"Göylərin üzünün suyu tökülür..." - Gülbacı Nağdaliyevanın yeni şeirləri

"Göylərin üzünün suyu tökülür..." - Gülbacı Nağdaliyevanın yeni şeirləri
10 iyun 2026
# 10:50

Kulis.az Gülbacı Nağdaliyevanın yeni şeirlərini təqdim edir.

Yaşamıram

Yaşamıram bu dünyada,
Uğursuz vaxt keçirirəm.
Gilə-gilə əriyirəm,
İlmə-ilmə kiçilirəm.

Ovunmaz uşaq kimiyəm,
Çətin ki susam, kiriyəm..
Külək vurmuş bir zəmiyəm,
Tərs-köndələn biçilirəm.

Yol nabələd, mənsə naşı,
Yıxılıram addımbaşı...
Düz gəlmir tərəzim, daşım,
Qram-qram ölçülürəm.

Sevincim kəm, dərdlər qoşa,
Varmadım heç nədə başa.
Tanrım, bax, eylə tamaşa,
Gör ki, necə seçilirəm...

Ay Gülbacı, üzülürəm,
Buz baxışdan əzilirəm.
Şərbət olub süzülürəm,
Zəhər kimi içilirəm...

Gəlmişəm

Çəkmə məni imtahana
Tanrıdan keçib gəlmişəm.
Kəfənliyim saf niyyətdən,
Boyuma biçib gəlmişəm.

Sovruldum yaz küləyində,
Nə qaldı ki, ələyimdə?
Nələr varsa taleyimdə,
Bəyənib, seçib gəlmişəm.

Anamın bal laylasına,
Şeir, sənət dünyasına,
"Baş Sarıtel" havasına
Köklənib, uçub gəlmişəm.

Həyatımın hər anında,
Yanılmadım gümanımda.
Haqqı Haqqın mizanında
Tapmışam, ölçüb gəlmişəm.

Yetsə bir gün ömür sona,
Budur sözüm Yaradana:
-Təmiz göndərdin cahana,
Elə də köçüb gəlmişəm.


Bu dünya

Olan - olmazını alıb əlindən
Çalar qismətini daşa bu dünya.
Çıxsan haq yolundan çətin barışa,
Baxmaz gözündəki yaşa bu dünya.

Şeytandan bac alır, tükənməz şəri,
Nizam tərəzisi haqqın məhşəri.
Yox edər bir anda bütün bəşəri,
Verməz bir anını boşa bu dünya.

Laxlasa məhvəri, verməz namını
Zəhərə çevirər şərbət camını.
Ummadığın yerdən töküb qanını,
Tuşlayar oxunu başa bu dünya.

Nahaqdan haqqa yol ölümdən keçər,
Zalımın nəsibi zülümdən keçər.
Gülbacı, bir sual könlümdən keçər:
-Kim görüb bircə yol çaşa bu dünya?!


***

Axırı bir heyif , bir heç uğruna
Vicdanın ipliyi , bağı sökülür.
Baxıb yerlərdəki bu yığhayığa,
Göylərin üzünün suyu tökülür.
Tanrı da çaşqındı yaratdığına,
"Dünya düzəlmir ki, düzəlmir baba!"

***

Yenə fikirlərim pərən-pərəndi,
Yenə gümanlarda "bəlkə..." aradım.
Xal saldılar güvənimə yer-yerdən,
Qırılmadı kor olası inadım.
Heç oldu gözümdə dünyanın varı,
İmanla gedirəm o Haqqa sarı.
"Dostam" deyənlərin yox etibarı,
Yana-yana, dönə-dönə sınadım.

Gülbacı, bir zaman ayılıb gördüm,
Günahkar özüməm, yox özgə dərdim.
Barama qurdu tək əyirib-hördüm,
İpi öz boynuma özüm doladım.

Apardı getdi

Bostan əkdim seltutanda bilmədim
Sellər apardı, getdi.
Çox güvəndim gəncliyimə, zamanla
İllər apardı, getdi.

Nağıllar uydurdum söz dünyasından,
Gec ayıldım xəyallar röyasından.
Qeys "Məcnun" oldu eşq havasından,
Çöllər apardı, getdi.

Gəl, sınağa çəkmə amallarımı,
Gülbacı, istəmə dünya malını.
Dağlar çəkəmməzdi arzularımı,
Yellər apardı, getdi.

# 243 dəfə oxunub

Oxşar xəbərlər

Hələ də sevirəm, sevirəm səni - Nüsrət Kəsəmənli

Hələ də sevirəm, sevirəm səni - Nüsrət Kəsəmənli

10:20 10 iyun 2026
"Hardasa, hardasa ilğıma dönmək..." -  Günel Eminli

"Hardasa, hardasa ilğıma dönmək..." - Günel Eminli

11:50 9 iyun 2026
"Heç bir qadın mənim tək ayrılıq yaşadammır..." - Günün şeiri

"Heç bir qadın mənim tək ayrılıq yaşadammır..." - Günün şeiri

10:10 8 iyun 2026
Səni sevən sənsiz ömrü neyləsin? - Ümmügülsümün şeiri

Səni sevən sənsiz ömrü neyləsin? - Ümmügülsümün şeiri

18:05 5 iyun 2026
Yeni sevdasına qurban olduğum - Mikayıl Müşfiqin şeirləri

Yeni sevdasına qurban olduğum - Mikayıl Müşfiqin şeirləri

14:45 5 iyun 2026
Bu yağışda canavarlar da... - Günün şeiri

Bu yağışda canavarlar da... - Günün şeiri

12:20 5 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər