“Xocalı ayı”: Mənim düşmənim – Tamella Hidayətli

“Xocalı ayı”:  Mənim düşmənim – Tamella Hidayətli
28 fevral 2022
# 10:30

Xəbər verdiyimiz kimi, Kulis.az “Xocalı ayı” elan edib. Fevral ayı boyunca saytımıza göndərilən Xocalı haqda şeir, hekayə və esseləri çap edəcəyik.

Kulis.az “Xocalı ayı” çərçivəsində Tamella Hidayətli “Mənim düşmənim” hekayəsini təqdim edir.

Nahamar yolda yırğalanan yük maşının səsi ilə birgə əyləşdiyim əsgərlərin hay-küyü bir-birinə qarışmışdı. Avtomatımı iki ayağımın arasına qoyub qapının açıq qalan hissəsindən boz buludlu səmanı seyr edirdim. Külək fevralın amansız şaxtasını üzümə çırpırdı. Keçdiyimiz torpaq yolda qar palçığa qarışıb bozarmış, yolun kənarlarında və ağacların dibində donub bərkimişdi. Darısqal oturacaqlarda üzbəüz iki cərgə formasında əyləşmiş on əsgər idik. Sağımda əyləşmiş əsgər yoldaşım bizə verilmiş əmr haqqında hərarətli bir nitq söyləyirdi. Onun müəllimsayağı göstərişləri və digər əsgərlərin pafoslu söhbətlərini eşitsəm də, dinləmirdim. Nizamsız fikirlərim məni bir yerdən başqa yerə sürüyür, gedəcəyimiz yeri təsvir edir, gah verilmiş əmrin mahiyyətindəki amansızlığı, gah da vətənimiz və onun düşmənləri haqqında düşünürdüm. Əhvalımdakı narahatlığı digərlərinə hiss etdirməmək üçün ciddi səy göstərirdim. Onlar öz gözlərindəki həyəcan və alovun oxşarını məndə görməsələr, bu əməliyyatın ilk qurbanı məhz mən olardım.

Maşın əvvəl sürətini azaltdı, sonra qəfil dönüb dayandı. “Düşün!” əmrindən sonra növbə ilə palçıqlı yola tullandıq, silahlarımızı əlimizdə hazır vəziyyətə gətirib bizə göstərilmiş yol ilə sıx düzülmüş evlərə tərəf əsgəri addımlarla irəlilədik. Yük maşınlarının bir qismi əsgərlərlə birlikdə şəhərin içərilərinə doğru hərəkət edirdi. Avtomatımı soyuq havaya baxmayaraq tərləmiş əllərimin içində möhkəm sıxıb ən arxada addımlayırdım. İlk daş hasarları görəndə öndə gedən əsgərlərdən ikisi sürətlərini artırıb darvazaya tərəf qaçdılar. Hər kəs ikiləşib müxtəlif istiqamətlərə ayrıldı. Güllə səsləri və bağırışlar başlamışdı. Əlində balta ilə qabağıma qaçan bir ortayaşlı kişini və gənc yeniyetməni güllə ilə yerə sərib əsgər yoldaşımın arxasınca getdim. O, məni qabaqlayıb darvazası olmayan boz bir evin qapısını təpik ilə açıb içəri girdi. Güllələrin ardınca möhkəm fəryad və ağlaşma səsləri ucaldı. Daha bir neçə güllədən sonra səslər kəsildi. Qarşıda yanan evin işartısında qaçan insanlar bir-bir yerə sərilirdilər. Alovun qara tüstüsü göyə qalxıb boz buludlara qarışırdı. Qadınların çığırtısı silah səslərindən daha möhkəm idi. Gözlərim kişiləri gəzirdi.

Evin yanından dönüb yaxın tikilmiş daş evlərin arasındakı yola girdim. Bura zülmət qaranlıq idi. Əlhavasına irəliləyib iki hasarsız evi ötdüm. Taxta çəpərlərə çatanda tanış səslər eşitdim. Uzunsoz formada tikilmiş evdən erməni dilində söhbətlər və qəhqəhələr başa düşmədiyim, türk dilində olduğunu yəqin etdiyim yalvarışlara qarışmışdı. Kəsik-kəsik iniltilər də eşidilirdi. Maraq məni boğdu, çəpəri tullanıb pencərədən boylandım. İçəridə üç əsgər var idi, ikisini tanımırdım. Onlardan biri üzünü tam görə bilmədiyim, lakin səsindən yeniyetmə olduğunu təxmin etdiyim bir qızı çılpaq vəziyyət üzü üstə yerə yıxıb zorlayır, digərləri isə qoca bir kişini bu mənzərəyə tamaşa etməyə məcbur edirdi. Tanımadığım əsgərin etdiyi əməldən aldığı zövq üzündəki gülüş və həzzin iniltisindən hiss olunurdu. Bir neçə dəqiqədən sonra onlar yer dəyişdilər və bu dəfə digər adını xatırlamadığım əsgər qıza təcavüz etməyə başladı. Saçlarının kənarları və saqqalı yarıya qədər ağarmış kişi türk dilində hıçqıraraq nələr isə deyir, gözlərini qaçırmağa çalışırdı. Qızın səsi kəsilmişdi, deyəsən, huşu özündə deyildi. Üçüncü əsgərin növbəsini gözləməyə səbrim çatmadı, pencərədən uzaqlaşıb çəpəri geri tullandım. Yenidən evlərin arxasında qara kölgə kimi dolanmağa başladım. Gördüyüm mənzərə ilə bağlı nə hiss etməli olduğumu yəqinləşdirə bilmirdim. Vətənimizin düşmənlərindən aldığımız bu qisas üçün fəxr etməli, yoxsa hərbi əxlaqa sığmayan bu əməllərə nifrət bəsləməliydim? İçimdə xalqıma qarşı olan mühakiməolunmaz sevgi və bağlılıq məni əlində silah, ölümə tərəf addımlayan ehtiraslı bir hərbiçiyə çevirmişdir. Sonuncu türk kişisini gözümü qırpmadan öldürməyə hazır idim. Lakin…Özüm üçün çəkdiyim mənəvi çərçivələr məni digərlərindən ayırırdı. Onlar özlərinə heç bir əxlaqi sədd qoymadan, alışıb yanan nifrət hissi ilə tükürpədici əməllər yerinə yetirirdilər. Mən isə vicdan və vətən arasında ordan-ora çırpılırdım. Hansı tərəf haqlı idi? Hansı tərəf daha çox vətənpərvər idi?

- Maro!

Kobud bir əl çiynimdən yapışıb məni geri çəkdi. Qaranlıqda töhvşiyən Akopun simasını çətinliklə tanıdım.

- Burdan keçən bir qancığı görmədin? – qəzəbdən ağzı köpüklənmişdi.

Başımı buladım. Avtomatını çiyninə atıb getməyə hazırlaşanda birdən nəyisə xatırlamış kimi dayandı, bir neçə saniyə sınayıcı nəzərlərlə məni süzüb eyni qəzəbli səs tonu ilə soruşdu:

- Sən niyə burda it kimi sülənirsən?

Bir anlıq duruxsam da, özümü itirmədim, barmağımı evlərə tərəf tutub:

- Qaçanları güdürəm. – dedim. Sol tərəfə əyilmiş qaməti ilə söyüş söyərək evlərin arasından çıxıb məndən uzaqlaşdı.

Silah və ölüm səslərinin fonunda iki dağıdılmış evi ötüb qaranlıqda itdim. Meşəyə tərəf qaçdığını gördüyüm beş nəfərin arasındakı iki gənc oğlanı güllələdim. Qalan qadınlar çığırıb özlərini qarın üstünə atdılar. Onlara tərəf getməyib geri döndüm, gəldiyim yolu bir də qayıtdım. Alovların zəif işığında gözümün sataşdığı bir neçə uşaq cəsədinə baxmamağa çalışırdım. Alaqaranlıqda görmədiyim bir neçə cansız bədən ayağımın altında əzildi. Qulaqlarım artıq fəryad və bağırtıları eşitmirdi. Qatı uğultunun içində zəif bir səs təkrarlanırdı. “Türk sənin düşmənindir!”.

Köksümdə ifadəolunmaz bir yük yaranmışdı. Gözlərimin qarşısında inandığım, hörmət bəslədiyim bütün dəyərlərə zidd hadisələr durmadan cərəyan edirdi. İşgəncə ilə öldürülən uşaqlar, zorlanan, döyülən, tükürpədici üsullarla qətlə yetirilən qadınlar və heysiz qocalar- mənim düşmənim, həqiqətən, bunlardırmı? Hər yerə nifrət saçan əsgər yoldaşlarımın yaxasından tutub onları dayandırmaq və soruşmaq istərdim: niyə özünüzə uyğun bir düşmən seçmirsiniz? Budurmu vətənpərvərlik? Mənim qarşımda heç bir müqavimət gücü olmayan əlacsız, qorxaq insanları öldürmək, özü də, bu cür əxlaqsız yollarla öldürmək qəhrəmanlıqdırmı? Elədirsə, mən bu gün qəhrəman olmaq istəmirəm.

Silah səsləri və bağırtılar bir qədər səngimişdi. Ayağımın altında xırçıldayan qar artıq ağ rəngdə deyildi. Fikirlərin boz buludları başımın üzərində gəzişirdi. Addım izlərimin üzərindən təkrar-təkrar keçir, çəpərlərin, evlərin dibində görünməz olurdum. Xarabaya çevrilmiş evlərdən birinin qarşısına çatanda şiddətli bir bağırtının ardınca kürəyimdən qəfil zərbə aldım. Büdrəsəm də yıxılmadım, geri çevriləndə ikinci bağırtı ilə birgə gələn daha bir zərbəni avtomatımla dəf etdim. Saçları dağılmış, üst-başı yırtılmış ortayaşlı bir qadın qarın üzərinə yıxıldı. Bir saniyə belə çəkmədən, yenidən ayağa qalxdı və dişlərini qıcayıb üzərimə şığıdı. Çaşqınlığa qapıldığım üçün yaxamdan tutub sinəmə və çiyinlərimə yumruq zərbəsi endirənə qədər yerimdə donub qaldım. Avtomatın arxa hissəsi ilə başından zərbə endirib yenidən yerə sərdim. Arxaya doğru addımlayıb gözləri alov kimi yanan, vəhşi it kimi fısıldayan qadına tamaşa etməyə başladım. Üzərində yaxası iki yerə parçalanmış qara köynək, topuğuna kimi uzanan, boz rəngli, yırtılmış ətək var idi. Boynunda iki yaylıq üst-üstə bağlanmışdı. Simasının gənc görünməsinə baxmayaraq, saçlarına ağ düşmüşdü. Başına aldığı zərbə onu bir müddət yerdə saxlasa da, ağır-ağır ayağa qalxmağı bacardı. Burnundan axan qanı yaylığının ucu ilə silib qılınc kimi baxışlarını üzərimə yağdırdı. Silahımı əlimdə tarazlayıb getmək istəyəndə, bu dəfə əvvəlkilərdən daha möhkəm bir bağırtı qopardı. Onu yumruqla daha iki dəfə yerə yıxmalı oldum. Əlimdəki silaha və əzələli görkəmimə rəğmən çəlimsiz bir qadının mənə hücum etmə cəsarətini necə əldə etdiyinə xeyli təccübləndim. Sonuncu zərbəni sinəsinə endirdikdən sonra daha qalxa bilmədi. Bu mənasız əlbəyaxanın bitdiyinə əmin olub yoluma davam etmək istəyəndə iki əli ilə çəkməmdən yapışıb məni saxladı. Qəfil çevrilib onu güllə ilə öldürmək istəsəm də, bu fikirdən həmən daşındım. Asanlıqla soyuqdan bərkimiş əllərinin arasından çıxıb daha sürətlə ondan uzaqlaşmağa səy göstərdim. Kədər və qəzəb qarışıq səsiylə arxamca xeyli qışqırdı, başa düşmədiyim ifadələri ağlayaraq təkrar etdi. Silahımı çiynimə atıb çəpərinin bir hissəsi dağıdılmış, şüşələri və qapısı sındırılmış evin qarşısı ilə addımlayıb uzaqdan söhbətlərini eşitdiyim əsgərlərin səsinə tərəf yönəldim. Aram-aram eşidilən güllə və fəryadlar, hərbiçilərin gülüş və danışıqları və avtomobil səslərinin arasında zəif bir hıçqırtı məni dayandırdı. Küçük cingiltisinə bənzəyən inilti yaxınlığımda idi. Ətrafıma nəzər yetirəndə yerindən çıxıb üst-üstə qalaqlanmış taxta çəpərlərin arasında bir cüt parıltı gördüm. Bu zaman tanış bağırtı yenə qulaqlarımda cingildədi. Döyülməkdən taqətsiz qalan qadın qarın içində sürünərək mənə tərəf gəlməyə çalışırdı. Ona əhəmiyyət verməyib, qarı incitməkdən çəkinirmiş kimi yüngül addımlarla iniltiyə yaxınlaşıb taxtaları kənara itələdim. Yun ədyalın arasında balaca bir bədən yumaq kimi büzüşüb tir-tir titrəyirdi. Təxminən, dörd, ya da beş yaşında olan bu qızcığaz başını aşağı dikib asta səslə hıçqırırdı. Ağlayaraq qarın içində çabalayan vəhşi qadın məni haraylayaraq nələr isə deyir, yalvarırdı. Qorxudan donub qalmış qızcığaza tərəf əyilib “Narahat olma, səni öldürməyəcəm.” deyə pıçıldadım, lakin məni başa düşmədi. Onun səfil və çarəsiz görkəmi ürəyimi uçuqlatdı. Fəryad qoparan qadının artıq dikəlib iməkləməyə başladığını görəndə oradan uzaqlaşmağa hazırlaşdım. Bu dəfə məni dayandıran hansısa zərbə yaxud inilti yox, olduğum istiqamətə doğru yaxınlaşan hərbiçilərin səsləri idi. Uşağı tapıb öldürəcəklərini bildiyim və onlarla körpə cəsədinin üzərindən keçməyimə baxmayaraq, bu reallıqla razılaşmağı bacarmadığım üçün onu xilas edəcək bir yol düşünməyə başladım. Qızının ayağının dibində yerə uzanmış qadını qollarından tutub ayağa qaldırdım, mənasını bilmədiyim həyəcanlı nitqinə əhəmiyyət vermədən uşağı da qucağıma götürüb hər ikisini aşağı – çaya doğru apardım. Zərbələrim ucbatından əzilmiş qadın gah tez-tez müvazinətini itirib yıxılır, mən onu qaldırana qədər göz yaşları içində mənə yalvarır, gah da aqressivşəlib qoluma, kürəyimə və çiynimə yumruqlar endirirdi. Çayın yanında uşağı yerə qoyub əsgərlərin səsinə qulaq verdim. Üç nəfər bayaq dayandığımız yerdə ayaq saxlayıb nəyləsə bağlı qızğın söhbət edirdilər. Əgər onlardan biri təsadüfən aşağı baxsaydı, bizi görəcəkdi. Qorxudan dili tutulmuş, asta səslə ağlayan uşağı çiynimə qaldırıb ensiz çayı tullandım. Əlimlə anasına gəl işarəsi etdim, lakin o yerindən tərpənmədi. Pıçıldayaraq ona tullanmasını və yanıma gəlməsini desəm də, gözlərində yığılıb qalmış yaş ilə gah mənə, gah da yuxarıda - evin yanında dayanan əsgərlərə baxır, rabitəsiz cümlələr qururdu. Əsgərlərin hərəkət etməyə başladığını görəndə, səbrim qalmadı, balaca qızı çayın digər tərəfində qoyub geri tullandım. Kobud bir hərəkətlə qadını qucağıma qaldırdım. O, əvvəl çırpınıb müqavimət göstərmək istəsə də, birdən dayandı, sanki niyətimi başa düşmüş kimi mənə tabe oldu. Bütün gücümü toplayıb çayı tullandım, bir anlıq axsamağıma baxmayaraq, müvazinətimi saxlamağı bacardım. Nəzərlərim əsgərləri axtarsa da, onları tapa bilmədim. Əl hərəkətləri ilə qadına meşəyə tərəf qaçmalı olduğunu izah etməyə çalışdım. Qızını qucağına götürüb qaçmağa hazırlaşanda geriyə qanrılıb qan yığılmış gözlərini mənə dikdi. Nifrət odu ilə alışıb yanan, xənçər kimi kəsən baxışları tamam yox olmuş, yerini qorxu, çaşqınlıq və minnətdarlıq almışdı. Onlar meşənin qaranlığında gözdən itəndə, digər hərbiçilərin yanına qayıtdım. Şəhərin üzərinə ölü bir sükut çökmüşdü. Gecədən xeyli ötəndə, yüzlərlə cansız bədəni geridə qoymuşduq. Etdiyim əməl ilə bağlı dərin bir vicdani rahatlıq hissi duyarkən, digər tərəfdən əhatələndiyim əsgərlərin gözlərinə qətiyyətlə baxa bilmirdim. Yanlış bir şey etmədiyimə əmin olduğum halda, hərəkətlərimdə günahkar bir insanın özünəinamsızlığı var idi. Həmvətənlərimin məmnunluqla öldürdüyü insanları xilas etməyin bağışlanmaz bir xəyanət olduğunu bilsəm də, bunu etdiyim müddət ərzində heç bir tərəddüt yaşamadım. Lakin aid olduğum birliyin içinə qayıtdıqda, özümü hansı dəyərlərlə ölçməli olduğumla bağlı qərarsızlıq yaşadım. Əliyalın, əlacsız insanlara kömək edərkən millət, dövlət anlayışlarından çox irəlidə, başqa bir reallıqla əhatələnmişdim. Hansı ki, nə vətən, nə də düşmən məhfumları yox idi, burada yalnız insanlar qərarlaşmışdır. Məhz o reallıqda mən yaxşı insan olsam da, pis erməni idim.

# 1886 dəfə oxunub

Oxşar xəbərlər

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

12:00 15 dekabr 2024
İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
# # #