Xanım İsmayılqızı: "Tənhalıq faciə deyil, fərqlilikdir..." – Müsahibə

Xanım İsmayılqızı:   "Tənhalıq faciə deyil, fərqlilikdir..." – Müsahibə
8 aprel 2026
# 10:00

Kulis.az Sevinc Mürvətqızının "QadınVari" layihəsində şair, bəstəkar Xanım İsmayılqızı ilə müsahibəni təqdim edir.

Həyatın bütün sahələrində zərifliyi, estetik duyumu, gözəlliyi, mübarizliyi, sevgisi, mərhəməti, ruhani müdrikliyi və özünəməxsus, əvəzedilməz toxunuşu ilə Qadın Var... “QadınVari” layihəsi qadınların müxtəlif sahələrdəki fəaliyyətini daha qadınsayağı aspektdən təqdim etməyi qarşısına məqsəd qoyur. Bu, qadın dünyasının dərin qatlarına yönəlmiş mənəvi və intellektual bir səyahətdir.

Bu səyahətdə növbəti yol yoldaşım bugünlərdə yubiley yaşını tamamlayacaq şair, bəstəkar Xanım İsmayılqızıdır. Yazıçı İsmayıl Qarayevin ocağından pərvazlanıb ədəbiyyatı "qanında və canında" daşıyan Xanım İsmayılqızının özünün təbirincə desək, bir göz qırpımı qədər qısa, dolu-dolu yaşanmış həyat qədər uzun 70 illik ömür yolu bu müsahibədə öz əksini tapır.
Müsahibimlə "Mən anamın vətəniyəm" deyəcək qədər uca bir sevginin və saralmış dəftərlərdə gizlənən sarsıdıcı xatirələrin izi ilə ruhun daxili ritminə, zamanın parçalanan qatlarına və bütün yolların qovuşduğu İlahi Eşqə yönələn səmimi “səfər”ə çıxmışıq.

Özünü həm yaralı, həm məğrur, həm güclü, həm də kövrək qadın vəhdətində təqdim edən Xanım İsmayılqızı ilə Sözün insanı necə azad etməsindən, musiqinin poeziya ilə ilahi sarılmasından və tənhalığın kimsəsizlik deyil, özüylə "çoxalmaq" fəlsəfəsindən danışmışıq. Sözlə "sözbazlıq" etmədən onun həqiqi ustasına çevrilməyin zəruriliyini vurğulayan həmsöhbətim öz duyğularının sadiq tərcüməçisi kimi bizləri də daxilimizdəki uşağı, eşqi və Allahı qorumağa səsləyib.

- Yazıçı İsmayıl Qarayevin ailəsində doğulub böyümüsünüz. Uşaqlığınıza qayıdaq - ədəbiyyat mühitində böyümək necə bir hissdir və bu taleyinizə hansı şəkildə təsir göstərib?


- İsmayıl Qarayevin qızı kimi ədəbiyyat mənim qanımda, canımda oldu və məni böyütdü. Orta məktəbi bitirdikdən sonra "Gənclik" nəşriyyatına işə düzəldim. Korrektor kimi əmək fəaliyyətimə başladım. Elə o ildən ədəbi mühitin içində oldum. Orta məktəbdə oxuyanda ədəbiyyatı, mütaliəni çox sevmişəm. Kiçik cızma-qaralar edirdim. Nəşriyyatda korrektor kimi Azərbaycan ədəbiyyatının klassiklərindən başlamış, çağdaş yazarlarına qədər şox əsərlərin oxucusu oldum. Daxili azadlıq, fərqli düşüncə tərzi, özünü ifadə mədəniyyəti, hadisələri fərqli görə bilmə rakursu, hisslərimi sözə çevirmə imkanı və s. bu kimi bacarıqların itilənməsində içimdəki ədəbi mühitin yaranması və formalaşmasının rolu böyükdür. "Gənclik" nəşriyyatından başlayan əmək fəaliyyətim Azərbaycan Dövlət Tərcümə Mərkəzində tamamlandı və hər birindəki ədəbi mühit mənim taleyimdə silinməz izlər buraxdı. Əvvəl içimdə Sözü böyütdüm, sonra isə onu azad etdim...

- Bəs Söz sizi azad edibmi?

- Əlbəttə. Biz bir-birimizi azad elədik. Söz məni azad eləməsəydi, mən heç vaxt bir də sözü dilimə gətirməzdim. Mən poetik sözə qucaq açdım, o da mənə sarıldı. Bütün aləmdən təcrid olunanda sözə sığınmışam. Çünki söz mənim bütün hisslərimi, ağrılarımı öz çiyninə götürüb məni poeziyaya kökləyib. Mənə verilən Sözdən razıyam...

- Şeirlərinizdə qadın gah güclü, gah yaralı, kövrək görünür. Sizcə, qadının gücü nədədir, ümumiyyətlə, qadın güclü olmalıdırmı?

- Əslində, qadının gücü onun zərifliyində, ağlında, daxili gözəlliyində və təpədən-dırnağa qadınlığındadır. Amma hər mənada güc - söykənəcəyin dayaqdır. Bilmirəm, bəlkə bu həmişə belə olub, sadəcə keçmiş zamanlarda çox da önə çəkilməyib, göz önünə gətirilməyib. Bu dünyada var olan bütün canlılar güclü olmağa çalışır. Həyat mübarizə meydanıdır və hamı yaşamaq uğrunda döyüşdədir. Bədənin yaşaması üçün fiziki qida, ruhun yaşaması üçün mənəvi qida almaq mücadiləsindəyik. Demək ki, gücümüz olmalıdır. Qadın kişi qədər güclü olmalıdırmı? Xeyr. Lakin bu həyatın qarşılaşdıracağı "sürprizlərlə" üz-üzə gələndə güclü olması gərəkdir. Mənim şeirlərimə, mənim özümə gəldikdə isə həm yaralıyam, həm güclüyəm, həm kövrəyəm, həm mülayiməm, həm sərtəm və nəticədə - Qadınam. Düşünürəm ki, həm şeirlərim, həm də qadınlığım gücümdən bəhrələnib. Belə güclü olacağım ağlıma da gəlməzdi. “Dözə bilmərəm” dediklərimə dözdüm, “edə bilmərəm” dediklərimi etdim, “yaşaya bilmərəm” dedim, amma yaşadım.

- “Salam, Qadın, necəsən?” şeirinizdə qadın sanki özünü istintaqa çəkir:
“Güzgüdə öz-özünə hər gün baxa bilirsən? Qadın doğulduğunu hələ unutmamısan?”. Sizcə, qadınlar indi də bu tipli sualları özlərinə verməkdən qorxurlar?

- O şeirdə etiraf var, hirs var, ağrı var, özünə üsyan var, peşmanlıq var, dərs var. Bütün suallar qadının cavabıdır. Hətta bu dramatik halda bir az ironiya, sarkazm da var. Qadınlar da fərqlidir. Kimisi səhvini anlayır, kimisi həqiqəti dərk etmir, kimisi yanlışını da doğru bilir. Bu baxımdan bu suala konkret cavabım yoxdur. Bircə onu bilirəm ki, bu şeirim qadınların ürəyindən xəbər verib və deyəsən, bu şeirdə o suallardan da var...

- Şeirlərinizdə qadın hərdən səbirli görünür, o, buna məcburdurmu?

- Əgər elə görünürsə, heyrət. Mən həyatda çox səbirsizəm. Hisslərimi bəzən cilovlaya bilirəm. Məncə, bunu təkcə qadına aid etməyək. Qadın da, kişi də nə qədər səbirli olsa, özünü qorumuş olacaq. Cilovsuz hisslər adamı içindən sökür, özündən çıxarır, dağa-daşa çırpa bilir və nəticədə özünə də, ətrafına da zərər vura bilirsən. Təbii ki, bu həmişə alınmır. Heç nəyə məcbur deyilik, amma özümüzü məcbur etdiyimiz zamanlar da olur.

- Özünüzü nəyə məcbur etmisiniz, məsələn?

- Bunu daha çox məişət mənasında nəzərdə tuturam. Olur da, adam arasında nəyəsə hirslənirsən, bəlkə də evdə olsan buna bir başqa cür reaksiya verərsən. Amma orada susmağa məcbur olmusan. Amma həyatda heç nəyə məcbur olmamışam. Həmişə deyirəm ki, mənə heç nəyi məcbur elətdirmək və qadağalar qoymaq olmaz. Mənə nəyi "bunu eləməməlisən" desələr, elə məhz onu eləmək istəyirəm. Belə tərsliyim də var.



- Sizcə, Azərbaycanda qadın şair olmaq nədir?

- Şair olmaq nədir? Öz ömründən başqa digər bir ömrü də yaşamaqdı şairlik. Şairlik - haldır. Sən o hala düşürsən və çıxırsan. Həmişə o halda olmaq mümkün deyil. Təkcə şair deyil, sənətin bütün növlərində qadın üçün çox çətindir. İstər rəssam, istər yazıçı, istər şair, istər bəstəkar, istər rejissor, istər aktyor, istər müğənni və s. Süni maneələr, diqqətsizlik və s. və i. Çox da xırdalamaq istəmirəm... Qadın artıq ana olarkən varlığını, yaradıcılığını, yaratdığını ortaya qoyur. Bu, böyük bir missiyadır. Bunun üzərinə hələ şair də olursa, bu da ikinci missiyadır. Bir canda üç dünyanı, üç aləmi, üç missiyanı yaşatmaq - qadın, ana, şair - seçilmişlikdir. Azərbaycanda bir az münasibət fərqli ola bilər. Qadın yazarların meydanını daraltsalar da, işıqlarını söndürmək mümkün deyil. Qadın şairlərin işığı fərqlidir. Bəzən kişi şairlərimiz deyir ki, Qadın özü elə şeirdir. Şeirdən doğan şeiri oxumaq, duya bilmək, görmək də var.

- Qadının taleyini yazmaq çətindir yoxsa yaşamaq?

- Yaşamaq çətindir. Yazmağa nə var ki...

- Şeirlərinizdə hansı qadın obrazı sizə ruhən daha yaxındır?

- Hər birində məndən var. Bilirsiz, yaradıcılıq prosesi elə bir emalatxana, elə bir laboratoriya, elə bir guşə, elə bir atmosferdir ki, ordan üzə çıxan nə varsa, səndən hisslərini, düşüncəni, şüuraltında gizlənənləri, pərdəarxasında qalan hallarını, yaratdığının əyninə geyindirir və göz önünə gətirir.

- Siz həm şair, həm də bəstəkarsınız. Söz və musiqi sizin yaradıcılığınızda necə doğulur – əvvəl şeir yaranır, sonra melodiya gəlir, yoxsa bəzən musiqi sözün yolunu açır?

- Hər iki hal olur. Bəzən musiqi sözünü axtarır, bəzənsə söz melodiyasını seçir. Mən bunu müsahibələrimdə demişəm. Hər birimiz öz hisslərimizin tərcüməçiləriyik. Yaradıcı insanlarda bu tərcümədən sənət əsəri yaranır. Sözün, notun dilini bilirəm və məndə yolları həmişə açıqdır.

- Öz şeirlərinizi bəstələyəndə daha çox şair kimi düşünürsünüz, yoxsa artıq sözləri melodiyanın qanunlarına uyğunlaşdıran bir bəstəkar kimi?

- Mahnı janrında söz musiqiyə tabe olur. Baxmayaraq ki, mən hər iki halda bərabərliyi qorumağa çalışıram. Bəzən sözüm, bəzənsə musiqim aparıcılıq etmək istəyir. Amma mən bunu həmişə deyirəm - mahnıda söz çox önəmlidir.

- Sizcə, bu gün bəstələnən mahnılarda sözün poetik dəyəri əvvəlki kimi qorunurmu?

