Markesə qalmayan dünya…

Markesə qalmayan dünya…
18 aprel 2014
# 12:52

Filosof Marksa, diktator Markosa qalmayan dünya yazıçı Markesə də qalmadı. O, uzun, dolu, təminatlı, şan-şöhrətli bir ömür yaşadı, amma yenə bu dünyadan köçdü. Fəqət Marks və Markosdan bu dünyada az şey qalsa da, Markesdən çox şey qaldı.

O, zəmanəmizin ən böyük yazıçılarından biriydi. Bəlkə də dünyada Markes qədər böyük şöhrətə malik olan və öz şöhrətinin zirvəsində olduğunu görən ikinci bir yazıçı olmayıb. Bir çox yazıçılar öz şan-şöhrətlərini sağlıqlarında görməyiblər, bir çoxları ümumiyyətlə, sağlıqlarında ədib kimi də qəbul edilməyiblər. Ancaq Markes düz 40 ildir (bunun 32 ilini Nobel laureatı olaraq) dünya ədəbiyyatsevərlərinin dilindədir. Onun şöhrəti, populyarlığı azalmırdı və indən belə də azalmayacaq.

Ən qorxulusu o idi ki, Nobel mükafatı alandan bir neçə il sonra Markes digər nobelçi-yazıçıların sırasına qatılacaq, “ulduz yazarlar” kəhkəşanında görünməz olacaq. Elə olmadı, 1982-ci ildən başlayaraq, ta bu günə qədər onun oxucusu, eləcə də onun barəsində yazılan tənqid və əksərən tərif dolu məqalələr artan xətt üzrə davam etdi.

Markes öz məşhurluğunun öləziməməsinin reseptini özü təyin etmişdi. İndi məlum olur ki, bu böyük yazıçının resepti nə qədər doğru imiş. Markes ötən əsrin 80-ci illərinin sonunda bir ədəbi dərgiyə verdiyi müsahibədə demişdi ki, əsl yazıçı dəb xatirinə yazmamalı və dəbdə olmağı sevməməlidir, çünki dəb ötəri şeydir, bir gün keçib gedəcək və dəbdə olan yazıçı unudulacaq.

Dünyanın bütün kitab oxuyan ölkələrindəki bütün ədəbiyyatsevərlərin oxuduğu bu yazıçı özü heç bir dəbə uyuşmasa da, özü bir ədəbi dəb, yeni ədəbi cərəyan yaratmışdı.

Bəzən deyirlər, müasir dünya ədəbiyyatında ondan da böyük yazıçılar vardı və var. Bu iddia ilə mübahisə etmək düzgün, hətta mümkün deyil. Ola bilər ki, elə olsun, kimsə elə hesab etsin. Ədəbiyyat da sonucda zövqə dayanan sənət sahəsidir. Kimsə Lyosanı, Saramaqonu, Aytmatovu, Steynbeki, Heminqueyi, Vonnehutu daha böyük saya bilər. Onsuz da insanlar dahiləri bir-birilə qiyaslayıb daha birini önə çıxarmağa meyllidirlər. İdmanda, siyasətdə bu bəlkə də mümkündür, ortada birincilik məsələsi var. Ədəbiyyatda isə birinci, ikinci, beşinci ola bilməz. Hər bir yazıçı öz zəmanəsinin, öz dünyagörüşünün ifadəçisidir.

Markes də içində olduğu, yaşadığı, gördüyü, hiss etdiyi dünyaya dair əsərlər yaradırdı. Bundan sonra dünya necə olacaqsa, yazıçılar da onun bəşəri, qlobal problemlərini öz içlərindən keçirərək ifadə edəcəklər. Markesin dünyası, zəmanəsi hakimiyyətdən əl çəkə bilməyən, qəddarlıqdan həzz alan, az qala ölüb-gedəcəyinə inanmayan patriarxlarla, qadın şərinə düşərək gənc yaşda hamının gözü qabağında, öncədən qətl ediləcəyi bilindiyi halda öldürülən Santyaqo Nasarlarla, narkokartel bossu Eskobar tərəfindən qaçırılan, girovluqda iztirab çəkən nazir arvadları ilə, təqaüdə göndəriləndən sonra unudulan, eyzən məktub gözləyən kədərli polkovniklərlə, sevilən yaşları keçmiş qüssəli fahişələrlə zəngin idi. O bunlardan yazmışdı.

Bir də onun haqqında belə bir iddia var: Markes öz böyük şöhrətinə görə reklama, piara borcludur. Bu da ola bilər. Ədibin barəsində daima yeni-yeni informasiyalar yayılırdı, onun harada kiminlə görüşdüyü, kimin haqqında nə dediyi, hansı əsər üzərində işlədiyi və sair və ilaxır hərəkət və açıqlamaları barədə saysız-hesabsız xəbərlər yazılırdı. Ancaq bütün bunların onun yaradıcılığı ilə elə bir əlaqəsi yox idi. Adam yazırdı, yaradırdı, ortaya yeni və sanballı əsərlər qoyurdu və mediadan, ictimaiyyətdən haqq elədiyi diqqəti görürdü. Başqa sözlə, əgər Markesin adının ətrafındakı piar kampaniyasının real əsası olmasaydı, bu kampaniya bir gün mütləq iflasa uğrayardı.

Bu, çoxdan deyilmiş bir ifadədir, deyirlər, dünyanın bütün yazıçıları ən çox bir əsərləri ilə tanınır, sevilir, şöhrət qazanırlar. Markesdə isə belə əsərlərin sayı ən azı üçdür: “Yüz ilin tənhalığı” (bu əsərin adı, zənnimcə, Türkiyədə daha dəqiq tərcümə olunub: “Yüz ilin yalnızlığı”), “Patriarxın payızı”, “Gözlənilən bir qətlin tarixçəsi”. Hələ “Polkovnikə məktub yoxdur”u, “Qaçırılmışlar”ı da qeyd etmək olar.

Onun əsərlərində qəribə bir sehr var. Hər oxucu bu sehrdən yaxa qurtara bilməz. Elə onun maqik realizm cərəyanının atası sayılması da bu üzdəndir. Bütün dünya bunu etiraf edir.

Söz yox, Markesi böyük edən, böyük şöhrətə qovuşduran onun dünyanın böyük dillərindən birində - ispanca yazmasıydı. Ədib bir əsər yazırdı və həmin əsəri İspaniyadan Meksikaya, Çiliyə qədər 20-dən artıq ölkədə oxucular orijinal variantında oxuya bilirdilər. Markes bu istedadı ilə Amerikada, İngiltərədə, Almaniyada, Fransada doğulsaydı da, bu şöhrətini yaxalaya, ədəbiyyat zirvəsini fəth edə bilərdi. 20-ci əsrin ortalarında Cənubi Amerika dövlətlərinin müstəbid rejimlərin cəngində inləməsi, xalqların demokratiyaya keçid uğrunda mücadilə verməsi də Markesin bir yazıçı kimi formalaşmasında böyük rol oynayıb. O, bu tarixi proseslərdə ən azı müşahidəçi kimi iştirak edib, hər şey düz onun gözü qarşısında baş verib.

Markes siyasi dünyagörüşü etibarilə nə qədər ziddiyyətli adam olsa da, zaman-zaman ideoloji təsirlərə məruz qalsa da, bunun öz əsərlərinə inikas etməsinə imkan verməyib. O, Pinoçetə nifrət, Fidel Kastroya rəğbət bəsləyib. Ancaq diktator Kastro ilə diktator Pinoçeti bir-birindən ayırmaq mümkün deyildi. Onların hər ikisi öz ölkəsini inlədən patriarxlar idi. Markes isə onların arasına fərq qoyur “yaxşı tiran”-“pis tiran”a bölürdü. Bununla belə, Markesin populyarlığının ən pik dövründə, yaradıcılığının çiçəkləndiyi dönəmdə, milyonlarla oxucusunun ondan yeni əsər gözlədiyi bir vaxtda “Pinoçet hakimiyyətdən getməyincə bir daha roman yazmayacağam” deyə ciddi bəyanatla çıxış etməsi yazıçının dünyəvi demokratikləşmə prosesinə çox böyük töhfəsidir. Bu bəyanatdan sonra onun təkcə Cənubi Amerikada yaşayan milyonlara oxucusu Pinoçetin necə bir dəhşətli diktator olduğunun fərqinə vardılar və tiran mənfur bir varlığa çevrildi.

O böyük söz ustasıydı, öz dövranını sürdü, getdi. Klassik şairimiz Səməd Vurğunun özü barəsində yazdığı bir misranın iki sözünü dəyişib Markesə də aid etmək olar:

“... yelkən kimi qərq etsə də dəryada zaman,

... öldü deməyin, bir əbədi sənəti var”.

***

Qabriel Qarsia Markes 1928-ci ildə Kolumbiyanın Arakataka şəhərində anadan olub. 1950-ci ildə hüquq fakültəsində təhsilini yarımçıq buraxıb. Jurnalist olub, ədəbiyyata gəlib. 1982-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatı alıb. Bu il aprelin 17-də 87 yaşında vəfat edib.

Musavat.com

# 3150 dəfə oxunub

Müəllifin son yazıları

# # #