Məşhur əcnəbi rejissor: “Azərbaycan teatrında mətnə inanmırlar” MÜSAHİBƏ

Məşhur əcnəbi rejissor: “Azərbaycan teatrında mətnə inanmırlar” MÜSAHİBƏ
19 mart 2014
# 09:00

Rejissor Yan Vilem Van Den Boş Niderlandda böyüyüb. Hərbi xidmətdən sonra Londona gəlib və universitetin teatr fakültəsini bitirib. Bir çox Britaniya teatrları ilə, o cümlədən “Qlobus”, “Lirik teatr”, “Harold Pinterin studiyası”, “Royal Court”, “Volcano Tehatre”, “Almeida Theatre” ilə əməkdaşlıq edib.

Brext, Qoqol, Şekspir, Jene, Friş kimi klassik və müasir müəlliflərin əsərlərini səhnələşdirib. Verbatim janrında tamaşalar hazırlayıb. Bir neçə teatr mükafatı laureatıdır. Dram əsərlərinin tərcüməsi ilə də məşğul olur. Rusiya, Çexiya, Slovakiya, Bosniya-Herseqovina və bir çox başqa ölkələrdə Beynəlxalq teatr əməkdaşlığı layihələrində rejissor kimi iştirak edib.

Rejissorun Gənc Tamaşaçılar Teatrı ilə əməkdaşlığı bir neçə ay əvvəl başlayıb. Martin Mak Donaxın “Lineynin trilogiyası”ndan hazırladığı “Gözəllik kraliçası”, “Konnemarada bir kəllə”, “Yalqız Qərb” tamaşaları mart ayında tamaşaçılara təqdim olundu.

Kulis.az rejissorla müsahibəni təqdim edir.

- Cənab Yan, premyeradan nə təəssüratlarınız var? Reaksiyalar necə oldu?

- Tamaşaçıların reaksiyalarını izləmək maraqlı idi. Onlar gülürdülər, tamaşadan həzz alırdılar və bunu görmək xoş idi. Biz məhz bu cür dramaturgiyanın tamaşaçı tərəfindən necə qarşılanacağından nigaran idik. Oradakı təsvir olunmuş hadisəni psixoloji, sosial, məişət baxımından qəbul edəcəkmi? İnsanlar arasındakı konfliktə necə yanaşacaq? Onların da həyatında baş verən situasiyalarla eyniləşdirə, bu hadisələri tanıya biləcəklərmi? Orada özünəməxsus irland yumoru var. Amma tamaşaçılar alqışladılar, yumoru da anladılar.

- Layihəni işləyərkən bizim teatrda rastlaşdığı ən böyük çətinlik, maneə, anlaşılmazlıq nə oldu?

- İlk növbədə mətnlə bağlı oldu. Bu tamaşada mətn çox vacibdir. Mən aktyorları buna inandırmağa çalışırdım. Məşqlərdə mətn üzərində işlədik. Aktyorları mətnə inanmağa, sadəcə olaraq mətnə meydan verməyə inandırmaq çətin oldu. Aktyorlara deyirdim ki, mətndə məna axtarmağa çalışmayın. Sadəcə sözləri deyin, məna sözlərdədir. Onlara deyirdim ki, sözlərə öz mənalarınızı, münasibətinizi yükləməyə ehtiyac yoxdur. Sadəcə sözləri deyin. Aktyorlar buna yalnız premyera günü, zalın reaksiyasından sonra əmin oldular. Azərbaycanda teatr başqa cür qurulub. Mətnə inanmırlar. Məsələn, mətnə görə krandan su axmalıdır və ya soba yanmalıdır. Bu, maksimum real olmalıdır. Burada isə bunu süni şəkildə, şərti etmək istəyirdilər. Deyirlər, yəni, o, krandan su axmasa olmazmı?

Axı Martin Mak Donaxın əsəri belə xırdalıqlardan ibarətdir. Orada heç nə elə-belə, təsadüfi yazılmayıb. Martin çox ağıllı dramaturqdur.

- Pyesi özünüz seçmişdiniz?

- Bəli.

- Hər üç tamaşada kriminal xətt var. Cəmiyyət kriminal xəbərlərə əvvəlki qədər həssas deyil. Sanki tamaşalar tamaşaçını qəhrəmanı duymaqdan çox situasiyanı hiss etməyə yönəldir...

- Martin MakDonaxın əsərlərindən xoşum gəlir. Mənə tamaşada ideya qoymaq, məqsəd güdmək lazım deyil. Tamaşa ilə MakDonaxın məqsədlərini, onun fikirlərini, istədiklərini tamaşaçılara çatdırmaq istəyirdim. MakDonax hansısa məsələni qaldırır və sonra ona cavab vermir, sadəcə müşahidə edir. O, demir ki, kriminal hadisələrə münasibət belə olmalıdı və s. Bəlkə elə laqeyd olmaq lazımdır? MakDonax sadəcə üstündə düşünməli olduğumuz məqamları göstərir və bizə prosesi müşahidə etmək imkanı verir. Biz özümüz bu barədə qərar verməliyik. Onun üçün tamaşaçının düşüncə prosesi maraqlıdır. O, tamaşaçı ilə oynamağı sevir. Oradakı səhnələr birmənalı qəbul oluna bilməz. Tamaşaçı özü düşünməlidir, cavabı da özü tapmalıdır. Bir çox əsərlər həyat dərsi verir, xeyir şərə qələbə çalır. Amma burada vəziyyət fərqlidir. “Konnemarada bir kəllə” tamaşasında tamaşaçı sonadək Mik Daudun qatil olub-olmadığını bilmir. Qəbri açırlar, amma Mik Daudun arvadının sümükləri orada yoxdur. Meyit haradadır? Onu kim qazıb çıxarıb? Mik Daud qatildirmi? Bu suallara sonadək cavab tapmırıq. Tamaşaçı bilmir kimə inansın. MakDonax tamaşaçını suallarla buraxmağı sevir. İstəyir tamaşaçı bilsin ki, belə bir vəziyyətdə insandan nə gözləmək olar? O məqamda cəmiyyətin, insanların sizdən gözlədiyini gerçəkdən özünüzdə hiss edirsiniz, yoxsa yox? Məsələn, siz, valideynlərinizin qayğısına qalmalısınız. Amma siz özünüz bunu istəyirsinizmi? Martin belə suallar qaldırır. Birinci tamaşada belə bir sual yaranır: siz öz işlərinizi özünüz görməlisiniz, yoxsa kiminsə boynuna qoymaq lazımdır? Və ya insan özünə xidmət etməlidir, yoxsa cəmiyyətə? Məsələn, “Konnemarada bir kəllə” tamaşasında polis işçisi özü üçün işləyir, öz karyerasını düşünür, qatil olduğuna əmin olmadığı adam üçün dəlillər hazırlayır. Bir sual da yaranır: əfv etmək nə deməkdir? Zorakılığı bağışlamaq olarmı? Və ya bağışlamaq lazımdırmı? Buna necə çatmaq olar? MakDonax bir əhvalata obrazlar vasitəsilə bir neçə rakurs təqdim edir. Əhvalatın mənasını itirməyə çalışır. Çünki o, istəyir ki, tamaşaçı nəyin necə baş verdiyini görsün və bu barədə özü qərar versin. Bu, çox yaxşı metaforadır.

- Tamaşaçılardan biri şərh verərkən, tamaşaların pessimist bitdiyini dedi. Sanki insana xilas olmayacaq...

- Məncə, bizi optimist hesab etmək olar. Qətllərin, terrorların, müharibələrin, rəqabətlərin, sosial ədalətsizliklərin, ziddiyyətlərin olduğu pessimist bir dünyada yaşamaq, sevgi axtarmaq və tapmaq çətindir. Bunu ediriksə, deməli biz optimistik. Əgər tamaşaya diqqətlə baxılsa bunu görmək olar. MakDonaxda heç nə təsadüfi deyil. Pyesin ilk və son cümlələri çox vacibdir. Baxın ki, obrazlar səhnəyə hansı sözlə gəlir və səhnəni hansı sözlə tərk edirlər. “Yalqız Qərb”də qardaşlar bir-biri ilə yola getmir, dava edir, bir-bririni daha artıq incitməyə çalışırlar. Son səhnədə isə qardaşlar bara pivə içməyə gedirlər və işıq xaçın üzərinə düşür. Xaçdakı İsa xristian inancında əfv simvoludur. Qardaşlar dalaşsa da, bir-birini sevirlər. Və ya “Konnemarada bir kəllə” tamaşasında Mik Daud ölümlə barışıb, ona görə ki, ölüm mərhum arvadına qovuşma yoludur. Bəlkə də o doğrudan sərxoş halda arvadını öldürüb, bəlkə də yox. Məsələ bunda deyil... Tamaşalarda belə məqamlar var. Kimsə pessimist yanaşırsa, deməli, pessimistlik o insanın qəlbindədir.

- Bir çox tamaşalarınızı “verbatim” texnikasında (canlı intervülərə, sənədli faktlara əsaslanan tamaşalar) işləmisiniz. Bu janrların yaranması hansı ehtiyacdan yaranıb?

- Adamların sual vermək ehtiyacından... Bunun üçün şəraitin olması vacibdir. İnsan sual verməyə hazır olmalı, bunu bacarmalı, bundan qorxmamalıdır. Bir nümunə gətirim: Məsələn, niyə vəzifəli adamların pulu çoxdur?

- İnsan həyatının bu dərəcədə iqtisadiləşdiyi, sosiallaşdığı bir zamanda teatr ideoloji təsir gücünü saxlaya bilirmi?

- Bir vaxtlar mənə də elə gəlirdi ki, teatr cəmiyyətdəki rolunu itirir. Mən inanıram ki, Tanrı var və o, qovuşmada təcəlla edir. Məsələn, teatrın qovuşdurmaq imkanı var. Teatr fərqli inancları, fərqli sənətləri qovuşdura bilir. Teatr təsviri, mənanı, ideyanın ötürülmə üsullarını birləşdirir. Üstəlik tamaşaçı ilə ünsiyyəti...

- Başqa müştərək layihə olacaqmı?

- Həmişə davam etməyə yer qoymaq lazımdır.

# 4222 dəfə oxunub

Müəllifin son yazıları

# # #