Soyuducudakı qartopu

Soyuducudakı qartopu
30 yanvar 2014
# 08:30

Qapını açıb içəri girdi. Qaranlıq idi. Əlini uzadıb işığı yandırmaq istədi.

- İşıqlar sönüb-yan otaqdan anasının səsi gəldi.

Otaq dəhlizə nisbətən işıqlı idi. Yorğun halda divanda oturdu. Birdən yadına nə düşdüsə, hövlank ayağa qalxıb mətbəxə cumdu. Soyuducunu açıb buzluğa baxdı. Gördüyü mənzərə qarşısında bütün bədəni süst düşdü. Anası yaxınlaşıb qorxa-qorxa buzluğa boylandı.

- Bağışla qızım, mən tamam unutmuşdum onu. Bir də bütün binada işıqlar sönüb, heç aparıb qonşunun da soyuducusuna qoya bilməzdim.

O heç nə eşitmirdi sanki. Barmaqlarının ucu ilə suya dönmüş qartopusuna baxırdı. Səssiz ağlayırdı…

…Çoxdandır sevirdi onu. Onu ürəyinə möhürləmişdi, boğazına kilidləmişdi. Eləcə səssiz-səmirsiz sevirdi. Cəsarəti çatmırdı deməyə-onu birdəfəlik itirməkdən qorxurdu. O, qıza heç vaxt ümid verməmişdi. Təkcə həmin gündən başqa. Qar yağmışdı. Gənclər həyətdə qartopu oynayıb zarafatlaşırdılar. O da həyətdə idi. Bir dəfə də olsun qıza qartopu atmadı. Harasa getdi, sonra yenə qayıtdı. Hamı yorulub evinə gedəndə isə əlində tutduğu qartopunu qıza uzadıb dedi:

- Sənə indiyə kimi qartopu hədiyyə eləyən olub?

Qız başı ilə “yox” dedi.

- Onda al, mən sənə hədiyyə eləyirəm.

Sonra gülərək uzaqlaşdı. Və gediş o gediş oldu. Bir daha onu görmədi. Qartopunu aylarla soyuducuda saxladı. Həmişə işdən gələn kimi buzluğu açıb barmaqları ilə buza dönmüş qartopunu sığalladı. Barmaqlarından ürəyinə buz kimi nisgil süzüldü. Bir gün qayıdar deyə ümid elədi. O isə gəlmədi...

Ayağa qalxıb qab götürdü. Ərimiş qartopunun suyunu yığıb saxlamaq istəyirdi. Sevimli oyuncağını itirmiş uşaq kimi ağlayırdı. Əriyən təkcə qartopu yox, onun sonuncu təsəllisi idi.

Birdən əlinə kiçik şüşə qab toxundu. İçində kağız vardı. Gözləri təəccübdən böyüdü. Əlləri titrədi. Əlindəki qabla şüşəni qırdı. Kağızı götürüb oxudu.

“Əgər bu qartopunu həyətə tullamayıbsansa, deməli onu evdə bir qabın içinə qoyubsan. Və əgər zərrə qədər də olsun dəyər verirsənsə, əriyəndən sonra qarın suyuna təbəssümlə baxıb məni xatırlayacaqsan. Onda bu məktubu görəcəksən. Bil ki, səni dəli kimi sevirəm. Mənə heç vaxt ümid vermədin. İtirməkdən qorxduğum üçün mən də dilə gətirə bilmədim hisslərimi. Daha dözə bilmirəm. Sabah gedirəm. Sənin cavabını gözləyəcəm. Əgər gəlsən, biləcəm ki, sevirsən. Gəlməsən, ya məktubu görmədən qartopunu həyətə tulladın, ya da məktubu oxuyub susdun. İksi də eynidir mənim üçün-məni sevmirsən. Səni gözləyəcəm. Gəlməsən, daha burda qalan deyiləm, çıxıb gedəcəm başqa yerə. Sevirəm səni... “

Məktubu dodaqlarına sıxıb yana-yana ağladı. Üç ildir sirdaşı olan soyuducu təkcə qartopunu yox, onun bütün ümidini dondurmuşdu...

# 3106 dəfə oxunub

Müəllifin son yazıları

# # #