Tərcümə etdi: Əli Novruzov
1942-ci ildə, 10 yaşımda mən italiyalı faşist məktəblilər arasında (yəni bütün italiyalı məktəblilər arasında) keçirilən könüllü və həm də məcburi Ludi Juveniles olimpiadasında birinci yerin qalibi oldum. Mən ritorik məharətlə “İtaliyanın əbədi taleyi və Mussolininin şöhrəti uğrunda ölməliyikmi?” mövzusunda öz bacarığımı göstərdim. Mən sübut etdim ki, biz ölməliyik. Mən ağıllı oğlan idim.
Daha sonra, 1943-cü ildə “azadlıq” sözünün mənası mənə aydın oldu. Bu yazının sonunda necəsini izah edəcəyəm. O an “azadlıq” hələ “azad olmaq” mənasını vermirdi.
Uşaqlığımın iki ili belə keçmişdi - ətrafımda nasistlər, faşistlər və partizanlar biri-birinə atəş açırdı, mən isə güllələrdən yayınmağı öyrənirdim. Deyim ki, çox lazımlı vərdişdir.
1945-ci ilin aprelində partizanlar Milanı ələ keçirdilər. İki gün sonra onlar bizim şəhərciyi də tutdular. Bax, əsl bayram onda idi. Mərkəzi meydanda vətəndaşlar toplaşmışdı – mahnı oxuyurdular, bayraqları yelləyirdilər. İnsanlar tez-tez partizan dəstəsinin komandiri Mimmonu çağırırdılar. Keşmişdə karabiner (İtaliyada hərbi polis, jandarm) çavuşu olan Mimmo sonradan Marşal Badolyonun tərəfinə keçmiş, ilk döyüşlərin birində ayağını itirmişdi. O, bələdiyyənin eyvanına çıxdı, rəngi ağarmışdı. Bir əli ilə qoltuqağacına söykənib, o biri əliylə camaatı sakitləşdirməyə çalışırdı. Mən də hamı kimi təntənəli nitq gözləyirdim – bütün mənim uşaqlığım Mussolininin əzəmətli tarixi çıxışlarının atmosferində keçmişdi, məktəbdə onun nitqlərinin ən təsirli yerlərini əzbərdən öyrənirdik. Meydana sükut çökürdü. Mimmo xırıltılı səsi ilə nə isə danışırdı, demək olar ki, eşitmək olmurdu: “Vətəndaşlar, dostlar. Uzun məşəqqətlərdən sonra... biz buradayıq. Azadlıq uğrunda şəhid olanlara əbədi şöhrət.” Və bununla da çıxış bitdi. O arxasını çevirib getdi. Camaat sevinc içində çığırmağa başladı. Partizanlar silahlarını silkələyir, göyə atəş açırdılar. Biz, oğlanlar, güllələrin gilizlərini toplamağa başladıq – onlar dəyərli kolleksiya eksponatları idi. O gün mən anladım ki, söz azadlığı həm də təntənəli nitqlərdən azad olmaq deməkdir.
Bir neçə gündən sonra ilk amerikalı əsgərlər gözə dəydi. Onlar qaralar idi. Mənim ilk “yanki” tanışım Cozef də qaradərili idi. O, məni Dik Treysi və Lil Ebnerin (ABŞ-da dərc olunan populyar komikslər) əsrarəngiz dünyası ilə tanış etdi. Onun komiks kitabçaları çoxrəngli idi və gözəl qoxuyurdu.
Zabitlərdən birini – o, ya mayor Maddi idi, ya kapitan Maddi – iki məktəb yoldaşımın valideynləri öz villalarına qonaq çağırmışdılar. Bizim nəcib xanımlar əllərində toxuma milləri, bağçada oturub təxmini fransız dilində danışırdılar. Kapitan Maddi də yaxşı təhsil almışdı və fransız dilini babat bilirdi. Mənim xilaskar amerikanlar haqqında ilk təəssüratım belə formalaşdı – adət etdiyimiz o qədər qaraköynəkli bəyaz simalardan (İtaliyada faşistlər qara köynək geyirdilər, buna görə də onları “qaraköynəklilər” adlandırırdılar) sonra qəfildən sarı-yaşıl mundirdə intellektual qaradərili və o fransızca deyirdi: “Oui, merci beaucoup, Madame, moi aussi j’aime le champagne…” (“Bəli, çox sağ olun, madam, mən də şampan şərabını çox sevirəm…”-fransızca).Təəssüf ki, şampan şərabı əslində yox idi, amma mənə ilk saqqızımı kapitan Maddi vermişdi. Mən onu xeyli müddət çeynədim və hər gecə su ilə dolu stəkana qoyurdum.
Mayda bizə dedilər ki, müharibə başa çatıb. Dünya mənə çox qəribə göründü. Mənə öyrətmişdilər ki, permanent müharibə hər bir gənc italiyalının normal həyat tərzidir. Sonrakı aylar öyrəndik ki, Müqavimət hərəkatı məhəlli bir şey deyilmiş, Ümumavropa fenomeni imiş. Mən yeni sözlər öyrənirdim - réseau, maquis, armée secrète, Rote Kapelle, Varşava gettosu. (Réseau – fransızca “şəbəkə”; maquis – maki, fransız partizanı; armée secrete – fransızca “gizli ordu”, Belçikada faşistlərə qarşı müqavimət hərəkatı; Rote Kapelle – almanca “Qırmızı orkestr”, Avropa ölkələrində fəaliyyət göstərən müstəqil müqavimət qruplarına Gestapo tərəfindən verilən ad; Varşava gettosu – nasistlərin Avropada yaratdıqları yəhudi gettolarının ən böyüyü). Mən yəhudilərin soyqırımından – holokostdan ilk şəkilləri gördüm və sözün özündən öncə mənası ilə tanış oldum. Mən bizi nədən azad etdiklərini başa düşdüm.
İtaliyada bu gün bəziləri soruşur ki, Müqavimət hərəkatı hansısa real hərbi rola malik idimi? Mənim nəslim üçün bu sual yersizdir. Biz Müqavimətin mənəvi və psixoloji gücünü dərhal hiss etmişdik. Bizə qürur verən o idi ki, biz, Avropa xalqları əlimizi yanımıza salıb azad edilməyi gözləməmişik. Düşünürəm ki, qanları bahasına bizi azad edən gənc amerikalılar üçün də cəbhə xəttinin arxasında, avropalılar arasında eyni fidiyəni ödəyənlərin olmasını bilmək əhəmiyyətsiz deyildi.
İtaliyada bu gün bəziləri həm də deyir ki, Avropada Müqavimət kommunistlərin uydurmasıdır. Həqiqətən də kommunistlər Müqaviməti öz şəxsi əmlakları kimi istifadə edirdilər, çünki Müqavimətdə mərkəzi rol oynayırdılar. Amma mən qırmızıdan fərqli rənglərdə yaylıq geyən partizanları da xatırlayıram.
Gecələr radioya yaxın əyləşib – pəncərələr bağlanırdı, qaranlıqda radio ətrafındakı balaca yer yeganə işıq və ümid mənbəyinə çevrilirdi – mən “Radio London”un partizanlar üçün yaydığı məlumatlara qulaq asırdım. Məlumatlar dumanlı, amma eyni zamanda poetik olurdu (“Günəş yenə də çıxır”, “Qızılgül açır”). Əksərən bunlar “Franki üçün ismarıclar” olurdu. Kimsə mənə pıçıldamışdı ki, əfsanəvi igidliyə sahib Franki şimal-qərbi İtaliyada ən güclü gizli şəbəkənin rəhbəri idi. Franki mənim qəhrəmanım idi. Bu Franki (əsl adı – Edqardo Sonyo) monarxist və antikommunist idi; müharibədən sonra sağ ekstremist qruplardan birinə qoşulmuşdu və dövlət çevrilişi ittihamı ilə məhkəməyə verilmişdi. Bu nəyisə dəyişirmi? Sonyo mənim uşaqlıq illərimin oriyentiri olaraq qalır. İtaliyanın azad edilməsi – bütün siyasi rənglərdən olan insanlar üçün ümumi iş idi.
Bu gün həm də deyirlər ki, İtaliyanın azadlığı uğrunda müharibə millətin faciəvi şəkildə ikiyə bölünməsinə gətirib çıxarmışdı və bizə milli barışıq lazımdır. O dəhşətli illər haqqında xatirələri yaddaşlardan sıxışdırıb çıxarmaq, refoulée, verdrängt etmək, unutmaq lazımdır. Amma Verdrängung nevroz yaradır Verdrängung və ondan yaranmış refoulée, verdrängt – sıxışdırma, şüurdan nəyinsə bilərəkdən sıxışdırılıb çıxarılması, psixoanalizin terminləridir). Əgər barışıq – öz savaşını öz bildiyi kimi insafla aparan hər kəsə anlayışla yanaşmaq, mərhəmət və hörmət etmək deməkdirsə, bağışlamaq – heç də unutmaq deyil. Mən hətta qəbul edərəm ki, Eyxman (Otto Adolf Eichman-1906-1962-alman zabiti, Gestaponun əməkdaşı, yəhudilərin soyqırımına görə məsuliyyət daşıyan əsas şəxslərdən biri) söz missiyasına vicdanla inanırdı, amma mən ona deyə bilmərəm ki, “oldu! Əvvəlki kimi davam edin.” Biz baş verənləri gərək həmişə xatırlayaq və təntənəli şəkildə bəyan edək ki, onlar bunu bir daha edə bilməyəcəklər.
Bəs “onlar” kimdir?
Əgər “onlar” deyəndə II Dünya müharibəsindən əvvəl Avropanı idarə edən totalitar dövlətləri nəzərdə tuturuqsa, onda rahat yatmaq olar. Onlar yeni fərqli tarixi şəraitdə eyni formada qayıda bilməyəcəklər. Mussolini faşizmi xarizmatik lider kultundan, korporativizmdən (Korporativizm – cəmiyyətin əsas özəyini fərdlərin yox, sosial qrupların təşkil etdiyini iddia edən siyasi nəzəriyyə. Faşistlər tərəfindən individualizmə və sinfi mübarizəyə qarşı qoyulurdu), Qədim Roma utopiyasından, yeni torpaqlar ələ keçirmək məqsədi güdən imperialist iradədən, daim qızışdırılan millətçilikdən, qara köynək geydirib ölkəni iki-iki sıraya düzməkdən, parlament demokratiyasının inkarından, antisemitizmdən ibarət idi. Ona görə də mən inanıram ki, İtaliya Sosial Hərəkatının qalıqlarından əmələ gələn indiki “Milli Alyans” nə qədər sağ qüvvə olsa da, bizim əvvəlki faşizm ilə bağlı deyil. Mən Avropanın hər yerində, xüsusən də Rusiyada baş qaldıran neofaşist hərəkatlardan nə qədər narahat olsam da, elə eyni məntiqlə düşünürəm ki, alman nasizmi öz ilkin formasında bir daha xalq hərəkatlarına çevrilə bilməyəcək.
Siyasi rejimlər yıxılır, siyasi ideologiyalar isə tənqidə və inkara məruz qalır. Bununla bərabər, hər bir rejim və onun ideologiyasının arxasında yenə də hansısa bir düşüncə tərzi, dünyagörüşü, eləcə də mədəni vərdişlərin, qaranlıq və anlaşılmaz instinktlərin və impulsların məcmusu dayanır. Bu nədən xəbər verir? Avropada yenə də hansısa kabus dolaşmaqdadırmı? (Hələ dünyanın başqa qitələrini demirəm.)
İonesko (Ejen İonesko (Eugène Ionesco; 1909-1994) - rumın mənşəli fransız dramaturqu, absurd teatrın banilərindən biri) deyirdi: “Vacib olan sözlərdir, qalan hər şey boş küydür.” Çox zaman linqvistik vərdişlər ifadə oluna bilməyən hisslərin əhəmiyyətli simptomları olur. Ona görə də icazə verin soruşum – niyə yalnız İtaliya Müqaviməti yox, həm də bütün II Dünya müharibəsi faşizm əleyhinə mübarizə kimi səciyyələnir? Axı əslində faşizm ancaq İtaliya ilə assosiasiya edilməlidir. Amma siz Heminqueyin “Əcəl zəngi”ni oxuyanda görəcəksiniz ki, Robert Cordan öz düşmənlərini faşistlər adlandırır, halbuki onlar ispan falangistləri (ispan faşistləri, İspaniya vətəndaş müharibəsində general Frankonun əsas tərəfdarları, 1933-cü ildə Primo de Rivyera tərəfindən yaradılmış və Franko dövründə İspaniyada hakim partiya olan İspan Falangasının adından götürülür) idi. Ruzveltə (ABŞ prezidenti Franklin Delano Ruzvelt) söz verək: “Amerikan xalqı və onun müttəfiqlərinin qələbəsi faşizm və onun təmsil etdiyi despotizmin ölü əli üzərində qələbə olacaqdır” (23 sentyabr 1944). İspaniyada vətəndaş müharibəsində iştirak edən amerikalıları makkartizm (XX əsrin 40-cı və 50-ci illərində ABŞ-da mövcud olmuş antikommunist siyasi hərəkat kommunistləri və fərqli düşünənləri təqib edən Senator Cozef Makkartinin adından meydana gəlib) zamanında “qeyri-yetkin antifaşistlər” adlandırardılar – yəni 40-cı illərdə Hitlerə qarşı savaşmaq hər bir amerikalının mənəvi borcu idi, amma bir qədər tez, 30-cu illərdə Frankoya qarşı çıxmaq şübhəli əlamətdir, kommunistlərə və digər solçulara məxsusdur. Niyə 30 il sonra Amerikan radikalları onların “dartmaq” vərdişlərini təqdir etməyən polisə “faşist donuzu” deyirdilər? Nə üçün kaqulyar donuzu, falangist donuzu, ustaşi donuzu, kvislinq donuzu, nasist donuzu yox? (Kaqulyar – fransız faşisti; Ustaşi – xorvat faşisti; Kvislinq – norveç faşisti)
Mein Kampf (almanca “Mənim mübarizəm”, Adolf Hitlerin 1925 və 1926-cı illərdə çap etdiyi yarı-avtobioqrafik kitab, alman nasizminin proqram sənədi) bütöv bir siyasi proqramın manifesti idi. Nasizm özündə irqçilik və seçilmiş xalq – ari nəzəriyyələrini, degenerativ incəsənətin dəqiq izahını (entartete Kunst-Degenerativ incəsənət–nasist təbliğatının avanqard və digər modernist incəsənət sahələrinə verdikləri ad; belə incəsənət alman xalqı və ari irqinə qarşı hesab edilirdi), hakimiyyət iradəsinin fəlsəfəsini və üstinsan kultunu ehtiva edirdi. Nasizm qəti olaraq anti-xristian və neopaqanistik idi, necə ki, Stalinin dialektik materializmi (Sovet marksizminin rəsmi versiyası) vulqarcasına materialist və ateist idi. Əgər totalitarizm dedikdə fərdin hər addımının dövlətə və onun ideologiyasına tabe etdirilməsini nəzərdə tuturuqsa, onda həm nasizm, həm də stalinizm əsl totalitar rejimlər idi.
