Qadınla şkafda rastlaşdı və...

Qadınla şkafda rastlaşdı və...
16 yanvar 2013
# 11:50

“Bu sehrli bank hər birimizdə var: bu, zamandır. Xərclənən pullar isə ötən anlardır... Hər səhər oyananda biz bir gün üçün 86 400 saniyə həyat krediti alırıq, axşam yatarkən isə sabaha heç nə qalmır. Bizim gün ərzində xərcləyə bilmədiklərimiz isə itirdiklərimizdir. Hər səhər bu sehr yenidən təkrarlanır və biz həyatın 86 400 saniyəsini alır, bu qaçılmaz oyunu oynayırıq: bank istədiyi an bizi xəbərdar etmədən hesabımızı bağlaya bilər; hər an həyat bitə bilər. Elə isə biz günümüzün 86 400 saniyəsi ilə nə etməliyik? Həyatımızın anları isə dollardan az əhəmiyyətli deyil”.

Bu mənalı sözləri ötən həftənin bazar günü Mark Levinin “Bəlkə bu, həqiqətdir” romanında oxudum, maraqlı göründüyü üçün sözbəsöz iqtibas etdim.

Gözəl romandır. Müəllif onu elə bir janrda yazıb ki, bilmək olmur, elmi fantastikadır, detektivdir, sevgi romanıdır, həyat hekayətidir, ya nədir. Əsərdə hər şey var - əsas da həyat, necə yaşamaq, necə sevmək barədə dərin, ibrətamiz düşüncələr…

Bu roman haqqında ən yayğın xəbərlərdən biri də odur ki, məşhur kinorejissor Stiven Spilberq əsərin motivləri əsasında film çəkdirmək üçün müəllifə - Mark Leviyə 18 milyon dollar təklif edib.

Romanın süjeti belədir: gənc həkim-praktikant Loren avtomobil qəzasına düşür, ağır xəsarət alır və dərin komaya girir. Altı ay boyunca o, yaşam aparatlarına bağlı qalır. Bir gün memar Artur evindəki şkafda bir qadına rast gəlir, ancaq tezliklə məlum olur ki, bu real qadın deyil, qadının ruhudur. Ən yaxın dostu onun hekayətinə inanmır.

O, isə Lorenlə danışdıqca danışır, onun inandırmasıyla gedib xəstəxanadakı hərəkətsiz bədəninə baxır. Dostu Pol Arturu psixiatriya xəstəxanasında hərtərəfli yoxlatdırır, Arturun psixi cəhətdən tam sağlam olduğu aydın olur.

Başqa bir gün Lorenin ruhu ona xəbər verir ki, onu yaşam aparatlarından ayırmaq, başqa sözlə, evtanaziya etmək istəyirlər, hətta artıq anası da dörd gün vaxt istəyərək razılıq verib. Artur artıq çox bağlandığı qadının öldürülməsi ilə barışa bilmir və onu klinikadan qaçıraraq, Sakit okean sahilindəki kənddəki anasına məxsus evə aparır. Oğurluq faktı qeydiyyata alınır və kriminalist Pilgez izə düşərək gəlib onları tapır. Ancaq o, memarın əslində çox xeyirxah bir adam olduğunu başa düşərək, onu adam oğurluğunda ittiham etməkdən çəkinir və qadının bitkiyə dönmüş bədənini xəstəxanaya qaytarır, Lorenin ruhu isə Arturla qalır. Bir müddətdən sonra ruh Arturdan ayrılmağa məcbur olduğunu deyir. Onlar ağlaya-ağlaya ayrılırlar. Artur artıq ruhu bir daha görmür və depressiyaya düşür, dəli olmaq həddinə çatır. Onu yenə dostu xilas edir, Arturun ətraf dünyayla əlaqəsini bərpa edincə ona telefon zəngi gəlir.

Arturu klinikaya dəvət edirlər və o, oraya gedərək, Lorenin artıq komadan çıxdığını, əlini, ayağını tərpətdiyini, gözünü açdığını öyrənir. Axırda onun dili də açılır və onun Artura – onu evtanaziyaya məruz qalmaqdan xilas edərək həyatda qalmasını təmin edən fədakar memara ilk sözü bu olur: “Axı siz kimsiniz? Niyə hər gün buradasınız?”

Yuxarıda iqtibas olunan sözü – 86 400 nəzəriyyəsini isə bir axşam etdikləri söhbətdə Artura ruh-Loren demişdi.

Romanın əsas mesajı da, məncə, budur: həyatı dolğun, hər saniyəsinin qədrini bilə-bilə, onu xeyirxahlığa həsr edə-edə, yaxınlarına, doğmalarına, ətrafındakılara faydalı olmağa çalışa-çalışa yaşamaq.

Əsərdəki daha bir mesaj isə təmənnasız sevginin, sədaqətin həyatverici qüvvə olduğuna dairdir. Axı Artur özü bir dibçək gülü kimi yaşayan Loreni təmənnasız şəkildə sevməsəydi, törətdiyi cinayətə (klinikadan adam oğurlama) görə həbsə düşməyi gözə alaraq onu evtanaziyadan xilas etməsəydi, qadın mütləq öləcəkdi. Müəllif Lorenin altı aydan sonra dərin komadan çıxmasını məhz onun ruhunun sevib-sevilməyi sayəsində baş tutduğuna işarə edir.

Əlbəttə, yer üzərində ruhların mövcudluğuna inanan və inanmayan milyonlarla insan var. Birincilər heç bir irreal varlıqlara inanmadıqları halda, ikincilər ruhların mövcudluğuna özlərinə inandıqları kimi inanırlar. Ancaq onların hamısı cinsindən, qohumluq statusundan asılı olmayaraq insanların bir-birinə sevgisinə inanırlar. Elə dünyanı da adi gözəlliklər yox, sevgilərin gözəlliyi xilas edəcək. Mark Levi öz möhtəşəm əsərində bunu demək istəyir və onun mesajları anlayanlara asanca çatır.

Sonda bir daha 86 min 400 an məsələsinə qayıdaq. Hər dəqiqə o anların 60-nı itiririk, saatda 6000-ni. Beləcə, gün başa çatır, amma biz başa çatan gün barədə ya heç düşünmürük, ya da fərqinə varmırıq, bilmirik ki, o 86 min 600 andan nə qədərini boşuna xərclədik, yaşamadıq, sadəcə, onları öldürdük.

Siz bu yazını oxumaq üçün 86400 saniyənizdən 600-nü xərclədiniz. Ümid edirəm ki, o anlar boşuna getmədi, bir çoxunuz ən azı Mark Levinin “Bəlkə bu, həqiqətdir” əsərini əldə edib oxumaq fikrinə düşdünüz. Oxumamısınızsa, oxuyun. Dəyər. Onu oxuyanların əksəriyyəti “86 400 nəzəriyyəsi” əsasında yaşamağa başlayır.

Məsələn, bu yazının müəllifi artıq elə edir. Elə bu yazını da o, 3900 saniyəyə yazdı.

# 3581 dəfə oxunub

Müəllifin son yazıları

# # #