“Bir müəllif, bir əsər” - LAYİHƏ
Kulis.az Gülnarə İlhamın “Hər bir hadisədə sirr və gizlilik axtaran yazıçı” yazısını təqdim edir.
Nobel Komitəsi 2014-cü ildə ədəbiyyat camiəsində adı çox da məşhur olmayan bu müəllifə mükafat verməklə təəccüb doğurdu. “Ən ağılasığmaz insan talelərini təsvir edən və işğal altındakı həyatı göstərən təxəyyül və ifadə sənətinə” görə Nobel mükafatı qazanan fransız yazıçı Patrik Modianonu bir günün içində bütün dünya tanıdı. Bununla da o, fransız ədəbiyyatına verilən 15-ci Nobelin sahibi oldu. Əsərlərinə maraq artdı. Bəs, Milan Kundera, Umberto Eko, Haruki Murakami kimi ədəbi nəhəngləri geridə qoyan yazıçı kimdir? Ssenarist, uşaq yazıçısı, hətta aktyor fəaliyyəti, üstəlik, möhkəm ədəbi təməli olan tanınmış bir ölkənin yazıçısı olmaq ayrıca bir şansdır. Təbii ki, şəxs bu çoxsahəli yaradıcılığın öhdəsindən istedadla gəlirsə, Nobel Komitəsinin gözündən yayına bilməzdi. Baxmayaraq ki, Patrik Modiano nə vaxtsa ədəbiyyatın ən ali mükafatına layiq görüləcəyini özünün də dediyi kimi, heç gözləmirdi. O, 1945-ci ilin 30 avqustunda italyan yəhudisi Alberto Modiano ilə flamand əsilli aktrisa Luiza Kolpeynin ailəsində doğulub. Ata Modiano 1942-ci ildə dünyanın böyük güclərinin başı müharibəyə qarışanda mühacir dəstə ilə birgə İtaliyadan Fransaya qaçıb gəlmişdi. Orta təhsilini IV Henri liseyində alandan sonra isə Ansi şəhərində kollecə daxil olub. 1965-ci ildə Sorbon Universitetinə qəbul olunsa da, təhsilinə davam etməyib və diplom almayıb.
Atanın kitabları satışdan çıxarmaq istəyi
Patrik Modiano xarakterində ən sevdiyi cəhətinin hər bir hadisədə sirr və gizlilik axtarmaq olduğunu vurğulayır: “Hətta içində heç bir gizlilik olmayan şeylərdə belə, sirr axtarıram”. Çox güman ki, məhz bu xüsusiyyət yazıçının təxəyyülünün rəngarəngliyini əsərlərində üzə çıxarıb və yazı üslubuna fərqlilik qatıb.
Patrikin uşaqlığı valideynlərinin dava-dalaşı, mübahisəsi arasında keçib. Qardaşı Rudinin ölümü ilə sarsılan yeniyetmə Modianonun tənhalığı daha da dərinləşib, o, özünəqapanıq gənc kimi böyüyüb. Yazıçının müsahibələrindən onun ailə ilə bağlı natamam xoşbəxtliyini hiss etmək mümkündür. “Hətta ailə fotolarım belə, xəyali insanlardan ibarətdir. Orada real olan yalnız qardaşım, həyat yoldaşım və qızlarımdır”.
Yeniyetmə Patrik ailə münaqişələrindən canını qurtarmaq üçün Parisin küçələrinə qaçar, saatlarla tək gəzərdi. Bəzən heç tanımadığı arxa məhəllələrə qədər gedib çıxar, binaları, küçələri, kafeləri, insanları diqqətlə müşahidə edərdi. Xəyallar qurar, tanış olduğu mənzərələri, obrazları beynində yazdığı kiçik hekayələrin qəhrəmanına çevirərdi. Özünün də dediyi kimi, o, bir gün anlayır ki, xəyallarının əsirinə çevrilib. Ona görə də təəssüratlarını yazmağı qərara alır.
