Ayrılanda eyni şeyi deyən kişilər

Ayrılanda eyni şeyi deyən kişilər
27 iyul 2015
# 10:28

“İssız adam” filmi haqqında çox eşitmişdi. Amma baxmamışdı. Bu gün ona baxmaq keçdi içindən. Çarpayısında uzanıb notbuku qarnının üstünə qoydu. Filmi izlədi. Klassik hekayə: oğlan qızı əldə etmək üçün jestlər edir, romantika, çiçək-böcək və nəhayət, bir gün ona “Bizdə alınmayacaq” deyir.

Filmin bu hissəsinə qədər onu heç nə təəccübləndirmədi. Amma qızın verdiyi reaksiya, bax bu, onu həqiqətən təsirləndirdi. Qız əvvəlcə onu söydü. Sonra oğlan dünyada milyardlarla kişinin göyün yeddinci qatına qaldırıb oradan yerə çırpdığı qadına son görüşdə dediyi sözləri əzbərdən dedi. Təxminən belə şeylər: “İnan, mənə. Gün gələcək, mənə təşəkkür edəcəksən. Səndə günah yoxdur. Mən alçağam, sənə layiq deyiləm. Sən daha yaxşısına layiqsən”.

Qız isə ona “Allah xətrinə, biriniz də fərqli bir şey söyləyin ayrılarkən”,-deyir və gedir. Həm də ömürlük gedir. Qürurlu qadınlar belə edir. Qürursuzlar daha çox tapdanmağa icazə verir və sonunda onlar da gedir.

Notbuku bağladı. Ayağa durdu. Ağlamırdı. Geyindi. Onunla görüşəcəkdi. Mütləq fərqli bir açıqlaması olacaqdı. Axı, o, heç kimə bənzəmirdi. Mütləq məntiqli bir açıqlaması olacaqdı. Yoxsa dünyası həqiqətən başına yıxılacaq. Təkcə ona görə yox ki, çox sevdiyi birini itirəcək. Səbəb başqa idi...

Min sual. “Niyə?”lər. Heç birinə doğru-dürüst cavab ala bilmədi. Və qorxduğu başına gəldi. “Mən alçağam”la başlayan, özünütənqid fikirlər... Heç biri onu qane etmədi. Adam haqqında pis bir şey düşünməmək üçün yenə də suallar verdi. İstəmirdi nifrət eləsin. Nifrəti pis olurdu onun. Çünki adam bir gün geri dönüb sıradan bir təbəssüm rica etsə, onu da çox görəcəkdi-tanıyır özünü. Heyfdir. Ölməsinlər. Belələri hər deyəndə doğulmur axı. Amma adam zorla onun gözündə ölmək istəyirdi. Onu görünməz əllərlə itələyirdi...

Ayağa durdu. Heç nə demədi. Ayaqlarını sürüyərək dəniz qırağına getdi. Düşündü, düşündü. Adam üçün nələrindən keçməmişdi, istəsə idi nələr etməyəcəkdi, onu necə dəyərli bilmişdi, gözünün bəbəyi kimi qorumuşdu. Qarşılığı: göydən yerə çırpılmaq. Umursanmamaq. Uğrunda acizcəsinə heç nə edilməmək.

Ondan qaçarkən qovulduğu günləri xatırladı. Onda daha dəyərli idi. Sonra həyatının ən axmaq qərarını verdi-güvəndi. Heç xəsislik etmədən hər şeyini verdi ona. İnsanlar xəstəlikdən, kədərdən ölür. Adam isə sevgidən, diqqətdən, dəyər verilməkdən öldü. Adam betərinin betəri çıxdı...

Düşündü, nənəsi necə də haqlı imiş. Deyirdi, Allah ən qiymətli şeyləri əlçatmaz, gizli yerlərdə var edib. Mirvari, almaz, qızıl yolun qırağına tökülübmü, sən gedib onu eləcə götürəsən? Yox. Onları tapmaq üçün milyon əziyyətə qatlaşmalı, ayaqların suluq bağlamalı, dizlərin qanamalıdır. Min bir əziyyətdən sonra tapsan, ömrü boyu üstündə əsib qiymətini biləcəksən.

Ağlamırdı. Yazığı gəlirdi. Dünyaya və onun bir parçası olan, dəyər görən kimi özünü dağın başına qaldıran və oradan dəyər verən insanın başına daş çırpan insanlara. Və bir daha güvənməyəcəkdi-bayaqkı səbəb bu idi...

Sanki bir adaya düşmüşdü və adadakı son adam da ölmüşdü. Bir-birinə bənzəyən milyonlarla varlığın içində yenə də işıq axtarmağa dəyərmi? Bilmirdi.

Birdən yadına nə düşdüsə, dodaqlarına xəfif, kədərli bir təbəssüm qondu. “İssiz adam”da qadını zorla həyatından çıxaran o adam günün birində otaqdan onun sancağını tapır və dəliyə dönür. İllərlə ilan dili çıxarıb onu axtarır. Amma tapmır.

Onun da darağı qalmışdı adamda...

...Külək saçlarını darayır, xəfif təbəssüm qonmuş dodaqlarında “Çok seneler geçdi, dönen yok seferinden” mahnısını zümzümə edirdi...

# 1299 dəfə oxunub

Müəllifin son yazıları

# # #