Vəsvəsə - Təvəkgül Boysunardan yeni hekayə

Təvəkgül Boysunar, yazar

Təvəkgül Boysunar, yazar

1 fevral 2022
# 09:00

Kulis.az “Hekayə günü” layihəsindən Təvəkgül Boysunarın “Vəsvəsə” adlı hekayəsini təqdim edir.

Pulum çatmırdı deyə məcbur ikinci əl telefon almışdım və əlavə beş manat müqabilində yaddaş kartını da mənə satmağa razılaşan əvvəlki sahibi:

- Əla mahnılar var içində, - desə də, dayanacağa çatıb manatlıq taksi gözlədiyim dəqiqələrdə kartın içindəki aşıq mahnılarını artıq bircə-bircə silməyə başlamışdım.

Bir az sonra işıqları ilə eyham vuran taksi gəldi, mən dayanacaqdan yağışa çıxıb tələsik maşına mindim və elə bu tələsikliyə görə də telefonumdan səsi eşidilən aşıq mahnısını dayandırmağa vaxtım olmadı.

Cəmi bir nəfərin oturduğu arxa oturacaqda yerimi rahatlayana qədər cibimdəki telefonun səsi, fürsətdən istifadə edib bütün maşına yayıldı. Sonra mən, telefonu cibimdən çıxardım, ekranda görsənən qoşa xəttin üstünə baş barmağımla toxunub mahnının səsini smartfonumun şüşə məhbəsi arxasında susdurdum və elə bu vaxt yanımda oturan ortayaşlı kişi, həyəcanlı, təlaşlı bir halda:

- Qardaşoğlu, təzdən qoy o mahnını, təzdən qoy, - deyib mənə tərəf əyildi.

Başımı ona sarı çevirib ağ saçlarına, qızarmış və tük basmış boynuna, əynindəki ucuz paltarlara bir anlıq nəzər salsam da, çox yubanmadım və onun xahişini yerinə yetirib baş barmağımı təzədən ekranın bayaq toxunduğum yerinə toxundurdum. Telefonumun bir az əvvəlki şüşə məhbəsini sanki kimsə içəridən sazın qundağı ilə sındırıb mahnının səsini azadlığa çıxardı, səs təzədən maşının içində havalanıb qabaqda oturan sürücüylə sərnişinin yanında dolaşdı və həmin səsi bir qədər azaltdıqdan sonra mən də yanımdakı adam kimi diqqətlə dinləməyə başladım.

Biz artıq bir az əvvəl sönən qırmızı işığın yerə tökülmüş son qalıqlarını asfaltın üstündə, maşınımızın dörd təkəri ilə əzib metroya tərəf sürətlə irəliləyirdik. Amma yanımdakı kişi hələ də bayaqkı kimi mənə sarı əyilib telefonumdan gələn səsə qulaq asırdı və elə görsənirdi ki, sanki ona heç nə deməsəm, yolumuzun axırınacan elə bu vəziyyətdə də dayanıb, çatılmış qaşlarıyla, üç-dörd günün təraşsızlığından qalan üzünün tüküylə və qırışlı sifəti ilə mahnı dinləməyə davam edəcək.

Bir neçə dəqiqə sonra səbrim tükəndi, dillənib ona nəsə demək istədim, amma bu vaxt sazın səsi kəsildi və aşığın öz səsi eşidiləndə yanımdakı kişiyə elə bil nəsə oldu, telefona tərəf bu dəfə daha da təlaşla əyildi, qulağı az qala telefonuma toxundu, yandan baxdığım sifəti sanki iflic olmuş kimi qəribə bir ifadə aldı və kişi, ağrı çəkən adamlar sayaq yavaş-yavaş qulağını telefonumdan aralayıb, məndən uzaqlaşdı, əvvəlcə yola tərəf, sonra donuq nəzərlərlə mənə tərəf baxdı, üstündə xal olan sol əlini qaldırıb telefonuma tuşladı və gözlərində, təəccübdən donmuş adamın heyrəti ilə dilləndi:

- Kəlbəcər aşıqlarıdı.

Mən əvvəlcə bilmədim nə deyim, sakit-sakit üzünə baxdım və kişi mənə ikinci dəfə müraciət edib:

- Qardaşoğlu, qadan alım, bir dənə ver bunu, bir az qulaq asıb qaytarıram, - deyəndə də, ardından cavab verməyimi gözləməyib boşalmış əlimdən telefonu alanda da mən heç nə deməyib susmağıma davam elədim. O, üzündəki bütün mimikalarını yalvarış ifadəsi yaratmaq üçün elə səfərbər etmişdi ki, nə baş verdiyini anladığım və əlimdən çıxan telefonun arxasınca təəccüblə baxdığım vaxt da heç nə deyə bilmədim. Telefonumu sol əlində tutub qulağına yaxınlaşdırdı, pəncərəyə sıxılıb bayaqkı kimi diqqətlə dinləməyə davam elədi.

...Bir-birini əvəz edən aşıqla sazın səsi elə qəmgin və kədərli idi ki, sanki həmin səslər bir az əvvəl sazın qundağıyla sındırılmış məhbəsin şüşə parçalarının sivri kənarlıqlarına toxunaraq çıxır və qanları axa-axa kişinin ətrafında dövrə vururdu.

Mənsə telefonumun qaytarılacağı anı səbirlə gözləyərkən aşığın dediyi misraları xəyalən ağ kağız üstündə alt-alta yazıb, sıxılmış saman topası kimi dördkünc bəndlər yaradırdım:

Dillərinə düyün düşsün,

Dillənmirsən niyə, dağlar,

Nə bildin ki, yaralıyam,

Ahım çıxıb göyə, dağlar?

Taksiyə mindiyim andan bəri telefonla danışan qabaqdakı sərnişin, bir az sonra söhbətini bitirən kimi, başını yana tutub:

- Səttar, - deyə çağıranda və cavab almayıb ikinci dəfə eyni adı təkrarlayanda mən onun, yanımdakı adamı çağırdığını başa düşdüm və o, ikinci çağırışına da cavab almayandan sonra sürücü ilə öz arasında qalan boşluqdan arxaya boylanıb, kimə deyildiyi məlum olmayan bir xitabla:

- Neynir, ə, o? - deyə səsləndi.

Əlində telefon tutub qapıya qısılaraq mahnı dinləyən dostunu görəndən sonra təzədən qabağa döndü, başını bir neçə dəfə narazılıqla yellədi və baş verənləri diqqətlə izləyən sürücüylə mənə sanki izahat verirmiş kimi:

- Noyabrın 25-dən belədi bax, - dedi.

Qabağa əyilib soruşdum:

- Nəsə olub noyabrın 25-də?

- Kəlbəcərin alınması günüdü də. O vaxtdan belədi.

Başımı sağa döndərib yanımdakı adama bu dəfə daha diqqətlə baxdım. Bir az əvvəl dediyi "Kəlbəcər aşıqlarıdı" sözü sanki təzədən canlanıb maşının içində peyda oldu, aramızdakı boşluqda bir az fırlanandan sonra isə qulaqlarıma hopub yoxa çıxdı.

Qabaqdakı kişi isə söhbətinə davam edirdi, amma elə davam edirdi ki, sanki haqqında danışdığı adamın, yəni indi mənim sağımda oturan və aşıq havasına qulaq asan dostunun bizi eşitmədiyinə əmin idi.

- O ki müharibə başladı ha, elə bil, ölüb qaldı əlimizdə, hər gün şəkəri qalxır, təzyiqi qalxır, ürəyi narahat olur, dərman-dərman dalınca veririk. Dirəşmişdi ki, heç olmasa yol göstərmək üçün bunu aparsınlar müharibəyə. Sonra gördü, alınmır, hər gün pultu alıb əlinə, otururdu televizorun qabağında ki, Allah eləməsin, birdən Kəlbəcər alınmamış müharibə dayanar. Yadıvıza gəlir, arada atəşkəs oldu e? Sən öl, elə bildik day öldü bu, kiridəmmirdik ki. Az qalırdı arvad kimi ağlasın. Təzyiq, şəkər, hamısı qarışıb bir-birinə. Kəlbəcər alınandan sonra da təzə dərd tapdı özünə. Dirəşib ki, “birdən ora getməmiş, nəsə olar mənə, ölüb eləyərəm”. Təsəvvür eləyirsiz, o gün evdə lambuçkanı dəyişmirmiş ki, birdən nəsə olar buna, Kəlbəcəri görəmməz. Yoldaşı nə qədər yalvar-yapış eləyib, xeyri olmayıb. Yolda gedəndə başını qaldırıb tez-tez yuxarı baxır ki, birdən binadan nəsə düşər başına. Əməlli-başlı xəstə olub. Vasvasılaşıb.

Sonra kişi, söhbətini ordaca kəsdi və zarafatcıl səslə çağırdı:

- Səttaarr, ay Səttarr, ayə, qoy o telefonu yerə, söz deyirəm. Söydürmə mənə aşığı da.

...Yanımdakı kişi telefonu mənə ancaq metroya çatanda qaytardı və mən ondan sonra yaddaş kartının içindəki mahnıların birinə də toxunub silmədim.

Axşam kirayə qaldığım evin balkonunda siqaret çəkə-çəkə aşıq havalarından birini qoydum və indiyəcən heç vaxt zövq almadığım sazın səsini dinləyə-dinləyə siqaret tüstüsüylə bir yerdə içimə çəkməyə çalışdım.

# 3854 dəfə oxunub

Oxşar xəbərlər

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

10:59 6 dekabr 2024
Kitabı 2 günə 814 min nüsxə satılan qadın kimdir?

Kitabı 2 günə 814 min nüsxə satılan qadın kimdir?

09:34 6 dekabr 2024
# # #