- Alo, salam Nigar xala.
- Salam...
- Cəlalədir e. Necəsiniz?
- Bıy, sağ ol, ay bala. Sən necəsən? Heç zəng eləyən deyilsən deyə telefonda səsini tanımadım.
- Nigar xala, səndən bir söz soruşmaq üçün zəng elədim. Bilmirsən, “öz yerində” armudu stəkan neçəyə olur?
Nigar xala bir anlıq susdu. Deyəsən, sualım onu təəccübləndirmişdi. Mən bilirdim ki, o haradansa ucuz şeylər alıb dükanına gətirir, üstünə bir az da qiymət qoyub satır. Ona görə “öz yerində” dedim.
- Ay bala, hər qiymətə var. Baxır mala da.
- Yox e, ən ucuzu.
- “Kitayski”? Səndən çıxmayan iş, nə əcəb fərli dükana gedib düz-əməlli şey almırsan?
- Ay Nigar xala, başqa şey üçün lazımdır. Sən hələ de görüm o “kitayskilər” neçəyədir?
- 12 dənəsini 3 manata almaq olar...
Qonşumuz Nigar xala ilə sağollaşıb beynimdə kiçik bir hesablama apardım...
Yəqin siz də Nigar xala kimi mənim ən ucuz armudu stəkanın qiyməti ilə maraqlanmağımın səbəbini bilmək istəyəcəksiniz. Deməli belə. Bu həftə sonu bulvara gəzməyə çıxmışdıq. Rəfiqəm Türkayı da gedib işdən götürdük, işə getmirəm deyə çoxdandır görüşmürük (yeri gəlmişkən, bir aydır məzuniyyətdəyəm. Efirdə görünməməyimin də səbəb budur. Hələ 5-6 ay da olmayacağam-red).
Hardasa çay içib söhbət etməyə qərar verdik . Əvvəlcə “Yeni bulvar”da gəzdik, dəniz havasını ciyərlərimizə çəkib, şəhərin mənzərəsinə tamaşa etdik. Sonra ətrafa göz gəzdirib çay içməyə yer axtardıq. Amma buralarda belə bir yer gözə dəymirdi. Gəzə-gəzə “Köhnə bulvar”a keçdik. Əməlli-başlı yorulmuşdum. Qarşımıza ilk çıxan “Venesiya bağı” oldu. Çay üçün necə deyərlər, ciyərim yanırdı. Aşağıda qoyulan stollara yaxınlaşdıq. Yerlərin təqribən 40 faizi boş idi. Uyğun bir yer tapıb oturduq. Saat axşam doqquza on beş dəqiqə qalırdı. Söhbət edirdik, amma bütün fikrim bu sərin havada içəcəyim isti, ləzzətli çayın yanında idi. Hələ ki yaxınlaşıb nə istədiyimizi soruşan isə yoxdu. Ona on beş dəqiqə işləmiş, yəni düz yarım saatdan sonra nəhayət ki, bir ofisiant bizə yaxınlaşdı. Həyat yoldaşım ona mürəbbəli çay gətirməsini dedi. Oğlan kağıza nəsə qeyd elədi və sonra dodağının altında bir cümlə dedi. Hamımız dönüb təəccüblə ona baxdıq, amma nədənsə səhv eşitdiyimizə əmin idik.
- Necə, mürəbbəniz yoxdur? Onda şokolad-filan gətirin.
- Yox e, deyirəm stəkanımız yoxdur, stollardan biri boşalan kimi sizə çay gətirəcəm.
Ofisiant getdi. Biz bir-birimizin üzünə baxdıq və güldük. Doğurdan gülməli vəziyyət idi. Nə isə söhbətə davam elədik. Mənim bütün fikrim yenə də çayın yanında idi.
Bir azdan qonşu masadakılar qalxdı. Sevindim ki, boş stəkan tapıldı, şükür Allaha, indi bizə də çay verərlər. Təkcə bir şeydən narahat idim ki, indi bunlar aparıb bu armudu stəkanları tələm-tələsik yuyacaqlar. Amma sən demə betərin də betəri varmış...
Qonşu masaya 4 nəfər yaxınlaşıb əyləşdi. Ofisiant dərhal onların yanına gəldi. İstər-istəməz qulaq kəsildim, görüm, onlara nə deyəcək. Sifarişi alandan sonra onlardan da gözləməyi xahiş etdi, stəkanlarının olmadığını dedi. Mən bir az əvvəl stəkanların tələsik yuyulmağından nahaq yerə narahat olmuşam. Çünki o stəkanlar bizə yox, başqa stola getdi. Sifarişin verilməsindən 25 dəqiqə keçsə də, çaydan hələ də xəbər yox idi. Nəhayət Türkay əsəbiləşdi:
- Biz nahaq yerə burda oturub, bunları gözləyirik. Durun, gedək.
Haqlı idi. Düz 1 saat idi ki, gözləyirdik. Ayağa qalxıb ətrafa baxanda daha bir neçə stolun armudu stəkan gözlədiyini gördük. Yerlərin isə demək olar ki, 40 faizi hələ də boş idi. Əgər belədirsə, bunların cəmi nə qədər stəkanı var ki?!
Başqa yerə getdik. Bizə yaxınlaşan ofisiantın ilk eşitdiyi sual bu oldu:
- Sizdə stəkan var?
Qaşları çatıldı. Yəqin ələ salındığını düşündü. Amma dərhal vəziyyəti ona izah etdik. Güldü, dedi narahat olmayın, bizdə elə şeylər olmaz. Cəmi 5 dəqiqədən sonra armudu stəkandakı qaynar çayı acgözlüklə içirdim...
Nigar xaladan ən ucuz armudu stəkanın qiymətini öyrənəndən sonra düşünməyə başladım. Mürəbbəli-çərəzli çay dəsgahının qiyməti ən azı 10 manatdır. Deməli, 12 ədədlik armudu stəkan dəstinin 3 manata olduğunu nəzərə alsaq, onda təkcə bir stoldan bir dəfə gələn gəlirlə 36 ədəd armudu stəkan almaq olar. Ucuzluq olanda nə olar ki. Ürəyi çay istəyən müştəri üçün nə fərqi var “kitayski” olsun, ya “italyanski”. İndi görün dolub-boşalan o stollardan gün ərzində gələn gəlirlə nə qədər armudu stəkan almaq olar.
Bax belə. Müştəriyə “stəkanımız yoxdur” deyən bir yeri də gördük. Bura təmir-bərpasına o qədər pul xərclənən, min bir əziyyət çəkilən, insanların rahatlığı, istirahəti üçün ərsəyə gətirilən məşhur “Venesiya bağı idi” idi.... Allah betərindən saxlasın!
Bulvarda armudu stəkan çatışmazlığı
30 oktyabr 2012
08:45
2177 dəfə oxunub