Mamasından icazə alan kriminal avtoritet – Xalid Kazımlının yeni hekayəsi

Mamasından icazə alan kriminal avtoritet – Xalid Kazımlının yeni hekayəsi
5 dekabr 2017
# 11:17

Kulis.az Xalid Kazımlının “Qisas günü” hekayəsini təqdim edir.

O, amansızcasına döyüldüyü 15 martdan ta mayın 27-də azad olunduğu günə qədər qisas alacağı gün barədə çox düşünmüşdü, xəyallar qurmuşdu, gözünün qabağına gətirmişdi: onu döyənlərdən hansını nə vaxt harada yaxalayacaq, necə davranacaq; götür-qoy etmişdi, kimə nə deyəcək, kimi necə vuracaq, kimə hansı söyüşü söyəcək, daha dəqiqi, onu keçmişdə söyənin söyüşünü yiyəsinə necə qaytaracaq, hansını daha möhkəm çırpacaq. Hamısını xəyalında dönə-dönə canlandırmışdı.

Çünki onu çox pis döymüşdülər, söyə-söyə, amansızcasına, araya salaraq, nəfəs çəkməyə, özünə gəlməyə imkan verməyərək, yerlə bir edərək çırpmışdılar. Əvvəldə üstünə tökülüşənlərin bir-ikisinə əldən bir-iki dənə nə vurmuşdusa, elə o olmuşdu, sonra aldığı zərbələrdən əlini tərpətməyə imkanı olmamışdı, yerdə qıvrıla-qıvrıla qalmışdı. Əslində o, üfürülüb tuluqlanmış, almacıq sümüyü sınıb dağılmış yanağının qanından tutulmuş gözləri ilə onu kimin daha çox döydüyünü görməmişdi. Amma fərqi yox idi, o dörd nəfərin dördü də onu eyni nifrətlə, eyni vəhşətlə əzişdirmişdilər. Hər biri ayrı-ayrılıqda onsuz da cantaraq olan bu adamlar – rəis müavini, əməliyyatçı və iki nəzarətçi onu məhz köməkləşərək o günə qoymuşdular.

O, uzun müddət əmin idi və israrla deyirdi ki, onu nahaq yerə döyüblər. Yalnız bir dəfə özünə və məhkum dostlarına etiraf etdi ki, gərək söyüş söyməyəydi, o söyüşə görə müəyyən təqsiri var, amma dörd pəzəvəng adamın onu o cür ölümünə döyməsi də nə unudulub gedən şeydir, nə də bağışlanası hərəkətdir. “Bunun qisası olmalıdır, olacaq”. Düşüncəsi beləydi. Dilinə də gətirirdi.

Bu fikir o, azadlığa çıxandan bir-iki həftə sonra bir qədər dəyişdi. Azadlığın şirin dadı, köhnə dostların əhatəsi, gələcək planların (babat iş tapmaq, evlənmək, övlad sahibi olmaq) cazibəsi ondakı qisasçılıq hissini hər gün bir az korşaldırdı.

Həbsdən çıxdığı ilk günlərdə o, martda onu döyənləri tək-tək harada yaxalaya biləcəyini, tezliklə ev ünvanlarını, hərəkət marşrutlarını öyrənəcəyini düşünürdü. O, əmin idi ki, onu döyənlərlə təkbətək qovğada hər birinin öhdəsindən gələcək. Əlavə köməyə ehtiyacı yox idi və heç kəsi özüylə davaya aparıb zibilə salmaq istəmirdi. Hamısını tək döyəcəkdi. Düzdür, o, arıq idi, amma qayış kimiydi, çevik idi, erkən gəncliyində getdiyi idman zalında əxz etdiyi əlbəyaxa döyüş fəndlərindən də yadında bir şeylər qalmışdı. Ona görə də o, qərarlıydı ki, başda rəsi müavini Mövlanzadə olmaqla, əməliyyatçı Faiqi, nəzarətçi Məmmədəlini və Aydını, məhəllə uşaqları demişkən, eşşək qədər döyəcək. O, bu şəxslərə fiziki xəsarət yetirmək fikrində deyildi, eləcə, döyüb yalvardacaq, alçaldacaq, qorxudub, ağladıb buraxacaqdı.

Çünki onlar onu vəhşicəsinə döymüşdülər, həm də nahaq yerə, günahsız olduğu halda əzişdirmişdilər. Onun yeganə günahı o olmuşdu ki, günahsız yerə karserə salınan dostunu müdafiə etmiş, ona qarşı haqsızlığa etiraz bildirmişdi. Rəis müavini və onun əlaltıları isə o biri məhbusu buraxıb bunu çırpmışdılar. Hə, bir də ortada söyüş məsələsi olmuşdu, amma bu da ona görə olmuşdu ki, o, qəfildən aldığı fiziki zərbələrdən sonra əsəblərini cilovlaya bilməmişdi.

Dostu Cəlal və digər uşaqlıq yoldaşları onu Nabran və Qubaya iki günlük yeyib-içmək və gəzib-dolaşmaq qonaqlığına dəvət edəndə, həm də əməlli-başlı israr göstərəndə onun – sabiq məhkum Ərdəşirin beynində cəmi bir fikir vardı – bacardığı bir işin qulpundan yapışmaq, pul qazanmaq, gələcəyini təmin etmək. Cəlal ona malyar işi söz vermişdi. Ərdəşir gələn həftədən Cəlalın çalışdığı idarənin həyata keçirdiyi layihə üzrə aparılan tikintidə malyar işləyəcəkdi.

Yoxsa iyul ayının 12-də Ərdəşirin fikrində nə Nabran və Quba meşələrində istirahət etmək vardı, nə də türmədə olduğu vaxt xəyalını qurduğu qisas planını həyata keçirmək...

Həmin gün səhər o yatmışdı, yenicə aldığı telefona zəng gəldi. Cəlal idi. Ərdəşir onun “nə edirsən” sualına “yatıram” deyə cavab verdi və Cəlal bütün sabiq məhkumlara edilən zarafatı etdi:

- Yeddi il yatmısan, bəsindir, dur geyin, gəlirik, Nabrana aparırıq səni. Sonra ordan da Qubaya gedəcəyik.

Cəlal “aparmaq istəyirik” demədi, birbaşa “aparırıq” dedi, bu da o demək idi ki, Ərdəşirin seçim variantı yoxdur. Amma o, yenə də:

- Qoy mamaya deyim, sonra, - dedi.

- Mənim kriminal avtoritetimə bax ey, mamasından icazə alır, - Cəlal zarafatla əlavə etdi, - Sən öl, bu söz məhləyə çıxar, biabır olarsan. Uşaqlar elə bilirlər vor-zakonsan...

Gülüşdülər, amma Ərdəşir doğrudan da durumu anasına anlatdı. Məsmə xala ona evdən qırağa çıxmaq icazəsini yalnız ona görə verdi ki, ortada Cəlalın adı vardı. Ərdəşir məhbəsdə yatdığı yeddi ildə Cəlal onun dalınca anasından da çox gedib-gəlmiş, daima sovqat aparmışdı, bütün bayramlarda öz anasıyla gəlib Məsmə xalagildə oturmuşdu. Məsmə xala onu oğlu qədər çox istəyirdi. Ona görə də “Cəlal aparırsa, gedə bilərsən” dedi.

Onlar Cəlalın avtomobilində yola çıxdılar. Maşının salonunda dörd nəfər idilər: Ərdəşir, Cəlal, məhəllə uşaqları Elşən və Gülağa. Sonuncu iki nəfər də Ərdəşirə türmə sovqatı göndərmiş, onunla maraqlanmışdılar, amma heç biri Cəlal qədər yanıb-dönməmişdi.

Məhəllədə balaca bir marketi olan Gülağa yol boyunca Ərdəşirin maraqlı türmə əhvalatları danışmasını istəyirdi, eyzən türmədəki atmosferlə bağlı suallar verirdi. Ərdəşir çox qısa və həvəssiz danışırdı. Gülağa sözarası yarızarafat-yarıciddi dedi:

- Başqaları çıxıb gələndə elə şeylər danışırlar ki... Sən niyə danışmırsan, qrexin-zadın var, bəlkə?

Ərdəşir ciddiləşdi:

- İdealizə ediləcək, öyüləcək bir həyat deyil. Çıxırlar, gəlirlər, basıb-bağlayırlar, qulaq asan uşaq-muşaq da yanlış başa düşür. Amma elə deyil axı. Zülüm-züllətdir, iztirabdır, sıxıntıdır, psixoloji travmadır. Havayı iş deyil məhbəsdə yatmaq. Cəlal olmasa, bəlkə də mən ordan salamat çıxa bilməzdim.

Bu yerdə Cəlal sükandan yapışdığı sağ əliylə onun çiyninə şappıldadıb dedi:

- O nə sözdür, qədeş. Mən türməyə düşsəydim, sən də gəlib-gedərdin dəə...

- Allah eləməsin, - Ərdəşir sözünə davam etdi. – Düşüləsi yer deyil. Məndən götürün. 7 il əvvəl Tom Kruzun cavan vaxtından daha yaraşıqlı idim, indi sir-sifətimə baxın (şəhadət barmağı ilə zədə yeri bilinən yanağını göstərdi). Türməyə düşməzdən əvvəl saçıma daraq girmirdi, indi keçəlləşmiş başımda daraq girəsi tük yoxdur (əlini başına çəkdi). Yeddi il əvvəl siqaret çəkmirdim, indi közün közünə yandırıram. Hansını deyim? Oxuyub qurtarıb, tərcüməçi, diplomat olacaqdım, indi malyar işi axtarıram, Cəlal sağ olsun, söz verib. Yaş keçir, ailə yox, uşaq yox. Həyatım məhv olub gedib. Yenə sizin kimi dostlar sağ olsun ki, bu yatıb-çıxmış “türemşik”dən üz döndərməmisiz.

- Qədeş, biz sənin nə üstə yatdığını bilmirikmi? – Elşən nəhayət sözə qarışdı. – Hamının başına gələ biləcək hadisəydi. Eyni vəziyyətdə biz də ola bilərdik. Sən cinayətkar deyilsən ki. Əlindən xəta çıxmışdı, oldu, bitdi.

Susdular. Ərdəşir son yeddi ildə bəlkə də yeddi yüz dəfə xatırladığı o xətanı, o ağır günü xatırladı. Həmin gün o, bacısı və onun rəfiqəsiylə dənizkənarı bulvarda gəzirdilər. O, qızlara aldığı dondurma üçün verdiyi pulun qalığını alıb beş addım irəlidə olan qızlara yaxınlaşanda iki cavan oğlanın irişə-irişə onlara atdığı sözü eşitdi. Üz-gözlərindən yaramazlıq yağan cavanlar qızların dondurma yeməsiylə bağlı biədəb söz deyirdilər. Ərdəşir onlara yaxınlaşdı:

- Nə deyirsiz, alə, siz, - deyə əvvəlcə birini yumruqla, o birini təpiklə vurdu. Təpiklə vurulanı zərbə bərk tutduğundan o, müqavimət göstərmədi, yerdə döşəli qaldı, amma yumruq yeyən oğlan dərhal cibindən bıçaq çıxardı. Qızlar qışqırışdılar. Yaxınlıqdakı adamlar kənara çəkildilər. Heç kəs bıçaq tiyəsinin qabağında durmaq, araya girmək istəmədi. Ərdəşir üstünə gələn oğlanı karate zərbəsi ilə dəf etdi, bıçağı vurub onun əlindən saldı və yerdən götürüb oğlanın bud və sağrı hissəsinə sapladı. Oğlan “öldüm, ay ana” deyə bağıraraq, qan içində yerə yıxıldı. O biri oğlan qaçdı. Ərdəşir ətrafdakılara “təcili yardım çağırın” dedi, sonra qızları taksiyə oturdub evə yola saldı, özü geriyə qayıtdı, hadisə yerinə gəlmiş polislərə “mən vurdum” dedi. Beləliklə, onun sevgi-məhəbbət hekayəsi də, universitet həyatı da bitdi.

Əgər o, atadan yetim olmasaydı, karlı dayısı, əmisi olsaydı, bəlkə də bir az yüngül cəza alardı. Amma əvvəlcə müstəntiqlər bu pulsuz gənclə amansız davrandılar, sonra prokuror kasıb gəncə ağır cəza istədi, axırda hakim ona, arxasız tələbəyə prokurorun istədiyindən də ağır cəza kəsdi.

Məhkəmə iclaslarında çıxış edərkən onun savadlı, məntiqli danışığına hamı diqqətlə qulaq asırdı. Zərərçəkən gənc ölməmişdi, gəlib məlul-müşkül, suçlu halda oturur, suallara qısa cavablar verirdi. Bir dəfə məhkəmə iclasında prokuror Ərdəşiri qəsdən adam öldürməyə cəhddə suçlayanda o, özünü belə müdafiə etdi:

- Möhtərəm hakim, birincisi, bıçaq mənim deyildi, bunun idi. Bıçağı cibindən o çıxardı və o, məni öldürməyə cəhd etdi. Sadəcə, mən çevik tərpəndim, bıçağı əlindən aldım. İkincisi, istəsəydim, bıçağı onun, siz də bağışlayın, yumşaq yerinə yox, ürəyinə vurardım. Üçüncüsü, davranışından görünürdü ki, o, gizli seksual manyakdır, mən onu vurmasaydım, onu ya kimsə vurub öldürəcəkdi, ya da zorlama-filan üstə tutulacaqdı. Amma indi dərsini alıb, ta özünü sakit aparacaq.

Zərərçəkən “manyak” onun çıxışlarını sakitcə dinləyirdi, hiss olunurdu ki, şikayətçi olmaq istəmir. Məhkəmənin axırında o, içkili olduğunu, bu üzdən qızları başqalarıyla səhv saldığını, onu vurandan şikayətçi olmadığını dedi, amma xeyri olmadı. Həmin hakimin təcrübəsində adamı günahsız olsa da məhkəmə zalından azad etmək hadisəsi olmamışdı. Ərdəşirə qəsdən adam öldürməyə cəhd etməkdə təqsirli bilərək on il həbs cəzası verdilər. O, məhkəmə zalından çıxarılanda hakimlərə dedi: “Belə də ağır cəza olarmı? Yaxşı, onu öldürsəydim nə qədər verəcəkdiniz? Sap-sağlam gəzir adam”.

Sonrakı şikayətlərin də xeyri olmadı. Pul-parasız adamın şikayətinə baxan kimdir...

Nəhayət, bir gün onun adı da əfv siyahısına düşdü və 29 yaşlı Ərdəşir azadlığına qovuşdu. Ancaq çox gec idi, o həbsxanada olduğu müddətdə bacısı da ərə getmişdi, onun rəfiqəsi də. Ərdəşirin o qızda gözü vardı. Tutulmasaydı, belə üçlü görüşlərin birində girəvələyib qarnının dərdini qıza deyəcəkdi, hiss edirdi ki, qızın ondan xoşu gəlir. Bir yaramaz manyak onun bütün həyatının yönünü dəyişmişdi. Ərdəşir bunları fikirləşəndə havalanırdı.

...Şabran rayonundan keçərkən Cəlal maşını yol kənarındakı çayçının qabağında saxladı ki, bir az düşüb dincəlsinlər, kölgədə çay içsinlər, siqaret çəksinlər. Yolçular avtomobildən düşdülər, kölgədəki masada əyləşib çay sifariş etdilər. Söhbət əsnasında Gülağa Ərdəşirin yanağındakı çapığın hekayətini soruşdu və sanki onun yarasının qaysağını qopardı.

- Bu, Mövlanın yadigarıdır, - Ərdəşir dedi. - Soyadı Mövlanzadəydi, biz Mövlan deyirdik. Rəis müaviniydi. Türmənin ağasıydı. Mən çıxmazdan 2 ay qabaq olub bu. Dörd nəfər məni aralığa salıb çırpdı.

- Nə üstdə?

- Heç nə, Allah qoymasa, ombudsmanlıq edirdim... “Xlebnik”imi “kars”dan qurtarırdım guya.

Bu əsnada masaya çay qoyan gənc ofisiant eşitdiyi söhbətdən dərhal anladı ki, bu şəxs haradan çıxıb. O, qəribə bir ərklə soruşdu:

- Qardaş, sən təzə çıxmısan, eləmi?

Ərdəşir cavab verməyə macal tapmamış ofisiant yeni sual verdi:

- Bizim kəndçi vor-zakon Pənahı tanıyırsan? Zonlarda ad qoyub.

Ərdəşir tanıdığı Pənah adlı məhkumlardan kriminal avtoritet olanı yox idi, amma gənclə uzun-uzadı mükaliməyə girməmək üçün dəqiqləşdirmə aparmadı, eləcə dedi ki, o, qapalı həbsxanada yatıb, orda az adam vardı və Pənah adlı məhkum yox idi.

Gənc ofisiant əl çəkmədi:

- Pənahı hamı tanıyır. Rusetdə də tanıyırlar. “İzvesni vor”du. Killerliyə görə tutublar. Bəs sən nə üstdə düşmüşdün içəri?

Ərdəşir oğlanla bir az məzələnmək qərarına gəldi:

- Zorlama üstündə...

Cəlalgil qımışdılar. Ofisiant ona şübhəli-şübhəli baxaraq:

- Ola bilməz, - dedi. - O iş üstündə düşənləri orda şey eləyirlər axı. Ona görə də heç kim onu deməz.

Cəlal söhbətin yanlış istiqamətə getdiyini görüb müdaxilə etdi:

- Zarafat edir, qaqa, adam vurduğuna görə yatıb.

Görünür, çayçı oğlan qırsaqqızın biriydi:

- Harda vurub, necə olub?

Ərdəşirin səbri tükəndi, üzünü bozardıb:

- Bir dəfə rayona gedirdik, düşmüşdük çay içməyə, - dedi. - Sənin kimi biriydi, gəldi çoxlu sual verdi, zəhləmi tökdü, mən də bıçağı çıxarıb yortdum. Başa düşdün?

Oğlan onun bu sərt təhkiyəsindən anladığını anladı və onları rahat buraxıb işinin başına döndü.

Onlar çaylarını içib maşına minəndə heç kim heç nə soruşmasa da, Ərdəşir qəfildən dilləndi:

- O Mövlan da bu tərəflərdən idi.

O, bu sözləri deyərkən bilmirdi və bilə bilməzdi ki, cəmi 1 saatdan sonra qisas almaq istədiyi şəxslə, rəis müavini Zübeyr Mövlanzadə ilə üz-üzə gələcək.

Onlar Xudat şəhərinin mərkəzində, bazarla üzbəüzdəki supermarketin girəcəyində qarşılaşdılar. Cəlal “adama bir-iki sərin pivə alım, için, mən də özümə su götürüm” deyə maşını yolun kənarında saxlamışdı və Elşənlə birlikdə supermarketə girmişdilər. Ərdəşirlə Gülağa da maşından düşüb siqaret yandırmışdılar.

Ərdəşir onu, Mövlanzadəni, dörd ay öncə onu xurd-xəşil etdirən və bu prosesdə özü də fəal iştirak edən rəis müavinini görəndə o, əllərindəki sellofan torbalarla supermarketdən yenicə çıxmışdı və yolun kənarındakı cipinə doğru gedirdi.

Ərdəşir onu görən kimi tanıdı və özündən asılı olmayaraq səsləndi:

- Mövlaaan?

Zübeyr Mövlanzadə ya adının bu cür çəkilməsindən, ya da adını çəkən adamın səsinin tanış gəlməsindən diksindi, yerə mıxlandı və iki metrliyindəki Ərdəşirə baxa-baxa qaldı.

- Tanıdın məni, Mövlan? – Ərdəşir sakitcə, ancaq sərt şəkildə soruşdu.

Mövlanzadə onu, olan-qalan saçı iki-üç il əvvəldən, üzünün rəngi isə yenicə əsəbdən ağarmış 29 yaşlı adamı dərhal tanımışdı, ancaq dili tutulduğundan nə “hə”, nə də “yox” deyə bildi, eləcə gözünü qırpmaqla və udqunmaqla büruzə verdi ki, Ərdəşiri tanıyıb.

- Hə, Mövlan, necə deyərlər, yenə bu şəhərdə üz-üzə gəldik, neynəyək, başqa bir xarabamız yox. Sənə demişdimmi biz rastlaşacağıq, Mövlan? Demişdim, deməmişdim? Görüşəcəyik, demişdim. Qisas qiyamətə qalmaz, demişdim. Balaca ölkədə yaşayırıq, demişdim. Hər gün güzgüyə baxanda “Mövlanla mütləq görüşməliyəm” deyirəm.

Mövlanzadə əlacsız-əlacsız udqunmağında, bir də ətrafa boylanmağındaydı. O, nə kömək çağırmağa, nə də əlindəki ərzaq dolu torbaları yerə atıb özünümüdafiə pozası almağa risk eləmirdi, eləcə, sağ əlini cins şalvarının arxa cibinə qoymuş sabiq məhkuma baxırdı və fikirləşirdi ki, nə desin, necə eləsin ki, bu canini daha da əsəbiləşdirməsin.

Ərdəşir onu zəndlə süzürdü. Elşən və Cəlal supermarketə pivə və su alırdılar. Gülağa 2-3 metr kənarda durub onlara baxırdı.

Onun qıcanmış dişlərinə, qan daman gözünə baxan Mövlanzadənin gözünün qabağına gəldi ki, indicə Ərdəşir arxa cibindən yaylı bıçağı çıxaracaq, düyməsini basıb “şrakk” deyə açacaq və onun qarnına, ürəyinə çoxlu zərbələr endirəcək. O, Ərdəşirin adam bıçaqlamaq üstündə cəza çəkdiyini bilirdi və dörd ay öncə onu necə döydüklərini xatırlayırdı. O zaman ağrıdan yerdə qıvrılan Ərdəşir onlara bir gün qisas alacağını, onları dəlmə-deşik edəcəyini bağıra-bağıra vəd etmişdi.

İndi isə Ərdəşir heç bir hərəkət etmir, eləcə baxır və deyirdi:

- Həə, Mövlan, axır ki, görüşdük. Allahın işidir, bu gün məni yerimdən qaldırdı, dedi, get Xudata, qurbanlığın orda səni gözləyir.

Mövlanzadə elə bir vəziyyətdəydi ki, Ərdəşir əlini arxa cibindən kəskin hərəkətlə çıxarsaydı, ya düşüb bayılacaqdı, ya da şalvarını batıracaqdı. O, xırça-xırçla bədəninə sancılacaq tiyənin soyuğunu və itiliyini öncədən hiss edirdi və qorxunun şiddətindən əsəblərinə, bədən üzvlərinə nəzarəti itirdiyinin fərqindəydi. Nəhayət, o, yalvarıcı tərzdə:

- Uşaqlarnanam e, Ərdəşir, - dedi və başıyla beş-altı metr kənarda saxladığı maşına işarə etdi.

Ərdəşir onun işarə etdiyi tərəfə baxdı, avtomobilin içində, öndə oturan 33-35 yaşlı qadını, arxadakı 8-9 yaşlı uşaqları (biri oğlan, biri qız) gördü. Qız onlara baxırdı və içəridə dil-dil ötürdü.

Mövlanzadənin dediyi “uşaqlarnanam” sözünün deyiliş tərzi təxminən beləydi ki, başına dönüm, məni uşaqların gözünün qabağında öldürmə.

Ərdəşir onun çox pis qorxduğunu görüb, əlini şalvarının arxa cibindən astaca çıxardı, dedi:

- Mövlan, əslində mən nə etməliydim, bilirsən. Heç nə yox, anama söydüyün söyüşlər yadındadır?

Mövlanzadə səmimiyyət və qətiyyətlə dilləndi:

- P... yemişəm. Eşşəklik etmişəm. Əsəbi olmuşam. Nə dediyimi bilməmişəm.

- Nə yemisən, halal xoşun olsun. Söhbət onda deyil. Söhbət bundadır ki, belə bir rastlaşmanın ola biləcəyini düşünmürdünmü, Mövlan?

Mövlanzadə and içdi:

- Vallah, sən mənə elə söyəndən sonra başım nə təhər çönübsə, gözümə heç nə görünmürdü. Çox hirslənmişdim.

- Mən həmin gündən bu günə qədər də hirsliyəm, Mövlan. And içmişdim ki, sizin hansınızı harda tutsam...

- Məni o uşaqlara qurban elə, Ərdəşir. Qızıma qurban elə, bayaqdan baxır... - Mövlanzadə yalvardı.

Ərdəşir maşına, Gülağaya, sonra Mövlanzadəninin yazıqlıq yağan sifətinə baxdı, baxdı, nə fikirləşdisə, onu bundan artıq saxlamaq istəmədi:

- Yaxşı, Mövlan, indi get otur maşınına, o uşaqların başına dön...

Mövlanzadənin rəngi yerinə gəldi:

- Sağ ol, Ərdəşir... Nə qulluq edim? Burda bizim dost-tanışlar çoxdur, hansı restoranda otursanız, mənlikdir.

- Get, Mövlan, get, - Ərdəşir dilləndi, - uşaqlar gözləyir, get.

Mövlanzadə tez-tələsik maşınına mindi. Gülağa Ərdəşirə yaxınlaşdı. Cəlal və Elşən də marketdən çıxıb gəldilər. Gülağa tez onlara xəbər verdi ki, Ərdəşir indicə onu vaxtilə döyən rəis müavini ilə rastlaşdı, amma heç nə etmədi, buraxdı.

Onlar Xudatdan çıxıb Nabran yoluna düzələndə Elşən Ərdəşirdən Mövlanzadəni nə əcəb elə-belə buraxdığını, heç olmasa ağzının üstündən bir-iki şillə çəkmədiyini soruşdu.

Ərdəşir bir qədər susdu, sonra dedi:

- Bunun üç səbəbi var, - dedi. - Birincisi, sizi “souçastnik” kimi zibilə salmaq istəmədim. Ona bir şey olsa, yəqin ki, olacaqdı da, mənimlə bərabər sizi də tutacaqdılar – “qabaqcadan əlbir olmuş bir dəstə şəxs” kimi. İkincisi, onu arvad-uşağına qurban elədim, xüsusilə də maşından bizə baxan balaca qızına. Üçüncüsü, mən qisasımı aldım, uşaqlar, o, nə yediyini də dedi, üstəlik, adam şalvarını isladacaq hala düşdü, yalvardı...

Onlar Muxtadıra çatıb sola dönəndə, dənizin sahili ilə Nabrana doğru irəliləyəndə Ərdəşir Mövlanzadəni nəyə görə vurmadığının daha bir səbəbini açıqladı:

- Daha bir səbəb də o idi ki, bir də ora qayıtmaq istəmirəm... Amma Mövlanı qızına qurban elədim, qızına... Elə baxırdı ki...

***

Zübeyr Mövlanzadə isə CİP-ində yol gedə-gedə həyat yoldaşına bayaqkı adamın kim olduğuna dair izahat verirdi:

- Bizim cəzaçəkmə müəssisəsində yatırdı. Qulluq edənlərdən idi, indi də deyirdi, nə qulluq edim.

Maşından düşəndə isə o, şalvarının yaş olmasını havanın istisinə bağladı, guya istidən təntiyib, tər basıb. Arvadı ona heç nə demədi, eləcə ürəyində fikirləşdi ki, maşının kondisioneri işləyirdi axı, hətta uşaqlar üşüyürdü, bu necə oldu belə tərlədi.

# 2543 dəfə oxunub

Müəllifin son yazıları

# # #