- Təəssüf ki, bu günün mahnılarının əksəriyyətində söz bolluğu, söz atəşi, söz yığını, söz axını var və sözün poetikası yoxdur, ölüb. Mahnı da musiqinin hekayəsidir. Məzmunu, süjeti olmalıdır. Mahnılarımızda söz mənasını itirib. Tək-tək mahnı eşidərsən ki, məzmunu var və sözün poetik dəyəri öz qüvvəsindədir. Məhz belə mahnılar əsl şairlərin sözlərinə yazılan mahnılardır. Təəssüf ki, söz aləmində "sözbazlıq" edənlər, yəni sözlə oynayanlar, ona hobbi kimi baxanlar çoxalıb.

- Sözə hobbi kimi yanaşmaq olmaz?

- Xeyr, sözə professional yanaşmalısan. Sən bunu incəsənətin bir nümunəsi kimi ərsəyə gətirirsənsə, mənasına, məzmununa, fəlsəfəsinə, dərinliyinə varmalısan. İndi poeziyanı da, mahnı mətnlərini də hobbiyə çeviriblər. Sözlə oynamaq olmaz, sözün ustası olmalısan, buna peşəkarcasına yanaşmalısan.

- Şeir yazanda onun daxili ritmini, səsini eşidirsinizmi və bu, sonradan bəstəyə çevriləndə sizə kömək edirmi?

- Əlbət ki. Ümumiyyətlə, hər bir insanın daxili ritmi var və digərlərindən həm də öz ritmi ilə fərqlənir. Şeir yazılarkən, səndən xəbərsiz, səni öz ritminə və havasına kökləyir. Belə demək mümkünsə, sən o havaya, sözünlə birgə, məhz o ritmdə rəqs edirsən və bu rəqsin nəticəsi şeir olur. Başqa şairlərin də sözlərinə musiqi bəstələmişəm. Elə gözəl şeirlər var ki, mahnıya çevrilə bilmir. Çünki bəstəkar bəzən onun musiqisini eşidə bilmir. Şeir öz musiqisini eşitdirəndə, bəstəyə çevrilir.

- Bəstəkar kimi sizin üçün daha çətin olan nədir: artıq yazılmış bir şeirə musiqi bəstələmək, yoxsa hələ sözləri olmayan bir melodiyaya mətn yazmaq?

- Melodiyaya mətn yazmaq çətindir. Yaradıcılıq prosesində azadlığı yaşayırsan. Amma hazır melodiyaya mətn yazarkən özünü çərçivəyə salırsan. Bölgülərin, vurğuların, saitlə samitin arasında qalırsan. Mahnıda sözlə musiqi bir tam olmalıdır. Bir-birini sevməli, qucaqlamalı, doğmalaşmalıdır. Mənim üçün bir o qədər də çətin olmur. Burda musiqi duyumum köməyimə çatır. Hazır şeirə melodiya yazmaq daha asandı.

- “Saralmış dəftər” şeirində ananın xatirəsi ilə üz-üzə qalan bir qadının sarsıntısını görürük... Ümumiyyətlə, yaradıcılığınızda ana ilə bağlı mövzu çox işlənib, ana sizin üçün kimdir?

- Mən anamı çox sevmişəm. Təəssüf ki, sağ ikən bu sevgimi tam bildirə bilməmişəm. Dünyasını dəyişəndən sonra düşdüyüm boşluq, yaranan mənasızlıq, ağrının dərəcəsi, çıxılmazlıq anamın mənim həyatımda nə böyüklükdə yer tutduğunun daha dərinliyini göstərdi. Elə bil ki, birdən böyüdüm. Bilirsiz, hansı yaşda olursansa ol, anan varsa, sən onun uşağısan, arxayınsan, arxalısan. Hardasa telefondan eşitdiyin titrəyən səsi ilə belə səni sağalda bilir, qoruyur, stresdən çıxarır, qucaqlayır, sığallayır, əzizləyir. Bir kəlmə sözü ilə səni ayağa qaldıra bilir. Hər şeyin yaxşı olacağına səni inandırır. Çünki hər baxışında, hər kəlməsində, hər toxunuşunda, sığalında dünya boyda sevgi enerjisi var və sənə bu dünyanı bağışlayan Qadın məhz sənin hədiyyəndi. Dünyasını dəyişsə də, sənin dünyandadı və sənin dünyandı. Anam mənim kimliyimdir. Mənim bir şeirim var və orda belə misralar var -

Mən Anamın Vətəniyəm,
Vətənin Anasıyam...

Anamın Vətənində ona deyiləcək söz çoxdur... Və anamın saralmış dəftəri həqiqətən də məni çox sarsıtmışdı...

- Bəzi misralarınızda inciklik hiss olunur. Ən çox kimdən küsmüsünüz?

- Özümdən və gedənlərdən...

- Poeziyanızda zaman tez-tez parçalanır – keçmiş, indi və xatirə, yaddaş bir-birinə qarışır. Sizcə, insan daha çox hansı zamanda yaşayır - keçmişdə, indidə, ya gələcəkdə? Sizin üçün xatirə, yaddaş nədir?

- Bəli. Birdən zamansızlıq olur. Nəyin yuxu, nəyin gerçək, nəyin xəyal, nəyin həqiqət, nəyin bu gün, nəyin dünən olduğu bilinməz olur. İnsan vücudu ilə bu gündə, yaddaşı ilə keçmişdə, ruhu ilə hər vaxtda yaşayır. Bu günümüz göz önündə, dünənimiz xatirədə, sabahımız təxəyyülümüzdədir. Bizə aid nə varsa, hamısı bizdədir. Ona görə də şeirlərimdə zaman zamana qarışır. Xatirələr təsəllidir. Yaddaş varlığındır. Yaddaş pozularsa, adam kim olduğunu bilməz. Xatirən yoxdursa, dayaqsız qalarsan. İnsanı həm də ayaqda saxlayan, var edən onun dünənidir. Deyirlər ki, dünəni və sabahı ilə yaşamaqdansa, bu gününü gözəl yaşa. Bəli, bu günü yaşamaq lazımdır. Amma, bu gün də dünən olacaq, sabah da bu gün.

- Öz həyatınıza kənardan baxanda daha çox nə görürsünüz?

- Özümə kənardan baxanda - təvazökarlıqdan kənar olsa da - bütün səhvləri, qüsurları, bacarıqları, qazandıqları, itirdikləri, sevgisi, mənliyi, sevinci və kədəriylə bütövləşən güclü bir Qadını görürəm. Və özümə kənardan qiymət verib - əlimi bu qadının çiyninə qoyub “sağ ol” deyirəm. Amma "kaş ki"lərim də çoxdur...

- Şeirlərinizdə tənhalıq motivi çox güclüdür. Sizcə, müasir insan doğrudan da bu boyda qələbəliyin içində tənhadır?

- Əslində tənhalıq faciə deyil, fərqlilikdir. Mənim üçün bəzən bu tənhalıq təklikdə rahatlıq tapmaqdır, özüm olmaqdır, toplanmaqdır, çoxalmaqdır. Bəzənsə çoxluğun arasında yadlaşmaqdır. Düşdüyüm haldan asılı olaraq hisslər, fikirlər bir-birini inkar da edə bilir. Tənhalıq kimsəsizlik deyil ki, fikirlərin, hisslərin, məzmunun, düşüncə tərzinin, keyfiyyətin kimlərləsə üst-üstə düşmədiyi məqamdır. Yanında çox adam ola bilər - amma onların sənə aidiyyatı olmaz.

- Bəzən deyirlər ki, şeir insanı xilas edir. Sizi xilas edən şeir olubmu?

- Baxır hansı məqamda və necə. Bəzən şeir məndən xilas olub, bəzənsə məni xilas edib. İçimdəki ağrını şeirə yükləyəndə rahatlıq tapmışam. Və təkcə şeir deyil, musiqi də məni ovudub - yazdığım da, dinlədiyim də.

- Çağdaş dövrdə poeziyanın oxucusunun azaldığı deyilir. Sizcə, problem şeirdədir, yoxsa insanların duyğu dünyası kasadlaşır?

- Təkcə poeziya deyil, ciddi sənət əsərlərinə münasibət dəyişib. Hər mənada tez həzm olunan nə varsa, çoxluq ona can atır. Əksəriyyət beynini, ruhunu da işlətmək istəmir. Bir ovuc oxucu, dinləyici var ki, ciddi əsərlər onlar üçündür. Bəlkə də heç onlar üçün də deyil, elə özümüz üçündür. Mən inanmıram ki, sözün əsl mənasında şair şeir yazarkən oxucunu düşünsün. O, həmin halda, öz hisslərinə qanad verməklə, o haldan çıxmaqla məşğuldur. Təkcə biz deyil, bütün dünya qəribə prosesdədir. İnsanların həm daxilində, həm xaricində fərqli enerji axınları var və onlar bu axına düşüb sürətlə harasa gedirlər. Özlərinin də özlərindən xəbəri yoxdur sanki. Bu qaçhaqaç, qovhaqovun içində tutacaq, dayanacaq da yoxdur elə bil... Vaxt elə uçur ki, çox şeyə əl də çatmır, nəfəs də yetmir. Müasir dövrdə duyğudan çox beyin işləyir... Zamanın diktəsi ilə hərəkət olunur... Bu dünyada qəribə energetika hökmranlıq edir və hamımızı özünə tabe edir. Köhnə nəslin nümayəndələri çaşqınlıq içindədir, yeni nəslin nümayəndələri isə fərqli dəyərlərdədir. Ona görə də problem, həm də, zamanın özündədir.

- Müasir insanın mənəvi boşluğu haqqında çox danışılır. Sizcə, bu boşluğun əsas səbəbi nədir və poeziya bu boşluğu doldura bilərmi?

- Bu boşluğun əsas səbəbi həzz ala bilməmək, məna tapa bilməməkdi. Əgər bir insan kitab oxumaqdan, gözəl filmə baxmaqdan, musiqini dinləməkdən, teatra getməkdən, rəsm əsərlərini seyr etməkdən, təbiətin gözəlliklərindən, Allahın ona bəxş etdiklərindən, sevib-sevilməkdən həzz ala bilmirsə, demək ki, psixoloji problemi var. Və yaxud da bolluqdan toxluq edənlər var. Hər şey o qədər sonsuz dərəcədədir ki, artıq dadmadığını, bilmədiyini, görmədiyini istəyir və belə hallarda ifrata varır. Bu hallar anormallıqdır. Siz fikir verin ki, çox kasıb ailələrdə kiçik-kiçik sevinclər həyatlara necə gözəl məna qatır. Təbii ki, hər bir insanın həyatında pessimizm, depressiv hallar olur. Sənin üçün çox dəyərli bir insanı, bir işi, bir gözəlliyi, bir sevgini, bir dəyəri itirirsən və boşluğa düşürsən. Həyatında bir uçurum yaranır. Bu, normal haldır və keçicidir. Amma həyatında, ətrafında olan gözəlliyə rəğmən mənəvi boşluğa düşmək anormallıqdır. Poeziyanı sevən üçün bir sığaldı, təsəllidi, nəfəsdi şeir. Təəssüf ki, dünyanın daraldığı, fərqli enerjilərin qarışdığı, vaxtın sürətləndiyi, müharibələrin artdığı, insani keyfiyyətlərin korşaldığı, ölümün çoxaldığı, həqiqətin, ədalətin bulandığı, hər mənada süniliyin ayaq açıb içimizə hücum etdiyi bir dövrdə, bir zamanda, bir məkanda yaşamaq çox çətindir. Uşaqlar, gənclər, cavanlar mənəvi tarazlığı, orta yaşlılar, qocalar fiziki tarazlığı itirir. Bu və ya digər mənada dünya yırğalanır, çalxalanır və duruş gətirmək fərasət istəyir. Dünyanın çətin dövrünü yaşayırıq.

- Bu dediyiniz çətin dövrdə, bu boşluq içində siz məna tapa bilmisinizmi?

- Bəli, həyatda özümü də, mənanı da tapmışam. Elə insanlar tanıyıram ki, potensialı, intellektual səviyyəsi var, dünyagörüşü geniş, mütaliəli, gözəl də danışır, amma həyatda özünü realizə etməsi zəif olub, özünü tapa bilməyib. Özünü tapa bilməyən insan komplekslərin içində qalır. Özünü nə göydə, nə yerdə hiss edir, aralıqda - ortada bir yerdə qalır. Əslində, ortanın adamı deyil, yuxarının adamıdır, amma aşağıda yaşayır, özünü tapa bilmir. Məncə, insanın faciəsi budur. Hərənin öz missiyası, stixiyası var bu həyatda. İnsan bunu reallaşdıranda xoşbəxt olur. Xoş o kəsin halına ki, bu həyatda öz stixiyası, missiyası üzrə yaşayıb yaradır.

- “Həyat – bir öpüş qədərdi” deyirsiniz. Bu qədər qısa həyatın içində insanı həqiqətən yaşadan nədir?

- Bu qısa ömürdə bizi yaşadan Sevgidir, Eşqdir. Həyatımızdan, canımızdan, ruhumuzdan Eşqi çıxsan, özümüz də, ömrümüz də boşluq olar. Söhbət İlahi Eşqdən, müqəddəs Sevgidən gedir.

- Sevgidən söz düşmüşkən, təqdim etdiyiniz son layihə də “Eşq bir aləmdir” adlanır...

- Məsələn, 70 yaşında bir qadının eşqdən danışmağı bəlkə kiməsə bir qəribə gələ bilər, deyərlər, “o yaş hara, eşq hara?” Ümumiyyətlə, çox eşitmişəm, bizim yaşlı şairlərimizlə bağlı deyirlər ki, gör, neçə yaşı var, sevgidən yazır. Eşqin yaşımı var? Əslində, mənim fikrimcə, 20-30 yaşında eşqdən yazanlar əsl sevginin nə olduğunu bilmirlər. Elə əslində yaşlı adamlar sevgidən yazmalıdır, çünki onlar sevgiyə müdrikcəsinə yanaşır, cavanlıqdan bura qədər gəldiyi dövrdəki eşqin dəyərini, sanbalını göstərə bilir. O ki qaldı bu yaxınlarda təqdim olunan, sözləri və musiqisi mənə aid olan "Eşq bir aləmdir" layihəsinə - o, ilahi sevgiyə, sufiliyə bağlanır. Orada belə misralar var: "Yerdəki yarımdı, göydəki yarım. Hər iki dünyada dövlətim, varım". Məzahir Fikrətoğlu da mahnını çox gözəl ifa edib. Yəni, bax, bu layihədə söz açdığım Eşq insan dünyaya gələndə onunla birgə doğulan, körpəlikdən dünyasını dəyişənə qədər içində böyütdüyü eşqdir - Allah sevgisidir, ümumiyyətlə, sevgilərin ən toxunulmazıdır, müqəddəsidir. Əslində, bütün sevgilər Ona çıxır... Ona olan eşq hər şeyin fövqündədir. Və məhz bu Eşq bizi yaşadan aləmdir. Yer kürəsinin özü elə eşqdir. Allah bütün insanlara bu eşqdən bir damla verib. Kimi onu böyüdə bilir, kimi yox. Allah hər şeyi öz eşqi ilə yaradıb ki, bizi ali insan səviyyəsinə çatdırsın. Bəzən deyirlər ki, ruhlar buna görə dəfələrlə dünyaya gəlib gedir...

- Ruhun təkamül məqsədilə dəfələrdə dünyada bədənləndiyinə inanırsınız?

- İnanıram. İnsan dünyaya təkcə fərqli bədənlərdə yox, yarpaq, gül, ağac kimi də gələ bilər. Hətta ruhların kəpənək kimi mənimlə görüşə gəldiyinə də inanıram. Məsələn, qəbiristanlığa - oğlumun məzarının üstünə gedəndə bir kəpənək gəlir mənim başıma fırlanır. Bəlkə də mən buna inandırmışam özümü...

- Şeirlərinizdə ölüm və həyat sanki yanaşı addımlayır. Ölüm sizin poeziyanızda son nöqtədir, yoxsa başqa bir başlanğıc?

- Ümumiyyətlə, bu dünyada ölümlə həyat yanaşı addımlayır. Başının üstündə - səma, ayağının altında - torpaq, içində - hiss etdiklərin, çölündə - gördüklərin, çiynində - mələk, qarşında - fələk, sağında - doğru, solunda - yalan, arxanda - həyat, qarşında - ölüm və yaxud tərsinə... Son nöqtə deyilən bir şey yoxdur. Sonsuzluq var... Biz də bu sonsuzluğun yolçuları…

- Bugünlərdə həm də yubileyinizə həsr olunmuş “70 şeir” və “70 mahnı” adlı kitablar işıq üzü görüb...

- Bəli, adını çəkdiyiniz bu iki kitabda müxtəlif illərdə qələmə aldığım 70 şeir və 70 mahnının notla yazılışı öz əksini tapıb. Elə kitabın əvvəlində vurğulamışam ki, ağlıma da gəlməzdi ki, 70 yaşa çatacağam. Təsəvvür etməzdim ki, bu yaşda da şeir kitabı çap etdirəcəyəm. Demək ki, düşünmədiklərimiz düşündüklərimizin önünə keçir və həyat bütün izləri ilə qarşımıza çıxıb, silkələyib, laxladıb, sevindirib, kədərləndirib heyrətləndirir. Həyat möcüzədir, bu möcüzəyə bilmədən qovuşmaq və bilərək qoşulmaq da varmış. Hərdən mənə elə gəlir ki, bu 70 illik yolu bir göz qırpımında keçdim. Amma bu göz qırpımı bir ömürə imza atdı, əlimə qələm, ürəyimə təpər, ruhuma işıq, hislərimə səs və söz, taleyimə melodiya və poeziya, həyatıma isə hər şey qatdı. Bəzən fikirləşirəm ki, görəsən, öz duyğularımın tərcüməçisi olmasaydım, ürəyimin çırpıntılarını, düşüncələrimin üzünü, hisslərimin rəngini səslə, sözlə şeirə, mahnıya köçürməsəydim, nə dəyişəcəkdi? Onu dəqiq bilirəm ki, bir az şeirə könül verib, bir az musiqiyə ürək açıb yaradıcılığımla bütövləşə bildim...

- Əgər bir gün həyatınızı bir şeir kimi bağlamalı olsanız, onun son misrası necə olardı?

- Kaş ki... Nə isə... Heç nə...

İndi belə gəldi... Bilmirəm, o bir gün gələndə nə düşünəcəyəm və ümumiyyətlə, şeir halında olacağammı...

- Sonda “QadınVari” mesajınız nə olardı?

- İçinizdəki uşağı, Eşqi və Allahı qoruyun...

Foto: Rüfət Mustafayev

# 261 dəfə oxunub

Oxşar xəbərlər

Türk aktyorla israilli nazir arasında qalmaqal

Türk aktyorla israilli nazir arasında qalmaqal

11:20 8 aprel 2026
"20 Yanvar"a görə Şövkət Ələkbərovaya qarşı çıxan Yaqub Zurufçu kimdir?

"20 Yanvar"a görə Şövkət Ələkbərovaya qarşı çıxan Yaqub Zurufçu kimdir?

11:00 8 aprel 2026
Yusif Eyvazov Mədəniyyət Nazirliyinə çağırıldı

Yusif Eyvazov Mədəniyyət Nazirliyinə çağırıldı

10:42 8 aprel 2026
Hacan Hacısoyun 80 illik yubileyi qeyd olundu

Hacan Hacısoyun 80 illik yubileyi qeyd olundu

10:32 8 aprel 2026
İlham Əzizin romanı təqdim olunacaq

İlham Əzizin romanı təqdim olunacaq

10:17 8 aprel 2026
"30-40 manata məclislərə kloun gedirdim" - Rəsulzadənin obrazını canlandıran aktyorla müsahibə

"30-40 manata məclislərə kloun gedirdim" - Rəsulzadənin obrazını canlandıran aktyorla müsahibə

17:39 7 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər