Ədəbiyyat aktuallığını itiribmi? - Nicat Həşimzadə yazır

Ədəbiyyat aktuallığını itiribmi? - <span style="color:red;">Nicat Həşimzadə yazır
9 yanvar 2018
# 11:10

Kulis.az gənc yazar Nicat Həşimzadənin “Ədəbiyyat və ictimai şüur” yazısını təqdim edir.

Bir zamanlar ədəbiyyat ictimai şüura ciddi təsir göstərirdi. 19-cu əsrin əvvəllərindən 20-ci əsrin sonlarına qədər ədəbiyyat ictimai rəy yaratmaq iqtidarına sahib idi. Bədii əsərlər, xüsusən də romanlar insanların ən intim həyatına müdaxilə edə bilirdi.

Ortabab romanlar irqi ayrıseçkiliyə qarşı mübarizədə etirazçı qüvvə üçün təməl dayaq rolunu oynamağı bacarırdı. Ədəbiyyat sevgili seçiminə, geyim zövqlərinə, mebel seçimlərinə təsir edəcək qədər aktual idi.

Müasir dövrdəsə ədəbiyyat öz aktuallığını itirib. Çünki postmodern ədəbiyyatın xalqa xidmət etmək, kütləni cəhalətdən xilas etmək, insanlarda ictimai şüurun hansısa formalarını yaratmaq prinsipləri yoxdur. İndi əsas sual budur. Ədəbiyyat ilkin mahiyyətinə xəyanət edib, yoxsa ədəbiyyat ilkin mahiyyətinə məhz indi çatıb? Əzəldən davam edən “sənət sənət üçündür”, “yoxsa sənət xalq üçündür” sualına ədəbiyyat dəqiq cavab tapa bilibmi?

Valideynlər övladların həyatında ötən əsrdəki hökmranlığını itirdiyi kimi ədəbiyyat da öz təsir qüvvəsini itirib. Əslində bu mövzuda konkret mühakimə çıxarmaq çox çətindir. İndi ədəbiyyat nihilizmin müasir formasını postmodern adı altında yaşayır. Ədəbiyyat ictimai şüur yaratmağa qadirdir. Lakin müasir ədəbiyyat bu yükü daşımaqdan imtina edir.

Ədəbiyyatın tarixi qədimdir. Bəlkə də ədəbiyyat öz həqiqətinə min illərdən sonra çatıb. Məhz 21-ci əsrdə anlayıb ki, ədəbiyyatın məqsədi elə ədəbiyyatdır. Artıq romanlarda ciddi ideyalara deyil, bədii estetikaya və linqvistik amillərə üstünlük verirlər.

Bir zamanlar ədəbiyyatın vəzifəsi xalqa və ya oliqarxlara, aristokratlara xidmət etmək idisə indi ədəbiyyatın məqsədi estetikaya, sənətə xidmət etməkdir. Bu günümüzdə ədəbiyyat ömrünü uzatmağa çalışır. Ədəbiyyat həqiqətdən sonrakı mərhələsini, mövzu tükənmişliyi dövrünü yaşayır. Mövzu qıtlığı ədəbiyyat üçün ciddi problemdir. Postmodern romanlarda mənəviyyat dünyasının sakinləri arxa planda qalırlar. Postmodern ədəbiyyat mövcud olanı nə yaradır, nə də inkar edir, mövcud olandan faydalanmağa, onu təhlil etməyə, anlamağa çalışır. Postmodernizmdə pafos, hayqırtı, ciddi səylə nəyisə isbat etmə istəyi yoxdur. Qeyri-müəyyənlik onun əsas əlamətidir.

Ədəbiyyat cəmiyyətdə siyasi və hüquqi şüur yaratmasa da ən azından ilkin fəlsəfi və psixoloji şüur yarada bilir. Hər yazımın sonunda çalışıram ki, ölkəmizlə bağlı təhlillərimin nəticəsini bildirim.

Yazıçı özünü konkret olaraq hansısa bir ədəbi janra aid etməməlidir. Yazıçının işi yazmaqdır. Ədəbi, fəlsəfi janrların bölgüsü, əsərlərin tənqidi, təhlili isə tənqidçilərin işidir. Bizim gənc şairlərimiz postmodernizmi oxumadan, təhlil etmədən özlərini postmodernist adlandırırlar. Bu çətin mövzu haqqında yazmaq mənim üçün tezdir. Nümayəndəsi olduğum indiki ədəbi nəsil ədəbiyyata atılmağa tələsdi, nəticədə tez bir zamanda kütləviləşdi və bu, bizim üçün uğurlu olmadı. Çox təəssüflər olsun ki, bizim yazarları bir araya toplayıb onlarla ciddi məsələlər haqqında müzakirələr aparmaq olmur. Biz dünya ədəbiyyatdan təsəvvür edilə bilməyəcək qədər uzağıq.

# 1243 dəfə oxunub

Müəllifin son yazıları

# # #