Beləliklə, biz söhbətin ikinci hissəsinə gəlib çatdıq. Alman nasizmi unikal idi. Biz Frankonun hiper-katolik falangizmini nasizm adlandıra bilmərik, çünki nasizm öz dərin bütpərəstliyi, politeizmi və anti-xristianlığı ilə seçilirdi - əks halda o, nasizm olmazdı. Amma faşizm termini ilə fərqli ladlarda oynamaq olur. “Faşizm” sözünün başına gələnlər Vitgenşteynin (Lüdviq Vitgenşteyn (Ludwig Wittgenstein; 1889–1951) Avstriya filosofu, daha çox məntiq, riyaziyyatın fəlsəfəsi və dil üzrəində araşdırma aparıb) fikrincə “oyun” sözünün başına gələnlərlə oxşardır. Oyun həm yarışma tipində ola bilər, həm də yox; bir insan və ya bir neçə insan tərəfindən oynanıla bilər; bilik və bacarıq tələb edə də bilər, etməyə də; pul üçün oynanıla bilər, ya da havayı. Oyunlar – müxtəlif növ fəaliyyətlərin seriyası olub aralarındakı oxşarlıq çox nisbidir.
1 | 2 | 3 | 4 |
abc | bcd | cde | def |
Fərz edək ki, qarşımızda siyasi qruplaşmaların seçimi var. Birinci qruplaşma abc, ikinci qruplaşma bcd, üçüncü qruplaşma cde, dördüncü qruplaşma isə def xarakterlərinə sahibdir. İkinci qruplaşma birinciyə bənzəyir, çünki iki oxşar xüsusiyyəti var. Eyni səbəbdən dördüncü üçüncüyə, üçüncü də ikinciyə bənzəyir. Üçüncü qruplaşma birinciyə də bənzəyir – onların bir ortaq xüsusiyyəti var. Amma burada maraqlı bir hal da var. Dördüncü qruplaşma üçüncü və ikinciyə bənzəsə də, birinci qruplaşma ilə heç bir oxşar xüsusiyyəti yoxdur. Bununla belə, birinci qruplaşmadan dördüncü qruplaşmaya keçidin davamlılığı və hamarlığı səbəbindən birinci və dördüncü qruplaşmalar arasında oxşarlıq illüziyası yaranır.
“Faşizm” termini ona görə hər yerdə işlənir ki, İtaliya faşizmindən bir və ya bir neçə xüsusiyyəti çıxsaq, o, yenə də faşizm olaraq qalacaq. İtaliya faşizmindən imperializmi çıxsaq Franko ya Salazar (Antoniu di Oliveyra Salazar (António de Oliveira Salazar; 1889—1970) — portuqal dövlət və siyasi xadimi, 1932-1968-ci illərdə Portuqaliyanın diktatoru) alınacaq. Kolonializmi çıxsaq – Balkan faşizmi. Radikal antikapitalizmi əlavə etsək Ezra Paundu (Ezra Praund; 1885-1972)-amerikan şairi, uzun müddət İtaliyada yaşayıb. Müharibə zamanı Mussolini rejimi və faşizmi müdafiə edirdi) görürük. Kelt mifologiyası və Qraal kultunu (Müqəddəs Qraal – ilk öncə Kral Artur əfsanələri ilə bağlı olan müqəddəs yemək qabı, daha sonra – xristianlıqda İsa Məsihin son naharında işlənən və ya İsanın qanının toplandığı qab) əlavə etsək - ən hörmətli faşist quru Yulius Evola (Julius Evola-əsl adı Baron Giulio Cesare Andrea Evola; 1898-1974- italyan mühafizəkar filosofu və ezoteriki, İtaliyada yeni sağların mənəvi atası. Sağlığında italyan faşizminin tənqidçilərindən idi) alınır.
Amma bütün bu qeyri-səlisliyə baxmayaraq, məncə əbədi faşizmin – mən onu ur-faşizm adlandırıram – səciyyəvi xüsusiyyətlərini müəyyən etmək mümkündür. Bu xüsusiyyətlər sistematik deyil; bir çoxu bir-birinə ziddir; bəziləri həm də digər despotizm və fanatizm növlərinin xarakterik atributudur. Lakin bu xüsusiyyətlərdən birinin olması kifayətdir ki, onun ətrafında faşizm dumanlığı qatılaşmağa başlasın.
1. Ur-faşizmin ilk xüsusiyyəti ənənələr kultudur. Əslində tradisionalizm - ənənəçilik faşizmdən daha qədimdir. O, hələ Fransa inqilabından sonra dominant olan əksinqilabi katolik düşüncənin xüsusiyyəti idi, amma kökləri qədim Yunanıstana qədər uzanır.
Tradisionalizm klassik yunan rasionalizminə cavab olaraq son ellin dövründə ortaya çıxmışdı. Aralıq dənizi hövzəsinin müxtəlif dinlərdən olan xalqları bəşəriyyətin erkən çağlarında göndərilən vəhyləri axtarırdı. Ənənəçi mistisizmə görə ta qədim zamanlardan bu vəhylər unudulmuş dillərin altında – Misir heroqliflərində, Kelt runlarında, Ön Asiya dinlərinin əlyazmalarında gizlənirdi. Bu yeni kültür qaçılmaz olaraq sinkretik idi. Sinkretizm – lüğətlərin dediyi kimi sadəcə inanc və təcrübələrin müxtəlif formalarının birləşməsi deyil. Belə birləşmədə əsas olan xüsusiyyət mövcud ziddiyətlərin nümayişkəranə inkarı, onlara məhəl qoyulmamasıdır. Bütün ismarıclar hansısa müdrikliyi ehtiva edir və əgər onların bəziləri bir-birinə zidd gəlirsə, ya uyğun deyilsə, bunun heç bir qorxusu yoxdur. Çünki onların hamısı ilkin vəhylərdəki başlanğıc həqiqətə allüziya edir, onun alleqoriyası, surətidir.
Buradan ortaya çıxan digər vacib nəticə odur ki, elm və biliklərin inkişafı da mümkün deyil. Həqiqət artıq bir dəfə və əbədilik bəyan edilib. Onun dumanlı mətnini sadəcə şərh etmək lazımdır. İstənilən faşist hərəkatın universitet proqramına baxsaq tradisionalist mütəfəkkirləri görərik. Nasizmin qnozisi – “ruhani bilikləri” tradisionalist, sinkretik, okkult mənbələrdən qidalanırdı. Yeni İtaliya sağlarının ən əhəmiyyətli nəzəri mənbəyi Yulius Evola əlkimyanı “Müqəddəs Roman İmperiyası” ilə, Qraalı isə “Sion müdriklərinin protokolları” ilə qarışdırır. Dünyagörüşlərinin genişliyini sübut etmək üçün İtaliya sağlarının bir qisminin son zamanlar Jozef de Mestr (Joseph de Maistre; 1753-1821)-İtaliyanın Savoya əyalətindən yazıçı, filosof və diplomat, əks-maarifçiliyin əhəmiyyətli fiqurlarından biri, monorxiya və papalığın tərəfdarı), Genon (Renen Genon və ya Şeyx Əbdülvahid Yəhya (Rene Guenon; 1886-1951)-fransız intellektualı, metafizika, tradisionalizm sahəsində məşhur filosof) və hətta Qramşiyə apelyasiyası faktı özü müthiş sinkretizm nümunəsidir. Amerikan kitab dükanlarının “Yeni Əsr” sərlövhəli rəflərinə baxsanız, orada hətta Müqəddəs Avqustini (Müqəddəs Avqustin (Aurelius Augustinus Hipponensis; 13 noyabr 354, Taqast-28 avqust 430, Hippon) — xristian ilahiyyatçısı, neoplatonik, filosof-mistik, "Kilsə atası") də tapa bilərsiniz. Mən bildiyim qədəri ilə Avqustin faşist olmayıb, ancaq Avqustinlə Stonheci (Stounhec (Stonehedge) – İngiltərədə neolit və bürünc dövrünə aid tarixi abidə, haqqında mistik əhvalatlar dolaşmaqdadır) bir araya gətirmək – bu, artıq ur-faşizmin simptomudur.
2. Ənənəçilik qaçılmaz olaraq modernizmin rədd edilməsi, inkarı ilə nəticələnir. Həm italyan faşistləri, həm də alman nasistləri ilk baxışdan texnikaya valeh idilər; tradisionalist mütəfəkkirlər isə daim texnikanı lənətləyir, onda mənəvi dəyərlərin inkarını görürdülər. Əslində nasizm də öz sənayeləşməsinin ancaq zahiri əlamətləri ilə fəxr edirdi. Onun ideologiyasının dərinliyində Blut und Boden – qan və torpaq nəzəriyyəsi yatırdı. Müasir dünyanın inkarı kapitalizm gerçəkliyinin inkarı kimi təqdim edilirdi. Bu, həm də 1789 ruhunun – maarifçilik ruhunun inkarı idi. Ağıl əsri – rasionalizm dövrü müasir pozğunluğun başlanğıcı kimi görülürdü. Ona görə də ur-faşizm həm də irrasionalizm kimi görülə bilər.
3. İrrasionalizm “hərəkət naminə hərəkət” kultu ilə sıx bağlıdır. Hərəkət özü özlüyündə gözəldir, ona görə də düşünmədən və düşüncə xaricində həyata keçirilir. Düşünmək – cəsarətsiz işdir. Mədəniyyət – tənqidi münasibətin potensial daşıyıcısı kimi şübhə ilə qarşılanır. İntellektual dünyaya inamsızlıq hər zaman ur-faşizmin simptomu olub. Gerinqin (Herman Göring; 1893-1946-alman siyasətçi; Nasist Partiyasının banilərindən və rəhbərlərindən biri, Gestaponun yaradıcısı) məşhur deyimindən (“Hər dəfə mədəniyyət sözünü eşidəndə pisFtoletə əl atıram”) tutmuş “pozğun intellektuallar”, “yumurtabaşlar”, “əziz-avara snoblar”, “universitetlər – qırmızıların yuvası” kimi – hamısının səbəbi budur. Rəsmi faşist intellektuallarının əsas işi müasir mədəniyyəti və liberal intellektualları çoxəsrlik dəyərlərdən qopmaqda ittiham etmək idi.
4. Sinkretizmin heç bir forması analitik tənqidə dözümlü deyil. Tənqidi ruh fərqləndirir, fərqləndirmək isə modernizmin əlamətidir. Müasir mədəniyyətdə elm icması elmin inkişafının yolu kimi mübahisələri, fərqli-fikirliliyi alqışlayır, ur-faşizm üçün isə razılaşmamaq – xəyanət etməkdir.
5. Razılaşmamaq həm də müxtəlifliyin əlamətidir. Ur-faşizm fərqlilikdən doğan təbii qorxuları şişirtmək və istismar etməklə güclənir və konsensuslar yaradır. Faşist hərəkatların, hələ qeyri-yetkin faşizmin ən birinci şüarı yadlara qarşı ünvanlanır. Beləliklə, ur-faşizm mahiyyət olaraq irqçidir.
6. Ur-faşizm fərdi və ya sosial frustrasiyadan – iflasdan doğur. Ona görə də bütün tarixi faşist hərəkatlarının əsas dayağı xəyal qırıqlığı yaşayan, pərişan orta sinif – iqtisadi və ya siyasi böhran nəticəsində zərər görmüş qüvvələr, qıcıqlanmış aşağıların qarşısında qorxu keçirən yuxarılar idi. Bizim zamanımızda – köhnə işçi sinfinin xırda burjuaziyaya çevrildiyi, lümpenlərin isə siyasi səhnədən kənarlaşdırıldığı məqamda gələcəyin faşizmi bu yeni çoxluqda özünə auditoriya tapacaq.
7. Aydın sosial kimlikdən məhrum insanlara ur-faşizm deyir ki, onların yeganə imtiyazı müəyyən bir ölkədə anadan olmalarıdır. Millətçilik belə yaranır. Bundan əlavə, millətə kimlik verə bilən yeganə qüvvə onun düşmənləridir. Ona görə də ur-faşizm psixologiyasının əsasında qəsd nəzəriyyələrinə möhkəm bağlılıq yatır. Bu qəsd beynəlxalq mahiyyətli olsa daha yaxşıdır. Faşizmin ardıcılları özünü mühasirədə hiss etməlidir. Bu qəsdi həll etməyin, gizli planları pozmağın ən asan yolu ksenofobiyaya çağırışdır. Amma ölkənin daxilində də qəsdlər olmalıdır: yəhudilər adətən belə qəsd nəzəriyyələrinin obyekti olur, çünki onlar həm yerli, həm də əcnəbidirlər.
8. Faşizmin ardıcılları öz düşmənlərinin gücü və zənginliyinin zahiri nümayişi ilə təhqir olunmalıdır, özünü aşağılanmış hiss etməlidir. Uşaqlığımda məni öyrədirdilər ki, ingilislər gündə beş dəfə xörək yeyir və bu, kasıb, ancaq ayıq italiyalıların yeməyindən çoxdur. Yəhudilər varlıdır və biri-birinə gizli şəbəkələri vasitəsilə dayaq olurlar. Amma ardıcıllar həm də inanmalıdırlar ki, onlar düşmənlərinə qalib gələcəklər. Ur-faşizm vurğunu tez-tez dəyişməklə düşmənləri gah güclü, gah da zəif təsvir edir. Faşist hökumətləri müharibələri həmişə uduzmağa məhkumdurlar, çünki düşmənin gücünü obyektiv dəyərləndirmək qabiliyyətində deyillər.
9. Ur-faşizm üçün həyat uğrunda mübarizə yoxdur, həyat – mübarizə üçün mövcuddur. Deməli, pasifizm – düşmənlə əlbir olmaqdır. Pasifizm pisdir, çünki həyat permanent müharibədir. Bu da “Qiyamət günü kompleksi” doğurur. Düşmənlər məğlub edilməlidir, deməli yekun döyüş olmalıdır. Yekun döyüşdən sonra hərəkat bütün dünyanı nəzarət altına alacaq. Amma bu formada “yekun həll” əbədi sülh dövrü - Qızıl Çağın gələcəyini ehtiva etdiyindən permanent müharibə prinsipinə ziddir. Heç bir faşist lideri bu paradoksu həll etmək iqtidarında olmayıb.
10. Əgər mürtəce ideologiya fundamental olaraq aristokratiyadan qaynaqlanırsa, onun bir xüsusiyyəti də elitizmdir. Tarix boyu aristokratik və militarist elitizmin bütün formaları zəif olana qarşı nifrət aşılayıb. Ur-faşizm də populist elitizmi təbliğ etmədən mövcud ola bilməz. Hər bir fərd dünyanın ən yaxşı xalqına daxildir, partiya üzvləri ən yaxşı vətəndaşlardır və bütün vətəndaşlar partiya üzvü ola bilər (yaxud olmalıdır). Amma plebeylər olmadan patrisilər də olmur. Rəhbər öz hakimiyyətini demokratik yolla almadığını, güclə zəbt etdiyini yaxşı bilir; o, həm də bilir ki, hakimiyyətinin mənbəyi xalq kütlələrinin zəifliyidir və xalq o qədər zəifdir ki, ağaya ehtiyacı var. Bu hakimiyyət də hərbi sistemdə olduğu kimi iyerarxik formada təşkil olunduğundan, hər bilvasitə rəhbər öz tabeliyindəkilərə xor baxır, onlar da öz növbəsində daha aşağılara nifrət edirlər. Bütün bu “aşağı baxmalar” sistemdə kütləvi elitizmi bərqərar edir.
11. Hamı və hər kəs qəhrəman kimi yetişdirilir. Bütün mifologiyalarda qəhrəmanlıq istisna hallardır, ur-faşizm ideologiyasında isə qəhrəmanlıq normadır. Qəhrəmanlıq kultu ölüm kultu ilə sıx bağlıdır. Falangistlərin şüarının Viva la Muerte! (Yaşasın ölüm!) olması təsadüfi deyildi. Qeyri-faşist cəmiyyətlərdə, obıvatellərə aşılanır ki, ölüm – xoş olmayan, amma qaçılmaz perspektivdir, onu ləyaqətlə qarşılamaq lazımdır; dindarlar üçün ölüm – fövqəltəbii xoşbəxtliyə nail olmağın əzablı yoludur. Ur-faşist qəhrəman isə, əksinə, qəhrəmancasına ölməyə can atır. Qəhrəman ölümü qəhrəman həyatının ən yaxşı mükafatıdır. Ur-faşist qəhrəman ölmək üçün səbirsizlik göstərir və bu səbirsizlikdə tez-tez digər insanları öz əvəzinə ölümə göndərir.
12. Həm permanent müharibə, həm də qəhrəmanlıq çətin oyunlar olduğundan ur-faşizm öz hakimiyyət hərisliyini seksual münasibətlərə proyeksiya edir. Machismo - kişilik kultu buradan qaynaqlanır. Kişilik kultu həm də qadınların aşağılanması, bakirlikdən homoseksuallığa kimi bütün qeyri-ənənəvi cinsi vərdişlərin təqibi deməkdir. Seks özü də çətin oyun olduğundan ur-faşist qəhrəman ifrat dərəcədə silahlara meyl salır. Bu silahlar fallosun erzatsıdır Erzats (almanca erzatz) – nəyinsə əvəzləyicisi, imitasiyası, daha pis, daha aşağı surəti). Ur-faşist qəhrəmanın müharibə oyunları onun permanent penis həsədinin nəticəsidir.
13. Ur-faşizm selektiv populizmə – ya da keyfiyyət populizminə əsaslanır. Demokratik ölkədə vətəndaşların fərdi hüquqları var, amma vətəndaşların cəm halında siyasi təsiri ancaq kəmiyyət nöqteyi-nəzərindən olur – azlıq çoxluğun qərarlarına tabedir. Ur-faşizm isə fərdlərin heç bir hüququnu qəbul etmir və xalqı kəmiyyət yox, keyfiyyət olaraq görür. Xalq – Ümumi İradəni ifadə edən monolit varlıqdır. Gerçəklikdə böyük insan qruplarının ümumi iradə ifadə etməsi mümkün olmadığından, güya Rəhbər özü xalqın ümumi iradəsini interpretasiya edir. Vəkalət etmək hüququndan məhrum olan vətəndaşlar heç bir fəaliyyət göstərə bilmirlər. Onları yalnız Xalq rolunu oynamağa çağırırlar. Beləliklə, Xalq – teatr rekvizitinə çevrilir. Keyfiyyət populizmi üçün artıq Nürnberq stadionuna, ya da Romanın mərkəzi meydanına ehtiyac qalmır. Yaxın gələcəyin keyfiyyət populizmi televiziya və İnternetdədir. Bir qrup vətəndaşın emosional davranışını çox rahatlıqla Xalqın Səsi olaraq təqdim etmək və qəbul etmək olacaq.
Məhz öz keyfiyyət populizmi səbəbindən ur-faşizm həmişə “çürük” parlament demokratiyasına qarşı çıxmalıdır. “Mən bu boz və mənasız yeri öz cavanlarım üçün təlim düşərgəsi edərdim” – Mussolininin İtaliya parlamentində işlətdiyi ilk cümlələrdən biri bu idi. Sonralar Mussolini öz cavanlarına daha yaxşı yer tapsa da, parlamenti yenə də ləğv etdi. Siyasətçi parlamentin legitimliyini şübhə altına qoyub, onun güya xalqın səsini təmsil etmədiyini iddia edəndə, bilin ki, ur-faşizmin quyruğu görünür.
14. Ur-faşizm Yenidildə danışır. Yenidil – Corc Oruell tərəfindən “1984” romanında ingsosun – ingilis sosializmin dili kimi uydurulub, amma urfaşizmin elementləri fərqli diktatura formaları üçün ortaqdır. Bütün nasist və faşist dərslikləri kasıb söz ehtiyatından, elementar sintaktikadan istifadə edirdilər. Məqsəd – mürəkkəb və tənqidi düşüncəyə imkan yaradan alətləri məhdudlaşdırmaq idi. Yenidilin yeni növləri populyar tok-şouların məsum formasını alsalar da, biz onları müəyyən etməyə həmişə hazır olmalıyıq.
Beləliklə, ur-faşizmin fərqli arxetiplərini sadalayıb bitirdikdən sonra sizə əvvəldə söz verdiyim əhvalatı danışım.
1943-cü ilin 27 iyul səhəri mənə dedilər ki, radioya görə faşizm süqut edib və Mussolini həbs olunub. Anam məni qəzet almağa göndərdi. Ən yaxın köşkdə gördüyüm qəzetlərin adları fərqli və yeni idi. Başlıqları gördükdən sonra isə anladım ki, onlar hamısı müxtəlif şeylər yazıblar. Mən təsadüfi bir qəzet aldım və ilk səhifəsinə baxdım – orada beş ya altı partiyanın imzaladığı bəyanatın mətni var idi. Onların arasında Xristian partiyası, Kommunist partiyası, Sosialist partiyası, Fəaliyyət partiyası və Liberal partiya var idi. O məqama qədər mən düşünürdüm ki, dünyada hər ölkədə ancaq bir partiya var və İtaliyada bu, Milli Faşist Partiyasıdır. Mən öz ölkəmdə eyni vaxtda bu qədər fərqli partiyanın olmasının mümkünlüyünü kəşf edirdim. Bundan başqa, mən ağıllı oğlan olduğumdan dərhal anladım ki, bu partiyalar bir gecəyə yarana bilməz. Deməli, onlar əvvəllər də, amma gizli mövcud olub.
Bəyanat diktaturanın sonu və azadlıqların qayıtmasını elan edirdi – söz azadlığı, mətbuat azadlığı, siyasi birləşmə azadlığı. Aman allah, mən “azadlıq” və “diktatura” sözlərini hələ ömrümdə oxumamışdım. Bu sözlərin təsiri ilə mən azad Qərb insanı kimi yenidən doğuldum.
Biz ona nail olmalıyıq ki, bu sözlərin mənası bir də heç zaman unudulmasın. Ur-faşizm hələ də mülki geyimlərdə bizim ətrafımızdadır. Əgər kimsə dünyaya üzünü tutub desəydi ki, “mən Osvensimi (Osvensim - Auşvits (Auschwitz) - indiki Polşanın cənubunda nasistlərin yaratdığı 48 konsentrasiya və ölüm düşərgəsindən ibarət düşərgələr şəbəkəsi. Osvensimdə 1,3 milyon-dan çox insan qətlə yetirilib) yenidən açmaq istəyirəm, Qaraköynəklilərin İtaliya küçələrində paradını keçirmək istəyirəm”, bunun qarşısını almaq bizim üçün çox asan olardı. Amma həyat o qədər də sadə deyil. Ur-faşizm təğyiri-libas olub yenidən qayıda bilər. Bizim borcumuz hər gün dünyanın hər yerində onun maskasını yırtmaq və yeni formalarını ifşa etməkdir. Mən bir daha Ruzveltə sözü verirəm: “Mən cürət edib deyirəm ki, əgər Amerika demokratiyası canlı qüvvə kimi tərəqqi etməkdən, öz vətəndaşlarının şəraitini dinc vasitələrlə, gecə və gündüz yaxşılaşdırmaq vaz keçsəydi, bizim ölkəmizdə faşizm boy atardı” (4 noyabr 1938). Azadlıq və azad olmaq – intəhasız tapşırıqdır, sonu olmayan missiyadır. Qoy bizim şüarımız da elə bu olsun: “Heç zaman unutma.”
Və sonda mən Franko Fortininin (Franco Fortini - italyan marksist intellektual, esseist, tənqidçi, tərcüməçi və şair Franko Lattesin təxəllüsü-Franco Lattes; 1917-1994) bir şeiri ilə yekunlaşdırmaq istəyirəm:
Körpülərin sürahilərində
Edam edilənlərin kəllələri
Fəvvarələrin sularında
Edam edilənlərin tüpürcəkləri.
Bazar meydanının daş döşəməsində
Güllələnən insanların dırnaqları
Çəmənliyin quru çayırlarında
Güllələnən insanlarınn dişləri.
Havanı dişləyən, daşları dişləyən
Bizim bədənimiz artıq insan bədəni deyil
Havanı dişləyən, daşları dişləyən
Bizim ürəyimiz artıq insan ürəyi deyil.
Amma biz ölənlərin gözlərini oxuduq
Azadlığı bu torpağa gətirəcəyik
Və ölənlərin yumruğunda möhkəm sıxılmış
Ədaləti bu torpağa gətirəcəyik.