1968-ci ildə debütü “Ulduz meydanı” romanı olur. Əsər atasının qəzəbinə tuş gəlir. Hətta o, pul verib kitab mağazalarındakı bütün kitabları satışdan çıxarmaq istəyir. Atası ilə Patrikin arasında hələ uşaqlığından bəri donmuş münasibət ərimək bilmirdi. Maddi sıxıntılarına dəstək üçün atasından pul istəyəndə belə, dəfələrlə rədd cavabı almış, üstəlik, atasının sevgilisi tərəfindən polisə şikayət edilmişdi. İlk əsərinə görə ona verilən “Noje Rimye” mükafatının ayağı düşərli olur, yazıçıya özgüvən qazandırır.
Əsərinə marağı görən Partik işin ciddiyyətini dərk edir və hazırlıqlı, peşəkar mətnlər üzərində tər tökməyə başlayır. “Gecə yoxlaması”, “Villa”, “Bulvar dairəsi” povestlərdən sonra tilsimi 1978-ci ildə “Qaranlıq piştaxtalar küçəsi” (“Rue des boutiques obscures”) adlı əsəri ilə qırır. Bu romanı da mükafatsız qalmır. Daha bir adlı-sanlı, mükafatın - “Qonkur”un sahibi olur. 2000-ci ildə isə Patrik Modiano bütün külliyyatına görə Pol-Moran adına Böyük Ədəbiyyat Mükafatını alır.
Bu qədər təmtəraqlı mükafata vərdiş etmiş yazıçı qəribədir ki, məclislərdən, ziyafətlərdən uzaq gəzər, göz önündə olmağı sevməz. Çox nadir hallarda müsahibə verən yazıçının söhbətlərini sevənləri həsrətlə gözləməli olurlar.
Modianonun əsərləri bu gün bir çox dilə tərcümə olunur və oxucuların marağını cəlb edir. Azərbaycan ədəbi mühiti və mütaliə həvəskarlarının çoxu onun adını məhz Nobel mükafatından sonra eşitdi. Maraqlananlar yazıçının yaradıcılığı ilə “Seçilmiş əsərləri” kitabı (tərcümə: İ.Əlfi, M.Qarayev, E.Başkeçid), “Məhəllədə azmamaq üçün” (tərcümə: Cavanşir Feyziyev), “Kimliyi bəlli olmyan qadınlar” romanları (tərcümə: Araz Gündüz) əsasında tanış ola bilərlər. Budəfəki yazımızda sonuncu romandan danışacağıq.
“Kimliyi bəlli olmayan qadınlar”
Roman üç ayrı qadının həyatından bəhs edir. Bu obrazların bir-birinə bağlılığı adi məişət səviyyəsində görünsə də, onları birləşdirən əsas cəhətin cəsarət, həyat qayğılarına dözümlülük, mübarizə əzmidir.
Yazıçı roman haqda fikirlərini belə ifadə edib: “Oxucuda elə bir təsəvvür yaratmaq istəmişəm, sanki, o, monoloqları radiodan eşidir, kimsə öz yaşamında başına gələn önəmli olaylardan danışır və gözlənilmədən veriliş kəsilir, yaxud dalğa pozulduğundan, danışığın ardını dinləmək olmur. Beləcə, dinləyici onların sonrakı taleyindən xəbər ala bilmir”.
Obrazların adı yoxdur. Hər üçünün yaşı 20-dən az olan qadınların əsas istəkləri arzularının arxasınca getmək, müstəqil yaşamaqdır. Lakin ani və düşünülməmiş qərarlar qadınların həyatına zərbələr vurur. Bu yolda onların qarşısına əngəllər çıxır, gözlənilməz hadisələr planlarını dəyişir.
Yazıçının dili, təhkiyəsi o qədər rəvan və axıcı verilib ki, oxucu özünü romanın bir qəhrəmanı kimi hiss edir. Roman həm də bir növ müəllifin uşaqlıq xəyallarının sərlövhəsidir. Fransanın şəhərləri, Parisin məşhur küçələri, kübar fransızların toplaşdığı restoranlar, şəhərin keçmiş merto stansiyalarının adları obrazların adından daha çoxdur. Ona görə də Fransa, xüsusən İkinci Dünya müharibəsindən sonrakı Parisin nəcib tablosuna tamaşa etmək istəyənlərə romanı oxumağı tövsiyə edirik.
Mənbə: http://muallim.edu.az