İmperator ordeni qazanan ilk azərbaycanlı general və maarifçi - Ona niyə ciddi nəzarət edirdilər?

İmperator ordeni qazanan ilk azərbaycanlı general və maarifçi - Ona niyə ciddi nəzarət edirdilər?
14 avqust 2026
# 10:00

Bu gün Azərbaycan yazıçısı və hərbi xadimi İsmayıl bəy Qutqaşınlının anım günüdür.

Kulis.az onun həyatı və fəaliyyəti haqqında materialı təqdim edir.


Azərbaycanın ictimai fikir və ədəbiyyat tarixində elə xadimlər var ki, onların fəaliyyəti təkcə qələmlə deyil, milli oyanışa xidmət edən böyük missiya ilə ölçülür. Müasir milli nəsr və hekayə janrının təməlini qoyan İsmayıl bəy Qutqaşınlı məhz belə şəxsiyyətlərdəndir.

İsmayıl bəy 1806-cı il yanvarın 27-də keçmiş Qutqaşın mahalında (hazırkı Qəbələ) dünyaya göz açıb. Müqəddəs Qurban bayramı günündə doğulduğu üçün ailəsi ona İsmayıl adını verib. Atası Nəsrullah sultan mahalın sonuncu hakimi olub və Azərbaycan çar Rusiyası tərəfindən işğal edildikdən sonra idarəçilik yenə ona tapşırılıb. Şahlıq və xanlıq nəslindən olan zadəganları özündən asılı və itaətdə saxlamaq məqsədilə çar hökuməti onların övladlarını bir növ "girov" kimi hərbi xidmətə cəlb edirdi. Oxşar tələblə qarşılaşan Nəsrullah sultan oğlanları arasından ən zəif və çəlimsiz görünən balaca İsmayılı hərbi idarəyə təhvil vermək qərarına gəlib.

İsmayıl bəy 1822-ci ildən çar ordusunda xidmətə başlayıb, Sankt-Peterburqda dörd illik kadet məktəbi təhsili alıb. Təhsilini başa vurduqdan sonra Əlahiddə Qafqaz Korpusunun Gürcüstan alayında sıravi əsgər kimi fəaliyyətə başlayıb. O, sıravi hərbçidən general-mayor rütbəsinə qədər ucalaraq böyük hərbi uğurlara imza atıb.

Uşaqlıq və gənclik illərində dini təlimlər alan İsmayıl bəy ərəb və fars dillərini dərindən mənimsəmiş, Şərq və Azərbaycan klassik irsinə yaxından bələd olmuşdu. Hərbi xidmətdə olduğu illərdə isə rus və Qərbi Avropa mədəniyyətinin nailiyyətlərinə yiyələnərək, dövrünün en mütərəqqi ziyalılarından birinə çevrilmişdi.

O, Rus-İran (1826–1828) və Rus-Türkiyə (1827–1829) müharibələrində fəal iştirak etmiş, döyüş meydanlarında göstərdiyi şücaətə görə müxtəlif ordenlərlə təltif olunmuşdu. Hərbi qulluq illərində Moskva, Sankt-Peterburq və 1832–1836-cı illərdə Varşavada yaşamışdı. Varşava dövründə onunla birgə xidmət edənlər arasında Abbasqulu ağa Bakıxanovun kiçik qardaşı general-mayor Cəfərqulu ağa Bakıxanov və kapitan Həsən bəy Ağalarov kimi tanınmış simalar var idi.

İsmayıl bəy Mirzə Fətəli Axundzadə, Qasım bəy Zakir və Abbasqulu ağa Bakıxanov kimi nəslin böyük maarifçiləri ilə sıx dostluq edirdi. Bu görkəmli şəxsiyyətlər Azərbaycan ədəbiyyatı tarixinə "Paqonlu maarifçilər" adı ilə həkk olunublar.

1841-ci ildə hərbi xidmətdən istefa verən ədib vətənə qayıdaraq Qutqaşın və Şamaxıda məskunlaşıb, pedaqoji fəaliyyətlə məşğul olub. 1847-ci ildən etibarən isə Şamaxıdakı "Bəy komissiyası"nda çalışıb.

Mənbələrdə qeyd olunur ki, İsmayıl bəy çar ordusu tərkibində rusların tərəfində türklərə qarşı vuruşduğu üçün sonralar dərin peşmanlıq hissi keçirib. Bəzi mülahizələrə görə, onun bu düşüncəyə gəlməsində böyük qardaşı Qutqaşınlı Şeyx Yəhya Əfəndi Dağıstaninin böyük rolu olub.

1852-ci ildə o, həyat yoldaşı Tutu xanım Bikə ilə birlikdə müqəddəs Həcc ziyarətinə yola düşüb. Ümumilikdə iki dəfə Həccdə olan İsmayıl bəy bu səyahət təəssüratlarını "Səfərnamə" adlı yol qeydlərində qələmə alıb (əsər 1967-ci ildə nəşr edilib).

Müəllifin keçdiyi marşrutun coğrafiyasını öyrənmək baxımından əvəzsiz olan bu əsərin günümüzə cəmi 126 səhifəsi gəlib çatıb. Kitabların kütləvi məhv edildiyi bir dövrdə "Səfərnamə"nin saxlanması üçün İsmayıl bəyin dostu Hacı Əli Əfəndi onun üzünü köçürərək el arasında müqəddəs sayılan Şıx baba pirində gizlətmiş və əsəri məhv olmaqdan xilas etmişdir.

İstefaya çıxdıqdan sonra maarifçilik fəaliyyətini genişləndirən Qutqaşınlı 1849-cu ildə şəxsi vəsaiti hesabına Şamaxı müsəlman məktəbi üçün bina kirayələyib, müəllim və xidmətçilərin əməkhaqqısını öz cibindən ödəyib və həmin təhsil ocağında rus dilini tədris edib.

Qohumlarının xatirələrinə görə, zəvvarlıqdan qayıdanda o, satın aldığı bir qız və bir oğlan qulu Qutqaşında azad edərək onlara yeni həyat bəxş edib. Başqa bir rəvayətə görə isə, İstanbulda olarkən bir satıcı onun geyiminə baxıb şabalıdın qiymətini soruşan İsmayıl bəyə "bu sənin yeməyin deyil" deyərək onu kiçiltsə də, milli qüruru tapdanan ədib dərhal Qutqaşına xəbər yollayaraq 40 dəvə yükü şabalıd gətirtmiş və əhaliyə paylamışdır.

Məsələdən xəbər tutan Osmanlı sultanı həmin təkəbbürlü satıcını cəzalandırmışdır. O, həmçinin heç kimin qarşısında ayağa qalxmağı sevmədiyindən evində həmişə ayaqüstə dayanar, nökəri Çərkəzə mütəmadi olaraq ehtiyac sahiblərinə taxıl paylamağı tapşırardı.

Görkəmli tədqiqatçı Salman Mümtaz İsmayıl bəyin sadəcə sufi yolçusu deyil, kamil bir müsəlman olduğunu vurğulayır. Ədibin Həcc ziyarətinin həm də kəşfiyyat xarakterli olması ehtimalları mövcuddur; onun Osmanlı ərazisində yüksək rütbəli hərbçilərlə görüşməsi bu iddiaları gücləndirir.

1854-cü ilin aprelində Anadolu ordusunun marşalı Zərif Mustafa paşa İsmayıl bəyə məxfi məktub ünvanlayaraq, Ondan Azərbaycan və Dağıstanda çar Rusiyasına qarşı üsyan təşkil etməyi xahiş edir. Lakin bu gizli məktub erməni polkovniki M.T.Loris-Məlikovun casuslarının əlinə keçir. Nəticədə, 1855-ci ildən etibarən çar hökuməti generalı ciddi nəzarət altına alır.

İsmayıl bəy Qutqaşınlı 1869-cu ildə (bəzi mənbələrdə 1861-ci il) Ağdaş mahalında karvansarada şam edərkən həyat yoldaşı Tutu xanım Bikə ilə birgə zəhərlənərək qətlə yetirilir. Bu xain sui-qəsd Rusiyanın əli və erməni məfkurəsinin hiyləgərliyi ilə həyata keçirilir. Hər iki şəxs Qəbələdəki Soltanbaba qəbiristanlığında yan-yana torpağa tapşırılır.

Qutqaşınlı yaradıcılığının zirvəsi fransız dilində qələmə aldığı, iki zadəgan gəncin pak sevgisindən bəhs edən "Rəşid bəy və Səadət xanım" əsəridir. Mənbələrdə müəllifin "Tutu" adlı başqa bir əsərinin olduğu qeyd edilsə də, həmin yazı dövrümüzə çatmayıb.

İsmayıl bəy eyni zamanda "Miskin" təxəllüsü ilə şeirlər yazmışdır. Onun adına ədəbi mənbələrdə ilk dəfə Hüseyn əfəndi Qayıbovun "Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuə" əsərində rast gəlinir. Həmin məcmuədə yer alan "Mədəd" adlı mürəbbedə Qasım bəy Zakir oğlu və qardaşı oğlunun qarşılaşdığı çətinliklə bağlı İsmayıl bəyə müraciət edərək ondan kömək istəyir.

Böyük maarifçinin xatirəsi bu gün də əziz tutulur.

Qəbələ şəhərinin mərkəzi küçələrindən birinə onun adı verilib, orada görkəmli ədibin heykəli ucaldılıb və ev-muzeyi yaradılıb.

# 106 dəfə oxunub

Oxşar xəbərlər

Rus ordusunun ilk və yeganə müsəlman general-adyutantı - Kəngərlilər nəslindən olan Hüseyn xan Naxçıvanski kim idi?

Rus ordusunun ilk və yeganə müsəlman general-adyutantı - Kəngərlilər nəslindən olan Hüseyn xan Naxçıvanski kim idi?

10:00 9 avqust 2026
Mal-qara otararkən 2000 illik sikkə tapdı

Mal-qara otararkən 2000 illik sikkə tapdı

14:50 4 avqust 2026
1978-ci ildə qapalı qapılar arxasında dil mücadiləsi - Heydər Əliyev Moskvanı necə razı salmışdı?

1978-ci ildə qapalı qapılar arxasında dil mücadiləsi - Heydər Əliyev Moskvanı necə razı salmışdı?

10:00 1 avqust 2026
Əliheydər Qarayevin yanında işləyən "İslam" partiyası agenti - Nərimanovun xilas etdiyi generalı kimlər güllələdi?

Əliheydər Qarayevin yanında işləyən "İslam" partiyası agenti - Nərimanovun xilas etdiyi generalı kimlər güllələdi?

12:00 30 iyul 2026
"Biz Ermənistan adlı hökuməti tanımırıq" - Andronikin planını pozan, amerikalı polkovnikə meydan oxuyan azərbaycanlı yazıçı

"Biz Ermənistan adlı hökuməti tanımırıq" - Andronikin planını pozan, amerikalı polkovnikə meydan oxuyan azərbaycanlı yazıçı

10:00 28 iyul 2026
Tarixi kəşf: 2000 illik Teatr küçəsi tapıldı

Tarixi kəşf: 2000 illik Teatr küçəsi tapıldı

12:48 25 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər