"Papağa pul qoyun" - Çərşənbə axşamından REPORTAJ

"Papağa pul qoyun" -<span style="color:red;"> Çərşənbə axşamından REPORTAJ
14 mart 2018
# 13:04

Aliyə

Oturmuşduq divanda,

TV-nin qabağında

Birdən qapı döyüldü,

Açdım gördüm çərşənbə!

Bu qədər papaq olarmı? Üstəlik şəkərbura, paxlava kimi bayram şirniyyatları da bişirməmişik. Üz verdik qoz fındığa, konfetə.

Bu papaqların bizə verdiyi bayram ovqatı bizim onların içinə tökdüklərimizdən çox oldu. O qədər həvəsləndik ki, papaqlara Allah verəndən töküb qalxdıq ayağa. Uşaqlar papaq atıbsa, deməli, bayram tonqalı da təşkil ediblər.

Həmin uşaqlardı, həyətdə daim danladığımız, “ay uşaq, qapının ağzında oynamayın”, “İtləri bura dadandırmayın” deyib ora-bura qovaladığımız... İndi tonqalı qalayıb, papaq atıb həyatın bayram olduğunu bizə sübut edirlər. Dərsini bilməyən uşaqlar kimi əvvəlcə pərt dursaq da (həyətdə bayram, biz evdə mürgüləyirik) yavaş-yavaş onların hay-küyünə qoşuluruq.

Bu gün 3-4 binanın bir tonqalı var. Amma çox böyük tonqalı. Hava soyuqdur, tonqal bizi maqnit kimi çəkir, o qədər yaxınlaşıram ki, qəfil alov üzümü qarsır. Uşaqlardan biri qayğıkeşliklə səslənir:

“İndi tullanmaq olmaz. Bir azdan hamımız tullanacağıq”.

Bu tonqal hamını beləcə mehriban, qayğıkeş edib. Məhəllə arvadları bayramlaşırlar:

- Ay, Bibsara, bayramuvuz mübarək...

- Siznən bahəm.

- Adə, ayaqqabuvu yandırma...

Yağış qara çevirib. Amma körpə uşaqlı bir-iki qadından başqa tonqaldan aralanan yoxdur. Uşaqlı-böyüklü hamı tonqalın dövrəsində səssizcə nəyisə gözləyir. Bu adamların çoxu odun üstündən atlanmayacaq, bilirəm. Sadəcə alov öz rəqsi ilə hamını ovsunlayıb. Daha doğrusu, bu cazibəni belə tez qırmaq mümkün deyil.

Arada uşaqlar tonqaldan bir kösöv oğurlayıb muxtar vilayət yaradır, kösövü sönən kimi yenidən tonqala qayıdırlar.

- Bayramınız mübarək!

- Sizin də.

- Daha papaq atmayacaqsız?

Ən dilavəri qabağa gəlir:

- Hamısına atmışıq!

- Necə hamısına? Bütün binalardakı mənzillərə?

- Bu binanın giriş qapıları kodladı. O iki binaya atmışıq. Mən bir manat qazandım!

- Adın nədi?

- İbrahim.

Bayaqdan yağışla odun mübarizəsində odun tərəfində dayanıb üfürən, kağız gətirən, canı dildən əlləşən oğlan axırda yorulub, söhbətimizə qoşulur:

- Sizin qapıya papaq atmışdıq. Yekə papaq mənim idi...

80-lərə aid “norka” papağı yadıma salıb soruşuram:

- Kimin papağıdı o?

- Elə belə götürmüşəm e, yekə kişi papağıdı. Mən heləsini qoymuram. Nənəm verdi. Köhnə papağdı.

- Yaxşı, uşaqlar, bəs hamı birdən niyə atırsız? Yəni bir-bir niyə atmırsız?

İbrahim qabağa gəlir:

- Birinciyə çox qoyullar, sonrakılara az qoyullar, ya da heç açmırlar qapını. Biz də hamısını birdən qoyuruq ki, bölüb hərəsinə eyni qədər töksünlər (Bax e... Dünyaya ədaləti gətirsə-gətirsə uşaqlar gətirəcək).

- Nə alanda sevinirsiz?

- Pul. Budey buna bir manat qoyublar.

- Neynirsiz ki, pulu?

- İqra oynamağa gedəcəm.

- Yaxşı uşaqlar, gedək tullanaq da tonqalda..

Uşaqlar həmrəyliyə sevinir:

- Siz də tullanacaqsız?

- Niyə tullanmıram?

Uşaqlar sevinə-sevinə məni dişi ilə dırnağı ilə yığıb qaladıqları tonqala tərəf aparırlar. Yolda söhbət edirik.

Bayaqdan adət etdikləri kimi müdafiə intonasiyasında danışan, istehkam mövqeyində dayanan uşaqlar indicə günün qəhrəmanı, hətta bayramın sahibi olduqlarını duyurlar.

Taxtaları nə zülmlə toplayıblar. Arabada lazımlı şeylər toplayanlar aparmasın deyə, bloklarına, hətta balkonlarına daşıyıblar. Taxta pəncərəni “JEK”in işçisinin əlindən güclə alıblar. Köhnə divanı sökəndə əlini əzənlər olub. Həm neçə gündür hava yağışlıdır deyə, girişdəki beton tavanın üstünə tulladıqları islanıb. Ayrıca öz binalarının qabağında yandırmaq üçün odunlarının yaramadığını, quru taxtaların az olduğunu görəndə qərara alıblar ki, o biri binanın uşaqları ilə danışığa getsinlər, necə deyərlər qüvvələri birləşdirsinlər. Olan quru taxtaları aparıb ümumi tonqala atıblar.

Məni tonqala qonaq aparan uşaqlara üzrxahlıq edirəm:

- Uşaqlar, gərək bağışlayasız. Papağınıza şəkərbura, paxlava qoya bilmədim. Hələ bişirə bilməmişik. Bayramda yenə papaq atarsız. Ona qədər bişirəcəyik.

“Ev sahibləri” ürək genişliyi ilə cavab verirlər:

- Narahat olmayın, eybi yoxdur...

İçlərindən ən maarifçi olanı yol göstərir:

- Şəkərbura olmayanda pul da qoya bilərsiz...

Pul ağlıma gəlməmişdi. Hardan gəlsin? 80-lərin uşaqlarıyıq.

Çərşənbə tonqalı bina sakinlərini yox, nəsilləri də bir yerə yığıb...

# 2191 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #