Məzlum - Xalid Kazımlının hekayəsi

Məzlum - Xalid Kazımlının hekayəsi
22 yanvar 2014
# 13:41

Saat 8 radələriydi. İşdən sonra yorğun-arğın halda payızdan çıxıb metroya düşdüm. Bəxtimdən qatar tez gəldi, üstəlik, oturmağa yer də vardı. Vaqonda demək olar ki, hamı oturmuşdu, yalnız ayaq üstə bir neçə gənc durmuşdu, onlar da şüşəsinin üstünə “Söykənməyin” xəbərdarlığı yazılmış qapılara söykənmişdilər və mobil telefonlarında oyun oynayırdılar.

Mənimlə üzbəüzdə 60-65 yaşlı, ovurdları batıq, arıq, bəstəboy kişi oturmuşdu. O, diqqətimi məhz sifətindəki yazıqlığı ilə çəkdi. Başındakı kepka papaqdan, əynindəki şalvar-pencəkdən, ayaqlarının arasına aldığı iri qabaritli, içi sovqatlarla dolu bazar çantasından, üzünün tunc rəngi almış dərisindən hiss olunurdu ki, o, kənd adamıdır, hansısa rayondan gəlib, “20 Yanvar” metrostansiyasında qatara minib, indi də şəhərin “yataq yeri” adlanan hissəsindəki oğlunun və ya qızının evinə qonaq gedir.

Kişinin adi kənd zəhmətkeşi olduğu, ömrü boyu fiziki işdə işlədiyi əllərindən də bəlliydi. O, sol əliylə vaqonun işıldayan tutacağından elə yapışmışdı ki, sanki bu cür tutmasa yıxılacaqdı. Onun yanındakılar söykənib-yayxanıb oturmuşdular, o isə sanki tikan üstündəydi.

Belə adamlar nəyə görəsə özlərini şəhərdə, əsasən də bu cür ictimai nəqliyyatlarda tam hüquqsuz hesab edir, ətraflarına belə ürkək-ürkək baxırlar.

Mənimlə üzbəüzdə oturmuş kişi o cür məzlumlardan biriydi. Nəyə görəsə adamın bu cür insanlara yazığı gəlir.

Qatar “Nizami” stansiyasında dayananda vaqondan iki-üç nəfər çıxdı, yerlərinə üç-dörd nəfər mindi. Minənlərdən ikisi cəld tərpənərək düşənlərin yerində oturdu. Amma onlardan birinə yer çatmadı. Bu, 26-27 yaşlı bir polis serjantı idi. Əslində gənc polis boş yer tapıb oturmaq qəsdi ilə vaqona göz gəzdirmədi, eləcə üzbəüzdəki, şüşəsinin üstünə “Söykənməyin” yazılmış qapıya tərəf addımladı.

Mənimlə üzbəüzdə oturan və hansısa düşüncəyə dalmış ağsaqqal kişi polisin ayaq üstə qaldığını bir qədər gec sezdi, amma dərhal reaksiya verdi, ayaqlarının arasına qoyduğu çantanı da götürərək yerindən dik sıçradı və bərkdən dedi:

- Gəl otur, rəis, gəl.

Kişinin səsi vaqonda bərk çıxdı, camaat biz tərəfə boylandı. “Rəis” də naqolay vəziyyətə düşdü.

- Yox, yox, narahat olmayın, oturun, - deyə serjant boşalmış yerdə oturmaq istəmədi. Ancaq kişi də “rəis”in hüzurunda oturmağa cürət etmədi. Onların hər ikisi ayaq üstə qaldı. O biri tərəfdə pıqqıldaşanlar oldu.

Bəlkə də yaşı altmışı keçmiş ağsaqqalın oğlu yerində adama yer vermək istəməsi, həm də bunu səhv buraxmış yeniyetmənin öz səhvini tez düzəltmək canfəşanlığı ilə etməsi məzəli situasiya idi. Amma bu, çox kədərli görünürdü.

Bu adam o qədər məzlum, o qədər əzik, o qədər sınıq biriydi ki, adi polis serjantını böyük adam sayaraq ona qulluq göstərmək istəyirdi. Kim bilir, həyat onu necə sıxıb, əzib bu hala salmışdı.

Növbəti stansiyada polis serjantı gözlənilmədən vaqondan çıxdı. Əslində bir dayanacaqdan sonra düşəcəkdisə, o, elə qapının ağzında dayanmalıydı, vaqonun bu tərəfinə gəlməməli idi. Yəqin ki, o, bu vaqondakı atmosferin psixoloji basqısına tab edə bilməmişdi və gedəcəyi yerə növbəti qatarla yola düşəcəkdi.

Ağsaqqal qayıdıb öz yerində oturdu. Həmişə olduğu kimi bu stansiyada vaqondan çox adam çıxmışdı. Əgər vaqona yeni polis işçiləri minsəydi, hamısına yer olacaqdı.

# 2118 dəfə oxunub

Müəllifin son yazıları

# # #