Gecə növbəsinin səssizliyini dəhlizdəki tibb bacılarının laqqırtısı pozurdu. Xəstələrdən deyəsən, heç kəsin şikayəti yox idi. Ayağa durdu, pəncərəni açıb təmiz havanı ciyərlərinə çəkdi. İşdəki, evdəki məsələləri yenə də fikrində dağdan arana, arandan dağa apardı. Siqareti sümürdükcə gözlərini qıyırdı. Fikrini yayındıran dəhlizdən eşitdiyi mahnı səsi oldu. Səs yüksək deyildi, amma qapı açıq olduğundan, aydın eşidilirdi-Elza Seyidcahan oxuyurdu. Əsəbiləşdi, “Bunlar özlərini harada hiss edir”,-deyə düşündü, qızları danlamaq üçün iti addımlarla qapıya tərəf getdi. Qapıya çatanda yerində mıxlanmış kimi dayandı. “Hardan düşdün sən yadıma bu gecə?”... Mahnıdan süzülüb gələn bu cümlə onu dondurdu. Üzündən bir kölgə keçdi. Qapıya yaxın stulda oturdu.
Yadıma düşmüsən sən yenə bu gecə,
Sənsiz bilməmişəm baharı, qışı.
Yağıb taleyimə qəm yağışı...
Gözləri doldu. Boğazı göynədi. Çox ağrıdı boğazı, “Gərək sabah özümü müayinə eləyim, qalxanabənzər vəzim nə yaman ağrıdı”,-deyə düşündü. Mahnı davam edirdi:
....
Bir solan güləm sənsiz...
Qəfildən yerindən sıçradı. “Gül!”. Pəncərəyə tərəf atdı özünü. Jalüzü tələsik kənara çəkib nəyisə axtardı. Sonra dəhlizə cumdu:
- Qızlar, mənim otağımda dibçək var idi. Kim götürüb onu?
- Doktor, o, çoxdan solub, aparıb anbara qoymuşduq-bəlkə qabından istifadə etmək olar deyə.
Nəsə demək istədi, dodaqlarını möhkəm sıxıb susdu, pilləkənləri iki-iki adlayaraq anbara getdi. İçəri girib dibçəyini axtardı, dəliyə dönmüşdü. Aləmi bir-birinə qatdı. Tapdı. Yarpaqları yox idi. Qurumuş gövdəsi qalmışdı. Qucağına alıb otağına gətirdi. Qapını arxadan bağladı. Gövdəsində bir yaşıllıq görmək ümidiylə bıçağı götürüb torpağı eşələməyə başladı. Ağlayırdı. Uşaq kimi, anasının öldüyünü bilə-bilə ona sarılan uşaq kimi ağlayırdı. Bir ovuc torpaq götürüb öpdü. Ayağa durdu. Torpaqlı əlləri ilə üzünü tutub hönkürdü. Yadına bir şey düşdü...
Bir dəfə “Sənə ad günündə bir hədiyyə verəcəm, amma sonra zamanı gələndə onu səndən geri istəyəcəm”,-demişdi. Amma doğum günündə dibçəyi hədiyyə göndərəndə içindəki kartda “Bunu səndən geri almayacam” yazılmışdı. O zaman anlamamışdı. İndi başa düşdü mənasını. Qadın anlamışdı ki, insan qədrini bilməyən, onu parça-parça eləyib başqalarının ümidinə buraxan adam başqa bir canlıya yaxşı davrana bilməzdi. Hədiyyəni ona görə geri istəməyəcəkdi ki, istədiyi anda dibçəyin çoxdan məhv olacağını dərk etmişdi...
Necə də haqlı imiş! Bu an onu görmək istədi, amma mümkün deyildi, yarpaqları çoxdan solmuşdu, qurumuşdu, torpağa qarışmışdı qadınının xatirəsi-elə özü kimi...