Nə “seks” , nə də qafiyəsi

Nə “seks” , nə də qafiyəsi
17 dekabr 2012
# 11:11

“Dünya köhnə dünyadır, sevgiləri təzədir” yazırdı rəhmətlik şair. Bir ovqat şeiriydi, sadə sözləri vardı, amma özündə necə bir enerji daşıyırdı.

Ona əbəs yerə “sevgi şairi” demirdilər. Onun şeirləri o dövrün sevib-sevilən, romantik gənclərinin dillərinin əzbəriydi.

Qızların xatirə dəftərlərində mütləq Nüsrət Kəsəmənlinin ülvi eşqdən, ayrılıq həsrətindən, nakam məhəbbətdən bəhs edən şeirləri olardı. Yazardılar, bir-birinə ötürərdilər. Sevgililər bir-birinə o şeirləri deyərdilər. Bəlkə hərdən zarafata da salardılar, guya şeir həvəskar deyilmişlər kimi... Amma iş bərkə düşəndə dadlarına bu şeirlər çatardı.

Axtarsan, o solmuş xatirə dəftərlərində kiril əlifbasıyla, əl yazısıyla yazılmış o titrək, həzin misralar hələ də qalır. Kim bilir, çoxu bəlkə də unudulub, harasa atılıb, it-bata düşüb. O gənclikdən, o qaynarlıqdan əsər-əlamət qalmadığı kimi, o sevgi şeirləri də o adamlar üçün əhəmiyyətini itirib artıq. “Hər aşiqin dövranı var” deyən şair haqlı çıxır. O şeirlər 25-30 il öncənin aşiqlərinin, qaynar gəncliyinin, irəlidəki parlaq günlərin eşqiylə, sevib-sevilmək, xoşbəxt yaşamaq ehtirası ilə alışıb-yanan adamların ümid dolu günlərinin unudulmaz xatirəsidir.

“Getmək istəyirsən, bəhanəsiz get,

Oyatma mürgülü xatirələri”.

Bu, sonu uğursuzluqla bitmiş bir sevginin himniydi. Bu aqibət yüz il əvvəl olduğu kimi, yenə də gənclərin başına gəlirdi. Alovlu sevgilər bəzən ciddi, əksər vaxt isə boş-boş səbəblər üzündən kədərli bitirdi. “Hər aşkın sonunda göz yaşı vardır” demişdi bir türk şairi öz zamanında. Nüsrət Kəsəmənli isə sanki yüz minlərlə sevib-ayrılan, kövrələ-kövrələ vidalaşan iki gəncin qəlbinə girmiş, mahir ekstrasens kimi onları oxuyub misralara düzmüşdü.

Səsin həmin səsdir, baxışın ögey,

Gedirsən, səsin də yad olsun, bari.

Bu misralar bu gün də yüz minlərlə insanın dilinin əzbəridir. Bu şeirin sehri yəqin ki, milyonlarla gəncin ürəyinin çırpıntılarından xəbər verməsindədir.

Başqa şairlər də vardı, onların şeirləri də sevilirdi, hərəsindən gözəl misralar, sətirlər qalmış, dillər əzbəri olmuşdu; birinin “bir salama dəyməyən eşqə ölüm yaraşır” (Bəxtiyar Vahabzadə) misrası məşhur idi, birinin – Yenə varaqlandı könül kitabım, bir sənin, bir sənin eşqinlə, gözəl!(Məmməd Araz) sətirləri, birinin bu misraları:

“Gözəl qız, sən saf susan,

İki qəlb arzususan.

Mən səni sevirəm

Sususzluğun od vurub köz kimi yandırdığı

dodaq su sevən kimi.

O isə səni sevir

rahatca bardaş qurub,

Kabab üstdən sərin su pis olmaz - deyən kimi” (Əli Kərim).

Vaqif Bayatlının üç sözlük bir misrası vardı: “Unudulacaq bütün sevdalar”. Sevdalar unudulmurdu, taxtadan dartılıb çıxarılmış mismar kimi yeri, izi qalırdı. Dünya köhnə dünya olsa da, sevənləri, görüşə gedənləri, görüşdən gələnləri təzələnirdi. Təzə sevənlər köhnə qaydayla sevirdilər.

O zamanın gənclərinin hamısı romantik deyildi, hətta az-az indiki kimi romantik olanlara lağ edənlər də vardı. Ancaq sevgi-məhəbbət söhbətləri, eşq hekayətləri kəmərdən aşağıya düşməmişdi. Sevənlər daha çox bir-birinin gözünə baxır, bir-birinin saçına toxunur, bir-birinin qəlbini dinləyirdilər. Qəribə bir ülvilik, saflıq vardı o vaxtlar. Lirik, sentimental, duyğusal şeirlər yazan şairlər o gənclərin duyğularını yazırdılar – nə az, nə çox, eynilə. Heç bir şeirdə nə “seks” sözünə rast gələrdin, nə də onun qafiyəsinə. Görünür, indi də bəzi şairlər öz müasirlərinin qayğılarını yazırlar, yəqin ona görə hərdən ortaya çirkin misralar çıxır.

Sanki o vaxtın sevgi ayrılıqları daha üzüntülü, daha hüznlü idi. Ayrılanlar indi dəbdə olan “gedirsən, cəhənnəmə get, əllimi yelləsəm, əllisini taparam” kimi ifadələrlə danışmırdılar. O dövrün ən sərt uyğun sözünü bəlkə də elə Nüsrət Kəsəmənli yazmışdı:

“Getmək istəyirsən, o yol, o da sən...”

Ancaq ardınca gələn ikinci misra başqa cür idi, gələcək xiffəti elə indidən ifadə edirdi:

“...Bir cüt göz baxacaq arxanca sənin”

Yəqin ki, indi də nakam eşqin acısını çəkə-çəkə həzin manılara qulaq asanlar, onu ürəyinə salıb kövrələnlər, lirik şeirlər oxuyanlar var. Olmamış olmaz. Köhnə dünyanın sevənləri nə qədər təzə olsalar da, sevgi iztirabı həmişə köhnədir, köhnə əyyamlarda olduğu kimidir. Araşdırsaq, məlum olacaq ki, indiki sevən gənclər məhz o dövrün şairlərinin nisgil dolu şeirlərini əzbərləyir, paylaşır, onlarla təsəlli tapırlar.

Bu yaxınlarda bir köhnə dostla ordan-burdan danışırdıq, söhbət hərlənib-fırlanıb “Feysbuk”un üstünə gəldi, yaşı 40-a dirənmiş, özü də sosial şəbəkədə olan dost kədərli-kədərli dedi ki, əllərində bu qədər gözəl imkanlar var, amma indinin cavanları bunun qədrini bilmirlər. Necə bilmirlər, nə etməlidirlər ki? O danışdı ki, əgər onun gənc olduğu vaxt mobil telefon-filan heç, təkcə bu “Feysbuk” olsaydı, indi həyatı tamam başqa cür olardı. “Mən o vaxt öz sevgilimə qarşı bir eşşəklik elədim, qəlbini qırdım, vaxtında üzr istəsəydim, yüz faiz bağşlayacaqdı. Amma bir-iki aydan sonra üzr istəyib barışmaq fikrinə gələndə əlim ona yetmədi, tapa bilmədim. Sonra əsgərliyə getdim, qayıdanda çox axtardım, sorağını alıb tapandan sonra məlum oldu ki, oni itirmişəm, artıq nişanlanıb. Əgər indiki imkan o vaxt olsaydı, mən o incikliyi təkcə Şövkət Ələkbərovanın “Bir könül sındırmışam” mahnısıyla, ya Flora Kərimovanın “Bağışla”sı ilə həll edərdim. Divarına göndərərdim, qulaq asardı və əl-əlbət bağışlayardı. Bizim o vaxtkı səhvlərimiz dönməz olurdu, qardaş, bir qəlbi qırırdıqsa, sonra çətin olurdu”.

Kim bilir, necə olardı... Həyat kompüter oyunu deyil axı “game over” edib təzədən başlayasan. Amma bu, həqiqətdir ki, mehriban ünsiyyət sevgini artırır, nifrəti öləzidir. Qırılmış könülləri vaxtında almaq lazımdır, sonra gec olur və həyat öz səmtini, axarını dəyişir.

Bir də görünür, dostum sosial şəbəkədə ya o qədər də aktiv deyil, ya da “dost”ları özü yaşda siyasət, iş-güc adamlarından ibarətdir. Yəqin o, bu üzdən ayrılıb getmək istəyən sevgilisinə “Getmə” şarkısı göndərənləri, buraxdığı səhvə görə “Beni affedermisin”i təkrar-tərkrar sevgilisinin divarında paylaşanları görmür.

... Dünya çalxalanıb çirkinlikləri kənara atacaq, gənc dostlar, yaxşı şeirlər oxuyun, gözəl misralar əzbərləyin. O sizin duyğularınızı həmişə saf və iti saxlayacaq.

Bir də heç vaxt ürəyinizi boş saxlamayın, gənclər, unutmayın ki: “Hər şey dolu olanda sıxılır, ürək isə boş olanda”. Bu sonuncu sətrin müəllifinin yazısı beləcə bitdi.

# 5687 dəfə oxunub

Müəllifin son yazıları

# # #