“Arzular bağı”nda yaşayanlar üçün

“Arzular bağı”nda yaşayanlar üçün
8 yanvar 2014
# 16:01

“Sevgi zarafat iş deyil, bilirsən, mən zarafat etmirəm...” (Viktor Tsoy)

Bu yazı “Oda” Zirzəmi Teatrının “Arzular bağı” (rej. İmam Gassan, bəstəkarı: Ayaz Qəmbərli Aktyorlar: İlqar Cahangir və aktyor Rauf Şahsuvarov) tamaşası haqqındadır. Yazıram ki, “Oda”nı tanımayanlar tanısın. Teatr deyəndə bir ağac uzağa qaçanlar da yaxın gəlsin.

Zaman-zaman teatr varlı, kübar təbəqənin, yelpikli, gözəl geyimli xanımların lüksü sayılıb. Nə qədər yoxsul həyat keçirsə belə, teatr adamları teatra bu snob ədalarını, vərdişlərini tərgitdirə bilməyiblər. Teatr öz pafosundan əl çəkə, iyli, bomj həqiqəti hələm-hələm yaxına buraxa bilməyib. Həqiqət də qisasını alıb: Bizim teatr boş zallarla baş-başa qalanda həm də öz həqiqəti ilə üz-üzə qalıb - lap məclislər sevimlisi gözəl qadın yaşlananda olduğu kimi vaxtında anlamalı olduğunu indi kəsdirir-süni bər-bəzəklər işə yaramır. Tamaşaçıya yaxın olmalısan!

“Oda” bapbalaca bir zirzəmi teatrıdır. Ən tanınmış siması Əməkdar Artist İlqar Cahangirdir. Tamaşaları “yoxsul teatr” estetikasında hazırlanır. “Yoxsul teatr”ı necə izah edim, bilmirəm. Yəni: kasıb süfrəsi kimi pərdələri açıqdı, yəni “ilk sözü “tanrıdan gizli deyil, sizdən nə gizləyim...”di. Elə qəhrəmanları da olanlarını bölüşürlər: “Arzular bağı”nı...

Səhnədə iki adam yatıb. Hər halından bəllidir - onları bir artıq zibil kimi bir küncə tullayıblar. Zibilliyin içindədirlər. Əyin-başları o qədər cındır var ki, paltarlarından altı deşik qab, boş butulka, asıblar ki, tərpənməsələr zibildən ayırmazsan. Amma tərpənirlər. Qalxıb danışırlar ki hamı görsün:

İnsan Qiymətlidir!

Belə görünməklərinə baxmayın-xəyallarında daha şıqdırlar: təzə geyimlər geyinirlər, sevgililərini avtomobillərinə mindirirlər, onlara gül bağışlayıb toy edirlər, gözləri sevincdən par-par yanır. Üzləri sevincdən işıqlanır, bir-bir arzularına çatırlar xəyallarında - dünyaya yeni bir insan gətirirlər.

Çünki...

İnsan Dəyərlidir!

Onların arzularında xoşbəxtlik bağı var: sevgililəri ilə, övladları ilə xoş günlər yaşadıqları bağ! O bağ böyükdür. Bitib tükənməzdir (çoxunuz bilirsiniz-kasıbın kapitalı arzulardır, yığırsan üst-üstə bitmir ki, bitmir...) onlar o bağda-xəyallarında xoşbəxt bir ömür sürüb qocalırlar. Bağ saralır, onlar qocalır. Qəflətən biri yıxılıb hərəkətsiz qalır. Xəyallar çox möhkəmdir. İlqarın qəhrəmanı dostunu silkələyir: təxəyyül oyunu qurtardı, “oyan” deyir! Gözlərində bir qorxu var, birdən tək qalar dostunu itirər, o da haqlıdır - qorxusu da. Çünki...

İnsan əvəzolunmazdır!

Min ildir bunu deyir ədəbiyyat, incəsənət-yüz oyundan çıxır ki, hamının gözlərinə yazılan bu həqiqəti dərk edək; o adamlar ən son yaradıcılıq aktına – intihara belə əl atırlar (ən dəhşətlisini tamaşa günündə ölən Qarabağ qazisi etdi –benzin töküb özünü diri-diri yandırdı) ki, görək: İnsan dəyərlidir! Amma gözlərimizi yüz yerə yayındırırıq (İndi gözlərimizi yayındırmağa yer yoxdu, balaca zaldı, balaca səhnədi, işıq da o iki nəfərdədi).

Çünki, yoxsulluqla, laqeydliklə, acı reallıqla üz-üzə çarpışan adamların gözlərinə baxmaq əzabdı. Hələ səfalət! Xırda-para ümidlər! Hər addımda laqeydlik! Ümidsizlik! Hələ uşaqların dünyaya iri-iri açılan gözləri! Sənə zillənən baxışları! İlahi... İlahi... İlahi....İnsan!!!

“İlahi! Varsansa kömək elə! Yoxsansa eybi yoxdu...”

Fotolar Famil Mahmudbəyliyə məxsusdur.

# 2799 dəfə oxunub

Müəllifin son yazıları

# # #