Əhməd Şəfəq: “Mən inqilabçı deyiləm” SÖHBƏT

Əhməd Şəfəq: “Mən inqilabçı deyiləm” SÖHBƏT
26 sentyabr 2012
# 10:58
Kulis.az saytının suallarını Türkiyənin tanınmış müğənnisi Əhməd Şəfəq cavablandırır.

- İstedadlı insanların uşaqlığında mütləq hansısa qeyri-adi hadisələr baş verir. Yaxud da belə deyək, hansısa hadisə bir insanın həyatını dəyişir, taleyini müəyyənləşdirir. Sizin mahnılarınızın mətnlərindən tutmuş musiqilərin notlarına qədər bir inqilab, çağırış duyulur. Uşaq ikən davakar deyildiniz ki?

- Həmişə cılızlığa qarşı olmuşam. Oynadığımız oyunlarda mütləq etirazlarım olurdu. Məsələn dostlarımdan biri digəri ilə yüksək səslə danışırdısa, ona haqsızlıq edirdisə mütləq etirazımı bildirib digər dostlarla birlikdə haqsızlıq edənə qarşı mübarizə aparırdım. İnsanların insanları tapdamasına, əzməsinə o zamanlar da göz yuma bilmirdim. Amma bu etirazlar məni gəncliyimdə proletar, sosialist etmədi.

- Cığallığınız olurdumu oyunlarda. Məsələn, bir oyunu uduzanda “yox bu sayılmır, yenidən başlayaq” deyə etirazlarınız olurdumu?

- Olmadı çünki, uşaqlığım oyun oynamaqla keçmədi. On dörd-on beş yaşım olanda artıq oyun oynamırdım. Bu, çox qəribədir. Əslində həyatımız boyu oynayırıq. İnsanlar hətta yaşlananda da domino oynayır. Amma mən nə domino, nə nərd, nə kart oynaya bilirəm. Futboldan savayı heç bir oyun oynamadım. Amma tarixlə bağlı şeylərə meylli idim. Məsələn, taxtadan qılınc düzəltməyi çox sevərdim. Həzrəti Əlinin Zülfüqar qılıncını düzəltmək istəyərdim həmişə. Hər dəfə də o qılıncın haça hissəsi qırılırdı və buna çox əsəbiləşirdim. Sonra o qılınclarla döyüşməyə başlayardıq.

- Mən bilirdim ki, üsyankar biri uşaqlıqda qılınc oyunu oynamalı idi...

- (Gülür). Rəhmətlik atam bizi Həzrəti Əlinin cəngavərləri adlandırardı. Amma bizim uşaqlığımız sevgi içində keçib deyə etirazlarımız da döyüş ruhlu olmadı. Yəni deyəndə ki, savaşa, yoxsa başa düşməyə üstünlük verirsən, mən anlamağı seçdim. Anlamağı o qədər önəmli hesab edirəm ki, hətta pərəstişkarlarıma “məni sevirsiniz yoxsa, başa düşürsünüz, anlayırsınız?”,- deyə sual verirəm. Çünki ən gözəl şey başa düşülməkdir. Uşaqlığımdan, məhəlləmdən mənə qalan bu oldu.

- Mən bayaqdan sizin böyük qardaşınızla ünsiyyətinizə göz qoyurdum. Deyim ki, tam fərqli xarakterdə olduğunuz ilk andan bilinir. Bəlkə şair ruhlu insandır deyə qardaşınız daha səbirsizdir. Siz isə əksinə, çox təmkinlisiniz. Və çox qəribədir ki, məhz siz onu başa düşməyə çalışırsınız. Yeddi uşağın ən kiçiyi olmağınız və kiçiklərin daha çox müşahidə edə bilmək imkanının mövcudluğu buna səbəb göstərilə bilərmi?

- (Gülür). Çox gözəl təhlil elədin, Feyziyyə.

- Mən də evin ən kiçiyiyəm, bu səbəbdən bəzi məqamlar tanışdır.

- Bəli, evin kiçik övladlarına həyat bir dərs verir, kənarda olanları müşahidə edə bilmək dərsi. Evdəki bütün problemləri, ətrafda baş verən bütün hadisələri bir film kimi izləyirsən. Və ailədə ananla atan, qardaşların arasında olan problemlərin daha sakit şəkildə həll olunmasına çalışırsan. Gəncliyimdə ideoloji mübarizə apardığım zamanlarda da razılaşmağın tərəfdarı idim. Və bunu qorxaqlıq adlandırmaq doğru olmazdı. Yəni, dava etmədən, ölüm olmadan da mübarizə aparmaq mümkündür. Mən millətçi idim, qarşımızda marksist, sosialist rəqiblərimiz var idi. Məncə biz haqlı idik. Çünki, ölkəmizi millətimizi azad görmək istəyirdik. Biz mübarizəmizi ailəmizdə aldığımız tərbiyə çərçivəsində apardıq.

- Yetərincə sevgi görə bildinizmi ailədən, ərköyün böyüdünüz, yoxsa çətinliklə?

- Yetərincə sevgi gördüm amma ərköyün ola bilmədim, çünki buna zamanım yox idi. Hər işimi özüm görürəm, bunu çox sevirəm. Türkiyədə prodüserim də var, menecerim də. Amma mən öz işlərimi özüm görürəm və bunu önəmli hesab edirəm. İstəyirəm kiməsə yardım edim.

- Vaxtilə mətbuatda çalışmısınız və biliyim qədər bu gün də yazmaqda davam edirsiniz. Yazmaq da bir üsyandır, ən azından sözü olmaq və onu ifadə etmək istəyidir. Bu gün yazılanlar gənc nəslə sözünü deyə bilməyi öyrədə bilirmi?

- Mən inqilab xətrinə inqilab etmirəm. Ümumiyyətlə, özümü inqilabçı saymıram. Mənim istəyim millətçilik istiqamətində inqilabçılıqdı. Milli azadlıq millətin fərd olaraq azadlığı demək deyil. Məsələn Rusiya imperiyası bu torpaqlardan gedəndə Qarabağ adında bir problem qoydu arxasınca. Bu gün gənclər buna üsyan etməlidir. İnqilab mənim məqsədim deyil, inqilab mənim alətimdir. Həftədə iki dəfə qəzetdə köşə yazıram. Türkiyədəki hakimiyyətə müxalifəm. Hakimiyyətə müxalif olduğum üçün heç vaxt Türkiyə Cümhuriyyətini tapdalamaq kimi niyyətə düşmərəm.

- Yeri gəlmişkən, sizin etirazla qarşıladığınız “Şah və Sultan” romanının müəllifi İskəndər Pala millət vəkili Qənirə Paşayeva tərəfindən Bakıya dəvət edilib. Müsahibədən öncəki söhbətlərdən belə anladım ki, postmodernistləri sevmirsiniz. Və bu üzdən də romanın müəllifinə bəzi etirazlarınız var.

- Bəli, postmodernistləri qəbul etmirəm. Onlar bir şeyin həm qara, həm ağ ola biləcəyini söyləyirlər. Amma mən razılaşmıram, bir şey qaradırsa deməli qaradır. Söz oyunları ilə qaranı ağ etməyin mənası yoxdur.

- Deyək ki məzmunundan asılı olmayaraq əsərə həm də bir ədəbi kriteriya ilə yanaşmaq olar, amma siz kəskin və aqressiv münasibət göstərdiniz.

- (Gülür). Dediyim kimi, onlara görə ağ qara ola bilər, amma mənə görə ola bilməz. Konkret hadisələr üzərində belə qurama şeylər etmək lazım deyil. Qurama tarix olmaz.

- Sizə yazarın məqsədi nədir qurama tarixi uydurmaqda?

- Hər yazarın bir baxış nöqtəsi var. Məsələn, Orxan Pamuk istənilən hadisəyə öz baxış bucağından baxa bilər, mən buna sayğı ilə yanaşıram. Amma tarixi məsələlərlə bağlı qondarma fikir yürütməyi qəbul etmirəm. Vaxtilə olmuş hadisələri öz ağlına uyğun yaza bilməzsən.

- Amma Orxan Pamuk da əslində eyni təpki ilə qarşılaşmışdı “Qar” romanını yazarkən. Bu təpki müəllifin Nobel mükafatına layiq görülməsindən sonra artdı, amma sonradan ən azından “Orxan dünyaya roman yazmağı öyrədən yazıçıdır” fikri insanların baxışını dəyişdirdi, elə deyilmi? Və hətta onu da deyim ki, Orxanla qürur duyanların sayı durmadan artır. Türkiyəni dünyada tanıdan bir yazarla qürur duymursunuzmu?

- Xeyr, duymuram. Çünki o adamda türklük şüuru yoxdu. Bir nəfər beynəlxalq tribunadan biz bir milyon erməni, otuz milyon kürd öldürdük deyirsə, sizcə o, necə türk yazardır? Sizcə türkün imici bir qatil kimi tanınanda artarmı? İskəndər Palaya gəlincə, düşünürəm ki, Qənirə xanımın o kitabı oxumayıb. Müəllif kitabda Şah İsmayılın öz əmisi uşağını, anasını qəddarlıqla öldürtməsini bir italyan tarixçinin qeydləri əsasında yazıb. Başqa heç bir tarixi mənbədə Şah İsmayılın anasını öldürməsi faktı yoxdur. İskəndər Palanın yerində olsam Şah İsmayılı qəddar, insanları Təbrizin küçələrində qaynayan qazanlara atmaq göstərişi verən biri kimi qələmə almaqdansa, onlarla şeiri yazmış olan gözəl ürək sahibi kimi təqdim edərdim. Tarixdə şah İsmayıl ilə Yavuz heç vaxt qarşılaşmayıblar, üz-üzə gəlməyiblər. Amma romanda yazılıb ki, Şah İsmayılın qiyafəsini dəyişərək Təbrizə gəlir və Yavuzla şahmat oynayır. Mənim də “Qan məclisi 1915” adlı tarixi romanım var. Sən tarixi xronologiyanı, faktları dəyişə bilməzsən.

- İskəndər Pala ilə görüşlər nəzərdə tutulur. Ondan roman ilə bağlı nəyi soruşmaq istəyərdiniz ?

- Kitabın üz qabığında bir şəkil iki dəfə istifadə edilib. Bizə məktəbdə demişdilər ki, o şəkildəki Yavuz Sultan Səlimdir. Sonralar öyrəndik ki, o Yavuzun deyil, Şah İsmayılın şəklidir. Bir televiziya proqramında İskəndər Pala eyni şəklin, eyni simanın həm Sultan həm də şah üçün istifadə edildiyindən bəhs edib. İndi soruşmaq istərdim ki, o kitabın üz qabığında ədalətli olduğu kimi içində də ədalətlidirmi?

- Əhməd bəy, uşaqlığınıza qayıtmaq imkanınız olsaydı, kimin uşaqlığını yerə yıxıb doyunca əzişdirmək istəyərdiniz?

- (Gülür). Heç bu haqda düşünməmişəm. Maraqlı sualdır, mütləq düşünəcəyəm.

Feyziyyə Hacıyeva
# 1642 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #