Azərbaycan və Özbəkistanın ortaq intellektual-mədəni körpüsü: Yusif Qarabaği

Azərbaycan və Özbəkistanın ortaq intellektual-mədəni körpüsü: Yusif Qarabaği
24 avqust 2026
# 13:00

Kulis.az XVII əsrin görkəmli filosofu, alim, şair, mütəfəkkir Yusif Qarabaği haqqında materialı təqdim edir.

Bu gün APA-da maraqlı bir xəbər rastıma çıxdı. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Buxarada Yusif Qarabağinin məzarını ziyarət edib. O, bu barədə "X" hesabında paylaşaraq yazıb: "Qarabağdan Buxaraya uzanan bir elm yolu… XVII əsrin görkəmli filosofu və alimi Yusif Qarabaği Qarabağdan çıxaraq Səmərqənd və Buxarada fəaliyyət göstərib, Orta Asiyanın elmi-mədəni həyatında mühüm iz qoyub. 1619-cu ildə Buxara hökmdarı Bahadur xan onun şərəfinə kitabxana tikdirib və Yusif Qarabağini həmin kitabxananın rəhbəri təyin edib. Bu gün də Yusif Qarabağinin məzarı Buxaradadır. Qarabağdan Buxaraya — əsrləri aşan elm, mədəniyyət və dostluq körpüsü" - paylaşımda qeyd olunub.

Sözügedən paylaşım məni bu tarixi şəxsiyyətin həyat və fəaliyyətini daha dərindən araşdırmağa sövq etdi. Həm Azərbaycanın, həm də Özbəkistanın internet resurslarında və tarixi mənbələrində qarşıma Yusif Qarabağinin zəngin ömür yolu ilə bağlı xeyli maraqlı, heyrətamiz faktlar çıxdı.

Qarabağın münbit düzlərindən pərvazlanıb Mərkəzi Asiyanın qədim elm mərkəzlərinə doğru yol alan Yusif Qarabaği Şərq intellektual intibahının ən möhtəşəm simalarından biri sayılır.

XVI əsrin ikinci yarısında Səfəvilər dövlətinin Qarabağ bəylərbəyliyinə daxil olan Aşağı Qarabağ düzündə - bugünkü inzibati bölgü ilə Bərdə-Tərtər torpağında, bir ruhani ailəsində dünyaya göz açan Yusif Məhəmmədcan oğlu Məhəmmədşahi ilk təhsilini doğma yurdunda alıb.

Sonralar biliyə olan tükənməz təşnəliyi ilə dövrün böyük elm ocağı sayılan İsfahana üz tutub. Burada Şeyx Bəhai və Mir Damaq məktəbinin nümayəndələri ilə görüşüb, fəlsəfə, məntiq, fiqh və hüquq nəzəriyyəsinin dərin qatlarına bələd olub. O, dövrünün tanınmış mütəfəkkiri Həbibullah Mirzəcan Şirazinin ən istedadlı şagirdlərindən idi.

Bölgədə cərəyan edən mürəkkəb siyasi proseslər və elmi axtarışlara olan həvəsi onu müəllimi ilə birgə Mərkəzi Asiyaya - əvvəlcə Səmərqəndə, daha sonra isə mədəniyyət beşiyi Buxaraya aparıb.

Səmərqənd mühitində böyük nüfuz qazanan alim 1590-cı il noyabrın 30-da (hicri-qəməri 999-cu il səfər ayının 2-də) Hüseyniyyə xanəgahında Mövlana Cəlaləddin Dəvvaninin «Şərhi-əqayidi-əzüdi» əsərinə haşiyələr yazaraq «Haşiyeyi-Xanəgahi» kimi məşhurlaşan traktatını tamamlayıb və Əbu Hamid Xəlilullaha təqdim edib.

Elə bu dövrdə o, Nəcməddin Kübranın irsinə söykənən «Kübraviyyə» təriqətinə bağlanıb, ruhi-mənəvi kamilliklə fəlsəfi rasionalizmi vəhdətdə cəmləşdirib.

Müasiri Xacə Seyid Şərif Raqim «Tarixi-Raqimi» salnaməsində yazırdı: «Alimlərin sultanı, fazillərin sübutu olan Mövlana Yusif Qarabaği mənalar Misrində taxta əyləşmiş, üzüyünün qaşı altına tam fəzilət mülkünü almış, bilik taxt-tacında əzizlənib elm səmasında on dörd gecəlik Ay kimi şəfəqlənmişdi. Xüsusilə fəlsəfə və nücum sahəsində zəmanəsinin misilsiz alimi və əsrinin yeganəsi idi».

Buxara xanlığında onun şöhrəti ən yüksək zirvəyə çatıb. Əştərxanilər sülaləsinin ən qüdrətli hökmdarı İmamqulu xan (Bahadur xan) Qarabağinin elminə dərin ehtiram bəsləyərək onu dövlətin baş məsləhətçisi və dini nüfuz sahibi elan edib. Mənbələrdə qeyd olunduğuna görə, o, hökmdarın ən yaxın məclislərində iştirak edirdi.

Salnamələrdə «Mövlana-i Böyük», «Böyük Axund» kimi ehtiramla anılan filosof, Buxaranın ən mötəbər mədrəsələrində baş müdərris olaraq kəlam, fəlsəfə və məntiqdən dərs deyib, yüzlərlə alim yetişdirib.

Hökmdarın 1619-cu il fərmanı ilə alimin şərəfinə xüsusi kitabxana-mədrəsə inşa edilib. Rəhbərliyi birbaşa Qarabağiyə həvalə olunmuş bu kitabxana qısa müddətdə dövrün ən zəngin əlyazma mərkəzinə çevrilib.

Yusif Qarabağinin fəlsəfi təfəkkürü İbn Sina peripatetizmi -məşşailik ilə işraqilik arasında rasional körpü yaradıb. O, Saadəddin Təftazani və Qütbəddin Razinin əsərlərinə fundamental şərhlər verib, formal və deduktiv məntiq nəzəriyyəsini əhatə edən «Haşiyə əla Şərh əş-Şəmsiyyə» və kəlam elminə dair «Haşiyə əla Şərh əl-Əqaid ən-Nəsəfiyyə» kimi dəyərli risalələr qələmə alıb.

Ağa Hüseyn Xalxalinin onun «Haşiyeyi-Xanəgahi»sinə yönəltdiyi tənqidlərə cavab olaraq 1623-cü ildə Buxarada yazdığı «Tətimmətul-həvaşi fi izalətil-ğəvaşi» («Qaranlıq məsələləri aradan qaldırmaq məqsədilə haşiyələrə əlavə») traktatı XVII əsr Şərqində yüksək elmi mübahisə mədəniyyətinin şah əsəri hesab olunur.

Alimin fəlsəfi irsində ontologiya və qnoseologiya mühüm yer tutur. Onun «Kitabi-Həft Cinan» (Yeddi cənnət bağı) əsəri varlığın mahiyyəti, materiya-forma münasibətləri, insanın idrak mərhələləri və əxlaq konsepsiyasını yeddi fəsildə şərh edən ictimai-fəlsəfi traktatdır. Əsər fars dilindən şərqşünas Məsiağa Məhəmmədi tərəfindən Azərbaycan dilinə tərcümə və nəşr edilib.

Ustadın varlığın iyerarxiyasını ontoloji müstəvidə dərindən araşdıran digər bir əsəri isə «Risalə fi təhqiqil-vücud»dur.

İdrak nəzəriyyəsi və biliklərin təsnifatını sistemləşdirən qnoseoloji risaləsi «Risalə fi tərifil-elm» də məşhur əsərlərindən sayılır.

Alim həmçinin coğrafiya və təbiətşünaslıq qanunauyğunluqlarına dair dəyərli elmi mülahizələrini “Həft İqlil haqqında qeydlər” əsərində toplayıb.

Elmi-fəlsəfi dühası ilə yanaşı, Yusif Qarabaği həm də mətlədən məqtəyə qədər nadir və məzmunlu qafiyələrlə zəngin qəsidələr müəllifi, zərif duyğulu bir şair olub.

Hələlik bütöv nüsxəsi əldə edilməmiş poetik divan sahibi olan alimin şairlik qüdrəti Abbasqulu ağa Bakıxanovun və Məhəmmədəli Tərbiyətin («Danişməndani-Azərbaycan») diqqətini cəlb edib. Tərbiyət onun şeirindən nümunələr verib.

Azərbaycan və Özbəkistan fəlsəfi fikir tarixində Yusif Qarabağinin irsi geniş tədqiq edilib. Akademik Həmid Araslı onun Orta Asiya xalqlarının mədəniyyətinə dərindən təsir etdiyini qeyd edib, tədqiqatçı Əhməd Əminzadə isə «Azərbaycan fəlsəfəsi tarixinə dair oçerklər» və «Azərbaycanda fəlsəfi və ictimai-siyasi fikir tarixindən» monoqrafiyalarında filosofun ontoloji, qnoseoloji və etik görüşlərini fundamental şəkildə sistemləşdirib.

Özbəkistan alimi akademik M.N.Nuritdinov və türkiyəli tədqiqatçı Əbdürrəhim Gözəl (hansı ki, Süleymaniyə kitabxanasındakı 7 əlyazmanı üzə çıxarıb) onun irsinin Şərq intellektual coğrafiyasındakı yerini təsdiqləyib.

Qarabağinin əsərləri sovet rejimi hakimiyyətə gələnə qədər təkcə Buxarada deyil, Xivə və Kokand xanlıqlarının mədrəsələrində də əsas dərslik proqramı kimi tədris edilib.

Alimin 20-dən çox fundamental ərəb və farsdilli əlyazması bu gün Özbəkistan EA Əbu Reyhan əl-Biruni adına Şərqşünaslıq İnstitutunda, Buxara Dövlət Muzey-Qoruğunda, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda, Sankt-Peterburq Şərq Əlyazmaları İnstitutunda, Rusiya Milli Kitabxanasında, Tehran Məclis Kitabxanasında və İstanbul fondlarında qorunmaqdadır.

Ömrünün yetkin çağlarını Buxarada keçirən mütəfəkkir hicri-qəməri 1054-cü ildə (1644/45-ci il) vəfat edib və Buxaranın tarixi məzarlığında- Çor-Bəkr memorial kompleksinə yaxın ərazidə - "Qara ələm" qəbiristanlığında dəfn olunub.

Mənbələrdə qeyd olunur ki, vəfatı münasibətilə oğlu Xacə Yaqub yazıb: «Yaqubun gözündən Yusif getdi».

Beləliklə, Qarabağ torpağının yetişdirdiyi Mövlana Yusif Qarabaği əsrlər boyu Azərbaycan ilə Özbəkistan arasında, eləcə də bütün İslam Şərqində intellektual, mədəni, bədii körpü rolunu oynayaraq misilsiz ortaq mənəvi irslə tarixdə və yaddaşlarda parlaq iz buraxıb.

# 125 dəfə oxunub

Oxşar xəbərlər

Səfəvilər, milli kimlik və tarixə qeyri-profan yanaşma haqqında - Elvüsal Məmmədov

Səfəvilər, milli kimlik və tarixə qeyri-profan yanaşma haqqında - Elvüsal Məmmədov

10:00 21 avqust 2026
"Alnıma qoşa güllə çaxsaydı, bundan yaxşı olardı..." - Heydər Hüseynovun qarşısında hansı məsuliyyəti daşıyırıq?

"Alnıma qoşa güllə çaxsaydı, bundan yaxşı olardı..." - Heydər Hüseynovun qarşısında hansı məsuliyyəti daşıyırıq?

14:00 15 avqust 2026
İmperator ordeni qazanan ilk azərbaycanlı general və maarifçi - Ona niyə ciddi nəzarət edirdilər?

İmperator ordeni qazanan ilk azərbaycanlı general və maarifçi - Ona niyə ciddi nəzarət edirdilər?

10:00 14 avqust 2026
Rus ordusunun ilk və yeganə müsəlman general-adyutantı - Kəngərlilər nəslindən olan Hüseyn xan Naxçıvanski kim idi?

Rus ordusunun ilk və yeganə müsəlman general-adyutantı - Kəngərlilər nəslindən olan Hüseyn xan Naxçıvanski kim idi?

10:00 9 avqust 2026
Mal-qara otararkən 2000 illik sikkə tapdı

Mal-qara otararkən 2000 illik sikkə tapdı

14:50 4 avqust 2026
1978-ci ildə qapalı qapılar arxasında dil mücadiləsi - Heydər Əliyev Moskvanı necə razı salmışdı?

1978-ci ildə qapalı qapılar arxasında dil mücadiləsi - Heydər Əliyev Moskvanı necə razı salmışdı?

10:00 1 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər