Əcnəbi qadınla ailə quran kişilər

Əcnəbi qadınla ailə quran kişilər
16 iyul 2021
# 11:35

Kulis.az Günel Natiqin “Əcnəbilərlə ailə quran kişilərin səhvi” adlı yazısını təqdim edir.

Səadət sarayının yanından hər keçəndə bu binanı tikdirən milyonçu Murtuza Muxtarov və onun əcnəbi xanımı yadıma düşür. Murtuza Muxtarov həmin məşhur binanı osetin mənşəli Yelezaveta Tuqanova üçün tikdirmişdi.

Tarixçəsi isə belədir: bir dəfə ər-arvad Venesiyada gəzərkən əzəmətli bir tikili görürlər. "Belə bir evdə yaşayanlar necə də xoşbəxtdirlər!" – deyə Liza heyranlığını gizləmir. Bu mənzərəni sakitcə seyr edən Murtuza bəy heç nə demir. Bakıya qayıtdıqdan sonra milyonçu Venesiyaya adam göndərib həmin binanın dəqiq surətini əks etdirən çertyojları gətizdirir və xanımı üçün bu binanı inşa etdirir.

Təəssüf ki, belə bir möhtəşəm binanı Murtuza Muxtarov birinci həyat yoldaşı olan azərbaycanlı qızının deyil, əcnəbi bir xanımın şərəfinə tikdirib.

Amma o dövr üçün bu təbii hal idi, bir çox tanınmış azərbaycanlılar, xüsusilə ziyalılar həyat yoldaşını əcnəbi xanımlar arasından seçirdilər.

20-ci əsrin əvvəllərində təhsilli azərbaycanlı oğlanların sayı elə də çox deyildi, amma sayca çox az olan savadlı oğlanlar üçün də özünə bab qız tapmaq müşkül məsələ idi. Qızların oxumaq hüququ olmadığından yüksək cəmiyyətə uyğun davranış və etiket qaydaları haqqında bilgiləri yox idi.

Mirzə Cəlil felyetonlarında tez-tez bu ağrılı məsələyə toxunur və Avropada oxuyub gələn oğlanların öz dünyagörüşlərinə uyğun azərbaycanlı xanım tapa bilməmələrindən gileylənirdi.

Bildiyiniz kimi, hətta sovet dövrünün ilk çağlarında da Azərbaycanda əksər vəzifəli şəxslərin həyat yoldaşı yad millətdən olurdu. Hətta bu da sirr deyil ki, arvadı başqa millətdən olan azərbaycanlılar vəzifə pillələrində xüsusi sürətlə irəliləyirdi.

Sonrakı dövrlərdə qadınlarımız özünü tanıdı, sübut etdi, təhsil aldı, maarifləndi. Amma yenə də Azərbaycan qadını Tükəzban və Fatma yarlıkından çıxa bilmədi.

Çünki bütün bu proqressə baxmayaraq kişinin qadına münasibəti demək olar ki, dəyişmədi.

Çağdaş dünyamızın ailələrindən birinin hekayətini nümunə gətirmək istərdim: Lalə gələcək həyat yoldaşı Kamillə bir məktəbdə oxumuşdu. Qızın həm gözəlliyi, həm də ciddiyyəti qapalı mühitdə böyümüş Kamilin xoşuna gəlirdi. Məktəbi bitirəndən bir neçə il sonra Kamil Laləyə elçi göndərdi. Evləndilər.

İki övladları dünyaya gəldi. Kamil çox qısqanc idi, arvadının xüsusilə qapalı geyinməsinə nəzarət edir, hətta paltarlarını da özü seçirdi. İlk baxışdan hər şey qaydasında idi.

Günlərin birində Kamil slavyan ölkələrinin birinə bir neçə günlük səfərə gedir. Adətən insanların yeni bir nəsnəyə baxışı fərqli olur. Bir qisim insan yad ölkədə gördüklərini ekzotik nəsnə kimi qəbul edir və özünəməxsusluğundan heç nə itirmir.

İkinci qisim insanın isə şəxsiyyəti deqredasiyaya uğrayır və gördüyü hər şeyin bilavasitə özüylə bağlı olmasını istəyir.

Kamil bu ikincilərdən idi. O, vətənə qayıdanda artıq qapalı mühiti gözündən düşmüş, yeni bir həyat eşqilə alovlanmağa başlamışdı. Laləyə münasibəti dəyişmişdi, hər xırda şeyi bəhanə edib evdə dava salırdı.

Səfərlərinin sayı isə getdikcə artırdı. Bir müddətdən sonra isə slavyan sevgilisini Bakıya gətirdib ona ev tutdu.

Amma cidanı çuvalda gizləmək mümkün olmadığı kimi, bu məsələni də gizlində saxlamaq mümkün olmadı. Kamil bir tərəfdən buna sevindi; çiynindən sanki ağır yük götürüldü. Laləylə aralarında belə dialoq oldu:

- Nə olsun ki, evdarsan, ev-eşik həmişə təmizdir, mətbəxdə hazır xörək var, uşaqlara da qayğını əksik etmirsən. Mənə ki əvvəlki kimi vaxt ayıra bilmirsən. O qadınsa həmişə başıma dolanır, məni dünyanın ən güclü, ən yaxşı kişisi kimi görür.

- Əgər problem bundadırsa, bil ki, mən də səni dünyanın ən yaxşı kişisi kimi görürdüm - hər halda bu vaxta qədər... Sadəcə mən hisslərimi çox yaxşı ifadə edə bilmirəm, daha doğrusu ifadə etməyə çəkinirəm...

Kamil yenə bəhanələr gətirir:

- Sən özünə baxmırsan, geyimin sönük, qapalıdır, adam başını qaldırıb sənə baxanda qanı qaralır. Onun cəlbedici libaslarıyla sənin qədim əyyamları yada salan pal-paltarın müqayisə edilməz.

- Həmin “sönük”, “qədimi” paltarları sən öz zövqünlə seçmisən. İcazən olmadan hansısa geyimi seçməyi mənə qadağan edən sən deyilsənmi?

Kamil yenə günahını etiraf etmək istəmir:

- Həmin xanımla istənilən mövzu haqqında danışmaq olar, amma sən belə ola bilmirsən. Elə problem də sənin çəkingənliyindədir.

- Axı bu mövzularda danışmağın əxlaqsızlıq olduğunu sən özün demisən. Sənin əxlaqsızlıq kimi baxdığın nəsnəyə mən necə normal baxmağa cəsarət edə bilərəm?

Bu dialoq zamanı aydın olur ki, bu münasibətlərdə yeganə günahı olan varsa, o da qeyri-səmimi olan Kamildir.

Məgər qapalı mühiti kişi özü yaratmırmı? Öz qadınından, qızından, bacısından bu qapılı mühitə tabe olmasını, hər addımının hesabatını verməsini tələb etmirmi? Bəs niyə günlərin birində azad fikirli qadınlar onun üçün əhəmiyyət kəsb etməyə başlayır?

Kişilər özləri yaratdığı mühitin çərçivələrini öz əlləriylə sökməyə başlayanda qadın, ayağını çölə atmaqdan qorxan uşaq kimi, bu baryeri aşmaqda çətinlik çəkir.

Bir tanışım olan qadın 50 yaşlarındaydı, ailə qurmamışdı, kişilərlə ünsiyyətdən belə çəkinirdi, bir dəfə öz ürəyini mənə açdı. Dedikləri məndə böyük təəssüf doğurdu.

Yeniyetmələrin qəlblərindəki ilk sevgi cücərtilərini naməylə bir-birinə ərz etməsindən təbii nə ola bilər? Yəni o vaxtlar elektron mesajları təbii ki, əsl kağız namələr əvəz edirdi və həmin namələrin dəyəri daha böyük olurdu.

Həmin qadına da məktəbli vaxtı yaşıdı olan oğlandan məsum bir məktub gəlir və həmin məsum məktuba görə anası ona gen dünyanı dar edir. Qəzəbli ana məktubu oxuyandan sonra cırıb atır, qızı isə oxlovla döyür.

Halbuki bunun əvəzinə qızıyla qarşı-qarşıya oturub ana-qız kimi səmimi bir söhbət edə, nə etməli, necə etməli olduğunu başa sala, yol göstərə bilərdi. Bu isə oxlovla döyülməkdən fərqli olaraq qızın gələcək taleyində faydalı ola bilərdi.

Qız o hadisədən sonra böyük travma yaşamışdı. Bədənində sanki o ağrıları hələ də hiss edirdi. Çünki o ağrılar onu bütün həyatı boyu izləmiş, qarşı cinslə normal münasibət qurmağına mane olmuşdu.

Nəyə görəsə bəzi analar elə düşünürlər ki, qızı döyməklə onu yanlış addım atmaqdan çəkindirirlər. Bununla onlara necə bir psixoloji travma yaşatdıqlarının və qızın bütün həyatını zindana çevirdiklərinin fərqində deyillər.

Keçək qəhrəmanımızın sərgüzəştinin davamına. Kamil slavyan xanımla evlənir, sonra isə onun vətəninə daşınır. Bir müddətdən sonra Laləylə elədiyi söhbətə bənzər bir dialoq da onunla slavyan xanımı arasında olur.

Kamil yeni bir qadınla tanış olduğunu, öz “idealını” tapdığını deyir.

Xülasə, məlum olur ki, əslində problem nə birinci, nə də ikinci qadındadır, problem kişidədir, o kişidə ki, həyatdan nə istədiyini özü də bilmir, ortaya çıxan problemləri çözmək əvəzinə çətinliklərdən mümkün qədər uzaq qaçır və özü heç nə “istehsal etmədiyi” halda həyatdan hazır “məhsul” istəyir.

Halbuki arzuladığı həyatı insan özü qurmalıdır.

Bu ona bənzəyir ki, öz ölkəsinin irəliləyişi üçün heç bir iş görməyən adam hansısa Avropa ölkəsinə gedir və həmin ölkəyə heyran olub lövbərini orda salır. Rahat həyatdan zövq alır və ağlına da gəlmir ki, bu ölkəni qurmaq üçün on illərlə zəhmət çəkilib, fədakarlıq edilib. Və bu ölkədə yaşayanlar bu sistemi öz dünyagörüşlərinə, öz həyatbaxışlarına uyğun qurublar. Başqa dünyagörüşün sahibi bunu öz həyatında tətbiq etsə, çox güman ki, sistem çökəcək.

Odur ki, bunu da nəzərə alın.

# 4009 dəfə oxunub

Müəllifin son yazıları

# # #