Tehranla ilk rəsmi əlaqə quran cümhuriyyətçi diplomat - Cavad xanın Nargində güllələnən nəticəsi kim idi?

Tehranla ilk rəsmi əlaqə quran cümhuriyyətçi diplomat -  Cavad xanın Nargində güllələnən nəticəsi kim idi?
27 avqust 2026
# 15:00

Bu gün tanınmış diplomat, hərbi xadim , Azərbaycan Cümhuriyyəti ordusunun podpolkovniki İsmayıl xan Ziyadxanovun doğum günüdür.

Kulis.az Ülkər Zeynalovanın "İsmayıl xan Ziyadxanovun siyasi və diplomatik fəaliyyəti" yazısını təqdim edir.

XX əsrin əvvəllərində Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Cümhuriyyətinin (1918-1920) qurulması ilə nəticələnən milli dirçəlişimizin parlaq isimləri sırasında İsmayıl xan Ziyadxanov xüsusi yer tutur. İsmayıl xan Ziyadxanovun istər çarizmin ayrı-seçkilik idarəçiliyinə qarşı mübarizədə, istər də Cümhuriyyət dövründə dövlətçiliyimizin təməllərinin formalaşdırılmasında əhəmiyyətli xidməti olub. O, gənc Azərbaycanın dövlət və hökumət strukturlarında, eləcə də onun diplomatiyasında mühüm vəzifələrdə vətən və millət naminə fədakarcasına çalışıb. Bolşevik istilasından sonra İsmayıl xan yeni rejimin sorğu-sualsız güllələdiyi xadimlərimizin siyahısında birincilərdən olub.

İsmayıl xan Ziyadxanlının həyat və fəaliyyətinə nəzər salmaq istərdik. Belə ki, İsmayıl xan Ziyadxanov 15 avqust 1867-ci ildə Gəncə şəhərində anadan olub. O, sonuncu Gəncə xanı Cavad xan Ziyadoğlunun nəticəsidir. İlk təhsilini Gəncə gimnaziyasında alıb, sonra isə Moskva İmperator Universitetinin (indiki MDU) hüquq fakültəsini bitirmişdir. Universiteti bitirdikdən sonra Tiflis Dairə Məhkəməsində prokuror müavini vəzifəsində işləmişdir. İsmayıl xan Ziyadxanovun başçılığı ilə Gəncədən Şamaxıya müsəlmanların köməyinə gələn azərbaycanlı qoşunları şəhərə daxil olana qədər davam etmişdir.

İsmayıl xanın siyasi fəaliyyəti 1905-ci ildə Azərbaycanda erməni daşnaklarının törətdiyi qətliamlardan sonra başlamışdır. 1906-cı ildə Ziyadxanov Yelizavetpol (Gəncə) quberniyasının birinci Dövlət Dumasının deputatı seçilmişdir. İsmayıl xan Ziyadxanov birinci dövlət duma buraxılanda olduqca qətiyyətli mövqe tutan az saylı deputatlardan biri olub. Məsələ burasındadır ki, aqrar məsələyə görə dövlət duması ilə çar və onun ətrafının mövqeyi arasında kəskin ziddiyyət yaranmışdı. Və ona görə Dumanın 72 gündən sonra fəaliyyəti dayandırıldı. Bir qrup deputat bununla razılaşmadı və tarixdə “Vıborq” adlanan bəyannaməni imzaladılar. Onların içərisində Əlimərdan bəy Topçubaşovla İsmayıl xan Ziyadxanovun da imzası var idi. Onlar çarın xalqın seçkisi ilə seçilmiş adamların qanunverici orqandakı fəaliyyətinə son qoymaq hüququnun olmadığını bildirməklə adamları çar məmurlarının tapşırıqlarını yetirməməyə səsləyirdilər. Bu, hökumət orqanlarının nəzərində itaətsizlik kimi qiymətləndirildi. Ona görə də həmin deputatlar istintaq orqanlarına verildi. Əvəzində çar hökuməti onları 3 aylıq həbs cəzasına məhkum etdi. Beləliklə, bir daha nə seçkili orqanlarda iştirak edə, nə də vəzifə tuta bilərdilər. Vətənə qayıdan İsmayıl xan öz qardaşı Adil xanla birlikdə “Müdafiə” (Difai) adlı bir təşkilat qurdu (bax: Ənvər Çingizoğlu, Aydın Ziyadlı. Bakı: Azərnəşr, 1993, s. 46). Əsas məqsədi azərbaycanlıları maarifləndirmək, onları təşkilatlandırmaq, ermənilərə və çarizmə qarşı müdafiəni mütəşəkkil formaya salmaqdan ibarət idi. Təşkilatın möhürü isə kitab, tərəzi, saman tayası və bir-birinə çarpaz keçirilmiş qılıncdan ibarət idi.

Dumanın müsəlman fraksiyasının büro və “Xalq Azadlığı” partiyasının üzvü olub. Deputat fəaliyyəti dövründə Rus imperiyasının köçürmə siyasətini, ermənilərin törətdiyi soyqırımları tənqid etmişdir. O, Dumanın buraxılmasına etiraz etdiyinə görə, üç aylıq həbs cəzasına məhkum olunmuş və deputat seçilmək hüququndan məhrum edilmişdir.

Azərbaycanın milli istiqlal hərəkatının fəalları sırasında yer alan İsmayıl xan 1906-cı ildə Gəncə quberniyasının 1-ci Dövlət Dumasının deputatı seçilib. O, Dumanın müsəlman fraksiyasının büro üzvü və “Xalq Azadlığı” partiyasının üzvü olub. Dumadakı fəaliyyəti dövründə çarizmin ucqarlarda köçürmə siyasətini, Qafqazda törədilmiş milli qırğınları, müstəmləkəçilərin xalqımızın başına açdığı bəlaları kəskin tənqid edib. O, ermənilərin Azərbaycanda törətdikləri qırğınlar ilə əlaqədar Dumadakı çıxışlarının birində qeyd edir: “Hər dəqiqə ölkəmdən qorxulu xəbərlər alıram. Bu dəqiqə İrəvanda silah səsləri eşidilməkdədir. Cənablar, iki ildən bəri qan içində üzən ölkəmizdə cəsədlərin üstündən keçirik. Artıq səbrimiz tükənib. Bizə də acıyın. Biz anaların qucağından alınıb havaya atılan südəmər uşaqların havada ikən xəncərlərə keçirildiklərini görmüşük. Biz hamilə qadınların qarnına salınan xəncərlərin açdığı yaralardan uşaq əllərinin bayıra sallandığının şahidi olmuşuq. Qoy mətbuat və təbliğat vasitəsilə aramıza nifaq toxumu səpən provokatorlar utansınlar, yanğın və alovlardan xoşlananlar iş başından çəkilsinlər, dəlik-deşik edilən cəsədlərin, anaların, uşaqların fəryadından, iniltisindən həzz alanlar rədd olsunlar”.

İsmayıl xan Rus Dumasının yüksək tribunasından cəsarətlə açıqladı: “Belə getsə, yaxın vaxtlarda hər iki xalq yer üzündən asanlıqla silinəcəkdir. O zaman siz məğrur Qafqaz övladlarının qanına boyanmış bu torpaqda rus kəndliləri üçün planlaşdırdığınız yaşayış məntəqələrini qura bilərsiniz”.

İsmayıl xan Ziyadxanov Dumanın buraxılmasına etiraz edən deputatların (onların arasında Əlimərdan bəy Topçubaşov da vardı) Vıborq müraciətnaməsini imzaladığına görə üç aylıq həbs cəzasına məhkum olunmuş və Dumaya seçilmək hüququndan məhrum edilmişdi. 1907-ci ilin martında Qafqaz və Krım müsəlmanlarının nümayəndələrinin Gəncədə keçirilmiş qurultayında İsmayıl xan Ziyadxanovun rəhbərliyi ilə Zaqafqaziya Ümummüsəlman İttifaqının yaradılması qərara alınmışdı.

1907-ci ilin mayında “Müdafiə” təşkilatı yarandı. Görkəmli ictimai xadim İsmayıl xan Ziyadxanov ona başçılıq etdi. Kənd müəllimləri Ə.Qiyasbəyli, H.Saniyev, hərbi topoqraf podpolkovnik İ.Vəkilov, notarius Xəlilbəyov və başqaları “Müdafiə”nin təşkilatçılarından idilər. “Müdafiə” əsas etibarilə Yelizavetpol quberniyasının qərb hissəsində və Tiflis quberniyasının qərb qəzalarında fəaliyyət göstərirdi. Yuxarıda adları çəkilən quberniyaların əhalisinin imtiyazlı hissəsinin nümayəndələri, mülkədar-bəyləri, habelə kənd ziyalılarının nümayəndələri “Müdafiə” təşkilatının sosial dayağı idilər.

1917-ci ildə Rusiyada fevral burjua inqilabından sonra Gəncədə ictimai təşkilatların icraiyyə komitəsi təşkil edilmiş və şəhər milisinin rəisi təyin edilmişdir. Gəncə şəhərinin asayişi İsmayıl xan Ziyadxanovun rəhbərlik etdiyi milis dəstələri tərəfindən qorunub.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakı quberniyası tərkibində inzibati-ərazi vahidi olan Şamaxı şəhəri və Şamaxı qəzasının kəndlərində azərbaycanlıların soyqırımı, bolşevik-daşnak qüvvələrinin əvvəlcədən hazırlaşdıqları Bakıda 1918-ci il mart hadisələri ilə eyni zamanda baş vermişdir. Şamaxıya erməni-molokan birləşmiş qüvvələri tərəfindən ilk hücum 1918-ci il martın 29-da, səhər erkən yatmış şəhərin top atəşinə tutulması ilə başlanmışdır. Şəhərin müsəlman əhalisi cəmi bir neçə saat müqavimət göstərə bilmiş, bundan sonra şəhər hücumla alınmışdır. Şəhərdə dinc azərbaycanlı əhalinin kütləvi surətdə qətlə yetirilməsi, yanğınlar, talanlar və qarətlər başlanmışdır. Dörd gün ərzində şəhərin ən abad hissəsi – zəngin müsəlmanlara məxsus “Piran-Şirvan” yaşayış məhəllələri yanğınla tamamilə məhv edilmiş, qarət olunmuş, əmlaklar araba və furqonlarda erməni və molokan kəndlərinə daşınmışdır. Müsəlman əhalisinin gizlənməyə və ya müxtəlif yollarla şəhərdən çıxmağa çalışan tanınmış nümayəndələrinin axtarışları, həbsləri və qətlləri başlanmışdır.

Həmin dövrdə Azərbaycanda xalqın qeyrətini çəkən, onu ölümdən qurtarmaq üçün çalışan ziyalılar yetişmişdi. Belə ziyalılardan biri də Əhməd bəy Ağaoğlu idi. Həmin dövrdə o, “Difai” partiyasını yaratdı. “Difai”nin ən güclü qollarından biri Gəncədə fəaliyyət göstərirdi. Ora İsmayıl xan Ziyadxanov, həmçinin Azərbaycanın ictimai-siyasi həyatında çox mühüm rol oynayan digər adamlar daxil olmuşdular. İsmayıl xan Yelizavetpoldakı qolun nümayəndələri kimi adamların silahlandırılması, maarifləndirilməsi, eyni zamanda onların təşkil edilməsində əvəzsiz xidmət göstərmişdi. 1919-cu ilin yanvar ayının sonu Fətəli xan Хоyski hökuməti elan etdi ki, bundan öncə adı çəkilmiş İsmayıl xan Ziyadxanlının başçılığı ilə əhalinin hissiyatını təbliğ etmək üçün Tehrana bir heyət göndərmək qərarına gəliblər. Bununla da o, qarşılıqlı anlaşma üçün bir addım atırdı.

İranla AXC arasında ilk diplomatik münasibətlər 1919-cu ilin yazında İsmayıl xan Ziyadxanın başçılığı ilə Tehran Fövqəladə missiyasının göndərilməsi ilə quruldu. Bu missiya İran hökuməti ilə bir sıra əhəmiyyətli məsələlər üzrə ilkin danışıqlar aparmış, AXC-nin Tehranda diplomatik nümayəndəliyinin, Təbrizdə, İranın sərhəd və mərkəzi məntəqələrində konsulluqların yaranması məsələlərini müzakirə etmişdir.

Tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı “İsmayıl xan Ziyadxanlı və Azərbaycan-İran əlaqələri” adlı məqaləsində qeyd edir ki, “İsmayıl xan Ziyadxanlı həmin ildə, yəni 1919-cu il aprel ayının ortalarında Ənzəli yolu ilə İrana daxil oldu. Yarı rəsmi «İran» qəzeti «Qonaq bizdəndir» adlı dərc etdirdiyi bir məqalədə «Qafqaz islam millətinin» nümayəndəsinin İrana gəlişindən məmnunluğunu bildirərək (Qədim dövrdən Qafqazla İran geniş əlaqədə olub) yazır ki, «…Bu möhtərəm qonaq bizdəndir, yəni o tayfadandır ki, İranda 100 ildən artıq səltənət etmiş, sözün əsl mənasında İran dövlətinin və millətinin nümayəndəsidir. Cənab İsmayıl xan Ziyadxanlı (Qacar – S.T.) tayfasındandır, bunlar Gəncədə ən möhtərəm və etibarlı xanlardan sayılırlar və çar Rusiyası hökumətinin işğalından öncə Gəncədə hökmranlıq etmişlər».

Xarici İşlər Nazirliyi rəsmiləri ilə İsmayıl xan arasında müxtəlif sahələrdə, xüsusilə İran təbəələrinə dəymiş xəsarətin qarşılığını ödəmək, poçt və ticarət sahəsindəki problemlərin həlli ilə müzakirələrdən başqa Şərqi Qafqaz xanlıqlarının Azərbaycan adlandırılması mövzusu əsas məsələlərdən biri idi. Tehranda İsmayıl xan Ziyadxanlı və İran Xarici İşlər Nazirliyi arasında cərəyan edən müzakirələr Bakı mühitindən uzaq olduğuna görə nisbi nailiyyətlərlə nəticələndi. Müzakirə mövzusu olan məsələlər haqqında müəyyən razılıqlar əldə edildi və 4 iyun 1919-cu ildə İsmayıl xan Ziyadxanlı ilə Rus idarəsinin müdiri Mötəsəmül Səltənənin imzası ilə 14 maddədən ibarət müqavilə layihəsi imzalandı. Bu müqavilədə Azərbaycan Xalq Cümhuriyyətinin tanınması mövzusu, yaxud da iki dövlət arasında müştərək sərhədlər məsələsi müzakirə obyekti olmalı idi. Daha doğrusu, əsas müzakirə iki dövlət arasında ticari münasibətlərlə bağlı mövcud problemlərin təcili aradan qaldırılması və iki dövlət vətəndaşlarının mütərəqqi olaraq hüququnun qorunması məsələsi müzakirə obyekti olunmuşdur.

İsmayıl xan Ziyadxanov Azərbaycan Xalq Cümhuriyyətinin ikinci hökumətinin tərkibində hərbi işlər üzrə müvəkkil olub, daha sonra Xarici İşlər nazirinin 1-ci müavini təyin edilib. 1919-cu ilin yazında İran hökuməti ilə danışıqlar aparmaq üçün Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə diplomatik missiyasına rəhbərlik edib. Bu danışıqların və müzakirələrin nəticəsində Azərbaycan tərəfindən İsmayıl xan, İran tərəfindən isə XİN-in Rusiya üzrə idarə rəisi Seyid Hadi Fərəh Mötəsəməssəltənə 14 maddəlik bir müqavilə imzalayıb. Bu missiyanın fəaliyyəti nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin Tehranda daimi diplomatik nümayəndəliyi və İranın bir sıra məntəqələrində konsulluqların açılması razılaşdırılmışdı.

Azərbaycan XI Qırmızı Ordu tərəfindən işğal edildikdən sonra 5 may 1920-ci il tarixində Azərbaycan İnqilab Komitəsinin xüsusi dekreti ilə İsmayıl xan Ziyadxanovun mülkü və torpaqları müsadirə edilir, özü isə Hərbi səhra məhkəməsi tərəfindən güllələnir.

Bolşevik istilasından sonra İsmayıl xan yeni rejimin sorğu-sualsız güllələdiyi xadimlərimizin siyahısında birincilərdən olub. Hazırda Gəncə Tarix-Diyarşünaslıq Muzeyi Ziyadxanovlardan miras qalan mülkdə yerləşir.

# 184 dəfə oxunub

Oxşar xəbərlər

Seyid Cəfər Pi­şə­və­rinin müəmmalı ölümü... - Qərb mətbuatı onun haqqında nə yazırdı?

Seyid Cəfər Pi­şə­və­rinin müəmmalı ölümü... - Qərb mətbuatı onun haqqında nə yazırdı?

12:00 26 avqust 2026
Azərbaycan və Özbəkistanın ortaq intellektual-mədəni körpüsü: Yusif Qarabaği

Azərbaycan və Özbəkistanın ortaq intellektual-mədəni körpüsü: Yusif Qarabaği

13:00 24 avqust 2026
Səfəvilər, milli kimlik və tarixə qeyri-profan yanaşma haqqında - Elvüsal Məmmədov

Səfəvilər, milli kimlik və tarixə qeyri-profan yanaşma haqqında - Elvüsal Məmmədov

10:00 21 avqust 2026
"Alnıma qoşa güllə çaxsaydı, bundan yaxşı olardı..." - Heydər Hüseynovun qarşısında hansı məsuliyyəti daşıyırıq?

"Alnıma qoşa güllə çaxsaydı, bundan yaxşı olardı..." - Heydər Hüseynovun qarşısında hansı məsuliyyəti daşıyırıq?

14:00 15 avqust 2026
İmperator ordeni qazanan ilk azərbaycanlı general və maarifçi - Ona niyə ciddi nəzarət edirdilər?

İmperator ordeni qazanan ilk azərbaycanlı general və maarifçi - Ona niyə ciddi nəzarət edirdilər?

10:00 14 avqust 2026
Rus ordusunun ilk və yeganə müsəlman general-adyutantı - Kəngərlilər nəslindən olan Hüseyn xan Naxçıvanski kim idi?

Rus ordusunun ilk və yeganə müsəlman general-adyutantı - Kəngərlilər nəslindən olan Hüseyn xan Naxçıvanski kim idi?

10:00 9 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər