İlk cinayətim: Erməniyə xalça satanın evini necə daşladıq? – Fuad Qəhrəmanlı

Fuad Qəhrəmanlı

Fuad Qəhrəmanlı

13 dekabr 2021
# 14:40

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Fuad Qəhrəmanlının “İlk cinayətim: Erməniyə xalça satanın evini necə daşladıq?” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

12 - 13 yaşlarda idim. Ermənistan və Azərbaycan arsında gərginliklər yeni başlayırdı.

Hər gün rəhmətlik Şəmil əmim bizə gəlir, atamla həyətdəki stolun arxasında oturur, çay içə - içə eşitdikləri xəbərləri müzakirə edirdilər. Bu söhbətlərə çox vaxt anam da qatılırdı. Çay içə-içə milli mövzularda aparılan qızğın söhbətlərə böyük maraq duyurdum. Siyasi söhbətlər, milli məsələlərə o qədər həvəsli idim ki, hər gün günorta yeməyindən sonra qaz balonu satan Şəmil əmimin bizə gəlib atamla söhbətə başlamağını səbirsizliklə gözləyirdim. Bu söhbətə qədər isə ilk işim məktəbdən gələn kimi poçtalyon Məsudun gündəlik olaraq gətirdiyi qəzetlərə oxumaq idi. Dərsləri isə axşama, ən axıra saxlayırdım.

Rayonda hər yerdə milli mövzularda söhbətlər gedir, ermənilərin Qarabağda və Ermənistanda bizimkilərə qarşı etdikləri zorakılıqlarla bağlı müxtəlif xəbərlər, şayiələr dolaşırdı.

Belə bir vaxtda eşitdim k, tanınmış nəsildən olan bir nəfərin erməni dostu rayonumuza qonaq gəlib. Adını çəkmək istəmədiyim bu adam həm böyük nəslə məxsus olduğuna, həm də çox davakar biri sayıldığına görə kimsə ona baş qoşmaq istəmirdi. Artıq elə bir dövr idi ki, bir erməninin rayona gəlməsi nadir hadisə sayılırdı və xəbər hər yerə yayılırdı. Görünür ki, elə buna görə erməni bu dostuna çox güvənirdi və onunla birlikdə ev - ev gəzib camaatdan köhnə xalçaları baha qiymətə yağırdı. Mən artıq oxuduqlarım əsasında bilirdim ki, ermənilər bizim xalçalarımızı aparıb xaricdə öz adlarından təqdim edir və beləcə də tarixi mədəniyyətimizi saxtalaşdırıb öz adlarına çıxırlar.

Bu xəbəri eşidən kimi həyacanla düşündüm ki, nəsə etmək lazımdır, buna sakit baxmaq olmaz. "Gənc Qvardiya" əsərini yenicə oxuyub bitirdiyim vaxtlar idi və faşistlərə qarşı partizan müharibəsi təşkil edən gənc Oleq Kaşovoyu özümün qəhrəmanlıq idealım hesab edirdim.

Bizim məhəllədə dəstə başçısı hesab olunurdum. Bu xəbəri eşidəndən sonra qardaşlarımı və əmim uşaqlarını başıma yığıb erməniyə xalça satmağın satqınlıq olduğunu onlara izah elədim. Dediklərimi nə qədər anladıqlarını dəqiq deyə bilmərəm. Onlara erməninin gəzdiyi "Niva" maşınını yandırıcı butulka ilə (Molotov kokteyli) yandırmağa təklif etdim. Razılaşdılar. Dərhal işə başladıq. Əmioğlum Şahinin atası Şəmil əmimin maşınından gizlincə çəkib oğurladığımız benzin və salyarkanı qatıb 5 ədəd yandırıcı butulka hazırladıq. Sonra birini də məhəllədə sınaqdan keçirdik. Əla alınmışdı.

Yandırıcı butulkaların hazırlanma qaydasını isə fələstinli bir gəncin israillilərə qarşı mübarizəsindən bəhs edən kitbaçadan öyrənmişdim. Maşını harda və necə yandırmaqla bağlı məsələni danışıb bir qərara gələ bilmədik. Çünki maşının nə zaman və harda olacağını dəqiq bilə bilməyimiz mümkünsüz idi. Həm də günün günorta çağı maşını yandırmaq istəsəydik, bunu görə bilərdilər. Bu halda valideynlərimiz məsələni bilər, aləm bir - birinə dəyər və biz sərt cəzalandırılardıq. Həm də gördüm ki,10 - 11 yaşlı qardaşlarım və əmioğlanlarımla belə bir ciddi işi görmək çətin olacaq. Ona görə planı dəyişməyi qərara aldım.

Axşama isə mənim ayrıca öz planım vardı, ilk növbədə bu işi görməm lazım idi. Gecə hamı yatandan sonra sakitcə evdən çıxıb rayon mərkəzinə getdim. 3 mərtəbəli Raykomun binası qarşısında Leninin tuncdan böyük heykəli ucalırdı. Vaxtı ilə az qala səcdə etdiyim Leninin indi bir işğalçı və millətimin düşməni kimi qarşımda durmuşdu. Bakdan gələn bəzi broşürlər oxumuşdum və Leninin əsil kimliyini bilirdim. Özümlə götürdüyüm velosipedimin köhnə təkərini bir neçə cəhddən sonra tullayıb Lenin heykəlinin boğazına keçirdə bildim. İçimdən elə bir təlatüm keçdi ki, sanki böyük bir uğur qazanmışdım. Sonra işıq yanan pəncərədən kimnisə boylandığını görüb, bərk həyacanlandım. Tanımasınlar deyə dərhal arxaya çevrilib, gəldiyim yolun əks istiqamətinə qaçdım. İz azdırmaq üçün başqa istiqamət seçmişdim. Evə gələndə isə hamı şirin yuxuda idi.

Sakitcə qapını açıb yatağıma keçdim.

Yerimdə çox fırlansam da yata bilmirdim, işlərdən birini görmüşdüm, ancaq erməniyə xalça satmaq məsələsi hələ ki açıq qalırdı. Elə bu fikirlə də dərin yuxuya getdim.

Səhər məktəbdən gələndə eşitdim ki, qonşumuz erməniyə iki xalça satıb. Məlum səbəbdən onun adını yazmıram. Bu xəbəri eşidən kimim nə edəcəyimiz dərhal ağlıma gəldi. Bu qonşunu cəzalandırmaq üçün evini daşlamağı düşünürdüm və bu qərarımı uşaqlara dedim. Onların razılığını aldıqdan sonra evə hansı istiqamətlərdən daş atacağımız da müəyyənləşdirdik. Mən və qardaşım Vüsal ön şüşəbənd tərəfdən, əmioğlum Şahin, Elnur və qardaşım Polad isə biraz bizdən aralı yan tərəfdən daş atmalı idilər. Axşamçağı yolda get -gəl seyrəkləşəndə məhlədə görüşəcəyimizi qərarlaşdıq. Danışdığımız vaxtda qardaşlarımla evdən çıxdıq, sonra əmioğlanlarını da çağırıb "hücum heyətini" hazır hala gətirdim.

Ciblərimizi və ovuclarımızı daşla doldurub öz mövqelərimizə getdik. Plana görə mən fit çalan kimi hərə öz durduğu yerdən evvə tərəf daşlar atmalı idi.

Budur, həlledici an gəldi və fit çalınmaqla evin şiferdən olan damına dolu kimi yağan daşın səsi, qırılan şüşə cingiltililəri eşidilməyə başladı.

Sonalar hadisədən 1-2 il keçəndən sonra həmin qonşunun ortancıl oğlu bizim daşlamağa başladığımız vaxt evdə nə etdiklərini mənə danışmışdı:

Axşam vaxtı olduğundan hamı evdə idi. Ailə üzvləri şüşəbənddəki televizorun qarşı tərəfində yerləşən divanda oturub televizora baxırdılar. Yaşlı ana isə yerdən oturub yanına yığdığı nimdaş paltarlarıın yırtıq - söküyün yamayırdı. Artıq xeyli yaşlanmış ailə başçısı hər zaman başında olan kepkasını çıxarıb dizinin üstünə qoymuş, qarşısındakı buğlanan çayı isti-isti içir, zəifləmiş göy gözlərini qıyaraq televizora baxırdı. Arada bir də zil səsi ilə qızlarının üstünə çəmkirirdi ki, sakit olsunlar. Böyük oğul da anasının yan tərəfində dirsəklənib heç nə ifadə etməyən baxışlarını ekrana zilləsə də, fikrində 3 gündən sonra atası ilə birgə gedəcəkləri toydan nə qədər qazana biləcəklərini götür- qoy edirdi. Əsgərlikdən yenicə gəlmiş kiçik qardaş isə yan otaqda oturub, xarab olmuş radionu qurdalamaqla məşğul idi. Bu vaxt uzun şüşəbəndin girəcəyinə qoyulmuş əlüzyuyanda üzünü yuyan ortancıl oğul üzünü yenicə sabunlayıb ovcuna su doldurmaq istəyirdi ki, qəfil pəncərə şüşəsini cilik - cilik edən daş su dolu ovcuna düşür. Nə olduğun başa düşmədən qorxub qeyri ixtiyarı arxaya dönəndə isə ikinci daş da başına dəyir. Bu vaxt evdə hamı eyni anda çığırışmağa başladı. Evin içinə yağan daş yağışı, şüşə sınmalar, qırılan şiferlərin səsi bir anda ortalığı vəhşət gölünə çevirmişdi. İlk olaraq böyük oğul bağıra-bağıra "evimizi daşlayırlar" deyərək çölə doğru qaçır, arxasınca da digər ailə üzvləri onun arxasınca çölə tökülüşürlər.

Dörd nəfərin eyn anda başladığı daşlamadan dərhal sonra evdən bir -birinə qarışmış kişi və qadın qışqırıqları, söyüş, qarğış sədaları yüksəldiyini eşitdik. Buna baxmayaraq biz dayanmadan daşlamağa davam edirdik. Birdən həyət qapısı açıldı və evdəkilər Amerikan filmlərindəki hindular kimi çığıra - bağıra üstümüzə hücum çəkdilər. Zərblə açılan həyət qapısından ilk çıxan, tələsdiyindən ayaqqabı geyməyi belə unudan böyük qardaşın arxasınca üstümüzə qəzəblə gələn başıalovlu adamları görüb dərhal qaçmağa üz qoyduq. Onlar arxamızca qışqırır, qarğış edir, söyürdülər.

Evin böyük oğlu mənim arxamca düşdü. Bilirdim ki, tuta bilsə məni yaxşıca əzişdirəcəkdi. Ona görə var gücümlə qaçır, ələ keçməməyə çalışırdım. 300-400 metr qaçanda sonra sağa burulub üzüaşağı enən diklə tərəf döndüm. İstəyirdim ki, bu yolla çaylaq dediyimiz əraziyə çatıb yulğun kollarının arasında gizlənim.

Lakin dik yolla üzü aşağı qaçanda ayağım nəyəsə ilişdi və mən dizi üstə yerə çırpılıb yolun sol tərəfindəki dərəyə yuvarlandım. Bu vaxt yoldakı daşa dəyən dizimin ağrısından və bədənimə batan tikanların təsirindən bərk qışqırdım. Məni qovalayan böyük qardaş belə çox zərblə yıxılmağımı və bağırmağımı görüb nəsə pis bir şey olduğundan qorxub dayandı və dönüb geri qayıtdı. Güc bəla ilə düşdüyüm yerdən çıxdım və bədənindəki tikanları çıxara çıxara ayağımdakı şiddətli ağrının səbəbini bilmək üçün aşağı əyildim. Cırılmış şalvarımın dizindən əl içi boyda iri yara görünürdü.

Təqribən 1 saatdan sonra pərən - pərən düşmüş uşaqlarla bir yerə yığışdıq və orda öyrəndim ki, qovalanan əmioğlum Şahin rayon hamamının arxasındakı dəmir tualetə girib qapını arxadan bağladığı üçün onu da tuta bilməmişdilər. Digər əmim oğlu Elnuru isə yaxayıb ayaqlarından tutub başı aşağı döyə dəyə gətirmişdilər məhəlləyə. Qardaşlarım da birtəhər qaçıb aradan çıxa bilmişdilər.

Ancaq qonşunun şikayəti əsasında sonra evdə də valideyinlər tərəfindən cəzalandırıldıq.

Növbəti günlərdə uşaqlarla bir araya gəlib maraqla təəssüratımızı bölüşürdük. Sanki, böyük bir qəhramanlıq etmişdik. Ayaqlarından tutulub başı üstə sallanılı gətirilən Elnur qonşunun ortancıl oğlu tərəfindən necə döyüldüyünü danışdıqca, biz də ona qoşulub gülürdük.

# 8175 dəfə oxunub

Oxşar xəbərlər

Doğum evinin yanındakı morq - Əyyub Qiyasın hekayəsi

Doğum evinin yanındakı morq - Əyyub Qiyasın hekayəsi

15:00 14 dekabr 2024
İntihar üçün yer - Sabir Əhmədlinin hekayəsi

İntihar üçün yer - Sabir Əhmədlinin hekayəsi

10:00 14 dekabr 2024
Qarğaların xoru - Elçinin yeni hekayəsi

Qarğaların xoru - Elçinin yeni hekayəsi

09:00 13 dekabr 2024
Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
# # #