Özünü qurban verənlər

Özünü qurban verənlər
31 avqust 2015
# 12:50

Bu gün bir-birini qurban verən insanlardan yazmaq istədim…

Xalid Hüseyni “Çərpələn uçuran” əsəri ilə tanındı. Zövqlə oxumuşam. Mövzusu sevgi münasibəti olmayan yeganə əsərlərdəndir ki, bu qədər sevildi və dünyanın bir çox dillərinə tərcümə olundu. Amma mən o vaxt Xalid Hüseyninin “Və dağlardan səda gəldi” əsərini oxuyanda daha bərk sarsılmışdım. Məni məndən alan, göz yaşlarına boğan orada atanın uşaqlarına danışdığı nağıldır-divin nağılı.

Meydan Səbz adlı yerə div gəlir, ona bir uşaq qurban verilməsə, kəndi böyük faciə gözləyir. Bir gün növbə çoxuşaqlı ailəsi olan Eyyuba çatır. Div səhərə kimi qapıda gözləyir. Günəş doğana qədər uşaqlardan birini verməsə, bütün uşaqları məhv olacaq. Ata seçim etmək məcburiyyətindədir. Uşaqlarının içində gizlincə ən çox sevdiyi isə Qeyis idi. Arvadı ilə püşk atırlar. Torbadan daşı çıxarıb adı oxuyanda ata üzünü göyə tutub nalə çəkir:

“Parça-parça olmuş ürəyi ilə kiçik oğlunu qucağına aldı. Qeyis xoşbəxtcəsinə qolunu atasının boynuna doladı. Ancaq atası onu evin önündə buraxıb qapını örtəndən sonra oğlan vəziyyəti anladı. Dünyadan çox sevdiyi oğlu qapını yumruqlayır, atasına yalvarırdı. Eyyub gözlərini bərk-bərk yumub, kürəyini qapıya söykəmişdi, yanaqlarından yaşlar süzülürdü. Yer titrədi, div getdi. Ətraf səssizləşdi. Yalvarıb oğlundan əfv diləyən Eyyubdan başqa hər şey susdu...”

Bu, həyatın ən acı gerçəyidir. Bir çox insanın qarşısına problem çıxanda ağlına gələn ilk seçim kimisə qurban vermək olur. Başqalarının həyatını, gələcəyini, ümidlərini, gülüşlərini, ürəyini və daha nələrini-nələrini. Mübarizə aparmaq hərraca çıxarılacaq qədər nadir tapıntıya çevrilib.

Müdir üzündən keçə bilmədiyi birinin qohumunu işə götürmək üçün ən yaxşı işçisini qurban verir, oğlan dəlicəsinə sevdiyi qızı anası istəmədiyinə görə həyatından iti qovan kimi qova bilir. Qız atası onu varlı oğlana verəcək deyə əhdi-peyman bağladığı, uğrunda göz yaşları töküb ürəyini verdiyi oğlandan vaz keçir, qadın əri deyinməsin deyə ailəsini qurban verir, ana övladlarının sayı azalsın deyə bir-ikisini aparıb internata tullayır və sair…

Bu insanlar problem baş verdiyi an ən asanını seçirlər-birini həyatlarından rədd eləməyi. Başqalarının nə yaşayacağı, nə düşünəcəyi, dünyalarının necə darmadağın olacağı onları qətiyyən maraqlandırmır. Heysiyyatsızcasına, əclafcasına ən dəyərli varlıqlarını öz rahatlıqları üçün dərhal yox etməyi ən yaxşı variant bilirlər. Yalandır?

Mən bu nağılı oxuyanda Eyyub ataya çox hirslənmişdim. Niyə çıxıb divlə savaşmadı, niyə balalarını qorumaq üçün mücadilə vermədi, niyə gözünün bəbəyi balasını qurban verdi? Div onu öldürərdi, amma savaşardı. Savaşmalıydı.

Amma sonra Eyyub kişi oğlunun dalınca getdi. Dözə bilmədi yoxluğuna. Ayağında dəmir çarığı, əlində dəmir əsası sürtülüb yeyildi. İnadkarlıqla, heç vaz keçmədən getdi. Balası yaxşı yerdə imiş, xoşbəxt imiş. Ən əsası yaddaşından hər şey silinibmiş. Eyyub ata divin ona şans verməsinə baxmayaraq, oğlunu götürüb özü ilə gətirmədi. Özü əzab çəkməyə razı oldu, onsuz yaşamağa, həyatını göz yaşı və ömürlük həsrət içində keçirməyə razı oldu: təki oğlu firavan yaşasın…

Nadir hallarda başqasını yox, özünü qurban verən insanlar olur. Onlara da bu sual əzab verir: barı, qurban verdiyimə dəydimi? Qurbansız olmazmı? Mütləq kimsə acı çəkməlidir? Bəlkə də mümkündür. Amma insanlar ən asanını seçirlər: ya başqalarını öldürməyi, ya da intihar etməyi…

P.S.: Və qurbana çevrilən insan əvvəlcə eynilə Eyyubun oğlu kimi hər şeydən xəbərsiz olur: yuxulu uşaq xoşbəxtcəsinə atasının boynuna sarılmışdı…

# 1894 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #