Vüsalə Əfəndiyeva: “Kitablar ikinci dildən tərcümə edilir, keyfiyyətsiz nəşr olunur” - Müsahibə

Vüsalə Əfəndiyeva:  “Kitablar ikinci dildən tərcümə edilir, keyfiyyətsiz nəşr olunur” - 	Müsahibə
27 noyabr 2023
# 10:23

Kulis.az Ülvi Bahadırın Norveçin NORLA təşkilatı tərəfindən "Ayın tərcüməçisi" seçilmiş Vüsalə Əfəndiyeva ilə müsahibəsini təqdim edir.

- Skandinaviya Mərkəzində nə vaxtdan çalışırsınız?

- 2006-cı Azərbaycan Dillər Universiteti və Norveçin Aqder və Oslo Universitetinin əməkdaşlığı ilə ADU-da Skandinaviyaşünaslıq ixtisası yaradıldı, bir il sonra universitetdə əməkdaşlıq layihəsi nəticəsində Skandinaviya Mərkəzi yaradıldı və mən mərkəzin rəhbəri kimi çalışmağa başladım. Uzunmüddətli əməkdaşlıq layihəmiz 2013-cü ilə kimi davam etsə də, sonra digər qısamüddətli layihələr vasitəsilə Norveç universitetləri ilə əməkdaşlığımızı davam etdirdik. Bu layihələr xüsusilə tələbə və müəllim heyətinin bilik və bacarıqlarını artırmaq üçün müxtəlif Norveç universitetlərində qısamüddətli kurslar və magistr proqramlarında iştirakı, akademik yazı və oxu, qonaq mühazirəçilərin dəvət olunması, Skandinaviyaşünaslıq layihəsinin davamlılığını təmin etmək və s. ilə bağlı layihələrdir. Nəzərinizə çatdırım ki, işlədiyimiz layihələr nəticəsində ADU-dan 43 müəllim, 111 tələbə 6 həftəlik kurslarda, 5 tələbəmiz magistr proqramında, 5 tələbəmiz 1 illik, 1 müəllimimiz 2 illik, 3 müəllimiz isə 1 semestrlik proqramlarda təhsil alıblar.

Hazırda mərkəzin rəhbəri və Regionşünaslıq kafedrasında baş müəllim kimi fəaliyyətimi davam etdirirəm. Norveç mədəniyyəti, Norveç tarixi, Norveçin Xarici Siyasəti, Gender məsələləri kimi fənlərdən dərs deyirəm.

Oslo Universitetində Norveç dili və tarixindən kurslar götürmüş və mübadilə proqramı üzrə təhsil almışam.

2009-cu ildə mən tələbələrimiz istifadə edə bilsin deyə, “Norveç tarixi” kitabını ingilis dilindən Azərbaycan dilinə tərcümə etdim, bu kitab hələ də Norveç tarixi haqqında Azərbaycan dilində olan yeganə kitabdır.

İlk dəfə Olso Universitetində Hamsunun “Pan”, İbsenin “Kuklalar evi” və Taryey Vesosun “Quşlar” əsərlərinin orijinal dildə oxuyub çox bəyənmişdim və Norveç ədəbiyyatını Azərbaycan dilinə orijinal dildən tərcümə edəcəyimə qərar vermişdim. Qeyd edim ki, uzun müddət Azərbaycanda Norveç ədəbiyyatı ya ingilis ya rus, ya da türk dilindən tərcümə olunurdu.

- Norveçdə ədəbi mühit necədir?

- Norveç ədəbiyyatı XIX əsrdən sonra inkişaf dövrünə qədəm qoymağa başlayıb. XIV əsrdən XIX əsrə kimi olan dövr Norveç mədəniyyətində, o cümlədən, ədəbiyyatında “Zülmət dövrü” adlandırırlar.

Dörd yüz ildən çox (1380-1814) Danimarka ilə bir ittifaq tərkibində olan Norveç, 1814-cü ildə İsveç ilə birləşməli oldu. Ümumiyyətlə, bu dövrdə Avropada burjua münasibətlərinin tədricən formalaşması və kapitalizmin inkişafı, cəmiyyətdə bir sıra dəyişikliklərə, yeni ideyaların formalaşmasına səbəb olmuşdur. Əsas qaynağı birbaşa elmlə bağlı olan bu ideyaların geniş yayılmış olduğu dövr maarifçilik dövrü kimi xarakterizə olunur, bu dövrdə mədəniyyətin inkişafının yalnız elm vasitəsilə mümkünlüyünə inam artmışdı. Lakin maarifçilik dövrünün sonlarına yaxın romantizmin təsiri ilə Avropada bu fikirlər yavaş-yavaş öz aktuallığını itirməyə başlamışdı.

Belə ki, romantizm dövründə artıq ağıl və bilikdən çox duyğu, hisslər və xəyal gücü mühüm əhəmiyyət kəsb edirdi ki, bu da romantizmin ən vacib xüsusiyyətləri sırasındadır. XVIII əsrin ortalarına doğru isə Fransa inqilabının nəticələri ilə əlaqədar olaraq Avropada artan milliyyətçilik ideyaları xalqda mədəni oyanışa təkan verərək milli dəyərlərin əhəmiyyətinin dərk olunmasına şərait yaratdı.

Dörd əsrdən çox Danimarkanın tabeçiliyində olan və dərhal sonra İsveçlə bir ittıfaqa qoşulan Norveçdə də milli romantizm ideyalarının yayılması və Norveç xalqının milli kimlik axtarışına başlaması təsadüfi deyildi. Norveçlilər üçün bu dövrdə əsas problemlərdən biri Norveç yazı dilinin olmaması və Danimarka dilinin hakim mövqe tutması idi. Ona görə də bu dövr eyni zamanda Norveç dili uğrunda mübarizə dövrü kimi yadda qalmışdır. Bukmal və ninoşk dili Milli Romantizm dövründə Norveç milli kimliyinin bir hissəsi olaraq meydana gəlmişdir. Hər ikisi 1885-ci ildə rəsmi dil elan edilmişdir. Mədəniyyətin bir çox sahələri kimi Norveç ədəbiyyatı da məhz romantizm dövründən inkişaf etməyə başladı. Maraqlısı budur ki, hətta Danimarka ilə ittifaqdan ayrıldıqdan on illiklər sonra məşhur Norveç yazıçıları Henrik İbsen və Byörnstyərnə Byörnson daha geniş xalq kütləsinə çatmaq üçün kitablarını Danimarka nəşriyyatları vasitəsilə çap edirdilər. Çünki ittifaqın parçalanmasına baxmayaraq, Danimarka ilə mədəni əlaqələr hələ də davam edirdi. XIX əsr realist dövrünün yazıçıları əsasən dramatik və epik janrlarda yazırdılar. Ümumiyyətlə, modernizm cərəyanının Norveç ədəbiyyatına gec gəldiyi iddia olunur, bunun əsas səbəbi realizmin güclü mövqeyə sahib olmasıdır. Müasir dövrdə isə Norveç ədəbiyyatının qarşısında duran əsas məsələ artıq milli kimliyin formalaşması deyil, bu ideya qloballaşan dünyada öz aktuallığını tədricən itirib.

- Yun Fosse uzun müddətdən sonra Norveçə Nobel gətirdi. Sizcə layıq idi?

- Yun Fosse Norveç ədəbiyyatının Nobel mükafatı alan dörd nümayəndəsindən biridir. Bildiyimiz kimi, Fosse əsərlərini əhalinin az bir hissəsinin danışdığı ninorşk dilində yazır. Bir sözlə, ninoşk (“nynorsk” “yeni Norveç dili” mənasını verir) dilində yazan ilk Nobel mükafatı qalibi hesab olunur. Ninoşk dili “landsmol” yəni “əyalət dili” hesab olunur. Yuxarıda da qeyd etdiyim kimi, Milli Romantizm dövründə yeni yazı dilini yaratmaq üçün İvar Osen qədim dialektləri toplamaq qərarına gəlir, o, dörd il boyunca Norveçi qarış-qarış gəzərək dialketləri bir araya gətirir. Kənar ərazilərdə mədəniyyət dəyişikliyə daha az məruz qaldığı üçün o, dialektləri daha çox ucqar ərazilərdən toplayır.1858-ci ildə gedən debatlarla bağlı nəşr olunan məqalələrin birində Osenin dil ilə bağlı vacib fikirləri əks olunmuşdu. Belə ki, İ. Osen bildirmişdi ki, Norveç xalqının əsasını fermerlər təşkil edir, onlar ölkənin əsl yerli vətəndaşlarıdır və onların dili də əsl dildir. Milli dil isə ölkəyə və xalqa məxsus olan dildir. Ümumiyyətlə, XIX əsrin sonlarında Norveç əhalisinin əsas hissəsini kənd təsərrüfatı, meşəçilik və balıqçılıqla məşğul olan fermerlər təşkil etdiyindən Norveçi bu dövrdə “fermer cəmiyyəti” də adlandırırlar. Fossenin məhz ninoşk dilində yazması da əhali tərəfindən xüsusilə rəğbətlə qarşılanır.

Yun Fosse dünyada “müasir İbsen” kimi də tanınır. Onun onlarla dilə çevrilmiş pyesləri saysız-hesabsız tamaşalarda nümayiş olunur. Fossenin özünəməxsus tərzi var, o, əsərlərində obrazların daxili aləmlərini enir, insan münasibətlərinin xüsusiyyətlərinə, ekzistensial məsələlərə və insan psixikasının mürəkkəbliyinə diqqət yetirir. Dünyada daha çox pyesləri ilə məşhurdur və pyesləri seyrək dialoqlar, daha çox səssizliyin üstünlüyü, obrazların daxili səsi ilə xarakterizə olunur. O, bir çox yerli və beynəlxalq mükafatların qalibidir, əsərləri bir çox dillərə tərcümə olunub.
Sentyabr ayında Nobel Mükafatı Müəllimlər Summitində iştirak etdim. Konfrans çərçivəsində Nobel mükafatı laureatları, alimlər, təhsil işçiləri ilə görüşlərdə iştirak etdik, mükafatçıların fəaliyyəti və nailiyyətləri haqqında ətraflı məlumatlar əldə etdik və maraqlı mühazirələr dinlədik. Tədbirlərin biri məhz Ədəbiyyat üzrə Nobel Mükafatının elan olunduğu İsveç Akademiyasında keçirilmişdi, orada olanda bir həftədən sonra kimin qalib olacağını düşünürdüm və Fossenin qalib olduğunu eşidəndə çox sevinmişdim.

Bu yaxınlarda Fosse ilə bağlı tərcümə etdiyim bir məqalədə yazılır ki, Karl Uve Knaüsqor Fosseyə bir şeirini göstərəndə Fosse oradakı bir sifətin pis olmadığını, qalan hissənin isə ümumiyyətlə şeir olmadığını deyib. Knaüsqor Fossenin haqlı olduğuna qərar verib.

Norveç hökuməti Fosseyə ədəbi səylərinə görə ömürlük tam təqaüd verib və ona kralın Norveç mədəniyyət xadiminə bağışladığı Kral Sarayının yanındakı binadan, Grottodan (kral sarayının ərazisindəki fəxri iqamətgah) ömürlük istifadəyə icazə verib.

- Tərcümə sahəsində Norveçdən nələr öyrənə bilərik? Orada proses necə gedir?

- Norveç bir çox sahələrdə olduğu kimi, tərcümə sahəsində də çox inkişaf edib. Bayaq qeyd etdiyim kimi, Norveçdə Bukmol və Ninoşk ilə yanaşı Sami (milli azlıq olan samilərin dili) dili də rəsmi dil hesab olunur. Bir neçə rəsmi dilin olması çoxşaxəli tərcümə mühitinin inkişafına imkan yaradır. Bundan əlavə, Norveç Krallığında qrammatika, tələffüz və söz baxımından əhəmiyyətli şəkildə bir-birindən fərqlənən dialektlər mövcuddur. Hətta Norveçin dil siyasəti linqvistik müxtəlifliyin saxlanılmasının vacibliyini və müxtəlif dialektələrin qorunmasını dəstəkləyir. Bəzən bu biz, tərcüməçilər üçün çətinlik yaratsa da, bizim tərcümə etdiyimiz ölkənin mədəni irsinə dərindən yiyələnməyimiz baxımından çox faydalıdır.

Norveçdə bədii tərcümə güclü ənənəyə malikdir. Norveç ədəbiyyatının dünya oxucularına əlçatanlığını təmin etmək baxımından tərcüməçilərin rolu böyükdür. Başqa sözlə, Norveç bədii tərcüməyə mədəni mübadilə vasitəsi kimi baxır və bununla da mədəni diplomatiyanın inkişafına zəmin yaratmış olur. Xüsusilə, bu sahədə olan tərcüməçiləri dəstəkləmək üçün bir sıra təşkilatlar təsis etmişdir. Norveç Tərcüməçilər Assosiyasiasiyasının (Norsk Oversetterforening) 50 dildən tərcümə edən 350 üzvü var. Assosiasiyanın əsas məqsədi Norveç bədii tərcüməçilərini bir araya gətirmək, bədii tərcümələrinin keyfiyyətini yüksəltmək üçün töhfə vermək, mümkün qədər fərdi tərcüməçilərə kömək və məsləhət verməkdir. Tərcüməçilərin bir araya gətirilməsində əsas məqsədi onlar arasında əməkdaşlığı tənzimləmək, onların peşəkar bir qrupa aiddiyyatı hissini və tərcüməçi kimliklərini möhkəmləndirməkdən ibarətdir. NORLA təşkilatı da Norveç ədəbiyyatının beynəlxalq aləmdə təbliğinə xüsusi fikir verir, bunun üçün Norveç ədəbiyyatını tərcümə edən xarici tərcüməçilərə, nəşriyyatlara bır sıra qrantlar ayırır, seminar və konfranslar təşkil edir, bununla da tərcüməçilərin bir-biri ilə tanış olması, əməkdaşlığı, yazıçılar ilə ünsiyyət qura bilməsi üçün şərait yaradır. Ən əsası bu tədbirlər Norveç dövləti tərəfindən dəstəklənir.
Linqvistik müxtəlifliyin faydaları, mədəni mübadilədə tərcümənin rolu, Norveç ədəbiyyatının dünyada təbliği, bu məqsədlə təşkilatların fəaliyyəti və s. kimi Norveçin tərcümə sahəsindəki təcrübələrindən yararlanmaqda fayda çoxdur.


- Bizdə vəziyyət necədir? Tərcümə sahəsində, yerli nəşriyyatlarda hansı problemlər var? Tərcüməçi-naşir münasibətləri necədir?

- Son vaxtlar tərcümə sahəsində xeyli irəliləyişlərin olduğunun şahidiyik. Artıq bir çox nəşriyyatlar keyfiyyətli işlər ortaya qoyurlar. Əsərlər orijinal dillərdən tərcümə olunmağa başlayıb. Kifayət qədər təcrübəli, savadlı tərcüməçilər və redaktorlarımız yetişir. Lakin bununla yanaşı, hələ də bəzi nəşriyyatlar var ki, kitabları ikinci dildən tərcümə edir və keyfiyyətsiz tərtibatla nəşr edirlər. Hesab edirəm ki, ikinci dildən tərcümə kitabın keyfiyyətinə mənfi təsir göstərir. Düşünün ki, bir rus, ingilis və türk tərcüməçi kitabı öz ana dilinin qayda-qanunlarına uyğun, cəmiyyəti tərəfindən qəbul edilən və anlaşılan formada tərcümə edir. Biz də o dil, cəmiyyət və mədəniyyət üçün tərcümə olunmuş əsəri öz dilimizə çeviririk. Bir sözlə, məsələn rus cəmiyyəti üçün tərcümə olunmuş əsər sonradan azərbaycanlaşdırılır. Bəzən yazıçılar fərqli üslublardan, söz oyunlarından istifadə edirlər və sən bir tərcüməçi olaraq orijinallığı saxlamaq üçün, yazıçının tərzini, duyğularını olduğu kimi oxuculara çatdırmalısan. Bəzən bu çətin bir məsələnin həllinə bənzəyir. İkinci dildən çevirən tərcüməçilər başqa tərcüməçi tərəfindən “hazır həll edilmiş məsələni” götürüb rahat şəkildə Azərbaycan dilinə tərcümə edirlər. Məsələn, Kjersti A.Skomsvoldun “Sürətləndikcə kiçilirəm” əsərini həmkarımla tərcümə edirdik. Orada Matea adlı baş qəhrəman qafiyələrlə danışırdı, bəzən bu qafiyələri Azərbaycan dilinə tərcümə etmək üçün biz bir neçə gün sərf etməli olurduq ki, onu dilimizə orijinala yaxın formada çatdıra bilək. Hesab edək ki, əsəri türk dilindən tərcümə etsəydik, onda əsər nə qədər dəyişikliyə məruz qalacaqdı. Məncə, bu məsələ hələ də ən ciddi problemlərdən biri kimi qalır.
Bundan əlavə, iyun ayında NORLA tərəfindən təşkil olunmuş Tərcüməçilər Konfransında iştirak etdim. Konfrans zamanı yazıçılarla görüşdük, maraqlı mühazirələr dinlədik və tərcüməçilərlə birgə seminarlarda iştirak etdik. Hətta bizə öncədən göndərilmiş tərcümə etdiyimiz nümunələr üzərində çalışarkən çox maraqlı məqamlarla qarşılaşdıq. Məsələn, Avropa tərcüməçiləri artıq qeydlərdən (footnote) istifadə etmədiklərini bildirdilər. Biz isə bəzən həddindən artıq çox istifadə edirik, məsələn, oxuduğum kitablarda koma, stend-ap, troll, şerif, bayker kimi çox sadə sözlərin də açılışının qeyd olunduğuna tez-tez rast gəlirəm, bu insanı çox yorur. Məncə, müasir dövrdə bilmədiyimiz, bizə maraqlı gələn sözləri rahatlıqla axtarıb tapa bilərik.

Təəssüflə qeyd etməliyəm ki, tərcüməçilik çətin sənət olsa da, qonorarlar o qədər də ürəkaçan deyil. Təbii ki, nəşriyyatların vəziyyətlərini də çox yaxşı anlayıram. Buna görə də bir çox tərcüməçilərimiz əlavə işdə çalışmalı olurlar ki, özlərini təmin edə bilsinlər. Bu da bəzən tərcümələrin vaxtında təhvil verilməməsinə, gecikməsinə gətirib çıxara bilir. Bəzən də tərcüməni təhvil verirsən, qonorarın gecikir, üstəlik bir neçə il keçsə də, kitab çap olunmur. Onda təbii ki, həvəsdən düşürsən.

Bir də yalnız bədii ədəbiyyat deyil, eyni zamanda elmi-kütləvi kitabların da keyfiyyətli tərcüməsi çox vacibdir. Bu zaman da ən azı, mütəxxəssislərlə əməkdaşlıq çox faydalıdır. Ümumiyyətlə, tərcüməçinin dil biliklərinin olması ilə yanaşı, cəmiyyəti yaxşı tanıması, onun tarixini, mədəniyyətindən xəbərdar olması da çox əhəmiyyətlidir. Belə olan halda yazıçının çatdırmaq istədiyini dərhal anlayır və mətnlə əlaqə qurmağı bacarır.

# 2071 dəfə oxunub

Müəllifin son yazıları

# # #