həmişə ona pul kisəsi kimi baxırdılar. Amma Marsel tamam fərqli idi. Məsələn, boksçu bir dəfə Editə kürk alır. Təbii ki, müğənni daha bahalısını ala bilərdi. Amma Marselin hədiyyəsi onu az qala sevincindən göylərə uçurmuşdu. Bu isə onu günü-gündən Marselə daha çox bağlayırdı. Ancaq bu xoşbəxtlik uzun sürməyəcəkdi. Bu dəfə nə Marsel, nə də həmişəki kimi Edit imtina edəcəkdi sevgisindən. Təyyarə qəzası Marseli Editdən ömürlük ayıracaqdı.
Müğənni Amerikada konsert verməli idi. Marsel isə təyyarəyə minməkdən çox qorxurdu. Ancaq Edit sevgilisindən ötrü necə darıxmışdısa onun gəmi ilə gəlməsini gözləyəcək qədər səbri çatmır. Və Marseli məcbur edir ki, təyyarə ilə gəlsin. Amma təyyarə gəlmir. Bu qəza Edit üçün ömürlük vicdan əzabına çevrilir.
Bəd xəbəri Editə deməyə heç kəs ürək etmir. Amma gizlətmək də mümkün deyildi. Bu xəbər Editin özünü dərk edəndən bəri həyatdan aldığı ən böyük zərbə idi. Sevdiyinin ölümü müğənninin ölümünün əsasını qoyur. Daha çox içməyə başlayır. Amma o, təşkil olunmuş konserti təxirə salmır. Həmin gün oxuduğu bütün mahnıları Marselə ithaf olunduğunu deyir. Tamaşaçılar Piafı bu vəziyyətdə görüb narahat olurlar. Müğənni də konsertin sonuna kimi tab gətirə bilmir O, çox zəifləmişdi. Özünü nə qədər ələ almağa çalışsa da bacarmır. Səhnədə yıxılır...
Fransız rejissoru Klod Leluş cütlüyün sevgisini əbədiləşdirmək üçün 1983-cü ildə "Edit və Marsel" filmini çəkir. Maraqlıdır ki, Marsel rolunu onun öz oğlu oynamışdı. Edit demək olar ki, Marselin ailəsini, uşaqlarını himayəsinə götürmüşdü. Hətta uşaqlar onu "Zizi" xala deyə çağırırdılar.
Piaf alkoqoldan əziyyət çəkirdi. Hətta son vaxtlar səhnəyə də içkili çıxırdı. Bir neçə dəfə intihara cəhd etmişdi. Bir dəfə özünü pəncərədən atanda ətrafındakılar son anda onu xilas edə bilmişdilər. Sonralar narkotikdən istifadə etməyə başlayır. Uzunmüddətli müalicələrdən sonra Edit narkotikdən imtina etməyi bacarır. Başını yenə spirtli içkilərlə qatmağa başlayır.
Marselin ölümündən sonra da onun həyatından kişilər əskik olmurdu. Çünki o, yalnız qalmaqdan qorxurdu. Amma həmişə deyirdi ki, mənim Marsel sevgim bitməyəcək. Beləliklə, 1962- cil ilin oktyabrında Edit 25 yaşlı saç ustasına ərə gedir.
Cütlük kənardan da görkəmcə çox gülünc görünürdü. Həm Edit artıq nə gənc idi, nə sağlam. Qaraciyər xərçəngi onu əməlli -başlı halsız etmişdi. Amma o yenə də möcüzə gözləyirdi. Bu dəfə ölüm möcüzəyə qalib gəlməyi bacardı. 10 oktyabr 1963-cü ildə Edit Piaf əbədiyyətə qollarını açdı...
2013