İtaliya faşizmi aydındır ki, diktatura idi, amma o, totalitar deyildi – ona görə yox ki, mülayim idi. Əksinə, bu, onun ideologiyasının fəlsəfi bazasının zəifliyindən irəli gəlirdi. Ümumi rəyin əksinə olaraq deyim ki, İtaliya faşizminin heç bir səciyyəvi fəlsəfəsi yox idi. Trekkani ensiklopediyasında (İtaliyanın milli ensiklopediyası) Mussolininin imzası ilə çıxan “Faşizm” məqaləsi filosof Covanni Centile tərəfindən yazılmış, ya ilhamlanmışdı, amma hegelçiliyin “mütləq və əxlaqi dövlət” ideyasını əks etdirirdi. Mussolini bu ideyanı heç vaxt tam gerçəkləşdirmədi. Çünki Mussolininin fəlsəfəsi yox idi, ancaq natiqliyi var idi. O, başlanğıcda davakar allahsız idi, amma sonra Kilsə ilə konkordat bağladı və faşist bayraqlarını xaç suyuna çəkən yepiskopları bağrına basdı. Əfsanəyə görə hələ antiklerikal vaxtlarında o, Allahdan tələb edirdi ki, əgər mövcuddursa onu yerindəcə ildırımla vursun. Sonralar isə Mussolini öz çıxışlarında tez-tez Allahın adını çəkər, özünü isə “səmanın adamı” adlandırardı.
İtaliya faşizmi Avropa ölkəsində hakimiyyətə gələn ilk sağ diktatura idi və bütün sonrakı hərəkatlar Mussolini rejimində özləri üçün ümumi arxetip tapmışdılar. İlk hərbi mərasimləri, məxsusi folkloru İtaliya faşizmi yaratmışdı, öz qara köynəkləri ilə yeni geyim dəbi gətirmişdi – hətta Armani, Benetton və Versaçi xaricdə heç vaxt bu qədər populyar ola bilməyəcək. Yalnız 30-cu illərdə digər faşist hərəkatları baş qaldırmağa başladı – Moslinin (Osvald Mosli (Sir Oswald Mosley; 1896–1980) - ingilis siyasətçisi, Britaniya Faşist İttifaqının banisi və rəhbəri) rəhbərliyi altında İngiltərədə; eləcə də Latviyada, Estoniyada, Litvada, Polşada, Macarıstanda, Rumıniyada, Bolqarıstanda, Yunanıstanda, Yuqoslaviyada, İspaniyada, Portuqaliyada, Norveçdə, hətta Cənubi Amerikada. Məhz İtaliya faşizmi Avropanın bir çox liberal liderlərini inandırmışdı ki, yeni rejim maraqlı sosial islahatlar keçirir və kommunizm təhlükəsinin qarşısını çıxacaq mötədil inqilabi alternativ təklif edir.
Bununla belə, bu yeganə arqument – tarixi birincilik – mənin fikrimcə “faşizm” sözünün sinekdoxaya (Sinekdoxa və ya pars pro toto – hansısa bütöv fenomenə onun bir hissəsinin adının verilməsi, məsələn, həm nasist, həm faşist, həm falangist, həm də digər oxşar hərəkatlara sadəcə “faşizm” adının verilməsi) çevrilməsini, ən fərqli totalitar hərəkatları tərif etmək üçün pars pro toto olmasını izah etməyə yetərli deyil. İtaliya faşizmi özündən sonrakı totalitar idarəçilik formalarının bütün elementlərini, kvintessensiyasını (mahiyyət, təmiz substansiya, ən ideal model, nümunə) ehtiva edən fenomen deyildi. Əksinə, faşizmdə heç bir kvintessensiya yox idi. Məntiq elminin dili ilə desək, faşizm qeyri-səlis totalitarizm idi – müxtəlif fəlsəfi və siyasi ideyaların kollajı, ziddiyətlərin arı yuvası. İnqilabla monarxiyanı birləşdirən, Kral ordusu ilə Mussolini milisinin birgə mövcud olduğu, Kilsəyə imtiyazlar verib zorakılıq təbliğ edən sekulyar məktəb sistemi quran, total dövlət nəzarəti ilə azad bazarı calaq edən bir hərəkatı təsəvvür edə bilirsinizmi? Faşist partiyası yeni inqilabi düzən gətirməklə lovğalanırdı, amma onu ən mühafizəkar və əksinqilabçı iri torpaq sahibləri maliyələşdirirdi. Başlanğıcda faşizm respublikaçı hərəkat idi, amma sonra öz mövcudluğunun iyirmi ilini kral ailəsinə sədaqətini izhar etməklə keçirdi; Duçe kralla əl-ələ hərəkət edir, ona hətta İmperator titulu təklif edirdi. Kral 1943-cü ildə Mussolinini istefaya göndərəndə isə partiya almanların dəstəyi ilə iki aya yenidən peyda olur – bu dəfə “sosial respublika” bayrağı altında, Yakobin motivlərlə bəzədilmiş köhnə inqilabi ssenarisi ilə.
Alman faşizminin yalnız bir memarlığı və bir faşist incəsənəti mövcud idi. Əgər Albert Şpeyer (Albert Şpeyer (Albert Speer) – Hitlerin şəxsi memarı) alman faşizminin memarı olurdusa, Mis van der Roeyə (Lüdviq Mis van der Roe (Ludwig Mies van der Rohe) və Valter Qropius (Walter Gropius) – XX əsr modernist alman memarları, Bauhaus məktəbinin yaradıcıları və rəhbərləri) Almaniyada yer qalmırdı. Stalin zamanında olduğu kimi: Lamark (Jan-Batist Lamark (Jean-Baptiste Lamarck) – fransız təbiətşünası, təkamül nəzəriyyəsinin ilk müəlliflərindən biri (lamarkizm) həqiqət idisə, Darvin üçün yer yox idi. İtaliyada isə əksinə, memarlar özlərini faşist hesab etsələr də, psevdokolizeylər tikməklə yanaşı Qropiusun modernrasionalizmindən ilhamlanaraq yenilikçi binalar da inşa edirdilər.
İtaliya faşizminin sərt mədəni siyasət formalaşdıracaq öz Jdanovu (Andrey Jdanov (1896-1948) – sovet dövlət və partiya xadimi, general-polkovnik, sosializm realizmi, fəlsəfə və “ideoloji cəbhə” üzrə məsul sovet məmurlarından biri) yox idi. İtaliyada incəsənət sahəsində iki mükafat var idi. Kremona mükafatı fanatik və cahil faşist Roberto Farinaççinin nəzarətində idi. O, incəsənəti propaqanda kimi görürdü (mən belə rəsm əsərlərini xatırlayıram – “Radioda Duçenin çıxına qulaq asarkən”və ya “Faşizmin yaratdığı düşüncə halı”). Berqamo mükafatını isə savadlı və kifayət qədər tolerant faşist Cüzeppe Bottai maliyyələşdirirdi – o isə həm “sənət sənət üçündür” konsepsiyasını, həm də Almaniyada pozğun və kripto-kommunist kimi damğalanacaq avanqardı himayə edirdi.
Bizim milli şairimiz D’Annunsio (Gabriele D Annunzio-1863-1938-italyan yazıçı, şair, dramaturq, dövlət xadimi) sayılırdı. Bu dendini (dendi-özünü aristokratlara bənzətmək üçün xarici görkəminə, danışığına, hərəkətlərinə həddən artıq diqqət ayıran şəxs, XIX əsrdə geniş yayılmış sosial tip. Müasir analoqu – metroseksual) Almaniya və Rusiyada dərhal güllələyərdilər. İtaliyada isə millətçiliyi və qəhrəmanlıq kultuna görə onu rejimin saray şairi elan etmişdilər. (Hərçənd yaradıcılığında ifrat fransız dekadentliyi də var idi).
Məsələn, futurizmi götürək. O da ekspressionizm, kubizm, sürrealizm ilə yanaşı “degenerativ incəsənət” sayılmalı idi. Amma ilk italiyalı futuristlər millətçi idilər, estetik səbəblərdən İtaliyanın I Dünya müharibəsində iştirakını dəstəkləyirdilər, faşist gəncliyin kultuna da daxil olan sürət, zorakılıq və riski alqışlayırdılar. Faşizm Roma İmperiyasını və kənd ənənələrini yenidən kəşf etdiyi bir məqamda avtomobili Samofrakiyalı Nikadan (Samofrakiyalı Nika – Qələbə ilahəsi Nikanı təmsil edən qədim yunan heykəli, hazırda Luvrda saxlanılır) üstün sayan və ay işığını məhv etmək istəyən Martinetti Pyero Martinetti (Piero Martinetti; 1872 – 1943) - italyan filosofu) ay işığına etirazı olmayan Elmlər Akademiyasına üzv seçilmişdi.
Bir çox partizanlar və solçu intellektuallar universitetlərdəki faşist özəklərində yetişmişdilər. Halbuki bu özəklər yeni faşist kültürünün beşiyi kimi yaradılmışdı. Bu klublar həqiqətdə intellektual ideyaların qaynadığı ümumi qazanı xatırladırdı və orada heç vaxt ciddi ideoloji nəzarət olmamışdı – ona görə yox ki, partiya radikal fikirlərə qarşı tolerant idi, sadəcə tələbələrə nəzarət etmək üçün faşistlərin yetərli intellektual səviyyələri çatmırdı.
Bütün bu iyirmi il ərzində ermetiçi cərəyanından Montale (Eucenio Montale (Eugenio Montale; 1896—1981) - italyan şairi, 1975-ci il ədəbiyyat üzrə Nobel mükafatı laureatı) və digər şairlərin yaradıcılığı hakim elitanın dəbdəbəli üslubuna tam əks formada inkişaf edirdi. Ermetiçilərə fil dişindən qüllələrində oturub öz ədəbi etirazlarını bildirməyə imkan yaradılmışdı. Onların əhval-ruhiyyəsi faşizmin optimizm və qəhrəmanlıq kultuna zidd olsa da, rejim onların aşkar, lakin anlaşılmaz fərqli-fikirliliyinə dözürdü. Çünki faşistlər dumanlı ifadələrə çox da fikir vermirdilər.
Bütün bunlar qətiyyən İtaliya faşizminin dözümlü olmasını göstərmir. Faşistlər Qramşini (Antonio Qramşi (Antonio Gramsci; 1891–1937) italyan yazıçı, siyasi nəzəriyyəçi, filosof, sosioloq və dilçi. İtaliya Kommunist Partiyasının yaradıcılarından biri) ölümünə qədər həbsdə saxladılar, Cakomo Matteottini (Cakomo Matteotti (Giacomo Matteotti; 1885–1924) - italyan siyasətçi, sosialist. 1924-cü ilin mayında parlamentdə faşizmi ifşa edən nitqindən sonra oğrulanıb və öldürülüb) və Roselli qardaşlarını (Karlo və Nello Rosselli qardaşları – italyan sosialistləri, tarixçi və siyasətçilər. 1937-ci ilin iyununda Mussolinin göstərişi ilə fransız faşistləri tərəfindən qətlə yetiriliblər) qətlə yetirdilər, söz azadlığını boğdular, həmkarlar ittifaqlarını buraxdılar, siyasi dissidentləri ucqar adalara sürgün etdilər. Qanunverici hakimiyyət təmiz fiksiyaya çevrildi, icra hakimiyyəti həm mətbuata, həm də məhkəmələrə nəzarət edirdi, özü yeni qanunlar qəbul edirdi. Bu qanunların içində ali irqin qorunması haqqında qanun da var idi – İtaliya bu yolla yəhudilərin soyqırımına öz formal dəstəyini vermişdi.
Mənim təsvir etdiyim ziddiyyətli səhnələr dözümlülüyün deyil, siyasi və ideoloji dolaşıqlığın nəticəsi kimi meydana gəlmişdi. Amma bu, səliqəli dolaşıqlıq, strukturlu dağınıqlıq idi. Faşizmin fəlsəfi özəyi olmasa da, emosional baxımdan o, bir sıra arxetipik bünövrələrə bağlı idi.
Ardı var...