Sunay Akın Rəsul Rzadan şeir dedi - MÜSAHİBƏ

Sunay Akın Rəsul Rzadan şeir dedi - MÜSAHİBƏ
16 yanvar 2015
# 14:01

Kulis.Az məşhur türk şairi Sunay Akınla müsahibəni təqdim edir.

- İlk şeirinizin maraqlı tarixçəsi varmış. Danışa bilərsiz?

- Qara dəniz sahilində, göyərtədən baxanda evlərin rəflərə düzülmüş çini qablara oxşadığı Trabzonda dünyaya gəlmişəm. Amma heyf ki, bu gözəl və poetik mənzərə pul qazanmaq ehtirasına qurban getdi və o çini qablar rəflərdən düşüb qırıldı. Məndən bir yaş böyük olan qardaşım məktəbə gedəndə onun stolundan yerə düşən hərfləri yığıb öz-özümə oxumağı və yazmağı öyrəndim. İlk şerimi də yeddi yaşımda, valideynlərimin paltarlarının asıldığı qarderobun içindəki boş asılqana yazmışdım. Bu dörd misralıq şeirdə o boş asılqana “Üşüyürsənmi?” deyə sual etdiyimi xatırlayıram.

- Cemal Süreyanın həyatınızdakı yerini bilirik. Bizə o böyük şairlər tanış olmağınız barədə danışa bilərsizmi? Ölümündən sonra ona şeir də həsr etmişdiz.

- İlk şeirim 1984-cü ildə çap olunub. Cemal Süreya o şeirimi “Milliyet Sanat Dergisi”ndə çap olunan əlavədə dərc etmişdi. O müsahibələrində də mənim haqqımda həmişə nəslimin öndə gələn, istedadlı şairi olduğumu deyib.

Şənbə günləri Kadıköydəki bir kitab mağazasında ədəbiyyat söhbətləri təşkil olunurdu. Onu ilk dəfə orda görmüşdüm... Amma yaxınlaşıb tanış olmaqdan həmişə çəkinirdim. Olduqca xoş insan idi, amma mən özümdə cəsarət tapıb onun yanına gedə bilmirdim. Tanışlığımız da mənim yox, onun mənim yanıma gəlməsi nəticəsində baş tutdu...

Məncə ədəbiyyat dünyasının ən qəribə tanışlıqlarından biridir! 7 Mart 1986-ci ildə tanış olmuşduq. Heç unutmaram. Niyə? Çünki evləndiyim tarixdir! Cemal Süreyaya dəvətnamə göndərmişdim. İnanmazdım ki, toyuma gələr. Bununla belə həyatımda çox önəmli bir yer tutduğu üçün dəvətnamə göndərmişdim...

Həyat yoldaşımla nikah şəhadətnaməsini imzaladıqdan sonra təbrikləri qəbul edirdik. Qarşımızda uzanıb gedən növbənin sonunda Cemal Süreyanı gördüm. Çox qəribəydi. Böyük şair tanış olmaq üçün sırada dayanıb mənə doğru gəlirdi. Daha bir qəribəlik isə həyatımın ilk imza günündə tanış olmağımız idi.

Cemal Süreyanın, o böyük şairin ölümü çox qəfil oldu. Mən də bu gözlənilməz ölümü “Titanik”in batmağına bənzətdim... Bir gəmi batanda xilasedici qayıqlara ilk növbədə uşaqlar və qadınlar mindirildiyi kimi Cemal Süreyanın həyatında da həmişə ilk növbədə uşaqlar və qadınlar olub.

- Şeir Cümhuriyyətini nəhayət yarada bildinizmi? Şeir Cümhuriyyəti müstəqilliyini elan etdimi, yoxsa seçki qutusundan yenə nifrət çıxdı, ədəbiyyat isə qutuda qaldı?

- Çox gözəl sualdır... 1992-ci ildə keçirilən bir tenderdə Qız qülləsini “900 kvadrat metrlik bir tikinti sahəsi” adıyla möhtəkirlərə vermək istəyirdilər. Bu hadisə İstanbulun tarixinin, ağaclarının, sahillərinin, tarixi əsərlərinin talan, məhv edilməsinin daha da sürətlənəcəyinə işarə idi. Mən də mənim kimi düşünən sənət adamları ilə birlikdə Qız qülləsini işğal edərək Boğazdakı o kiçik adacığı Şeir Cümhuriyyəti elan etdim. Məqsədim Qız qülləsini muzey və mədəniyyət mərkəzi etmək idi. Orada şeir, musiqi gecələri, rəsm sərgiləri təşkil edirdik... Ataol Behramoğlu şeir gecələrinin birinə o ərəfədə İstanbulda olan Azəri şairlərini də gətirmişdi. Tədbir qəfildən Azərbaycan dilinin gözəlliyinə, zənginliyinə büründü.

Bu gün Şeir Respublikası çox heyf ki, işğal altındadır. Və mən devrilmiş prezident kimi sürgündə yaşayıram! Ədəbiyyat seçki qutusundan çıxmadı. Bu doğrudur. Amma ümidsiz deyilik, çünki qutunun yerini bilirik!

- Sizin şeirlərinizdə bu gün haqqında, gələcək haqqında yazanda belə həmişə nisgil olur. Sanki köhnə vaxtların kölgəsi misralar arasında dolaşır. Kitablarınızdan birinin də adı “Antik əzablar” adlanır.

- Sivilizasiya adlanan böyük bir şahmat oyunun oyunçularıyıq. Və bu oyunu biz başlamamışıq. Yüz illərdir ki, bu oyun oynanılır... Düzgün gedişlər etmək üçün bizdən əvvəl olan gedişləri diqqətlə nəzərdən keçirməliyik. Bəli, tarixi sevirəm... Amma tarix keçmiş deyil, gələcəkdir! Sabahımızın daha gözəl, daha işıqlı, daha əlverişli etməyəcəyiksə keçmiş nəyimizə gərək. Mənim məqsədim keçmişdə həyata bu gözlərlə baxanların işığını indi olduqları yerlərdən götürərək gələcəyə ötürməkdir. Keçmişlə, tarixlə münasibətim bu cürdür.

- Çox gözəl hekayələriniz var. Birini danışa bilərsizmi?

- Viktor Hüqo deyir: “Şair, mənə yağışdan danışma, yağışı yağdır...” Hekayə danışsam uzun çəkər. Bayaq da Qız qülləsindən bəhs etmişik deyə gəlin Boğazın üzərindən yeriyərək keçən Atilla Hülakini xatırlayaq...

Bu gözəl insan 1964-cü ildə hazırladığı xüsusi ayaqqabılarla İstanbul Boğazının üzərindən yeriyərək bir sahildən o biri sahilə keçmişdi. Tarixdə bunu xəyal edən, o ayaqqabıların eskizini hazırlayan başqa biri də var-Leonardo da Vinçi... Bu məşhur rəssamın xəyalını Atilla Hülaki İstanbulda həyata keçirib, amma İstanbulun bundan xəbəri yoxdur.

- Oyuncaq muzeyi yaratmaqla bir şairlə uşaqlar arasında ortaq şeylərin olduğunumu diqqətə çatdırmaq istəyirsiz? Şairlər həmişə uşaq kimi qalırlarmı?

- İnkişaf etmiş ölkələrdə uşaqlara oyuncağı təxəyyülləri inkişaf etsin deyə alırlar. Digər ölkələrdə isə uşaqlar başlarını qatsınlar deyə onlara oyuncaq verirlər. Oyuncaqları uşaqlarına xəyalları güclənsin deyə alan ölkələr dünyanı idarə etdikləri halda, oyuncağı əhəmiyyətsiz hesab edən, dəyərini başa düşməyən cəmiyyətlər onların qapılarında başlarını qatmağa məhkumdurlar! İstanbul Oyuncaq Muzeyi bu həqiqəti göstərən eksponatlarla doludur. Bəli, şairlər həmişə uşaq qalırlar... Azadlığı əlindən alınan uşağa isə “böyük” deyərlər.

- Sizin Oyuncaq Muzeyi qurulanda Orxan Pamukun Məsumiyyət Muzeyi hələ yox idi. Oyuncaq Muzeyi Türkiyədə bir ədəbiyyatçının qurduğu ilk muzey sayıla bilərmi?

- Orxan Pamuk Məsumiyyət Muzeyini açmaqla ölkəmizdə gözardı edilən muzeyçilik sektoruna çox dəyərli töhfə verdi. Oyuncaq Muzeyi də “Qırdığımız oyuncaq” kitabı sayəsində yaranıb və bu sahədə bir ilk idi. Amma əhəmiyyətli olan qaranlığını üzərinə birlikdə gedərək, daha çox muzey açılmağına birlikdə öncüllük edərək bilik cəmiyyəti olmaq yolunda addımlar atmaqdır.

- Muzey fəaliyyəti, yeni oyuncaqlar almaq üçün hərraclara qatılmaq və başqa işlər... Bundan başqa teatr işləri, araşdırmalar aparmaq, televiziya verilişi hazırlamaq... Bütün bunlara necə vaxt tapırsız?

- Bu da çox gözəl sualdır... Gəlin sizi Türkiyədə mədəniyyət naziri qoyaq... Çünki bu sualı mənə mədəniyyət nazirinin verməyini istəyərdim.

İstanbul Oyuncaq Muzeyinin 10 yaşı var və biz yarandığımız gündən bəri vergi ödəyirik. İstanbulda yüz yaşı olan tarixi binada fəaliyyət göstəririk, işıq, qaz, su pullarını sahibkarlıq fəaliyyətidir deyə çox yüksək məbləğdə ödəyirik! Dünyada gəlir əldə edən muzey yoxdur. Muzeylərin və kitabxanaların məqsədi də pul qazanmaq deyil. Mən bayaq sadaladığınız fəaliyyətlərimdən əldə etdiyim gəlirlərlə bu muzeyi qurmuşam. Hələ də əsərlərimdən əldə etdiyim gəlirlərlə yaşadıram. Nə yaxşı ki, tamaşalarım maraq qazanır, dəvətlər alıram, kitablarım çox oxunur, televiziya verilişim bəyənilir və bunların köməyi sayəsində muzeyimi yaşada bilirəm... Oyuncaq Muzeyini mən yox, oxucularım və izləyicilərimlə birlikdə “biz” yaşadırıq.

- Muzeydə eksponatların yanındakı lövhələrdə olan yazıları da siz yazırsız?

- Bəli, özüm yazıram... Amma muzey barədə Gürol Kutlu da iki maraqlı kitab yazıb. Kutlu bəy, veteran pilotdur və muzeyə çox dəyərli xidmətləri olub. Mənə xeyli işdə kömək edib və bu yükün çoxunu çiynində daşıyır. Ona minnətdaram.

- Şeirlərinizi estetik olaraq necə dəyərləndirirsiz, realist şeirlərdirmi?

- Şeirdə vacib olan misra (Burda müəllif dize (misra) və diz sözləri ilə söz oyunu edib-red.) yox, şeirin diz çökməməsidir. Mən şeirin içində topladığı sözlərdən deyil, xaricində qalan sözlərdən yarandığına inanıram. Şeirdə minimum az söz işlətməklə dərinlik əldə etməyə çalışıram. Şeirimin bir qanadı xəyal, bir qanadı gerçəkdir...

- Doğum gününüz 12 sentyabra (Türkiyədə 12 Sentyabr 1980-ci ildə hərbi çevriliş baş vermişdi-red.) təsadüf etdiyi üçün qeyd etmirsiz. Bu nə zamana qədər davam edəcək?

- Çox heyf ki, doğum günüm olan 12 Sentyabr tarixi 1923-cü il inqilabının ölkəmizə bəxş etdiyi bütün mütərəqqi, çağdaş, demokratik dəyərlərin bir qum saatı kimi tərsinə çevrildiyi andır. Əlbəttə ki, 13 sentyabrdan əvvəl də demokratiya məsələsində bəzi travmalar yaşayırdıq, amma bununla belə cəmiyyət aydınlanma yolunda addımlayırdı. 12 Sentyabrdan sonra möhtəkirlər, müstəmləkəçilərlə əməkdaşlıq edənlər öz maraqlarını güdənlər xalqın etnik və inanc dəyərlərini məhv edərək ölkəni böyük bir uçurumun kənarına sürüklədilər. Heç vaxt doğum günümü qeyd etməyəcəm... Heç vaxt!

- Müsahibələrinizdən birində sizi əsrimizin Don Kixotuna bənzədiblər. Özünüzü dünya ədəbiyyatında hansı qəhrəmana bənzədirsiz?

- İçində yaşadığımız bu illərdə sistemin küləyi ilə fırlanan bir yel dəyirmanı olmaqdansa xəyalları üçün yola çıxan Don Kixot olmaq daha yaxşıdır. Rəsul Rza bir şeirində zooparkdakı ağ filə necə də gözəl səslənir: Neyləyəcəksən uzun ömrü, yerin qəfəs olacaqsa bir əsr!

- Çoxlu araşdırma kitablarınız var. Amma onları akademik üslubla deyil, bədii dillə yazmısız. Araşdırma sahəsinə maraq sizdə necə yarandı?

- Uşaq vaxtı hər həftə qəzet köşklərinə ensiklopediyalar gəlirdi. Mən də onları oxuyurdum. O vaxtlar oxumadığım ensiklopediya qalmamışdı. Məncə araşdırmaya olan marağım belə yaranıb. Bir də əlbəttə Jül Vern... Mən, ilk insanın kosmosa uçduğu illərdə dünyaya gəlmişəm. Uşaqlığım bu barədə xəbərləri eşidərək keçdi. Macəraçı, elmə, biliyə həvəsli olmağım bu cür baş verdi.

- 15 ildir bir nəfərlik tamaşalarınızla səhnəyə çıxırsız. Teatrda tamaşaçı ilə münasibət necədir? Şeir və televiziya verilişindən fərqlidir yəqin.

-Müjdat Gəzənin teatr məktəbində beş il dərs vermişəm. Bu əsnada teatr sənətinin ustalarının dərslərinə də girirdim. Yəni həm müəllim, həm də tələbə idim. Sonralar öyrəndiklərimi səhnədə tətbiq etməyə başladım. Səhnənin gücü və təsiri olduqca fərqlidir. Teatr sənətinin təcrübələrinə, intizamına yiyələnmədən o ipdə müvazinətinizi saxlaya bilməzsiz. Yenə Viktor Hüqoya qayıdaq: səhnədən yağdırdığınız yağışın səsi, görkəmi müzikl və çətirlər kimi rəngarəngdi...

# 2128 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #