Vüqar Van və Orxan Həsəninin fikirləri qeyri-etikdir...

Vüqar Van və Orxan Həsəninin fikirləri qeyri-etikdir...
4 iyun 2025
# 09:00

Kulis.az Ülvi Babasoyun "Bütün sözlər subyektlər və obyektlərin bicbalasıdır" adlı yazısını təqdim edir.

Şərif Ağayarın “Rəng mühəndisi” romanının təqdimatından sonra Hüseyn Cavid parkında minor notlara köklənən major bir poeziya ziyafətindəyik. Səlim Babullaoğlu və Həmid Herisçi şeirlərini səsləndirirlər. Hər iki şairin şeirləri onların səsləri ilə uyum və duyum içindədir. Həmid Herisçi qəfildən replika atır ortaya:

- Xalis ədəbiyyat poeziyadır, proza deyil. Bizdə hamı özündən başqa heç kimi oxumur!

Zahir Əzəmət:

- Heç özlərini də oxumurlar.

Kulisdə keçirilən hekayə müzakirələri ədəbi prosesin dinamikası və keyfiyyətinə bu və ya digər dərəcədə müsbət təsir göstərir. Özünü və başqasını oxuma perspektivləri yaradır. Ancaq bu hal bəzən qeybət, dedi-qodu, replika və atmaca şəklində əks olunur. Ulucay Akif bunu bəzən peşəkar münasibətlərin az olması ilə əlaqələndirir. İstənilən halda, müzakirə ədəbiyyat adına olduqca dəyərlidir. Bəzən müəllifləri və mətnləri gözdən salsa da...

Kulisdə yayımlanan Sahilə Yayanın “Tanya xalanın yumşaq bacarıqları” hekayəsinin müzakirəsində fikirlər birmənalı deyil. Şərif Ağayar və Şəhriyar Del Geraninin fikirləri “tost” xarakteri daşıyır. Vüqar Van və Orxan Həsəninin “Tanya xalanın yumşaq bacarıqları”na münasibətləri havada asılı qalır. Hətta bir qədər qeyri-etik və qeyri-professionaldır.

“Tanya xalanın yumşaq bacarıqları” iddiasız mətndir. Qarşısına yekə-yekə mətləblər, ideyalar qoymayıb. Tanya xalanın fonunda bir məhəllə, məhəllənin obyektivində ölkə, ölkənin panoramında isə müharibə, pasifist mövqe, insan münasibətlərindəki mürəkkəbliyin sadə ifadəsi dayanır. Tanya xalanın özü isə qatı duman içindədir. Və tam görünmür. Bir addım yaxınlıqdan belə seçmək olmur onu. Çünki Tanya xalaların taleyi modern insanı maraqlandırmır. Hərə öz qayğıları və məişət dərdləri ilə əlləşir. Ona görə də göz-gözü görmür.

Saşa kor Dima ilə yumşaq Tanyanın oğludur. Və onun həyatı da, ölümü də olduqca səssizdir. Müəllif də, mətnin özü də sükut və pıçıltı ilə danışır. Bəzən müəllifin səs tonu qalxır və hekayənin temperamenti aşağı düşür. Müəllifin həyat və hadisələr haqqında aforistik düşüncələri araya girir.

Vüqar Van həmin fikir və mülahizələri Şəhriyar Del Geraninin şeirlərindən təsirlənmə kimi qeyd edir. Hətta bir az artıq doza ilə müəllifi təsirlənmədə ittiham edir. Halbuki bir şair və ya yazıçı başqa birinin davamı, tamamlanmayan hissəsi ola bilər. Şəhriyarın darıxmağa dair metaforları Vaqif Səmədoğlu və dünya poeziyasında başqa formatda ifadə edilib. Onda biz deməliyik ki, ondan götürüb? Vacib olan köhnəni yamsılamaq deyil, yeninin estetikasını yaratmağa cəhd göstərməkdir.

Orxan Həsəni isə hekayənin ədəbiyyat adına heç nə ifadə etmədiyini vurğulayır. Ancaq olduqca iddialı və əsassızdır. Çünki Orxan bəy heç nəyin olduğunu əsaslandırmaq üçün hər şeylə ifadə etməli olacaq. Bu ona bənzəyir ki, əsəri oxuyursan və deyirsən ki, mənasız əsərdir. Həmin mənasızlığı məna ilə ifadə etməyə çalışırsan. Jak Derrida deyir ki, gerçək ədəbiyyat nədir? "Bədiilik belə olmalıdır" fikrini kim özündən uydurub. Yəni ən bədii olmayan ifadə olduqca obrazlı ola bilər. Misal üçün, Şəhriyar Del Derani şaquli kimi informativ və elmi yükü olan sözü maksimal dərəcədə bədii dozada təqdim edə bilib: "Yerin dibinə aparır bu şaquli darıxmaq".

Ən obyektiv fikir Alpay Azərindir. Alpay bəy əsərdəki üstün halları da, kəsir və qüsurları da qısa və konkret şəkildə təhlil edib.

“Tanya xalanın yumşaq bacarıqları” Azərbaycan nəsrinə xas olan idealizə olunmuş həyat və mühiti təsvir etmir. Hekayə burada qazanır. Lakin Sahilə xanımın mətnində, hətta altşüurunda yerləşən empirik təhkiyəçi sənət dili ilə danışmır bəzən. Fikir yolu ilə emosional münasibət və gözəllik duyumu yaratmağa çalışır.

Müəllif deyə bilər ki, intellektual prozada bu yol da mübahdır. Amma və lakin hekayə həyatdan frqamentlər, ədəbi etüdlər təqdim edir. Göstərilməyən, oxucunun yaddaşında davam edən fraqmentlərlə fikirlərin vizual tandemi daha maraqlı olardı. “Tanya xalanın yumşaq bacarıqları” bitən yerdə yeni bir mətn və hadisə başlayır. Həmin mətn oxucuya bədii enerji ötürə bildiyi nisbətdə davam edə bilir.

Hekayə boyunca Sahilə Yayanın avtoportreti mətnin səmimi, emosional dozasını artırır. Görən yalnız gözlər deyil ki. İrqi, dini və sosial statuslar insan ola bilməkdə birləşir. Nitsşenin bu sözləri “Tanya xalanın yumşaq bacarıqları” hekayəsi və onun haqqında olan rəyləri (mənim fikirlərim də daxil olmaqla) sıfırlayır. Və mətnə və insana yönəldir oxucuları. “Bütün sözlər subyektlər və obyektlərin bic balasıdır”.

# 3655 dəfə oxunub

Oxşar xəbərlər

Bitməyən komediyaya sözardı... - Niyə belə etdin, Kamal Abdulla?

Bitməyən komediyaya sözardı... - Niyə belə etdin, Kamal Abdulla?

14:50 13 dekabr 2025
İlk intertekstual türk romanının müəllifi - Oğuz Atayın əsərindəki “Üçbucaq arzu” nədir?

İlk intertekstual türk romanının müəllifi - Oğuz Atayın əsərindəki “Üçbucaq arzu” nədir?

12:30 13 dekabr 2025
"Boynumu aşağı əyərək dedi ki,  bu qəzeti yala..." - Təbrizli yazıçını niyə təhqir etmişdilər?

"Boynumu aşağı əyərək dedi ki, bu qəzeti yala..." - Təbrizli yazıçını niyə təhqir etmişdilər?

10:00 13 dekabr 2025
"Xarici yazıçıların əsərlərinin imitasiyası var, müəllifin təcrübəsizliyi ciddi hiss olunur" - Hekayə müzakirəsi

"Xarici yazıçıların əsərlərinin imitasiyası var, müəllifin təcrübəsizliyi ciddi hiss olunur" - Hekayə müzakirəsi

11:46 10 dekabr 2025
"Dünyasını dəyişən ana, qürbətdə yaşayan qardaş, tək qalan ata və..."  - Elnarə Akimova

"Dünyasını dəyişən ana, qürbətdə yaşayan qardaş, tək qalan ata və..." - Elnarə Akimova

16:00 20 noyabr 2025
“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti  müzakirə

“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti müzakirə

16:57 18 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər