Gənc aktyor: “Onun serialında çəkilmək mənim üçün ən böyük məsuliyyətdir” - Müsahibə

Gənc aktyor:  “Onun serialında çəkilmək mənim üçün ən böyük məsuliyyətdir” - Müsahibə
11 avqust 2026
# 14:30

Kulis.az Nisə Rafiqqızının gənc aktyor Məhəmməd Qulamovla müsahibəsini təqdim edir.

Gənc, istedadlı aktyor Məhəmməd Qulamovu seriallarda çox görürük. Amma ən çətin rol elə özün kimi olmaqdır. Bu gün mən Məhəmməd Qulamovu ssenaridən çıxardım. İşıqları yandırıb reallığa dəvət etdim. Gənc aktyorla kadrarxası söhbətimiz maraqlı oldu. Olduqca sadə, səmimi olan Məhəmməd Qulamov “rol” sözünü bir kənara qoydu və ilk dəfə öz sözünü dedi. Bu müsahibə sual-cavab deyil, etirafdır. Biz onu rol aldığı seriallardan tanıdıq. İndi isə Məhəmməd Qulamovun özünü tanımaq vaxtıdır.

– Seriallarda maraqlı obrazlarla yadda qalan gənc, istedadlı aktyor Məhəmməd Qulamovu yaxından tanımaq hamımız üçün maraqlı olar.

– Mən, Məhəmməd Qulamov Ələsgər oğlu 1997-ci il aprel ayının 28-də Bakı şəhərində, ziyalı ailəsində dünyaya gəlmişəm. Əslən Maştağa kəndindənəm. Hamıya qarşı diqqətcil və həyatda həssas biriyəm. 2015-ci ildə Maştağa qəsəbəsi 255 nömrəli tam orta məktəbi bitirmişəm. Elə həmin ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə (ADMİU) qəbul olmuşam. Bakalavr ali təhsil illərimdə bir çox tədbir və layihələrin aparıcısı və təşkilatçısı olmuşam. 2019-cu ildə Televiziya rejissoru ixtisasını bitirib, elə həmin ildə Kinorejissor ixtisasına qəbul olmuşam. Hər iki təhsilimdə yüksək bal topladığıma görə dövlət hesabına oxumuşam. Magistr ali dərəcəli təhsilimdən əlavə, elə həmin il Azərbaycan Dövlət Tele-Radio Akademiyasının üzvü olmuşam. 2021-ci ildə magistr təhsilimi başa vurmuşam. 2024–2025-ci illərdə Azad Azərbaycan Televiziyasında yayımlanan ölkənin ən reytinqli və brend rejissoru olan ustadım Rövşən İsaxın “İmtina” serialında Eldar obrazında rol almışam. 2025–2026-cı illərdə ssenarist və rejissoru Rövşən İsax olan “Qurd yağı” serialında Əziz obrazında rol almışam. Ailədə atam və anam ali təhsillidirlər. Məndən savayı bir böyük qardaşım da var – Vüqar Qulamov.

– Adətən aktyorların sənətə gəlişinə hansısa sevdiyi aktyor səbəb olur. Bəs sənin necə, aktyor olmaq istəyin təsadüf, yoxsa uşaqlıqdan içində böyüyən səssiz üsyan idi?

– Mən bu suala üsyan cavabı verərdim. İllərlə içimdə böyüyən sənət sevgisi... Mən özümü, arzularımı seçə bilmədiyim yaşlardan bu günə qədər incəsənətə böyük sevgi, maraq və məqsədlə böyümüşəm. Uşaqlıq illərim mənim yaddaşımda kino kadrları kimi qalıb. Böyüyəndə hələ nə olmaq istədiyimi bilmədiyim yaşlarımda domino daşlarından televiziya düzəldirdim. Oyuncaqlarımı içinə yığıb balaca köhnə maşınların o vaxtkı motorları ilə səhnə ışığı qururdum. Bu gün də bunları sizə danışanda gözlərim dolur. Çünki Allah insanı bir məqsəd üçün bu dünyaya gətirir. Mənim də məqsədim, həyatım aktyorluq sənətidir. Təsadüf deyilən bir şey yoxdur. Həyatımızda nə baş verirsə, hər biri nizamlı şəkildə olur. Əvvəlcədən yazılmış bir film kimi...

– Səncə, aktyor üçün xüsusi bir istedad lazımdır? Bu zaman aktyor hansı qabiliyyətlərə malik olmalıdır? Qabiliyyətli bir aktyorun ali təhsil alıb-almamasının nə dərəcədə önəmi var?

– Aktyor olmaq üçün əsas şərt istedaddır. Çünki təhsil almaq həmişə olar, amma istedad həmişə yaranmır. Ali təhsil sadəcə sənəti möhkəmləndirir. Sənətin sütunlarını təhsil bərkidir. Ustadım Rövşən İsaxın bir sözünü bu yerdə vurğulamaq istəyirəm: “İllərlə təhsil alsan da, bir dənə filmin setində təcrübə yığmağın, film meydançasında o abu-havanı yaxından yaşamaq, hiss etmək, o atmosferi görməyin yerini verə bilməz”. Təcrübə önəmlidir. İstedad vacibdir, təhsil isə sənətdə möhkəmlənməkdir.

– Bəzi rejissorlar var ki, sadəcə film çəkir. Bəziləri isə aktyor yetişdirir. Milli kino və televiziya sahəsində bir-birindən maraqlı və baxımlı ekran əsərləri yaradan, Rövşən İsax kimi nəhəng, peşəkar bir rejissor səni gördü və seçdi. O an həyatın necə dəyişdi?

– Ustadım Rövşən İsax kimi sənətkarı Allah mənə yetirdi. İncəsənət insanları belədir ki, bir az diqqətdən kənar qalan kimi depressiyaya düşürlər. Bizi yaşadan tamaşaçının alqışından əlavə diqqət və sevgidir. Mən həyatda çətinliklərlə böyümüşəm, həyatda elə hadisələrlə rastlaşmışam ki, Allah mənə sözün əsl mənasında yenidən yaşamağa şans verib. Rövşən müəllimlə birlikdə qonaq olduğum ATV-də yayımlanan “RəngArəng” verilişinə baxa bilərsiniz. Orada Rövşən müəllim özü hər şeyi deyir.

Mən İncəsənət Universitetinin magistr təhsilini 2021-ci ildə bitirmişəm. Düz 2021-ci ildən 2025-ci ilə qədər Rövşən müəllim neçə vaxtsa onunla birlikdə olacağam deyə gözləmişəm. Bəlkə də inanmayacaqsınız, amma onunla birlikdə bir serial setində olduğumu tez-tez yuxularımda görürdüm. Allah məni görün nə qədər çox istəyir ki, həyatda ən arzuladığım başıma gəldi. Bu gün bunları danışdıqca gözlərim dolur. Çünki heç bir qeyri-ixtisas işdə işləməmək üçün səbir edirdim. İllərlə Allah mənə səbir etməyi öyrətdi. Mükafatımı da verdi. Çünki Rövşən İsax ilə birlikdə olmaq mənim ən böyük iki arzumdan biri idi ki, yuxularımda gördüyüm çin oldu.

O biri arzum isə Azərbaycanın Ali Baş Komandanı, Prezidentimiz İlham Əliyevlə görüşməkdir. Ümid edirəm ki, hansısa dövlət tədbirlərinin birində cənab Prezidentimizlə görüşəcəyəm. Gec və ya tez... Necə ki, Rövşən müəllimi Allah mənə yetirdi. Ürəyi incəsənət ilə döyünən bir gəncə dəstək mütləq lazım idi. Bu dəstəkdə atam Ələsgər Qulamovun böyük rolu var. Çünki o mənim həyatda həmişə dəstəkçim olub. Mənə həmişə işləmədiyim dövrlərdə dəstək olaraq deyib ki, nə vaxt ürəyin istəyən öz ixtisasına uyğun işlə təmin olarsan, onda da işləyərsən. Atam və Rövşən İsax mənim bu həyatda ən böyük dəstəkçilərim olub. Məni uçurumun düz kənarından xilas ediblər. Mən səbrimlə yaşayıram. Sənətim yoxdursa, demək mən də yox ola bilərəm. Mənim həyatım göydə Allah, yerdə atam və Rövşən müəllimin dəstəyi ilə dəyişdi. Çünki cavan və ali təhsilli bir gəncə istedadını üzə çıxarmaq üçün bir dəstək lazım idi. Elə mənim Allahın mənə bəxş etdiyi istedadımı Rövşən müəllim bərkitdi və üzə çıxardı.

Yalnız bu iki şəxsiyyət – atam və Rövşən İsax mənim həyatımda böyük cığır açdılar, yol göstərdilər.

– Çəkiliş meydançasında Rövşən müəllim sizə hansı məsləhətləri verir? Ustad-şagird münasibəti sizin üçün nədir – qorxu, hörmət, yoxsa sevgi?

– Rövşən müəllim istər bir insan kimi, istərsə də güclü bir rejissor kimi ən üstün cəhətlərə malik insandır. Mən ondan təkcə sənətdə yox, həyatda da çox şeylər öyrənirəm. Onun yanında sadəcə olmaq, danışdığı hər sözə diqqət yetirmək mənim üçün bir dərsdir. Çünki o, həyatda da sənətkardır. İnsanlıq simvoludur. Mən tamaşaçılarımızdan xahiş edərdim ki, onun çəkdiyi hər səhnəyə 1 dəfə yox, 2–3 dəfə diqqətlə baxsınlar, çünki o, heç bir səhnəni boşuna yazmır. Hər səhnəsində tamaşaçılara nəyisə öyrədir, başa salır. Hər insan sənətkar ola bilər, amma hər sənətkar insan ola bilməz. Rövşən müəllim həm insanlığı, həm də peşəkarlığı özündə əks etdirən bir insandır. O, hər bir aktyora hər səhnədən öncə ssenarini özünküləşdirməsi üçün istədiyi qədər vaxt verir. Aktyoru başa düşür. Elə ağır səhnələr olub ki, mən Rövşən müəllimin kamera arxasında kövrəldiyini görmüşəm. Dəyərli tamaşaçılarımıza deyərdim ki, onun kimi hər səhnəni yaşayan, hiss edən ikinci bir rejissor bu son illərdə görməmişəm. O, hər ağır səhnələrimdən sonra məni bağrına basıb qucaqlayır. Siz təsəvvür edin ki, 1997-ci il təvəllüdlü bir gənc aktyor kimi arzularımın həyata keçməyi, Rövşən müəllimin məni bağrına basmağı məni necə xoşbəxt edir. Bu mənim üçün həyatda böyük bir motivasiyadır. Ona hər zaman böyük sevgim olub və olacaqdır.

– Rövşən İsaxın seriallarında çəkilmək sənin üçün hədiyyədir, yoxsa məsuliyyət?

– Mənim Rövşən müəllimə olan pərəstişkarlığım və sevgim ta uşaqlıqdan başlayır. Onun hər serialını, hətta serialın sonunda gedən titrlərdəki adlara qədər, hər verilişdə çıxışına, hər verdiyi müsahibəyə qədər əzbər bilirdim. Mən həyatda məsuliyyətli biriyəm. Rövşən müəllimin çıxışlarında, verdiyi müsahibələrdə də məsuliyyətə böyük önəm verdiyini görürdüm. Və bu da məni ikiqat məsuliyyətli edirdi. Onun serialında çəkilmək isə mənim üçün birinci ən böyük hədiyyə, ikinci isə ən böyük məsuliyyətdir.

– “Yuxu kimi”, “İmtina”, “Qurd yağı”... Üç serial, üç fərqli həyat, fərqli xarakterlər. Hansı obraz səni ən çox özündən uzaqlaşdırdı?

– Məni ən çox tamaşaçılara yaxınlaşdıran, özümdən isə yaxşı mənada uzaqlaşdıran “İmtina” serialındakı Eldar obrazım idi. Həyatda Məhəmməd heç bir vaxt Eldar obrazı kimi ola bilməzdi. Bu da mənim əksim olduğuna görə tam obraza girməyimə kömək oldu və tamaşaçılara sevdirdi. Bu arada tamaşaçılarımızdan onu da xahiş etmək istərdim ki, ATV-də yayımlanan “İmtina” serialına mütləq baxsınlar və bu serialın uşaqdan böyüyə nə qədər öyrədici, maarifləndirici bir ekran işi olduğunu görsünlər.

– “Yuxu kimi” bitəndən sonra oyanmaq çətin olmadı ki? Reallıq səni necə qarşıladı?

– Yenə də deyirəm, Rövşən müəllim ilə nə vaxtsa onun tapşırıqlarına əməl etmək, onun müəllifi olduğu layihələrdə çəkilmək bir “yuxu kimi” idi... Və bu yuxu, şükürlər olsun ki, çin oldu. Mən Rövşən müəllim ilə ilk addımlarımı “Yuxu kimi” serialında qısa epizodik rol ilə, elə yuxu kimi də olsa, ilk addımlarımı elə onda atdım. Onunla bir yerdə olmaq mənim üçün ən böyük yuxum və arzum idi...

– Səni ən çox dəyişən və tanıdan rol hansı oldu?

– Məni ən çox tamaşaçıya sevdirən, bəzilərinin isə nifrətini qazandığım rol “İmtina” serialındakı Eldar obrazı idi. Tamaşaçı həm məni sevir, həm də nifrət edirdi. Təbii ki, bu məni çox sevindirir, çünki tamaşaçı həyatda qarşılaşdığı Eldarla bir daha televiziya vasitəsilə qarşılaşırdı.

– Bu gün çəkilən seriallara tamaşaçı kimi baxanda səni qane edən və etməyən nədir?

– Bu gün Azərbaycan serial sektorunda olan bəzi serialların ərsəyə gəlməsi məni bir incəsənət adamı kimi çox sevindirir. Hər uğurlu iş, kolleqalarımın uğurları məni xoşbəxt edir. Çünki hər birimiz tamaşaçıları maarifləndirmək məqsədilə bu sənətdə varıq. Təbii ki, insanları maarifləndirən layihələrdən və insanlardan, əsl sənətdən söhbət gedir. Hər birinə uğurlar arzu edirəm. Maarifləndirməyən işlərə də doğru-düzgün yola qayıtmalarını arzulayıram.

– Bəs özünü nə vaxtsa rejissor kimi sınamaq istəyərdin?

– Mənim ikinci ixtisasım rejissorluqdur. Mən özüm rejissorluq üzrə ali təhsil də almışam. Az da olsa özümü sınamışam. İncəsənət Universitetinin tələbəsi olduğum illərdə bir neçə filmin ssenari müəllifi və rejissoru olmuşam. “Bir an”, “Qara qızıl”, “Ümidsiz” kimi filmlər kino festivallarda müxtəlif nominasiyalarda mükafatlara layiq görülüb.

– Hansı janrda filmə çəkilmək sənin üçün maraqlı olar? Dram, komediya, yoxsa tarixi?

– Aktyor əslində müxtəlif janrda və müxtəlif obrazlarda oynamağı mütləq ki, bacarmalıdır. Dram, komediya və tarixi film janrlarında oynamaq bir aktyor üçün fərqli-fərqli hiss və duyğudur. Bu janrlar məndə, təbii ki, böyüklərin də dediyinə görə, alınır. Mən də bu janrları daha da dərindən mənimsəyib hər gün öyrənirəm.

– Bir az da gələcək arzulardan, planlardan, hələ çəkilməmiş filmlərdən danışardın. Axı aktyor üçün ən maraqlı rol hələ oynamadığı roldur. Elə bir film var ki, orada özünü görmək istəyərdin - istər xarici, istərsə də yerli? “Bu obraz mən olmalıyam” dediyin film varmı?

– Mənim həyatda ən böyük arzularımdan biri unudulmamaqdır. İncəsənət adamı unudulanda ölür. Həmişə onu arzulamışam ki, dünyamı dəyişəndə məni unutmasınlar. Hər zaman yada salıb xatırlasınlar. Unudulmaqdan qorxuram. Türklərin bir sözü var, “artıq ölsəm də qəm yemərəm”. Mən ustadım Rövşən İsaxın seriallarına çəkildikcə gələcəkdə bu serialları izləyən insanların yaddaşında yaşayacağam. Və bu məni xoşbəxt edir. Yerdə iki insan – atam və Rövşən müəllimin məni xoşbəxt etdiyi kimi...

Mahnının sözlərini dəyişib bu cümləni demək istəyirəm: "İzləyəndə filmimi, xatırlayarsınız məni..."

# 121 dəfə oxunub

Oxşar xəbərlər

Bred Pitt süni intellekti dəstəklədiyini elan etdi

Bred Pitt süni intellekti dəstəklədiyini elan etdi

16:00 11 avqust 2026
Tanınmış fenomen intihar etdi – Səbəb

Tanınmış fenomen intihar etdi – Səbəb

15:30 11 avqust 2026
Şekspir və Aqata Kristi ilə bir sırada... - Uşaqların sevimli yazıçısı öz övladlarını  sevmirdi?

Şekspir və Aqata Kristi ilə bir sırada... - Uşaqların sevimli yazıçısı öz övladlarını sevmirdi?

13:00 11 avqust 2026
Azərbaycan alimlərinin töhfəsi - Zadənin arzusunu kimlər həyata keçirdi?

Azərbaycan alimlərinin töhfəsi - Zadənin arzusunu kimlər həyata keçirdi?

12:00 11 avqust 2026
Tanınmış rejissorun yeni layihəsi açıqlandı

Tanınmış rejissorun yeni layihəsi açıqlandı

11:50 11 avqust 2026
Məşhur müğənni əməliyyat olundu

Məşhur müğənni əməliyyat olundu

11:15 11 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər