Bu nə cür əhli-keflikdir?

Bu nə cür əhli-keflikdir?
29 iyul 2022
# 13:20

Kulis.az Təvəkgül Boysunarın “Məlik Rzanın dəhşətli cümləsi” yazısını təqdim edir.

Şəhriyar del Geraninin hekayəsi ilə bağlı yazdığım məqaləyə şərh bölməsində irad bildirən tələbkar bir oxucu söhbət əsnasında, bir zamanlar Aqşin Yeniseyin də təriflədiyi gənc yazıçı Məlik Rzanı yada saldı və müəllifin “Yaşıl” adlı hekayəsi haqqında müsbət fikirlər bildirdi. Bu vaxt istər-istəməz mənim yadıma aylar öncə oxumağa çalışdığım həmin hekayənin ilk cümləsi düşdü. O cümlə yaddan çıxan cümlədirmi? Yox, qətiyyən. O cümlə qətiyyən yaddan çıxan cümlə deyil. Və indi, əziz oxucular, hamınızdan xahiş edirəm ki, birlikdə həmin cümləyə nəzər salaq.

Amma bəri başdan onu deyim ki, bu yazıda mənim məqsədim kimisə tənqid etmək deyil. Məsələn, mən düşünürəm ki, Məlik Rza bizim müasir nəsrimizdə, doğrudan da, istedalı gənc nasirlərdən biridir və onun yazdığı gözəl hekayələr gələcəkdəki əla əsərlərinin də müjdəçilərindəndir. Və elə məsələ də bununla bağlıdır. Axı necə ola bilər ki, bu cür istedadı olan bir yazıçı elə bir cümləyə yol versin. Özü də hekayəni məhz həmin cümləylə başlasın. Əgər Məlik Rza heç kəsin təqdir etmədiyi bir yazıçı olsaydı, maraqsız, zəif mətnlər yazsaydı, mənim bu məqaləmə heç gərək də qalmayacaqdı.

Buyurun, cümləni kopyalayaraq növbəti abzasın başına yapışdırıram. Getdik:

“Yaşılı kimyəvi yağışların pıçıltıları əsrarlı röyalarından ayıranda toranlıq şəhərin üzərinə qüruba tələsən iniltili qarğaların sədaları ilə birgə havaya atılmış mələfə kimi ağırlıqla çökürdü.”

Nəsə anlaya bildinizmi? Başa düşülmür, elə deyilmi? Məqalənin davamını oxumağa çalışmayın. Cümləyə bir də baxın. Eyni cümləni kopyalayıb yenidən aşağıya yerləşdirirəm ki, ərincəklik etmədən növbəti cəhddə bulunasınız və anlamağa çalışasınız:

“Yaşılı kimyəvi yağışların pıçıltıları əsrarlı röyalarından ayıranda toranlıq şəhərin üzərinə qüruba tələsən iniltili qarğaların sədaları ilə birgə havaya atılmış mələfə kimi ağırlıqla çökürdü.”

Təkrar qeyd etməyə məcburam: Bu yazını yazmaqda məqsədim qətiyyən və qətiyyən kiminsə qüsurlu cümləsini üzə çıxarmaq deyil. Məqsəd sadəcə təəcübümü və cümləylə əlləşərkən məndə yaranan əsəbi ifadə etməkdir. Necə ola bilər axı, yazıçı öz hekayəsinə belə bir cümləylə başlasın və hekayəni elə bu şəkildə də çapa versin? Bir yazıçı bunu necə edə bilər? Bu nə cür əhli-keflikdir.

Axı hekayəni oxuyan yazıq oxucu ilk iki sözü, yəni “Yaşılı kimyəvi” sözlərini, əvvəlcə, istər-istəməz “bənövşəyi-qırmızı”, “çəhrayı-mavi” və sairə kimi ifadələrin intonasiyası ilə oxuyacaq və çaş-baş qalacaq. Yazıq oxucu nə bilsin ki, o “Yaşıl” kiminsə adı ola bilər, şəxs mənasında ola bilər. Olmazdımı ki, müəllif o Yaşıl sözünü götürüb elə bir yerə atsın ki, adamlar o sözün tamamlıq olduğunu dərk edə bilsin. Məsələn, diqqət edin, əziz oxucular:

“Kimyəvi yağışların pıçıltıları Yaşılı öz əsrarlı röyalarından ayıranda”.

Gördünüzmü? Sizcə indi heç olmasa bir az daha yaxşı deyilmi? Burda cümləyə “öz” sözünü də ona görə əlavə etdim ki, məsələ daha aydın olsun. “Yaşıl” sözünün cümlənin ortasında gəlməyi həm də o baxımdan əlverişlidir ki, bu zaman böyük hərflə yazıldığı üçün oxucu həmin sözün xüsusi isim olduğunu və tamamlıq rolunda çıxış etdiyini dərhal anlayacaq. Deməli, cümlənin əvvəlini anladıq. İndi gəlin növbəti hissədəki problemləri üzə çıxaraq.

“...toranlıq şəhərin üzərinə qüruba tələsən iniltili qarğaların sədaları ilə birgə havaya atılmış mələfə kimi ağırlıqla çökürdü.”

Özünüz anlamağa yenidən cəhd edirsinizsə, nə gözəl. Etmirsinizsə, onda mənim yazımı oxumağa davam edin.

Deməli, bir neçə dəfə oxuduqdan, əsəbiləşdikdən, bu müəllifin daha heç bir əsərini mütaliə etməyəcəyinə söz verdikdən sonra oxucu yavaş-yavaş başa düşür ki, bu cümlənin yazıq mübtədası, sən demə, “toranlıq” sözüdür. Sadəcə burda da müəllif “toranlıq” sözü ilə “şəhər” sözünü yan-yana işlədərək oxucunu sanki məqsədli şəkildə əzaba düçar edib. Axı istər-istəməz adama elə gəlir ki, burda “toranlıq” sözü “şəhər” sözünün təyinidir. Toranlıq şəhər – necə şəhər?

Amma təyin deyil.

Məhz bu məqamda “APA”nın gənc və zəhmətkeş müxbiri, eyni zamanda, istedadlı yazıçı olan Nihat Pirə “vergül” mübahisələrimizi xatırladaraq səslənmək istəyirəm. Əziz dost, mübtədadan sonra (bəzən) vergül qoyulmağının zəruri olduğunu anlamayan korrektorlar cərgəsində heç olmasa sən olma və etiraf et ki, məsələn, burda “toranlıq” sözündən sonra vergülün olması yanlış anlaşılmanı bir xeyli aradan qaldıracaqdı. Nəysə. Davam edək.

Cümlənin xəbəri – çökürdü.

Nə çökürdü? – toranlıq

Hara – şəhərin üzərinə.

Necə çökürdü – qürubə tələsən iniltili qarğaların sədaları ilə birgə.

Başqa necə çökürdü – havaya atılmış mələfə kimi ağırlıqla.

Üstəlik, burda başqa bir məqam da var:

İniltili qarğaların sədaları ilə birgə havaya atılmış mələfə

Yoxsa “İniltili qarğaların sədaları ilə birgə çökürdü”.

Müəllif, cümlənin pinti, səliqəsiz və bərbad olmasına sanki məqsədli şəkildə söz verib. Etiraf edim ki, hekayəni ilk dəfə oxuyanda bu cümlə məni bir xeyli əsəbiləşdirmişdi deyə daha davamını oxumamışdım və hal-hazırda bu yazını yazarkən də yenə bir qədər əsəb keçirirəm. Yaxşı ki, Məlik Rza “oxucular niyə bizi oxumur, kütlə niyə bizi oxumur, niyə kitablarımızı almırlar” deyə ah-fəğan edən gənc yazarlardan deyil. Yoxsa adam dönüb deyər, ay qardaşım, ay əzizim, bunu necə oxuyaq? Oxumaq mümkündürmü bunu?

Nəysə, hörmətli oxucular, daha cümlənin redaktəsiylə bağlı əlavə izah vermirəm. Cümlə o qədər pisdir ki, onu redaktə etdikdə belə ürəyincə bir nəticə əldə etmək olmur. Mən cümləni bir qədər düzəltməyə çalışdım və tam istədiyim kimi olmasa da, son nəticə belə alındı. Zənnimcə, əvvəlki versiyadan qat-qat yaxşıdır.

Kimyəvi yağışların pıçıltıları Yaşılı öz əsrarlı röyalarından ayıranda, qüruba tələsən iniltili qarğaların sədalarına qarışmış toranlıq, şəhərin üzərinə, havaya atılan mələfə kimi ağır-ağır çökməkdə idi.

Təklifim odur ki, normal cümlələrdə də qüsur tapıb redaktorluq qabiliyyətini nümayiş etdirməyi sevən qələm adamları (məsələn, hörmətli şairimiz Qəşəm Nəcəfzadə kimi sözə həssas yazarlarımız) öz güclərini məhz bu cümləyə göstərsinlər. Çünki cümləni daha yaxşı redaktə etməyə mənim səbrim çatmadı.

Səhv etmirəmsə, gənc qələm yoldaşımız Məlik Rza hal-hazırda hərbi xidmətdədir. Fikirlərimi səmimi şəkildə qəbul edəcəyinə ümid edir və xidmətində ona uğurlar arzulayıram. Tezliklə mülki həyata dönüb yazmağa davam etməsi diləyi ilə...

Diqqət üçün hamınıza minnətdarlıq...

# 771 dəfə oxunub

Oxşar xəbərlər

# # #